18px16px14px12px

Azərbaycan dövləti hər zaman vətəndaşlarının yanındadır

Prezident İlham Əliyev: "Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir"
 
Bildiyimiz kimi, bu il Ermənistan silahlı qüvvələrinin təmas xəttində törətdikləri təxribatlar nəticəsində cəbhə xəttində yerləşən bölgələrdəki vətəndaşlarımızın evləri, obyektləri ciddi şəkildə zərər çəkmişdi. Erməni işğalçılarının atdığı vandal addımları dünya mediası tərəfindən də geniş işıqlandırılmışdı. Hətta hər bir azərbaycanlının Prezidenti olan İlham Əliyev də Ağdamın Mahrızlı kəndində vəziyyətlə maraqlanmış və əhaliyə dəyən ziyanın aradan qaldırılması, evlərin bərpası və yenidən qurulması ilə bağlı tapşırıqlarını vermişdi. Budur artıq Prezident İlham Əliyevin tapşırıqları yerinə yetirilmiş və sakinlərin hərbi əməliyyatlar zamanı dağıdılmış evləri qısa vaxtda yenidən tikilib və bərpa olunub.
Qeyd edək ki, hərbi əməliyyatlar zamanı Ağdam rayonunda, ümumilikdə 743 ev dağıdılıb. Ermənistan silahlı qüvvələrinin Ağdam və Tərtər rayonlarını intensiv atəşə tutması nəticəsində mülki əhaliyə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı tədbirlər haqqında dövlətimizin başçısının müvafiq Sərəncamına və Prezidentin Ehtiyat Fondundan ayrılan vəsait hesabına görülən tədbirlər nəticəsində 5-i üçotaqlı, 3-ü dördotaqlı olmaqla 8 ev yenidən tikilib, 15 ev tamamilə bərpa olunub, 27 ev əsaslı təmir edilib, 693 evdə cari təmir işləri görülüb. Bundan əlavə, bir məktəb və iki uşaq bağçasında əsaslı təmir işləri həyata keçirilib. Təmir-bərpa işlərindən sonra yenidən vəziyyətlə tanış olmaq üçün Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Mahrızlı kəndinə gəlib.
İctimaiyyətlə görüşən Prezident İlham Əliyev deyib ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır: "Biz elə bu həyətdə may ayının 1-də görüşmüşdük. O vaxt burada evlər dağılmışdı, mənzərə çox acınacaqlı idi. Bu gün isə 7 ay keçəndən sonra artıq yeni tikilmiş evə baxırıq. Azərbaycan dövləti, qısa müddət ərzində, lazım olan bütün tədbirləri görüb. Təkcə Ağdam rayonunda 700-dən çox ev yenidən tikilib, əsaslı bərpa edilib və cari təmir işləri aparılıb. 
Mən mayın 1-də burada olarkən demişdim ki, vətəndaşlar narahat olmasınlar, Azərbaycan dövləti bütün lazımi işləri görəcək. Belə də oldu, yararsız vəziyyətdə olan bütün evlər, binalar 6-7 ay ərzində bərpa edildi. Ağdam rayonunda 700-dən çox, Tərtər rayonunda 250-yə yaxın ev təmir edildi və tikildi. Cəmi 6-7 ay ərzində. Bu, ilk növbədə, dövlətimizin gücünü göstərir ki, biz bunu etməyə qadirik. Digər tərəfdən, bu, apardığımız siyasətin nəticəsidir, onun təzahürüdür. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır və dövlət həmişə öz vətəndaşını qoruyur, onun problemlərini həll etməyə çalışır. Bir neçə ay ərzində belə geniş quruculuq işlərinin aparılması bir daha bizim siyasətimizi göstərir".
Aprel döyüşləri Azərbaycanın böyük tarixi qələbəsidir. Azərbaycan dövləti, Azərbaycan xalqı, Azərbaycan Ordusu bir daha öz gücünü göstərdi - həm vətəndaşlar, həm hərbçilər. Hərbçilər döyüş meydanlarında qəhrəmanlıq, şücaət göstərmişlər, düşmənə layiqli cavab vermişlər, işğal edilmiş ərazilərimizin bir hissəsini azad etmişlər. Vətəndaşlar isə bax burada, bu yerdə, o vaxt dağılmış bu evin önündə möhkəm dayanaraq düşmənə Azərbaycan xalqının iradəsini göstərdi. Göstərdi ki, Azərbaycan xalqı heç nədən qorxmur. Azərbaycan xalqı öz vətənində yaşayır və yaşayacaq. Cəbhəyanı bölgələrdə yaşayan vətəndaşların bir nəfəri yerindən tərpənmədi. Ermənilər işğal edilmiş torpaqlarımızın bir hissəsindən qaçıb getdilər, amma biz dayandıq, çünki biz öz torpağımızdayıq. Onlar isə başa düşürlər ki, öz torpaqlarında yaşamırlar.
Bu baxımdan Prezident İlham Əliyev bir daha qətiyyətlə diqqətə çatdırıb ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməlidir: "Bizim tarixi torpaqlarımız təkcə Dağlıq Qarabağın ərazisi deyil. İrəvan, Göyçə, Zəngəzur bizim tarixi coğrafiyamızdır, tarixi torpaqlarımızdır. Ermənistan vaxtilə bizim o torpaqlarda qanunsuz olaraq dövlət qurub, indi də bizim torpağımızda ikinci dövlət qurmaq istəyir. Azərbaycan xalqı heç vaxt buna imkan verməyəcək, aprel döyüşləri bir daha onu göstərdi. Onu göstərdi ki, biz heç vaxt bu vəziyyətlə barışmayacağıq, biz güclü dövlətik, güclü ordu yaratmışıq. Azərbaycan bu gün dünya miqyasında böyük hörmətə malik olan ölkələrdən biridir və Azərbaycan vətəndaşları öz torpaqlarını qorumağa qadirdirlər. Ona görə, aprel döyüşlərində qələbəmiz, bir daha demək istəyirəm ki, bizim - həm dövlətimiz, həm dövlətin bir qolu olan ordumuz, həm də vətəndaşlarımız üçün qəhrəmanlıq səhifəsidir. Bax, bu birlik bizdə var və əgər vətəndaşlar o vaxt bu qədər cəsarət göstərməsəydilər, əlbəttə ki, bu, bizim işimizə də mənfi təsir göstərə bilərdi. Vətəndaşlar öz cəsarəti ilə hərbçilərimizə əlavə güc, inam verdilər. Hərbçilərimiz də bilirdilər ki, onların arxasında Azərbaycan vətəndaşları yaşayır, onlar vətəndaşları qorumalıdırlar".
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər