18px16px14px12px

Kommunal ödənişlərdə sosial ədalət prinsipi: Azərbaycan nümunəsi

Yaxud Azərbaycan hökuməti bu sahədə vətəndaşların üzərinə yük düşməsin deyə differensiallaşma və optimallaşdırma variantına üstünlük verib
 
Dünyada elə ölkələr var ki, onların əhalisi hər ay 600-700 dollar kommunal xərclər ödəyirlər
 
Dünya miqyasında iqtisadi və maliyyə böhranının davam etməsi, dolların milli valyutalara nisbətən daha da möhkəmlənməsi ayrı-ayrı ölkələrin daxilində obyektiv səbəblərdən sosial-iqtisadi proseslərin cərəyan etməsinə təkan verir. Bu, özünü milli valyutaların devalvasiyasında və bu prosesdən dolayı olaraq ayrı-ayrı xidmətlərin, məhsulların da qiymətlərinə öz təsirini etməsində göstərir. Əlbəttə ki, qloballaşan dünyada zəncirvari proses kimi dəyərləndirilən bu hadisələr nəticəsində, dünyanın müxtəlif ölkələrində eyni xüsusiyyətli proseslər də baş verməkdədir. Məsələn, Yunanıstanda hökumət böhranın nəticələrini aradan qaldırmaq üçün sosial layihələri ixtisar etdi, vergiləri qaldırdı. Eyni tendensiyanı biz İtaliyada, Portuqaliyada, İspaniyada və başqa Avropa ölkələrində də müşahidə etdik. Hətta bəzi Latın Amerikası ölkələrində dövlət pulsuz  təhsil sistemini belə ləğv etməyə məcbur oldu. Lakin bütün bu tendensiyaların fonunda Azərbaycan hökuməti maksimum şəkildə çalışır ki, böhranın təsirləri insanların yaşayışına ciddi şəkildə təsir etməsin.
Göründüyü kimi, qlobal tendensiya olan vergilərin artırılması prosesi başqa ölkələrdə dəhşətli vəziyyətlər yaradıb. Araşdırmalardan da bəlli olur ki, bu gün, həqiqətən də, Azərbaycanda həm siyasi, həm də sosial-iqtisadi vəziyyət stabildir, yüksək inkişaf tempi var və dövlət əhalinin yaxşı yaşaması üçün bütün addımları atır. Bu baxımdan, ayrı-ayrı regionlar və ölkələr üzrə aparılan müqayisə ortaya maraqlı bir mənzərə çıxarır və Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin effektivliyinə işıq tutdu.
 
Kommunal xərclər sahəsində dünyadakı vəziyyət
 
Son dövrlərdə MDB ölkələrində, xüsusilə də, Ukraynada, Belarusda və başqa ölkələrdə kommunal tariflər dəfələrlə artıb. Məsələn, 2015-ci illə müqayisədə adları çəkilən ölkələrdə istilik sistemindən, elektrikdən və qazdan istifadəyə görə tariflər 1,5 dəfə artıb. Ümumilikdə, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belarus timsalında götürdükdə, qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisi 1 klv.-a görə 18-55 qəpik arası dəyişir.
Avropa ölkələrində isə vəziyyət daha da ağırdır. Belə ki, Böyük Britaniya, Fransa, Almaniya kimi ölkələrdə kommunal tariflər olduqca yüksəlib. Belə ki, ekspertlərin hesablamalarına görə, Almaniyada 4 nəfərlik ailənin 1 illik sudan istifadə haqqı 1000 avroya başa gəlir. Halbuki bu rəqəm Azərbaycanda 80-100 manatarası dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə, 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir. Azərbaycanda isə bu rəqəm 20-30 manat arası dəyişir. Qazdan istifadəyə gəldikdə isə, 4 nəfərlik alman ailəsi ildə 800-850 avro xərcləməli olur. Lakin Azərbaycanda qazın tarifləri çox aşağı olduğundan, bu rəqəm təxminən 85-95 manatarası dəyişir.
Azərbaycanda suyun 1 kubmetri 50 qəpikdirsə, Almaniyada, Fransada və başqa Avropa ölkələrində bu rəqəm 6-8 avro arası dəyişir. Elektrik enerjisinə görə Azərbaycan ailəsi 1 kvs.-a görə 7 qəpik ödəyirsə, alman, fransız, belçikalı ailələr 11 avrosent ödəyir. Bu rəqəm Azərbaycanla müqayisədə 2-2,5 dəfə çoxdur.
Eyni zamanda, İslandiyada 4 nəfərlik ailə aylıq olaraq 200-300 avro kommunal xərclərə məbləğində pul xərcləyir. Belə ki, 20 avro kabel televiziyaya, hər kvadratmetrinə görə 1,5-2 avro bələdiyyə vergisinə, qaz, su və elektrik enerjisinə görə isə 80-100 avro məbləğində pul xərcləyir. Almaniyada isə təckə soyuq suyun istifadəsinə 65-70 avro ödənilir. Xüsusi olaraq qeyd edək ki, Avropa İttifaqı ölkələrində əhali suya görə hər ay 2 dəfə ayrı-ayrılıqda ödəniş həyata keçirir: soyuq suya görə və arteziyan suyuna görə. Avropa ölkələrində daha bir fərqli məqam var. Yəni hər hansı bir ailə neçə ay evində olmasına baxmayaraq, istifadə etmədiyi suya görə də ödəniş həyata keçirməlidir. Məsələn, belə bir tələb Almaniyada mövcuddur.
Bütün bunlarla yanaşı, elektrik enerjisinə görə Avropa ölkələrində tariflər də fərqlidir. Belə ki, Avropada elektrik enerjisinə görə ayda Avropada liderliyi Danimarka edir. Bu ölkədə elektrik enerjisinin 1 klv. 0,44 avrodur. Almaniya da isə bu rəqəm 0,42 avrodur. Eyni zamanda, Bolqarıstanda hər klv. elektrik enerjisinə görə 0,1 avro, Çernoqoriyada gündüz 0,8, gecə 0,6 avro, İspaniyada 0,8 avro, əlavə olaraq isə 0,54 avro pul ödənilir.
Sudan istifadəyə görə, Çernoqoriyada hər kubmetr 0,54 avroya, İspaniyada isə 0,16 avroya başa gəlir. Lakin İspaniyada digər ölkələrdən fərqli olaraq kommunal ödənişlər əhalidən rüblüklər üzrə yığılır.
Çox maraqlıdır ki, İspaniyada mərkəzləşdirilmiş qaz sistemi yoxdur. Yalnız şəhərlərin mərkəzindəki hündürmərtəbəli binalarda qaz sistemi mövcuddur. Digər yaşayış binalarında isə qaz balonlarından istifadə edilir ki, insanlar buna görə hər ay 30-40 avro pul xərcləyirlər.
Qazdan istifadəyə görə ödənilən məbləğlə Avropada liderliyi İsveç əhalisi edir. Belə ki, İsveçdə istifadə edilən hər kubmetrə görə 45,5 avro, Danimarkada 45,2 avro, İtaliyada 32,8 avro ödənilir.
İtaliyada isə kommunal xərclər sistemi digər ölkələrdən fərqlənir. Həm tariflər yüksəkdir burada, eyni zamanda, əhali yaşamadığı mənzillərin kommunal xərclərini məcburi qaydada qarşılamalıdırlar və buna görə hər il 115 avro pul ödəməlidirlər. Orta italyan ailəsi hər ay sudan istifadəyə görə 187 avro pul xərcləyir. Eyni zamanda, hər il zibillərin daşınmasına görə 103 avro ödəyir.
ABŞ-da isə kommunal xərclər daha yüksəkdir. Təkcə Florida ştatında orta ailə hər ay elektrik enerjisindən istifadəyə görə 300 dollar pul ödəyir. Ümumi ölkə üzrə 1 klv. elektrik enerjisinin qiyməti isə 0,88 dollardır. Orta amerikalı ailə sudan istifadəyə görə ildə 280 dollar pul xərcləyir. Hətta ABŞ-da ailə evində saxladığı su hovuzuna görə ayda 50-120 dollar pul ödəyir. Beləliklə də, ümumilikdə götürdükdə, ABŞ-da hər ailə ayda təxminən 600-700 dollar kommunal xərclərə pul ödəyir. Hətta ABŞ-da kommunal xərclər 5 gün gecikdikdə, sonrakı hər gün üçün 20-50 dollar cərimə ödəməli olurlar.
 
Azərbaycanda dövlət cəmiyyətdə sosial ədalət prinsipini qoruyur
 
Göründüyü kimi, ABŞ və Avropa ölkələrinin əhalisi hər ay kommunal xərcləri qarşılamaq üçün gəlirlərinin 10-15 faizini xərcləyirlər. Doğrudur, bizdə də əhali gəlirlərinin 10 faizini kommunal xərclərə ödəyir. Lakin müqayisədə orta amerikalı, yaxud avropalı ailə hər ay 600-700 dollar kommunal xərclərə pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manatarası dəyişir. Avropada ən çox bəxti gətirməyən ölkələr Şərqi Avropa ölkələridir ki, onlar Böyük Britaniya, Almaniya, Fransa, İtaliya səviyyəsində kommunal ödənişlər həyata keçirirlər.
Bu da, bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyərin göstəricidir. Çünki Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan, kommunal tariflərin qismən qaldırılmasına razılıq verdi. Maaşları və təqaüdləri 10-15 faiz qaldıran dövlət kommunal xərclərin yalnız 5-8 faiz artırılmasına şərait yaratdı. Bu da, bir daha onu sübut edir ki, Azərbaycan dövlətinin prioriteti insanların yüksək rifah içərisində yaşamasıdır.
Bununla belə, xatırlatmaq yerinə düşər ki, hələ ilin əvvəlində böhranın təsirlərindən bir sıra müəssisələrdə iş yerlərinin ixtisarı prosesi başlayarkən, Prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra nəinki ixtisarlar dayandı, hətta əlavə iş yerlərinin yaradılması da həyata keçirildi. Eyni zamanda, ötən müddət ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Doğrudur, bu gün dünyanın bir çox yerlərində nəinki vergilərin yüksəldilməsi prosesi gedir, hətta, kommunal xərclər belə ən yüksək həddə çatdırılır. Lakin ölkəmizdə bu sahədə də dövlət vətəndaşların sosial rifah halını nəzərə alaraq, daha çox insanların maraqlarını təmin edən variantları isləyib hazırlayıb. Yəni Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub.
Onu da nəzərə çatdıraq ki, son illərdə SOCAR tərəfindən qazpaylayıcı şəbəkələrin genişləndirilməsi, təbii qaz təchizatının davamlılığının təmin olunması üçün böyük həcmdə investisiya qoyulub və xidmətin keyfiyyəti artırılıb. Həmçinin, ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur. Bu baxımdan, təbii qaz təchizatında dayanıqlığın və keyfiyyətli xidmətin davamlılığının, istehsal və paylayıcı şəbəkə üzrə mövcud maliyyə çatışmazlığının azaldılması və perspektiv inkişafın təmin olunması məqsədilə Dövlət Neft Şirkəti müraciətində bütün istehlakçılar üçün təbii qaz tarifinin min kubmetr üçün 180 manata qaldırılması zərurətini bildirib.
"Azərenerji" ASC və "Azərişıq" ASC-nin müraciətlərində isə istehsal güclərinin artırılması, elektrik stansiyalarının normal istismar vəziyyətində saxlanılması, elektrik enerjisinə tələbatın ödənilməsi, paylayıcı şəbəkələrin genişləndirilməsi, itkilərin azaldılması və enerji təchizatının davamlılığının təmin edilməsi üçün elektrik enerjisinin bir kilovat-saat üçün topdansatış tarifinin təbii qaz üzrə tarif artımı nəzərə alınmadan 1,6 qəpik, pərakəndə satış üzrə marjanın 2,8 qəpik artırılmalı olduğu göstərilib.
Lakin Tarif Şurasının elektrik enerjisi və təbii qazla bağlı yeni tarif tənzimlənməsi barədə qərarında ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınıb, əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə bir çox ölkələrin təcrübəsində mövcud olan diferensial tarif yanaşması və optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunub.
Tarif Şurasının qərarına görə, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib. Hesablamalara əsasən, əhali abonentlərinin 62 faizinin illik istehlak həcmi 1500 kubmetrdən aşağıdır. Diferensial tariflərin tətbiqi nəticəsində həmin abonentlərin, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrin təbii qaz üzrə ödənişlərində artım olmayacaq.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi üzrə tariflərə də yenidən baxılmasını zəruri edib. Elektrik enerjisinin pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək, mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilib.
Əhali abonentlərinin 72 faizinin aylıq istehlak həcmi 250 kilovat-saatdan az olduğu üçün, diferensial tariflərin tətbiqi həmin abonentlərə, o cümlədən, bu kateqoriyaya aid olan aztəminatlı ailələrə təsir göstərməyəcək.
Qeyd edək ki, differensiallaşdırma və optimallaşdırma müxtəlif ölkələrdə fərqli prinsiplər əsasında tətbiq olunur. Məsələn, bəzi ölkələrdə qiymətlər həftənin gününə görə, yaxud günün ayrı-ayrı saatlarına görə, bölgələr üzrə və ya istifadə həcminə görə müəyyənləşdirilir. Azərbaycanda isə tariflərin diffirensiallaşdırılması elektrik enerjisi və təbii qazın istifadə həcmi əsasında həyata keçiriləcək ki, bu da sosial ədalət prinsipinin təmin edilməsi deməkdir.
Beləliklə, differensiallaşma elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Differensiallaşdırmada hər bir vətəndaşın və ailənin elektrik enerjisindən və təbii qazdan istifadə həcminin mövcud tariflərlə istehlak limiti nəzərə alınıb. Mövcud təcrübənin tətbiqi daha çox böyük evləri, obyektləri və s. olan imkanlı təbəqəyə qismən təsir göstərəcək.
Differensiallaşdırma elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmanı və izafi istehlakın qarşısının alınmasını stimullaşdıracaq, bu prosesi optimallaşdıracaq.
Həmçinin, tarif dəyişikliyinin əhalinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrinin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədilə dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.
Bundan başqa, sənaye müəssisələri üçün elektrik enerjisinin tarifləri daha aşağı səviyyədə müəyyən olunub ki, bu addım da ölkədə qiymət artımına yol verməmək məqsədi daşıyır.
Bir sözlə, Tarif Şurasının kommunal xidmətlərlə bağlı son qərarı bir daha Azərbaycan dövlətinin sosial siyasətinin üstünlüyünü nümayiş etdirdi və cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi prinsipi reallaşdırıldı.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər