18px16px14px12px

Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır

 
Prezident İlham Əliyev: "Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün"
     
Azərbaycan Respublikası öz əlverişli coğrafi yerləşməsinə görə Asiya və Avropa qitələri arasında körpü rolunu oynayır. Avrasiya məkanında aparıcı rola malik olan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində önəmli yer tutur. Azərbaycan mövcud nəqliyyat potensialını və tranzit imkanlarını artırmaq, bu sahədə öz rəqabətqabiliyyətliliyini yüksəltmək məqsədilə böyük sərmayələr qoyur, ölkə daxilində və regionda irimiqyaslı infrastruktur layihələrini həyata keçirir. Buna uğurlu misal kimi, Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələrini qeyd etmək olar. Asiyadan Avropaya daşınan yüklərin həcminin artım templərini nəzərə alaraq, həmin yüklərin qısa vaxt müddətində çatdırılması məsələsi gündəmə çıxır. İstifadəyə veriləcək Bakı-Tbilisi-Qars dəmir yolu və Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihələri Şərq-Qərb nəqliyyat dəhlizinin əsas seqmentlərinə çevrilərək, yalnız layihədə iştirak edən ölkələrin deyil, bütün regionun inkişafına müsbət töhfə verəcək. Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı layihəsi çərçivəsində, həmçinin, regionda müasir yükdaşıma tələblərinə cavab verən iri logistik mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəz regional logistik qovşaq funksiyasını yerinə yetirməklə nəqliyyat dəhlizlərinin səmərəliliyinin artırılmasına və onların potensialından maksimum yayarlanmağa şərait yaradacaq.
Qeyd edək ki, 1993-cü ilin sonlarında Bakıda Avropa İttifaqının MDB ölkələrinə texniki yardım proqramı nümayəndəliyinin açılması ilə Azərbaycan iqtisadiyyatının bütün sahələrinin Avropa modeli üzrə yenidən qurulması prosesi başlandı. Məhz həmin proqram çərçivəsində 1993-cü ildə Brüsseldə Avropa İttifaqının təşəbbüsü ilə "Avropa-Qafqaz-Asiya Transqafqaz Nəqliyyat Dəhlizi"  layihəsi irəli sürüldü. Müzakirələrin yekunu olaraq "Brüssel" bəyannaməsi adlı iki rəsmi sənəd imzalandı və qədim Şərq-Qərb İpək Yolu dəhlizinin yeni şəraitdə bərpası, nəqliyyat-kommunikasiya infrastrukturlarının yenidən qurulması və inkişaf etdirilməsi qərara alındı. 1998-ci ilin sentyabrında Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıda TRASEKA layihəsi üzrə ən mühüm tədbir - beynəlxalq konfrans keçirildi.
İpək Yolu iqtisadi zonası Mərkəzi, Cənubi və Qərbi Asiyanın ərazisindən və digər regionlardan keçərək, iki iri iqtisadi birliyi - Asiya-Sakit okean regionunu və Avropa İttifaqını birləşdirəcək, 3 milyard əhalisi olan 40 ölkəni əhatə edəcəkdir. Ekspertlərin fikrincə, İpək Yoluna bitişik olan ölkələrin iqtisadi qurumları bir-birini yaxşı tamamlayır, onların qarşılıqlı faydalı əməkdaşlıq etməsi üçün böyük zəmin vardır. Heç şübhəsiz, illər ötdükcə əməkdaşlığın, hələlik, bizə məlum olmayan potensialı üzə çıxacaq, ikitərəfli, çoxtərəfli və qarşılıqlı fayda əldə olunacaq.
Azərbaycan Prezidenti İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, biz nəqliyyat təhlükəsizliyi istiqamətində tarixi addımlar atmışıq. Uzun illər davam edən Şərq-Qərb nəqliyyat dəhlizinin icrası artıq başa çatır və Şimal-Cənub nəqliyyat dəhlizinin istifadəyə verilməsi istiqamətində Azərbaycan çox önəmli addımlar atıb. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin Azərbaycan tərəfinə düşən payı üzrə görüləcək işlərin başa çatdırıldığını qeyd edən dövlətimizin başçısı deyib: "Biz qısa müddət ərzində bütün işləri başa çatdırdıq və beləliklə, gələcəkdə əlavə səylər qoyaraq, çalışacağıq ki, bu iki önəmli magistral tezliklə işə düşsün".
Bir sözlə, müasir yol şəbəkəsinin yaradılması ilə bağlı beynəlxalq əhəmiyyətli magistral avtomobil yollarının birinci texniki dərəcə səviyyəsində tikintisinin 2017-ci ildə başa çatdırılması nəzərdə tutulur. Şərq-Qərb dəhlizinin bir hissəsi üzərində görülən bütün bu işlərin tamamlanması, heç şübhəsiz, Azərbaycanın nəqliyyat daşımalarında böyük tranzit və logistika mərkəzinə çevrilməsinə imkan verəcək.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

16.01.2017

13.01.2017

12.01.2017

11.01.2017

Çox oxunan xəbərlər