18px16px14px12px

İnsanların rahat və firavan yaşayışı dövlətin prioritetidir

Prezident İlham Əliyevin təşəbbüsü ilə yararsız vəziyyətdə olan yaşayış binalarının yerində yeni layihələr əsasında ən müasir standartlara uyğun yeni binalar tikilir
 
Bakı şəhərinin və ətraf qəsəbələrin sosial-iqtisadi inkişafı dövlətin əsas prioritetlərindən biri olaraq daim diqqət mərkəzindədir. Əhalinin həyat şəraitinin yaxşılaşdırılması, sosial infrastrukturun müasir tələblər səviyyəsində yenidən qurulması istiqamətində son illər ardıcıl tədbirlər həyata keçirilir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı çərçivəsində həyata keçirilən işlər yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi və digər sosial məsələlərin həlli istiqamətində atılan mühüm addımlardandır. Yararsız vəziyyətdə olan yaşayış binalarının yerində Prezident İlham Əliyevin təşəbbüsü ilə yeni layihələr əsasında ən müasir standartlara uyğun yeni binaların tikilməsi paytaxtımızda növbəti sosial layihələrin uğurlu icrasına start verəcək.
Bəzən görürük ki, şəhərimiz müxtəlif ərazilərində istismar vaxtı ötmüş binalar ucaldılıb. Lakin orada yaşamaq müəyyən mənada təhlükəli olur. Çünki binanın amortizasiya imkanları zəifləyir, həm də infrastruktur bazası köhnəlmiş olur. Bu mənada, dövlət insanların rahatlığını nəzərə alaraq, həmin binaları sökərək, dövlətin hesabına yenilərini inşa edir və insanların istifadəsinə verir. Məhz insanların rahat və firavan yaşamasının dövlətin prioriteti olmasını nəzərə alaraq, hökumət tərəfindən şəhərin müxtəlif yerlərində 50-yə yaxın layihələr həyata keçirilməkdədir. Belə layihələrdən biri də Sabunçu rayonunda həyata keçirilib.
Qeyd edək ki, Ramana qəsəbəsi, Bünyadzadə küçəsi, 23 ünvanında yerləşən yaşayış binası 1901-ci ildə neftçilər üçün inşa edilmiş və uzun illər istismar olunduğundan qəzalı vəziyyətə düşmüşdü. Azərbaycan Respublikası Prezidentinin göstərişinə əsasən, Nazirlər Kabineti "Bakı şəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə" 2015-ci il 8 oktyabr tarixli Qərar qəbul edib. Həmin Qərara əsasən, rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə cavab verən yenilərinin tikilməsi ilə əlaqədar qeyd olunan qəzalı binada yaşayan 34 ailə - 147 sakin kirayə haqları ödənilərək binadan köçürülüb. 2015-ci il dekabrın 24-də onun yerində "Pilot layihə" formatında 10 mərtəbəli, iki və üçotaqlı 80 mənzilli yeni yaşayış binasının inşasına başlanılıb.
Yeni binanın tikintisi noyabrın 9-da - Dövlət Bayrağı Günündə başa çatdırılıb. Ümumi sahəsi 5768 kvadratmetr olan binadan 34 ailəyə tam təmirli, bütün şəraiti olan, müvafiq avadanlıqlarla təchiz edilmiş və sahələri əvvəlkindən 35-45 faizdən çox olan mənzillər verilib.
Həmin binanın istifadəyə verilməsi mərasimində iştirak edən Prezident İlham Əliyev bildirib ki, bu, 1901-ci ildə tikilib və çoxdan qəzalı vəziyyətdə olan binanın yerində inşa edilib: "Bu, pilot layihədir. Şadam ki, artıq şəhərimizin müxtəlif yerlərində buna bənzər layihələr icra edilir. Bu layihələrin icrası həm sosial məsələdir, eyni zamanda, şəhərimizi gözəlləşdirir. Bununla bərabər, bu binaları tikən insanlar, şirkətlər də xeyir götürürlər. Yəni burada hər bir iştirakçı xeyir götürür və beləliklə, bütün qəzalı vəziyyətdə olan binaların yerində tədricən belə gözəl, yaraşıqlı binalar tikiləcək. Mənə verilən məlumata görə, əvvəlki dövrdə bu binada 34 ailə yaşayıb. İndi binanın girişində əvvəlki binanın görüntüləri əks olunur. Siz, bu binada yaşayanlar bunu, əlbəttə ki, yaxşı bilirsiniz. 34 ailəyə 34 mənzil verilib. Üçotaqlı mənzil 105 kvadratmetrdir. Əvvəlki üçotaqlı mənzil 60 kvadratmetr idi. Yəni iki dəfə çox sahəsi olan təmirli, yaraşıqlı, gözəl mənzillər verilib. Sakinlər bina tikilənə qədər kirayədə qalırdılar, onlara kirayə pulu da verilirdi. İndi isə siz gözəl mənzillərə köçürsünüz. Bu, çox gözəl təşəbbüsdür, qeyd etdiyim kimi, pilot layihədir. Hazırda şəhərimizin müxtəlif yerlərində buna bənzər 49 layihə icra edilir. Bu binaların tikintisi artıq gedir. Bəzi binaların tikintisi ilə bağlı sakinlərlə danışıqlar aparılır. Ancaq ümid edirəm, sakinlər bu binanı görəndən sonra danışıqlarda daha da ürəklə iştirak edəcəklər, görəcəklər ki, onların maraqları tam təmin olunur.
Belə layihələrin icrasının əsas məqsədi insanları gözəl mənzillərlə təmin etməkdir, özü də pulsuz. Bax, burada yaşayan insanlar bu gün bundan iki dəfə daha böyük mənzillərə sahib olurlar, köçəcəklər, yaxşı yaşayacaqlar. Digər məqsəd şəhərimizin abadlaşmasıdır. Çünki bu gün Bakı şəhəri dünyanın ən gözəl şəhərlərindən biridir. Şəhərimizin müxtəlif yerlərində gözəl binalar tikilir. Çox istərdim ki, şəhərimizin bütün yerlərində memarlıq baxımından çox gözəl binalar tikilsin. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı icra edilir və bu layihə, eyni zamanda, memarlığa da verilən böyük töhfədir.
Əlbəttə ki, artıq 115 yaşı olan binada yaşamaq təhlükəli məsələdir. Hələ ki, Bakıda belə binalar kifayət qədər çoxdur. Onların yerində gözəl binalar tikilməlidir və tikilir. Belə layihələrin ölkə iqtisadiyyatına, xüsusilə, inşaat və tikinti materialları sektoruna da çox gözəl təsiri olacaq. Çünki bu il inşaat sektorunda tənəzzül yaşanır, inşaat sektoru təxminən 25-30 faiz aşağı düşür. Belə layihələrin icrası inşaat sektoruna da canlanma gətirəcək. Tikinti materialları ilə məşğul olan şirkətlər də xeyir götürəcək və beləliklə, ölkə iqtisadiyyatı daha sürətlə inkişaf edəcək. Hazırda 49 binanın tikintisində iştirak edən və iştirak edəcək işçilərin sayı 3-4 min nəfər olacaq. Bu da yeni iş yerlərinin yaradılması deməkdir".
Əlbəttə ki, bu tipli layihələr ölkəmizdə geniş vüsət alacaq. Həm Bakıda, həm bütün şəhər və rayonlarda bütün qəzalı binaların yenidən inşa edilməsi üçün yeni-yeni layihələr irəli sürüləcək. Dövlət iş adamlarına şərait yaradır və dəvət edir ki, bu cür layihələrdə aktiv iştirak etsinlər. Çünki, bu, həm insanlar üçün lazımdır, həm də ölkə iqtisadiyyatı, iş adamları xeyir götürəcək.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər