18px16px14px12px

Növbəti onilliklər ərzində Azərbaycanın inkişaf istiqamətləri qlobal dəyişikliklər fonunda

Yaxud iqtisadi artımın şaxələndirilməsi 10 milyona yaxın Azərbaycan vətəndaşına öz peşə arzularını gerçəkləşdirməyə və rifah səviyyəsini yüksəltməyə imkan verəcək
 
Azərbaycan iqtisadiyyatı orta və uzunmüddətli perspektivdə müxtəlif dəyişikliklərin təsirlərinə məruz qalan bir mühitdə inkişaf edəcək. Belə təsirlərin müşahidə edilməsi və başa düşülməsi onların səbəb olduğu çətinliklərin öhdəsindən gəlmək və verdiyi imkanlardan faydalanmaq nöqteyi-nəzərindən vacibdir. Bu zaman proqnozlaşdırılmayan proseslərin başvermə ehtimalı böyük olsa da, qlobal meyillərin bir neçəsinin növbəti onilliklər ərzində qlobal iqtisadiyyata təsirlərinin ilk əlamətləri artıq indidən görünməkdədir. Bu təsirlərdən dördünün Azərbaycan üçün vacib olacağı yəqindir: qlobal iqtisadi güc mərkəzinin Asiyada yeni yaranmaqda olan bazarlara doğru yerdəyişməsi, texnoloji innovasiyaların əhəmiyyətli təsirləri, dəyişən geosiyasi konfiqurasiya və neft-qaz qiymətləri.
Asiyanın inkişaf etməkdə olan bazarları hazırda dünyada yaradılan iqtisadi dəyərin təqribən beşdə birinə sahibdir. 2030-cu ildə bu pay üçdə birədək yüksələcək. Asiyanın orta təbəqəsinin ölçüsündə də müvafiq artım gözlənilir. Proqnozlara görə, dünyanın orta təbəqəsi hazırkı 3 milyard nəfərdən 2023-cü ildə təqribən 5 milyard nəfərədək artacaq və bu artımın 80 faizi Asiyanın payına düşəcək. Eyni inkişaf prosesləri həm də şirkət səviyyəsində özünü büruzə verəcək. Yeni yaranmaqda olan bazarlar hazırda illik gəlirləri 1 milyard ABŞ dollarından çox olan dünya şirkətlərinin təqribən dörddə birini əhatə etdiyi halda, bu payın 2025-ci ilə qədərki dövrdə, demək olar ki, yarıyadək artması gözlənilir. Təkcə Asiyada ümumi gəlirləri 1 milyard ABŞ dollarından ibarət təxminən 3 min yeni şirkətin olması gözlənilir. Bununla yanaşı, son zamanlar mal və xidmətlər üzrə qlobal ticarətin həcminin artımı ÜDM-in artımından iki dəfə yüksək sürətə malik olub. Ticarət həcmlərinin getdikcə artması Avrasiyanın mərkəzində, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan kimi ölkələrin bu artımdan faydalanmasına şərait yaradır.
Ötən illər ərzində misli görünməmiş qlobal siyasi qeyri-sabitlik müşahidə olunub. Bunun təsirləri siyasi rəhbərlərin tez-tez dəyişməsi, müharibə, terrorçuluq və sürətlə artan qaçqın axınında özünü büruzə verib. Siyasi qeyri-sabitlik fonunda təhlükəsizlik problemlərinin olduğu və ya sanksiyaların tətbiq edildiyi ərazilərdə ticarət həcmləri kəskin surətdə azaldığı halda, böhranlı vəziyyətlərin öhdəsindən gəlindiyi, iqtisadiyyatın açıq olduğu və ya sanksiyaların aradan qaldırıldığı ərazilərdə bərabər səviyyəli artım müşahidə olunub. Geosiyasi baxımdan yenidən formalaşan dünyada -Azərbaycanda risklər və çağırışlar düzgün qiymətləndirilərək sabit inkişaf təmin ediləcək. Xüsusilə, iqtisadi təhlükəsizliyin əsas komponentləri - enerji, ərzaq, maliyyə və nəqliyyat təhlükəsizliyinin davamlı olması ölkənin geosiyasi kataklizmlərə qarşı dayanıqlılığını daha da gücləndirəcək.
Məlum faktdır ki, ötən illər ərzində neftin qiymətləri düşüb və qiymətlərdə volatillik artıb. Neftin bir barreli 2008-ci ildə 150 ABŞ dollarına yaxınlaşdığı halda, 2016-cı ildə 30 ABŞ dollarından da aşağı düşüb. Neft qiymətlərindəki bu cür qlobal azalmanın Azərbaycan iqtisadiyyatına da təsiri böyük olub. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2010-2014-cü illərdə iqtisadi artım sürəti azalaraq, ildə orta hesabla 2,7 faiz olub. 2015-ci ildə ixracın həcmi və dövlət büdcəsinin gəlirlərinin azalması işsizlik səviyyəsinin əvvəlki ilə nisbətən 2 faiz artmasına səbəb olub. Aşağı neft qiymətləri səbəbindən cari hesablar balansında yaranmış gərginlik manatın məzənnəsinə təzyiqi artırıb və 2015-ci ildə milli valyuta iki dəfə devalvasiyaya uğrayıb.
Proqnozlar onu göstərir ki, neft-qaza qlobal tələbatda artım 2050-ci ilədək ildə təqribən əvvəlki artım proqnozlarından 30 faiz az olmaqla, 0,7 faiz zəifləyəcək və ümumi enerji sektorunda üzvi yanacaq növlərinin payı azalacaq. Bu şərtlər altında neft qiymətlərinin əvvəlki yüksək səviyyələrinə qayıdışı gözlənilmədiyi üçün yaxın gələcəkdə neft gəlirləri hesabına yüksək dayanıqlı artımın bərpa olunacağı proqnozlaşdırılmır. Beynəlxalq Valyuta Fondu Azərbaycan iqtisadiyyatının 2025-ci ilədək illik 2-3 faiz artacağını proqnozlaşdırır. Bu temp ötən bir neçə il ərzində müşahidə olunan artım səviyyəsinə uyğundur. Lakin belə aşağı artım səviyyəsi iqtisadiyyatın qarşısında duran məqsədlərə çatmağa, o cümlədən, indiki və gələcək nəsillər üçün lazım olan sayda iş yerləri yaratmağa kifayət etmir. Buna görə də, Azərbaycanda aşağı neft qiymətləri şəraitində iqtisadiyyat yeni təməllər üzərində qurulmaqla, daha yüksək artım tempinə nail olunacaq.
Neft-qaz sektorunun iqtisadiyyatı inkişaf etdirmək potensialı zəiflədikcə, Qazaxıstan, Səudiyyə Ərəbistanı və Rusiya da daxil olmaqla, dünyanın təbii ehtiyatlarla zəngin ölkələri çətinliklərlə üzləşir və öz iqtisadiyyatlarını şaxələndirməyə təşəbbüs göstərirlər. Azərbaycanda da hazırda eyni vəziyyət mövcuddur. Ölkə ötən on il ərzində yaratdığı baza əsasında qlobal iqtisadiyyatdakı mövqelərini daha da gücləndirmək üçün güclü siyasi iradə və imkanlara malikdir.
Əlbəttə ki, neft qiymətlərinin 2008-2009-cu illərdəki səviyyələrə qayıdacağı ehtimal edilmir, lakin bu, baş versə belə, resurs sənayesi bütün suallar üçün doğru cavab deyildir. Keçmiş iqtisadi əhəmiyyətinə baxmayaraq, neft-qaz sektoru əvvəlki illər ərzində ümumi məşğulluğun 1 faizdən çoxuna sahib olmayıb. İqtisadi artımın şaxələndirilməsi 10 milyona yaxın Azərbaycan vətəndaşına öz peşə arzularını gerçəkləşdirməyə və rifah səviyyəsini yüksəltməyə imkan verəcək. 
Bütün söylənilənlərin fonunda iqtisadi şaxələndirmənin sürətləndirilməsi üçün üç potensial imkan mövcuddur ki, bu imkanları əldən verməmək üçün müvafiq tədbirlərin həyata keçirilməsi olduqca vacibdir.
Birincisi, regionun ümumi - iqtisadi inkişaf dinamikası daim dəyişir və ixracatı genişləndirmək imkanları yaradır. Azərbaycan ümumi əhali sayı 300 milyon nəfərdən çox olan və ÜDM-i 3 trilyon ABŞ dollarına çatan üç iri iqtisadiyyat - İran, Türkiyə və Rusiya arasında yerləşir. İrana tətbiq edilən sanksiyalar aradan qaldırıldıqca və regiondakı digər iqtisadiyyatlar arasında yeni ticarət modelləri meydana gəldikcə, ölkə üçün unikal imkanlar açılır. Daha geniş diametrdə isə Azərbaycan cəmi ÜDM-i 30 trilyon ABŞ dollarına çatan Avropa İttifaqı, Çin və Körfəz ölkələri bazarlarının yaratdığı dairənin mərkəzində yerləşir. Məsələn, Azərbaycanla dünyanın ikinci iqtisadiyyatı sayılan Çinin arasında yalnız Qazaxıstan var. Eyni zamanda, Azərbaycanla Körfəz ölkələri arasında təkcə İran, həmçinin, Azərbaycanla Avropa İttifaqı arasında yalnız Gürcüstan yerləşir. Beləliklə, həm qısa, həm də iri radiuslu dairədə Azərbaycanın bazarlara çıxmaq potensialı böyükdür.
İkincisi, qlobal iqtisadi mənzərə Avropada zəif və Çində azalan artıma görə dəyişməkdədir. Buna cavab olaraq, Çin onu əsas iqtisadi regionlarla birləşdirəcək "İpək Yolu" layihəsini həyata keçirməyi planlaşdırır ki, bu marşrutlardan biri də Azərbaycan ərazisindən keçir. Eyni zamanda, Avropa, Rusiya, İran, Hindistan və Mərkəzi Asiyanı birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizinin də bir xətti Azərbaycanın ərazisindən keçir. Bu təşəbbüslər ölkəmizin ərazisindən keçən əmtəə və sərnişin dövriyyəsinin həcmini artırmaqla marşrut boyu istehsal və nəqliyyat-logistika xidmətləri üçün imkanlar yaradacaq. Azərbaycan təkcə tranzit ölkəsi deyil, o, həm də öz ərazisindən keçən əmtəələr üzərində əlavə dəyər yaratmaq potensialına malikdir. Ümumilikdə isə, Azərbaycanın ərazisindən keçən nəqliyyat dəhlizlərinin hesabına qlobal dəyər zəncirlərində ölkənin mövqeləri gücləndirilə bilər. Azərbaycan üçün belə yeni beynəlxalq imkanların açılması  yüksək və dayanıqlı iqtisadi artım potensialı yaradır. Strateji Yol Xəritəsi bu imkanlardan faydalanmaq üçün hazırlanıb.
Üçüncüsü, dayanıqlı iqtisadi artımı təmin edəcək investisiya qoyuluşlarında maraqlı olan Azərbaycanda qlobal investisiya meyilləri nəzərə alınacaq. 2007-ci illə müqayisədə dünya üzrə birbaşa xarici investisiya axını 2015-ci ildə 36 faiz artaraq, 1,7 trilyon ABŞ dollarına çatıb. 2015-ci ildə inkişaf etmiş ölkələr birbaşa xarici investisiyaların 55 faizini cəlb edə biliblər. Artım, əsasən, birləşmə və satınalmalar hesabına baş verib. 2015-ci ildə Asiya regionunda inkişaf etməkdə olan ölkələr dünya üzrə birbaşa xarici investisiyaların 1/3-ni cəlb edib. Bu mənada, Asiya regionu dünya üzrə ən çox investisiya cəlb edən regiondur. Rusiya və Qazaxıstan başda olmaqla, keçid ölkələrinə birbaşa xarici investisiya axını 2015-ci ildə 54 faiz azalıb. Aşağı xammal qiymətləri və regional münaqişələr keçid ölkələrində birbaşa xarici investisiya axınları üçün əsas maneə olub. Birləşmə və satınalmaları nəzərə almasaq, dünyada birbaşa xarici investisiyaların axını qısamüddətli perspektivdə zəifləyəcək. Çünki qlobal iqtisadiyyat kövrəkdir, qlobal maliyyə bazarları volatildir, tələb aşağıdır və inkişaf etməkdə olan ölkələrdə iqtisadi artım tempi zəifdir. İnvestisiya axınını cəlb etmək üçün Azərbaycanda əlverişli biznes mühiti təmin ediləcək və özəl sahibkarlığın inkişafı daha da stimullaşdırılacaq.
Göründüyü kimi, qlobal iqtisadi proseslər fonunda Azərbaycanın inkişafı üçün sistemli və effektiv addımların atılması çox vacibdir. Maksimum nəticələrin əldə olunması isə Strateji Yol Xəritələrinin detallı şəkildə həyata keçirilməsilə mümkün olacaq.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər