18px16px14px12px

Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq

"Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin reallaşdırılması nəticəsində real ümumi daxili məhsul 1235 milyon manat artacaq
 
Dünyada baş verən sosial-iqtisadi proseslərin fonunda bu gün Azərbaycan inkişafının keyfiyyətcə yeni mərhələsinə daxil olub. Artıq ölkəmizin inkişafı elə bir mərhələdədir ki, yeni təkana ehtiyac duyulur. Məhz Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təqsdiqlənmiş Strateji Yol Xəritələri bu vəzifənin öhdəsindən gəlmək funksiyasını həyata keçirməlidir. Bu mənada, sözügedən Strateji Yol Xəritələri 2025-ci ilədək Azərbaycanın bütün sahələr üzrə inkişafını yeni mərhələyə daşımalıdır. Həmin Strateji Yol Xəritələrindən biri də "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"dir.
Bu Strateji Yol Xəritəsinin həyata keçirilməsi nəticəsində, Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan prioritetlərin həyata keçirilməsi nəticəsində, 2020-ci ildə 2015-ci illə müqayisədə real ümumi daxili məhsul 1235 milyon manat artacaq. Burada birbaşa təsirin təxminən 575 milyon manat, dolayı təsirin isə 660 milyon manat olacağı gözlənilir. Eyni zamanda, regionlar üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda 20 min yeni iş yeri açılacaq.
Yol xəritəsində kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sektorunda nəzərdə tutulan tədbirlər üzrə 2020-ci ilədək ət istehsalının 20 faiz, süd istehsalının 30 faiz, pambıq istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 4 dəfə, barama istehsalı, eləcə də emalı üzrə istehsal həcminin ən azı 1000 dəfə artması, həmçinin, 2020-ci ilə kimi hər regionda uyğun məhsulların dəyər zənciri üzrə, ümumilikdə, 25 kiçik və orta sahibkarlıq subyektinin yaranması, əlavə 665 milyon manat maliyyə vəsaitinə çıxış imkanının yaradılması, inzibati rayonlar və sektorlar üzrə ən azı 100 investisiya layihəsinin hazırlanması, istehsalçıların suvarma suyu ilə təminatının 20 faiz, istifadəsiz, lakin kənd təsərrüfatı üçün yararlı torpaqların əkin dövriyyəsinə qaytarılması hesabına ümumi əkin sahələrinin həcminin 5 faiz, kənd təsərrüfatı məhsulları istehsalçıları tərəfindən mineral gübrələrdən istifadənin 25 faiz, kənd təsərrüfatı məhsulları istehsalçılarının bitki mühafizəsi vasitələrindən istifadəsinin 25 faiz artması, kənd təsərrüfatı məhsulları istehsalçılarının sertifikatlı toxumlardan, eləcə də tinglərdən istifadə səviyyəsinin 90 faizə çatdırılması, eyni zamanda, kənd təsərrüfatı məhsulları istehsalçılarının texnika, maşın və avadanlıqlarla, eləcə də kiçikhəcmli texnika, maşın və avadanlıqlarla təminatının 20 faiz, bütün aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsilalanların sayının 20 faiz, özəl baytarlıq xidməti göstərənlərin sayının 30 faiz artması, paytaxtda və iri şəhərlərdə 5 "yaşıl market"in və 50 "fermer mağazası"nın qurulması, 2020-ci ilədək ölkədə kənd təsərrüfatı məhsullarının ixracı üzrə 200 fermerin ixtisaslaşması və suvarılan torpaqların 30 faizinin meliorativ vəziyyətinin yaxşılaşdırılması hədəf indikatorları kimi müəyyən edilib.
Əlbəttə ki, Strateji Yol Xəritəsi çərçivəsində 2016-2020-ci illər üçün nəzərdə tutulmuş prioritetlər çərçivəsində həyata keçiriləcək tədbirlər nəticəsində, 2025-ci ilədək ölkənin aqrar-sənaye müəssisələri kənd təsərrüfatı sektorunun əsaslı şəkildə dəyişməsində əsas aparıcı qüvvə olacaq. Bundan sonra sənaye sahələrinə yerli və xarici özəl investisiya axını olacaq, yüksək dəyər yaradan kənd təsərrüfatı məhsullarının rəqabət əsasında istehsalı və emalı həyata keçiriləcək.
2025-ci ilədək kənd təsərrüfatı məhsullarının emalı sektorunda bu cür investisiyalar hesabına ən az bir neçə yerli aparıcı müəssisənin yaradılması nəzərdə tutulub. Bu aqrar-sənaye müəssisələri öz ixrac potensialını yüksəldərək, ixrac bazarlarının sayını artıracaq və dünya ticarətində mühüm paya sahib olacaq. Həmin dövrdə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də geniş fəaliyyət göstərəcək. Azərbaycanda investisiya axınının əhəmiyyətli dərəcədə artmasına şəraitin yaradılması, eləcə də beynəlxalq bazar iştirakçılarının kompleks layihələr və aqropolislər vasitəsilə yerli bazara daxil olması nəzərdə tutulub. Bu məqsədə xidmət edən ilk aqropolis - Ələtdəki Azad Ticarət Zonası tipli xüsusi iqtisadi zona 2025-ci ilədək mühüm emal mərkəzi kimi tam fəaliyyət göstərəcək.
Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sənayesi rəqabətqabiliyyətli istehsalın həcminin artırılması yolu ilə gücləndiriləcək. Belə artıma nail olmaq üçün əsas diqqət qabaqcıl aqrotexniki qaydaların və avtomatlaşdırmanın tətbiqinə əsaslanan intensiv təsərrüfatların yaradılmasına yönəldiləcək. Bu zaman ölkədə hər bir bölgənin potensialı nəzərə alınacaq, o cümlədən, qrup şəklində xüsusi istehsal sahələrinin (klasterlərin) və altsektorların yaradılması istiqamətində tədbirlər görüləcək. Ölkədə tətbiq edilən ənənəvi istehsal metodlarına əlavə olaraq, nəzərdə tutulmuş əsas bitkiçilik məhsullarının orqanik təsərrüfat metodları əsasında yetişdirilməsi dövlətin tənzimləmə standartları əsasında təşviq ediləcək. Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinin təkmilləşdirilməsi istiqamətində görülən tədbirlər nəticəsində yaranan istehsalçıların dəyər zənciri boyunca yüksək dəyər gətirən sahələrdə fəal iştirakı təmin ediləcək.
Bu baxımdan, dövlətin qarşısında duran mühüm məsələlərdən biri yuxarıda qeyd edilən sektorların əsaslı inkişafına nail olmaqdır. Bunun üçün maliyyə resurslarına çıxış imkanları artırılacaq, eləcə də istehsalın səmərəliliyinin təmin edilməsi və istehsal həcminin artırılması üçün yerli istehsalçıların fəaliyyətinə qeyri-maddi stimullar veriləcək. Eləcə də, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrində fəaliyyət göstərən müəssisələrin maliyyələşmə ilə bağlı üzləşdiyi çətinliklər nəzərə alınacaq, onların müxtəlif kredit məhsullarına çıxışı Kredit-Zəmanət Fondunun fəaliyyəti genişləndirilməklə asanlaşdırılacaq. 2025-ci ilədək dövlət mülkiyyətində olan boş torpaq sahələrinin özəl sektorun istifadəsinə verilməsi nəzərdən keçiriləcək və həmin torpaq sahələrindən istifadə edən müəssisələrə biznes-məsləhət xidməti göstəriləcək. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi yolu ilə aqrar sənaye sektorlarının inkişaf etməsi nəticəsində, aqrar sənayeyə daha çox xarici investisiya cəlb ediləcək.
Bununla yanaşı, Maliyyə Bazarlarına Nəzarət Palatası və Kənd Təsərrüfatı Nazirliyi özəl sığorta şirkətlərinin də iştirakı ilə aqrar sığortanın əhatə dairəsinin genişləndirilməsi məqsədilə Sığorta Fondunun yaradılması imkanlarını araşdıracaq. Bu sahədə beynəlxalq təcrübə öyrəniləcək və fondun istehsalçıların sığortalanmasına və ümumilikdə, aqrar sahənin inkişafına potensial təsirləri təhlil edilməklə, hesabatlar hazırlanacaq.
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Maliyyə Bazarlarına Nəzarət Palatası və digər aidiyyəti orqanlarla birlikdə aqrar sahədə sığorta sistemi ilə bağlı beynəlxalq təcrübəyə əsasən, mövcud qanunvericilikdə təkmilləşdirmələrin aparılması üzrə təkliflər hazırlanacaq. Belə təkliflərə aqrar sahədə diferensial yanaşmalı sığorta sisteminin tətbiqi, icbari sığortanın tətbiqi və sair aid edilə bilər.
Kənd Təsərrüfatı Nazirliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə ölkədə kənd təsərrüfatı sahəsi üzrə sığorta risklərinin effektiv şəkildə qiymətləndirilməsi üçün iqlim məlumatları və təbii fəlakətlər, heyvan və bitki xəstəlikləri, habelə, məhsuldarlıq göstəriciləri üzrə uzunmüddətli dövr üçün informasiya bazası yaradacaq. Kənd Təsərrüfatı Nazirliyi Maliyyə Nazirliyi ilə birgə bitkiçilikdə karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, oxşar olaraq heyvanların karantin xəstəliklərinin ləğvi, profilaktikası və qarşısının alınması ilə əlaqədar zərər çəkmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına dəymiş maddi zərərin ödənilməsi ilə bağlı icra mexanizmi hazırlayacaq.
Eyni zamanda, ərzaq təhlükəsizliyi sahəsində koordinasiya, monitorinq, qiymətləndirmənin aparılması, proqram və layihələrin hazırlanması, həyata keçirilməsi, fövqəladə hallarda çevik tədbirlərin müəyyənləşdirilməsi və s. işlərin effektivliyinin təmin edilməsi üçün Ərzaq Təhlükəsizliyi Komissiyasının yaradılması nəzərdən keçiriləcək. Komissiya üzvləri Kənd Təsərrüfatı Nazirliyi, İqtisadiyyat Nazirliyi, Dövlət Statistika Komitəsi, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti qurumların nümayəndələrindən ibarət ola bilər. Komissiya üzvlərinin ən azı rübdə bir dəfə görüşlər keçirməsi, ərzaq təhlükəsizliyi üzrə həm ölkə daxilində, həm də beynəlxalq miqyasda baş verən dəyişiklikləri müzakirə etməsi və zəruri hallarda qabaqlayıcı tədbirlər hazırlaması planlaşdırılır. Komissiya tərəfindən, ilk növbədə, ərzaq təhlükəsizliyi sahəsində islahatlarla bağlı bu Strateji Yol Xəritəsində müəyyən edilmiş tədbirlərə dair fəaliyyət planının hazırlanması gözlənilir.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər