"Səs" qəzetinin yaranma tarixi haqda ümumi məlumat

"Səs" ictimai-siyasi qəzeti 1990-ci ilin noyabrında "Əlincə" Xeyriyyə Cəmiyyətinin orqanı olaraq qeydiyyatdan keçib, 1991-ci il yanvarın 11-də dərc olunmağa başlayıb. Qəzetin ilk redaksiyası AMEA-nın Fizika İnstitutunun 6-cı mərtəbəsində olub. Fəaliyyətə başladığı vaxtdan həftədə 2 dəfə 8 səhifə həcmində və 5-10 min arası tirajla dərc olunub. 1992-ci ildən tirajı 15 mindən yuxarı olub, 1993-cü ildə isə 25 minə çatıb. 1994-cü ildən 16 səhifə həcmində çap olunub, 1998-ci ildən etibarən gündəlik dərc olunmağa başlayıb. 1991-ci ildən etibarən qəzetin səhifələrində tanınmış şəxslərin məqalələri dərc olunub. Onlardan bəziləri: Əli Əhmədov, Siyavuş Novruzov, Hacıbala Abutalıbov, Murtuz Ələsgərov, Əli Həsənov, Ziya Bünyadov, Fərəməz Maqsudov, Bəxtiyar Vahabzadə, Məlik Dadaşov, Xəlil Rza Uluturk, Kərim Kərimov, Səyyad Aran və başqaları.

Yarandığı vaxtdan Ulu Öndər Heydər Əliyevin müdafiəçisi rolunda çıxış edib, Onun Naxçıvandakı fəaliyyətini ölkə ictimaiyyətinə çatdırıb. Qəzetin 1991-93- cü illər saylarında Ulu Öndər Heydər Əliyevin müsahibələrini və onun haqqında məqalələri, həmçinin, ölkə parlamentindəki çıxışlarını oxucularına təqdim edib. Ulu Öndərin xarici mətbuata verdiyi müsahibələri tərcümə edərək, ölkə ictimaiyyətinə çatdırıb. "Səs" qəzeti YAP-ın baza rolunu oynayıb və partiya yarandıqdan sonra onun əsas mətbu ruporu kimi fəaliyyətini davam etdirib. Partiyanın bəyanatlarını, yığıncaqlarını və sair tədbirlərini öz səhifələrində geniş işıqlandırıb.

1992-ci il oktyabrın 16-da ölkənin 91 nəfər tanınmış ziyalısının Ulu Öndər Heydər Əliyevə müraciəti və oktyabrın 24-də Ulu Öndərin həmin müraciətə cavabı "Səs" qəzetində dərc olunub. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini özü üçün doğma qəzet adlandırıb və qeyd edib ki, "Səs" qəzeti tarixə düşmüş bir qəzetdir. Hazırda qəzet gündəlik 5 min tirajla nəşr olunur, redaksiya heyəti 40 nəfərə yaxındır. Ölkənin bir sıra bölgələrində müxbir postları var. Qəzetin internet saytı (ses-news.az) fəaliyyət göstərir və xarici ölkələrdə yaşayan azərbaycanlılar da sayt vasitəsilə qəzeti izləyirlər. Qəzetin bazası əsasında "Səs" İnformasiya Agetliyi və "Səs" İnternet TV yaradılıb. "Səs" qəzetinin ilk baş redaktoru Ağabəy Əsgərov olub. Hazırda qəzetin baş redaktoru fəlsəfə üzrə fəlsəfə doktoru Bəhruz Quliyevdir.

Ümummilli Lider Heydər Əliyevin "Səs" qəzeti haqda söylədiyi tarixi sözləri xatırlatmaq istəyirik: "Səs" qəzeti mənim üçün çox əziz qəzetdir. 1991-ci ilin fevral ayında, Azərbaycanda kommunist hakimiyyəti dövründə mən Ali Sovetdə çıxış edəndən sonra mənim çıxışım,- xatirinizdədir, o vaxt mənim çıxışımı hörmətdən salmağa çalışdılar, onu dərc etmək də istəmirdilər, amma mənə lazım idi ki, o, dərc olunsun,- "Səs" qəzetində dərc edildi. Mən Naxçıvanda işləyərkən bizim bir neçə tədbirlərimiz barədə yazıları "Səs" qəzetində dərc edə bildik. Nəhayət, "Səs" qəzeti "91-lər"in müraciətini dərc edib, mənim cavabımı dərc edibdir. Ona görə də "Səs" qəzeti bizim partiyanın tarixində ən mötəbər yer qazanmış bir qəzetdir. Görürəm ki, son vaxtlar özünün xüsusiyyətlərini itirmədən modernləşir, yaxşılaşır. Arzu edirəm ki, daha da modernləşsin və yaxşılaşsın".

"Səs" qəzeti bu gün də Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətini ictimaiyyətə çatdırır.

Qəzetin redaksiyası Bakı şəhəri Üzeyir Hacıbəyov küçəsi 66, ünvanda yerləşir.