18px16px14px12px

Strateji yol xəritələri iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiq edilmiş milli iqtisadiyyatın strateji yol xəritələri beynəlxalq miqyasda da təqdir edilir
 
Malena Mard: "Azərbaycanda təsdiq olunmuş milli iqtisadiyyatın strateji yol xəritələri ölkədə islahatlar və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır"
 
Bəlli olduğu kimi, Prezident İlham Əliyev "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında" Fərman imzalayıb. Eyni zamanda, Prezidentin 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamı ilə "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri" təsdiq edilmişdi. Həmin istiqamətlərə müvafiq olaraq inkişaf planlarının işlənilməsini təmin etmək üçün İşçi Qrupu yaradılmışdı. Sərəncama əsasən, İşçi Qrupu yerli və xarici ekspertlərin, təcrübəli mütəxəssislərin, məsləhətçi şirkətlərin və elmi təşkilatların iştirakı ilə, ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq şəraitində milli iqtisadiyyat və iqtisadiyyatın on bir əsas sektoru üzrə strateji yol xəritələrinin layihələrini hazırlamışdı. Strateji yol xəritələri 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə ehtiva edir. Layihələr açıq müzakirəyə verilib və yekun sənəd tərtib edilərkən maraqlı tərəflərin, o cümlədən, vətəndaş cəmiyyəti təsisatlarının və vətəndaşların çoxsaylı rəy və təklifləri nəzərə alınıb.
Qeyd edək ki, iqtisadi inkişafa strateji yanaşma nəticəsində milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Qarşıya qoyulan məqsədlərin və 11 sektor üzrə yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaq. Strateji Yol Xəritəsi Azərbaycan üçün, eyni zamanda, yeni imkanları müəyyənləşdirərək, bu imkanlardan faydalanma yollarını təqdim edir. Bu sənəd, əlbəttə ki, böyük maraqla qarşılanıb. Elə milli iqtisadiyyatın strateji yol xəritələrinin perspektiv inkişafla bağlı proqnozları beynəlxalq miqyasda da təqdir edilir. Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Azərbaycanda təsdiq olunmuş milli iqtisadiyyatın strateji yol xəritələri ölkədə islahatlar və iqtisadiyyatın diversifikasiyası üçün əlverişli mühit yaradır: "Avropa İttifaqı Azərbaycanın tərəfdaşı olmaq, iqtisadiyyatın şaxələnməsində və islahatların həyata keçirilməsində ölkəni dəstəkləmək niyyətindədir. 12 yol xəritəsi isə bunun üçün gözəl əsas yaradır".
Digər ekspertlər də, hesab edirlər ki, yaxın illərdə bu strateji yol xəritələrinin reallaşdırılması nəticəsində yüksək nailiyyətlər əldə olunacaq. Çünki bu sənədin digərlərindən əsas fərqi, ondan ibarətdir ki, ayrı-ayrı fəaliyyətlər üzrə müddətlər qeyd edilib. Eləcə də, onların reallaşdırılması yönündə konkret indikatorlar müəyyənləşdirilib. Bu da hər bir fəaliyyətin nəticələrini qiymətləndirməyə imkan verəcək.
Ekspertlər hesab edirlər ki, 3 dövrdə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Yaxın dövrdə - 2016-2020-ci illər üçün iqtisadi inkişaf strategiyası və tədbirlər planı həyata keçiriləcək. Hansı ki, artıq onun icrasına başlanılıb. Növbəti tədbirlər planı 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövrə hədəf baxışı özündə birləşdirir. Azərbaycan ölkə iqtisadiyyatının 2025-ci ilə qədər və sonrakı illər üçün "yol xəritəsi"nin işlənməsi üçün "Mckinsey&Company" Beynəlxalq Konsaltinq şirkətini cəlb edib. 
Məhz, 2016-2020-ci illərdə həyata keçirilən islahatlar 2025-ci ildəki tədbirlər üçün baza rolunu oynayacaq. Yeni strateji yol xəritələri biznes mühitinin yaxşılaşdırılması, rəqabət mühitinin təmin edilməsi, əhalinin mənzil təminatının yaxşılaşdırılması, ağır maşınqayırma, neft-qaz sənayesinin, turizmin inkişafı və sair məsələləri nəzərə tutur.
Bu mənada, qeyd edilməlidir ki, strateji yol xəritəsi Azərbaycan iqtisadiyyatının reallıqları nəzərə alınaraq hazırlanmış bir sənəddir. Onun icrasının çox yüksək səviyyədə təşkil edilməsi çox vacibdir, çünki bu proqramın ölkə iqtisadiyyatına təsirləri onun icrasından asılı olacaq.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər