18px16px14px12px

Azərbaycan 2025-ci ilədək dünyada cəlbedici turizm məkanlarından birinə çevriləcək

Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nin reallaşdırılması nəticəsində Azərbaycan 20 turizm məkanından birinə çevriləcək
 
Ölkəmizdə 2020-ci ildə real ümumi daxili məhsulun birbaşa 293 milyon və dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min olmaqla, bilavasitə turizm sektorunda 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır
 
Strateji Yol Xəritəsinin həyata keçirilməsi nəticəsində, mövcud imkan və potensialdan səmərəli istifadə etməklə, Azərbaycan 2025-ci ilədək həm regionda, həm də digər dünya ölkələri arasında cəlbedici turizm məkanlarından birinə çevriləcək. 2025-ci ildən sonrakı dövr üzrə perspektiv isə Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdikləri 20 turizm məkanından birinə çevirmək, mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimuma çatdırılmasını təmin etməkdir. Yol Xəritəsində bu sektor üzrə uzunmüddətli perspektivə nail olmaq məqsədilə, 2020-ci ilədək olan dövr üçün ölkə üzrə turizm sektorunda dörd əsas hədəf müəyyənləşdirilib.
Birinci hədəf Bakının turizm potensialından tam istifadə edilməsi, ikinci hədəf milli səviyyədə daha yaxşı idarəetmənin təşkili, turizm və rekreasiya zonalarının yaradılması, mövsümiliyin aradan qaldırılması üçün regional səviyyədə turizm infrastrukturunun inkişafı, hava əlaqələrinin yaxşılaşdırılması, viza prosedurlarının sadələşdirilməsi də daxil olmaqla, turizm sektorunun inkişafı üçün ölkə üzrə əlverişli mühitin formalaşdırılmasıdır. Üçüncü hədəf regional turizm təşəbbüslərini həyata keçirməklə, Azərbaycanda turizmi inkişaf etdirmək, dördüncü hədəf isə turizm sahəsində təhsil proqramlarına investisiya qoyuluşunu həyata keçirmək və turistlərin məmnunluğunu artırmaq üçün standartlaşdırma və sertifikatlaşdırma sistemini təkmilləşdirməkdir.
Hətta 2020-ci ilədək olan dövr üçün müəyyən edilmiş hədəflərin reallaşması nəticəsində, Azərbaycanda 2020-ci ildə real ümumi daxili məhsulun birbaşa 293 milyon və dolayı 172 milyon manatadək artacağı, cəmi 35 min olmaqla, bilavasitə, turizm sektorunda 25 min iş yerinin yaradılacağı proqnozlaşdırılır. Təsirin gerçəkləşdirilməsi dövlət-özəl resursları hesabına 350 milyon manat həcmində investisiya qoyuluşunu tələb edir.
Bununla yanaşı, 2025-ci ildən sonrakı dövr üçün hədəf baxış Azərbaycanı dünyada turistlərin ən çox üstünlük verdiyi 20 turizm məkanından birinə çevirmək və mövcud turizm ehtiyatlarından səmərəli istifadə göstəricilərinin maksimallaşdırılmasına nail olmaqdır.
Azərbaycanın məqsədyönlü brendinq tədbirlərinin həyata keçirilməsi, əlaqələrinin artırılması, infrastrukturunun yaxşılaşdırılması ilə bərabər, cəlbedici turizm məkanlarının müxtəlifliyinin və xidmət keyfiyyətinin artırılması ölkəni beynəlxalq turizm məqsədləri üçün cəlbedici turizm mərkəzinə çevirmək niyyətinin reallaşdırılmasına şərait yaradacaqdır. Bu yolla Azərbaycana dünyanın hər yerindən potensial turistlərin cəlb olunması təmin edilərək, onlar üçün yaddaşlardan silinməyən unikal səyahət imkanları yaradılacaq.
Xüsusilə, 2025-ci ildən sonrakı dövr üçün perspektivin tərkib hissəsini, Azərbaycanın dünya turizm sektorunda ən çox üstünlük verilən 20 turizm məkanından biri olmaq niyyəti təşkil edir. Bu məqsədlə əsas tələbatın olduğu şəhər və ölkələrdə, eləcə də məşhur onlayn platformalarda yüksəkhədəfli və yaxşı tənzimlənən marketinq tədbirlərinə başlanacaq.
Eyni zamanda, 2025-ci ilə qədər Azərbaycanın yerləşdiyi region daxilində ən hərəkətli hava limanlarından birinə malik olması məqsədi qarşıya qoyulacaq və bu çərçivədə prioritet kimi Avropanın iri şəhərlərini əhatə edən birbaşa uçuşların sayının 49-dan 100-ə çatdırılması hədəflənəcək. Hədəf bazarlardan daha çox turistin cəlb edilməsi məqsədilə qış və yay turizm mövsümü ərzində çarter reyslərinin də sayının artırılması əsas götürüləcək. Əsas diqqət aşağı büdcəli uçuşlar vasitəsilə sərnişin daşımalarına yönəldilməklə, hava limanlarına da investisiya qoyuluşları təmin ediləcək.
Yol Xəritəsində 2025-ci ilə qədər Azərbaycanda mükəmməl turizm təcrübəsinə nail olmaq üçün qarşıya qoyulan uzunmüddətli təşəbbüslər istiqamətində regionlarda və Bakıda təkmilləşdirilmiş turizm infrastrukturunun qurulmasına nail olunacağı qeyd edilir.
Göründüyü kimi, turizm sektorunda da böyük inkişaf tendensiyasının yaşanması proqnozlaşdırılır. Həyata keçiriləcək işlər nəticəsində, bu sahədə çoxlu iş yerləri açılacaq, həmçinin, dövlət büdcəsinə böyük məbləğdə vəsaitlər daxil olacaq.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər