18px16px14px12px

Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələdədir

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanları ilə təsdiqlənmiş Strateji Yol Xəritələrinin reallaşdırılması ilə yeni iqtisadi şəraitdə mühüm işlərin həyata keçirilməsi labüdləşir
 
Azərbaycan iqtisadiyyatı son 10 il ərzində dünyanın ən yüksək iqtisadi artım tempinə malik ölkələrindən biri kimi keyfiyyət etibarı ilə yeni mərhələyə qədəm qoyub. Bu müddətdə ölkədə həyata keçirilən iqtisadi siyasət iqtisadiyyatın həcminin əhəmiyyətli dərəcədə genişlənməsinə, əhalinin sosial rifahının yüksəldilməsinə, sosial-iqtisadi infrastrukturun tamamilə müasirləşdirilməsinə imkan verib.
2004-2015-ci illər ərzində real olaraq orta hesabla 10,6 faiz iqtisadi artım müşahidə edilib, ÜDM-in nominal həcmi isə 7,6 dəfə artıb. Dövr ərzində adambaşına ÜDM-in həcmində 6,5 dəfə artım olub ki, bu da Azərbaycanı dünya ölkələri arasında 134-cü yerdən 79-cu yerə yüksəldib, əhalinin sosial rifahı əhəmiyyətli səviyyədə yaxşılaşıb. Yoxsulluq səviyyəsi 2004-cü ildəki 40,2 faizdən 4,9 faizə enib.
Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının uğurla reallaşdırılması ölkənin neft gəlirlərinin artması ilə müşayiət olunub, əldə edilmiş maliyyə imkanları sürətli iqtisadi artımın maliyyələşdirilməsinə imkan verib. 2004-2015-ci illər ərzində, neft gəlirlərindən istifadə etməklə, reallaşdırılmış iqtisadi artım modeli "aktiv şəkildə əsas kapitala investisiya qoyuluşu" xarakterli olmaqla, dövr üçün qarşıya qoyulmuş hədəflərin reallaşdırılmasına zəmin yaradıb.
Azərbaycanda reallaşdırılmış iqtisadi islahatlar ölkənin qlobal reytinq göstəricilərinin əhəmiyyətli yüksəlməsi ilə də müşayiət olunub. Təsadüfi deyildir ki, Dünya Bankının "Doing Business" hesabatına görə, Azərbaycan 2009-cu ildə dünyanın "lider islahatçı dövləti" kimi qiymətləndirilib. Dünya İqtisadi Forumunun "2016-2017-ci illər üzrə qlobal rəqabətlilik hesabatı"na görə, Azərbaycan 2006-cı illə müqayisədə 27 pillə irəliləyərək, 138 ölkə arasında 37-ci mövqedə qərarlaşıb. Həmin hesabata əsasən, Azərbaycan makroiqtisadi mühitin keyfiyyəti göstəricisinə görə dünyada 39-cu, əmək bazarının səmərəliliyi üzrə 26-cı, milli gəlirin ÜDM-ə nisbəti üzrə 37-ci, infrastrukturun keyfiyyətinə görə isə 55-ci yerdədir.
Aparılmış iqtisadi siyasət Azərbaycanın dünya ölkələri sırasında adambaşına düşən milli gəlirin həcminə görə nəzərəçarpacaq dərəcədə irəliləməsinə səbəb olub. Dünya Bankının təsnifatına (atlas metodologiyasına görə) əsasən, Azərbaycan 2004-cü ildə adambaşına milli gəlirinin həcminə görə, yoxsul ölkələr qrupuna aid edilmişdisə, 2005-ci ildə aşağı-orta gəlirli, 2009-cu ildən isə yuxarı-orta gəlirli ölkələr qrupuna daxil olub.
Son illər ərzində reallaşdırılmış iqtisadi artım modeli iri həcmdə strateji valyuta ehtiyatlarının formalaşmasına imkan verib ki, bu da ölkə iqtisadiyyatının üzləşə biləcəyi potensial risklərin absorbsiya edilməsinə, həmçinin, gələcək iqtisadi inkişafın maliyyələşdirilməsi prosesinə mühüm töhfə ola bilər.
Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2004-2010-cu illər ərzində iqtisadi artım tempi orta hesabla 16,9 faiz təşkil edirdisə, 2011-2014-cü illərdə bu göstərici 2,7 faiz olub. Eyni zamanda, 2004-2010-cu illərdə ölkə iqtisadiyyatına investisiya qoyuluşu orta hesabla 17,9 faiz, 2011-2014-cü illərdə isə bu göstərici 11,9 faiz təşkil edib.
Qoyulan investisiyanın həcminin 6 faiz bəndinin azalmasına baxmayaraq, iqtisadi artım tempi 14,2 faiz bəndi aşağı düşüb. Bu, o deməkdir ki, 2004-2014-cü illər ərzində uğurla reallaşdırılmış iqtisadi artım modelinin özünün "doyumluluq" həddinə yaxınlaşması keyfiyyətcə yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini ortaya qoyub.
2014-cü ilin sonlarından etibarən dünya əmtəə bazarlarında enerji daşıyıcılarının qiymətinin kəskin aşağı düşməsi Azərbaycanın xarici valyuta gəlirlərinin azalması ilə müşayiət olunub ki, bu da son 10 il ərzində reallaşdırılmış iqtisadi artım modelinin maliyyələşdirilməsi imkanlarını məhdudlaşdırıb. Neft gəlirlərinin azalması da, öz növbəsində, yeni iqtisadi artım yanaşmasına transformasiya zərurətini daha da gücləndirib.
Hər iki amil, bir daha onu göstərir ki, mövcud iqtisadi artım modeli özünün həyat siklini uğurla reallaşdıraraq, qarşıya qoyulmuş hədəflərin əldə edilməsinə imkan verib. Artıq yeni dövrün ən mühüm strateji çağırışı "kapital akkumulyasiyası" əsaslı modeldən "məhsuldarlıq (effektivlik)" əsaslı artım modelinə keçidi təmin etməkdir. Bunun üçün institusional mühitin keyfiyyətinin daha da yüksəldilməsi, əlçatan maliyyələşmə mənbələri, biznesin düzgün seqmentasiyası və ixtisaslaşması, makroiqtisadi siyasətin yeni çağırışlar əsasında müasirləşdirilməsi, ən başlıcası isə intensiv şəkildə yüksəkixtisaslı insan kapitalının hazırlanması tələb olunur. 2015-ci ildən etibarən Azərbaycan iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Yeni iqtisadi artım yanaşmasına keçid məqsədilə 2010-2014-cü illərin iqtisadi artım modelinin, həmçinin, həmin dövrdə reallaşdırılmış iqtisadi siyasətin təhlili nəticəsində, əsas risk və çağırışların əsasında yeni artım dayaqlarının müəyyənləşdirilməsi zərurəti yaranıb.
Məhz Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmanları ilə təsdiqlənmiş Strateji Yol Xəritələrinin reallaşdırılması ilə yeni iqtisadi şəraitdə mühüm işlərin həyata keçirilməsi labüdləşir. Bütün atılacaq addımların nəticəsində isə, Azərbaycan tərəqqsinin keyfiyyətcə yeni mərhələsinə daxil olacaq ki, burada qarşıya qoyulmuş bütün hədəflərə nail olunacaq.
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər