18px16px14px12px

Strateji hədəflərə nail olmaq üçün ilkin olaraq hansı addımlar atılacaq?

Strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaq
 
Son 10 ildə Azərbaycan dünyada iqtisadi artım tempinə görə ön sıralarda qərar tutub. Uğurla həyata keçirilən neft strategiyası əsasında əldə olunmuş gəlirlər hesabına infrastruktur modernləşdirilib, qeyri-neft iqtisadiyyatı inkişaf etdirilib, sosial rifah yaxşılaşdırılıb, dövlətin balansında olan aktivlər artıb və ÜDM-in həcmini aşan səviyyədə strateji valyuta ehtiyatları yaradılıb.
2014-cü ildən başlayaraq, neft qiymətlərinin kəskin azalması və ticarət tərəfdaşı ölkələrində iqtisadi böhran nəticəsində ölkədə iqtisadi artım sürətinin yavaşıması, institusional və struktur çağırışlar, tədiyə balansı və qeyri-neft büdcə kəsiri, maliyyə-bank sektorunda baş verən proseslər fonunda Azərbaycanda yeni iqtisadi inkişaf yanaşmasına keçid zərurəti yaranıb. Davamlı inkişafı təmin edəcək yeni "avanqard" sektorların üzərində fokuslanmaqla, iqtisadiyyatın strukturu qeyri-ticari bölməyə nisbətən ticari bölmənin, hasilata nisbətən emalın, dövlət sahibkarlığına nisbətən özəl sahibkarlığın, aşağı texnologiya tutumlu sektorlara nisbətən yüksək texnologiyalara əsaslan sektorların, aşağıixtisaslı əməyə nisbətən yüksəkixtisaslı əməyə əsaslanan sahələrin, azgəlirli bazarlara nisbətən yüksəkgəlirli bazarların və aşağı dəyər yaradan sektorlara nisbətən yüksək dəyər yaradan sektorların daha üstün artımı hesabına yenidən balanslaşacaq. Milli iqtisadiyyatın strukturunun yenilənməsi biznes mühitinin daha da yaxşılaşdırılması, ortamüddətli xərclər strategiyası çərçivəsində yeni siyasətin tətbiq edilməsi, maliyyə-bank sisteminin sağlamlaşdırılması və monetar siyasətin üzən məzənnə rejimi üzərində təkmilləşdirilməsi, habelə, xarici bazarlara çıxış imkanlarının genişləndirilməsi ilə mümkün olacaq. Buna görə də, milli iqtisadiyyat perspektivi çərçivəsində dörd strateji hədəf seçilib. Bu hədəflərin və 11 sektor üzrə strateji yol xəritələrinin həyata keçirilməsi nəticəsində real və maliyyə sektorları arasında tarazlığın təmin edilməsi yolu ilə davamlı iqtisadi inkişaf mümkün olacaq.
İlk strateji hədəfə uyğun olaraq Azərbaycanda fiskal dayanıqlılıq təmin ediləcək və monetar siyasət üzən məzənnə rejimi üzərində qurulacaq. Fiskal və monetar siyasətlərin uzlaşdırılması makroiqtisadi sabitliyi təmin edəcək. Milli iqtisadiyyat perspektivində ikinci hədəf paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin fəaliyyətində səmərəliliyin artırılması və özəlləşdirmənin həyata keçirilməsi yolu ilə iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Üçüncü hədəf insan kapitalının inkişafı ilə bağlıdır ki, bununla əmək bazarının inkişafı milli iqtisadiyyat perspektivinə uyğunlaşdırılacaq. Nəhayət, dördüncü hədəf biznes mühitinin daha da yaxşılaşdırılmasını nəzərdə tutur. Beləliklə də, milli iqtisadiyyat perspektivində müəyyən edilmiş 11 sektorun dayanıqlı inkişafını təmin edəcək ümumi məsələlər əhatə olunub.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin "Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri"nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında" 2016-cı il 16 mart tarixli 1897 nömrəli Sərəncamına müvafiq olaraq milli iqtisadiyyat və iqtisadiyyatın 11 sektoru üzrə, ümumilikdə, 12 strateji yol xəritəsi hazırlanıb. Milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsi qısa, orta və uzunmüddətli dövrləri əhatə etməklə, 2020-ci ilədək iqtisadi inkişaf strategiyası və tədbirlər planı, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxış və 2025-ci ildən sonrakı dövr üçün hədəf baxışdan ibarətdir. Sənəd təkcə inkişaf məqsədləri və prinsiplərini deyil, həm də hər bir istiqamət üzrə qlobal meyilləri, iqtisadiyyatın 360 dərəcəli diaqnostikasını və mövcud vəziyyətin GZİT təhlilini, görüləcək tədbirləri, tələb olunan investisiya və nəticə indikatorlarını əhatə edir. Qısamüddətli dövrdə seçilmiş prioritetlərə fokuslanmaqla orta və uzunmüddətli dövrlərdə iqtisadi inkişafın bünövrəsi qoyulacaqdır. Strateji Yol Xəritəsi iqtisadi inkişafa töhfə verən bütün faktorları, o cümlədən, yerli və beynəlxalq özəl sektor nümayəndələrinin kommunikasiyası və əməkdaşlığı üçün imkanları təmin edəcək.
Xüsusi olaraq, qeyd edilməlidir ki, Strateji Yol Xəritəsinin qəbulundan sonra onun həyata keçirilməsi üçün müvafiq dövlət qurumları öz fəaliyyətlərini daha müfəssəl proqramlar əsasında quracaqlar. Sənəddə nəzərdə tutulan layihələrin həyata keçirilməsindən əvvəl texniki-iqtisadi əsaslandırılma aparılacaq və hər bir təşəbbüs üzrə müvafiq dövlət qurumları cavabdehlik daşıyacaqlar.
Bir sözlə, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələri Azərbaycanda davamlı iqtisadi inkişaf əsasında iqtisadiyyatın rəqabətqabiliyyətliliyini, inklüzivliyini və sosial rifahın daha da artırılmasını təmin edəcək. Qlobal çağırışlara cavab verərək investisiyaların cəlbi, azad rəqabət mühiti, bazarlara çıxış və insan kapitalının inkişafı nəticəsində, Azərbaycanın dünya iqtisadiyyatında mövqeyi gücləndirəcək və yüksək gəlirli ölkələr qrupuna daxil olacaq. Dövlət investisiyaları katalizator rolunu oynayacaq, iqtisadi inkişafın lokomotivi isə özəl sektor olacaq.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər