18px16px14px12px

Azərbaycan ikitərəfli münasibətlərini milli maraqları çərçivəsində qurur

Yaxud rəsmi Bakı və Təl-Əviv arasındakı əlaqələr digər müsəlman ölkələri üçün nümunə ola bilər
 
Məlum olduğu kimi, İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri baş tutdu. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Azərbaycan-İsrail sənədlərinin imzalanması mərasimindən sonra mətbuata bəyanatla çıxış edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu qeyd ediblər ki, Azərbaycan ilə İsrail arasında, Azərbaycan xalqı ilə yəhudi xalqı arasında möhkəm münasibətlər, yaxın dostluq var.
Prezident İlham Əliyev bildirib ki, biz ikitərəfli əlaqələrimiz, regional inkişaf ilə bağlı çox geniş spektrli məsələləri müzakirə etdik. Müzakirələr çox açıq, dostluq şəraitində keçdi. Bu müzakirələr bizə ikitərəfli əlaqələrimizi gücləndirməyə kömək edəcək.
İsrail Dövlətinin Baş naziri Benyamin Netanyahu isə qeyd edib ki, İsrail bir yəhudi dövlətidir. Azərbaycan müsəlman ölkəsidir və əhalisinin əksəriyyəti müsəlmandır. Burada hər iki ölkənin daha parlaq gələcəyini təmin etmək üçün yəhudilərlə müsəlmanların birgə işləməsinin şahidi oluruq. 
Göründüyü kimi, Azərbaycanla İsrail arasında həm siyasi, həm iqtisadi, həm də mənəvi əlaqələr möhkəmdir və uğurla inkişaf edir. Lakin İsrail dövlətinin Baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri öncəsi iki ölkə arasında münasibətlərin inkişafından narahat olan qüvvələr məkrli niyyətlərini büruzə verdilər. Azərbaycan-İsrail münasibətlərindən zaman-zaman narahatlıq keçirən dairələrin işartıları yenidən görünməyə başladı.
Amma həmin qüvvələr qəbul etmək istəmirlər ki, Azərbaycan İsraillə münasibətlərini inkişaf etdirməyə çalışan yeganə müsəlman dövləti deyil. Fələstinlə eyni ortaq coğrafiyanı, ortaq tarixi, ortaq mədəniyyəti bölüşən İordaniya ilə İsrailin  münasibətləri  həmişə yüksək səviyyədə olub, bu ölkə əhalisinin çoxluğunun keçmiş fələstinlilər təşkil etməsi də ikitərəfli əlaqələrə mənfi təsir göstərə bilməyib. İsrailin özündə çoxsaylı ərəbdilli icma yaşayır, onların əksəriyyəti İsrail cəmiyyətinə inteqrasiya edib, orduda, parlamentdə təmsil olunurlar. Türkiyə, Misir kimi islam dünyasının aparıcı söz sahibi sayılan dövlətlərin uzun illər İsraillə sıx əlaqələri olub, bu gün də həmin ölkələrin İsraillə əlaqələri kifayət qədərdir. İsrail rəsmilərinin səfər etdiyi yeganə müsəlman ölkəsi də Azərbaycan deyil. Çünki İsrailin Baş naziri Azərbaycandan sonra Qazaxıstana da səfər edir.
Bu mənada, hər hansı bir dövlətin və ya həmin dövlətdəki müəyyən çevrələrin Azərbaycanın İsraillə əlaqələrini təftiş etməsi mənasızdır. Azərbaycanın belə prinsipiallığı fonunda bizi ittiham etməyə çalışanlar Dağlıq Qarabağ münaqişəsinin həllində heç də müsəlman həmrəyliyi mövqeyindən çıxış etmir, ədalətli və düzgün mövqe tutmurlar. İranın bütün sabiq prezident və vitse-prezidentləri Ermənistana səfər edib və Ermənistanın prezident, baş nazir və digər ali rəsmi şəxslərini öz ölkələrində  yüksək səviyyədə qarşılayıblar.
Bunu İranın milli maraqları ilə əsaslandırmağa çalışıblar.
İranla Ermənistan arasında viza rejimi qaldırılıb, hazırda İran prezidenti Həsən Ruhaninin Ermənistana səfərinə hazırlıqlar aparılır. Bu zaman nəinki müsəlman həmrəyliyi, Azərbaycan ərazisində 1 milyondan çox müsəlman-şiənin doğma yurd-yuvasından didərgin salınması nəzərə alınmır, İran ali dinli liderinin Ermənistana hər cür əlaqələri yasaq edən fətvası da unudulur.Yaxın Şərqdəki hadisələr zamanı müsəlman həmrəyliyi zərurətini qabardan İran nədənsə öz qonşuluğundakı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı nə müsəlman həmrəyliyi, nə də şiə təəssübkeşliyinə sadiq qalmır. Hər zaman "neytral" mövqe diqqətdən kənarda qalmır. Bu "neytrallığın" nəticəsidir ki, işğalçı dövlət münaqişənin həllində İranın vasitəçilik missiyasını yerinə yetirməsinin tərəfdarıdır. Məlum olduğu kimi,  rəsmi Ankara dəfələrlə  vasitəçi olmağa hazır olduğunu bəyan etsə də, Ermənistan tərəfi  buna sərt reaksiya bildirərək, bu addımın mümkünsüzlüyünü, Türkiyənin münaqişəninin həllində vasitəçilik missiyasını yerinə yetirə bilməzliyini bəyan edib. Sual olunur: nə üçün işğalçı ölkə Türkiyənin vasitəçiliyini qəbul etmir? Bunu belə əsaslandırır ki, Türkiyə Azərbaycanı dəstəkləməklə birtərəfli mövqedə dayanır. Ədaləti-haqqı müdafiə etmək  nə zamandan birtərəflilik kimi qəbul olunub?  İranın Ermənistana dəstəyinin adı nədir?
Reallıq budur ki, Azərbaycan-İsrail əlaqələri qarşılıqlı maraqlara söykənir və ikitərəfli xarakter daşıyır. Bu iki ölkə arasında qarşılıqlı-faydalı münasibətlər, eyni zamanda, dünyada və regionda sülhün, əmin-amanlığın möhkəmlənməsinə xidmət edir.
Azərbaycan İsrailin enerji məhsulları ilə təminatında etibarlı tərəfdaş kimi çıxış edir. İsrail idxal etdiyi neftin 40 faizini Azərbaycandan alır. Həmçinin, Azərbaycan və İsrail etibarlı hərbi tərəfdaşlıq münasibətlərinə malikdir. Azərbaycanın silah sənayesinin formalaşmasında  və ordumuzun müasir silahlarla təchiz edilməsində İsrail əhəmiyyətli müttəfiq kimi mühüm rol oynayır. Halbuki İran tərəfinə dəfələrlə edilmiş müraciətlərə baxmayaraq, bu günə kimi Azərbaycana uzaq mənzilli raketlər satılması məsələsinə müsbət baxılmayıb. 
Azərbaycan-İsrail əməkdaşlığının  yüksələn xətt üzrə inkişafında azərbaycanlılarla yəhudilər arasında tarixən mövcud olan güclü  münasibətlərin də böyük rolu var. Hazırda Azərbaycanda  çoxminli yəhudi icması, İsraildə isə on minlərlə Azərbaycan əsilli yəhudi yaşayır.Azərbaycanlılar ölkədə yaşayan yəhudilərə heç zaman özgə kimi baxmayıblar, yəhudilər də Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayıblar. Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi əsilli şəxs olub. Azərbaycan əsilli İsrail vətəndaşları hazırda iki ölkə arasında iqtisadi münasibətlərin inkişafına mühüm töhfə verirlər. Azərbaycanın İsraillə yaxın əlaqələri digər müsəlman dövlətləri üçün də  model ola bilər.
Bir sözlə, əgər bu gün Azərbaycan-İsrail münasibətləri kimlərdəsə ciddi narahatlıq yaradırsa, demək, bu münasibətlər, həqiqətən, yüksək səviyyədə inkişaf edir. Azərbaycan, hər zaman olduğu kimi, bundan sonra da müstəqil siyasətini yürüdəcək, xalqın və dövlətin milli maraqları nəyi tələb edirsə, onu da həyata keçirəcək. Ölkəmizin uğurlarını həzm etməyən dairələrin göstərdikləri cəhdlərin qarşısında dayanan reallıqlarımız, bir daha təsdiqləyir ki, heç bir qüvvə Azərbaycan xalqının iradəsinə təsir etmək imkanında deyil.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər