18px16px14px12px

Strateji yol xəritələri Azərbaycanın uzunmüddətli inkişafını ehtiva edir

Prezident İlham Əliyev ölkənin böhranlı vəziyyətdən çıxarılması və uzunmüddətli perspektivə hesablanmış inkişafının təmin edilməsi üçün kompleks və sistemli fəaliyyətə start verib
 
2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə birləşdirən strateji yol xəritələri ölkəmizin dayanıqlı tərəqqisi üçün mayak rolunu oynayacaq
 
Əsası Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş, uzunmüddətli dövr üçün düşünülmüş iqtisadi siyasət ölkədə makroiqtisadi sabitlik və dinamik iqtisadi inkişaf üçün əsaslı zəmin yaradıb. Nəticədə, geniş sahibkarlar təbəqəsi formalaşıb, ölkənin sosial-iqtisadi inkişafında özəl sektorun rolu daha da artmış və ümumdünya iqtisadi sisteminə inteqrasiya sahəsində mühüm nailiyyətlər əldə olunub.
Davamlı iqtisadi islahatlar çərçivəsində bu siyasət qlobal iqtisadi çağırışlara uyğun müasir konseptual yanaşmalarla daha da təkmilləşdirilib, strateji məqsədlərə uyğun sərbəst bazar münasibətlərinin və özünüinkişaf qabiliyyətinə malik sosialyönümlü, diversifikasiya olunmuş milli iqtisadiyyatın formalaşdırılması təmin edilib. Həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində makroiqtisadi sabitlik qorunub saxlanılıb, qeyri-neft sahələrinin və bütövlükdə, regionların tarazlı inkişafı sürətlənmiş, strateji valyuta ehtiyatlarından səmərəli istifadə təmin olunub, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, əlverişli biznes və investisiya mühiti formalaşıb, əhalinin sosial rifahı davamlı olaraq yaxşılaşıb.
Məhz həyata keçirilən işlərin nəticəsidir ki, Ümumdünya İqtisadi Forumunun 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatında 138 ölkə arasında Azərbaycan 40-cı pillədən 38-ci pilləyə yüksəldilib. Hesabata əsasən, Azərbaycan 2015-ci ildə olduğu kimi, MDB dövlətləri, türkdilli ölkələr və BRİCS ölkələri (Çin Xalq Respublikası istisna olmaqla) arasında ən rəqabətli iqtisadiyyat kimi qiymətləndirilib. 2016-2017-ci illər üzrə qlobal rəqabət qabiliyyətlilik hesabatına istinadən qeyd edilir ki, dünya bazarlarında neft qiymətlərinin azalması fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycan və Rusiya Federasiyasının makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində, sahibkarlıq mühitində və ticarətdə effektivliyin artırılması hər iki ölkənin iqtisadiyyatına müsbət təsir edib. Habelə, biznes mühiti üçün zərərli faktor sayılan korrupsiyaya qarşı mübarizədə Ümumdünya İqtisadi Forumu Azərbaycanın fəaliyyətini yüksək qiymətləndirib.
Subindikatorların tərkibinə əsasən, Azərbaycan Respublikasında sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, sahibkarlığa başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühitə görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı, əhali arasında internetdən istifadəyə görə 33-cü, innovasiya fəaliyyətinə görə 44-cü və dövlət borcuna əsasən, 41-ci yerdə qərarlaşıb.
Prezident İlham Əliyevin fikirlərilə desək, neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir: "Ölkə iqtisadiyyatı inkişaf edir. Son 13 il ərzində ümumi daxili məhsul üç dəfə artmışdır. Bizim böyük valyuta ehtiyatlarımız var və onlar ümumi daxili məhsulumuza bərabərdir. İşsizliyin və yoxsulluğun azaldılması ilə bağlı çox ciddi addımlar atılmışdır. Bu gün həm işsizlik, həm yoxsulluq ölkəmizdə təxminən beş faiz səviyyəsindədir. Savadlılıq təxminən 100 faizdir. Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi təbii resurslarla bağlıdır. Neftin qiymətinin kəskin düşməsinə baxmayaraq, Azərbaycan bu böhrandan çox az itkilərlə çıxır və bu gün dinamik inkişaf davam edir. Dünən mənə məlumat verildi ki, Davos Dünya İqtisadi Forumu ölkələrin rəqabət qabiliyyətliyinə görə Azərbaycanı 37-ci yerə layiq görüb. Dünya miqyasında rəqabət qabiliyyətliyinə görə 37-ci yeri tutmaq, hesab edirəm ki, gənc dövlət üçün böyük nailiyyətdir. Nəzərə alsaq ki, bizim müstəqilliyimizin ilk illəri çox ağır keçirdi, çox dərin siyasi böhran, iqtisadi böhran yaşanırdı. Qaçqınların və köçkünlərin adambaşına düşən sayına görə Azərbaycan dünyada ilk yerlərdədir. Bu, çox acı statistikadır, amma bu, belədir. Bu da, əlbəttə ki, bizim maliyyə resurslarımızı cəlb edib. Bütün bunlara baxmayaraq düzgün iqtisadi siyasət, cəmiyyətdəki əmin-amanlıq, sabitlik, qonşularımızla yaxşı münasibətlər, beynəlxalq təşəbbüslərimiz bu gün Azərbaycanı dünyada sabitlik və inkişaf məkanı kimi təqdim edir".
Bir daha qeyd edək ki, son dövrlərdə istər regionda, istərsə də qlobal iqtisadiyyatda gedən proseslər, neft gəlirlərinin kəskin azalması, mürəkkəb xarici iqtisadi mühit ölkənin makroiqtisadi və maliyyə sabitliyinə öz təsirini göstərməkdədir. Dünyada cərəyan edən proseslərin yaratdığı yeni çağırışlara uyğunlaşmaq və mövcud qlobal iqtisadi böhranın ölkəmizə təsirini minimuma endirmək məqsədilə iqtisadi islahatların əsas strateji hədəflərinə uyğun olaraq sistem xarakterli bir sıra tədbirlərin həyata keçirilməsi, sosial-iqtisadi inkişafın cari, orta və uzunmüddətli dövrləri arasında üzvi bağlılıq və qarşılıqlı uzlaşma yaratmaqla, iqtisadi inkişafın keyfiyyətcə yeni modelinin formalaşdırılması qarşıda duran əsas prioritet vəzifələrdəndir.
Bununla əlaqədar olaraq, ölkədə həyata keçirilən iqtisadi siyasətin və islahatların davamlılığını təmin etmək üçün iqtisadiyyatın mövcud vəziyyətinin dərindən təhlili və yeni iqtisadi inkişaf strategiyasının hazırlanması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" təsdiq edilib, habelə, həmin istiqamətlərə müvafiq olaraq, inkişaf planlarının işlənilməsini təmin etmək üçün müvafiq işçi qrupu yaradılıb.
Həmin Sərəncama əsasən, işçi qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlayıb. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilib və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən, vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.
Bu səbəbdən də, Prezident İlham Əliyev ölkənin perspektiv inkişaf hədəflərini və istiqamətlərini müəyyənləşdirmək, onların gerçəkləşdirilməsini təmin etmək məqsədilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına uyğun olaraq, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi, neft və qaz sənayesinin (kimya məhsulları daxil olmaqla) inkişafı, kənd təsərrüfatı məhsullarının istehsalına və emalı, kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalı, ağır sənaye və maşınqayırmanın inkişafı, ixtisaslaşmış turizm sənayesinin inkişafı, logistika və ticarətin inkişafı, uyğun qiymətə mənzil təminatının inkişafı, peşə təhsili və təliminin inkişafı, maliyyə xidmətlərinin inkişafı, telekommunikasiya və informasiya texnologiyalarının inkişafı, kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafı üzrə Strateji Yol Xəritələri təsdiqlənib.
Müəyyən edilib ki, təsdiq edilən strateji yol xəritələrinin həyata keçirilməsinə ümumi rəhbərliyi və nəzarəti Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, nəzərdə tutulmuş fəaliyyətlərlə bağlı monitorinq, qiymətləndirmə və kommunikasiya tədbirlərini isə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.
Göründüyü kimi, Azərbaycan Prezidenti İlham Əliyev ölkənin böhranlı vəziyyətdən çıxarılması və uzunmüddətli perspektivə hesablanmış inkişafının təmin edilməsi üçün kompleks, sistemli fəaliyyətə start verib. Təhlillər də onu sübut edir ki, strateji yol xəritələri ölkəmizin dayanıqlı tərəqqisi üçün mayak rolunu oynayacaq.
 
"SƏS" Analitik Qrupu
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər