18px16px14px12px

"Cənub Qaz Dəhlizi" Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir

Prezident İlham Əliyev: "Cənub Qaz Dəhlizi"ni qidalandıracaq layihələr arasında təkcə "Şahdəniz" layihəsi deyil, eyni zamanda, "Abşeron" qaz yatağı da olacaqdır"
    
Qlobal iqtisadi artım hər il yüksələn enerji resurslarının mənimsənilməsi ilə təmin olunur və genişlənən iqtisadi tələblər yeni enerji potensiallı əraziləri istehlak obyektinə çevirir. Bu mənada, təbii enerji sərvətlərinin geoloji nağdlılığı çağdaş zamanda strateji əhəmiyyətini artıraraq, əsas siyasi güc, iqtisadi qüdrət elementlərindən biri sayılır. Enerji resurslarının məhdud və ya istisna olmasına baxmayaraq, hər bir ölkə enerji təhlükəsizliyi problemi ilə qarşılaşır. Elə buna görə də, müasir dünyada iqtisadiyyatın yanacaq-enerji resursları ilə təchizatı və enerji effektliliyi dövlətin inkişaf səviyyəsinin mühüm indikator göstəricilərindən biri hesab olunur.
Azərbaycan da perspektivlilik baxımından karbohidrogen təyinatlı enerji resurslarının bol olduğu dünya ölkələri sırasındadır. Təkcə Azərbaycanın Xəzər sektorunda karbohidrogen ehtiyatlarının həcmi hesablamalara görə 3-4 və hətta proqnoz baxımdan 5-7 milyard ton təşkil edir. Müqayisədə bu göstərici Azərbaycana planetin 10-15 ən qüdrətli mühüm neft-qaz potensiallı ölkələri sırasında yer verir. Bununla belə, neft-qaz resurslarından başqa ölkədə digər təbii enerji mənbələri də yetərli və perspektivlilik baxımından ümidvericidir.
Əlbəttə ki, təbii resursların miqyaslılığı respublikanın daxili ehtiyaclarının tam XXI əsr boyunca dolğun təchizatına əsas yaradaraq, davamlı iqtisadi inkişafın təmin olunmasında, ölkənin ixrac potensialının genişlənməsində əvəzsiz kapital, möhtəşəm investisiya qoyuluşları və həm də onların repatriasiyasının bazası rolunda çıxış edir. Bakı-Ceyhan neft, Bakı-Ərzurum qaz kəmərləri, TANAP və TAP layihələrində əsas fiqurantlarından biri kimi iştirak isə ölkənin geosiyasi gücünü artıraraq, onun dünya enerji bazarının əhəmiyyətli iştirakçısına çevirir. Bu səbəbdən də, Azərbaycanın reallaşdırdığı milli enerji strategiyası Azərbaycanı Avropanın enerji təhlükəsizliyinin təmin edilməsindəki əhəmiyyətli rolunu ortaya çıxardı.
Qeyd edək ki, "Əsrin müqaviləsi"nin imzalanması ilə Xəzər dənizini Qara və Aralıq dənizlərilə neft kəmərləri birləşdirdi. Bununla yanaşı, 1996-cı ildə "Şahdəniz qaz kontraktı" üzrə Sazişin bağlanması da çox önəmli hadisə idi. Çünki bu gün "Cənub Qaz Dəhlizi"nin resurs mənbəyi "Şahdəniz" qaz yatağıdır və o, dünyanın ən böyük qaz yataqlarından biridir ki, orada qaz ehtiyatları 1 trilyon kubmetrdən çoxdur. Həmçinin, 1999-cu ildən Xəzər dənizini Qara dənizlə birləşdirən Bakı-Supsa neft kəməri tikildi. 2003-cü ildə isə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin təməl daşı qoyuldu. 2007-ci ildə də Bakı-Tbilisi-Ərzurum qaz kəməri tarixə daxil oldu. Məhz  bununla Azərbaycan dünyada özünü qaz ölkəsi kimi göstərməyə başladı. Bir sözlə, Azərbaycan enerji siyasətini ardıcıl və uğurla həyata keçirir. Elə bunun nəticəsidir ki, "Şahdəniz" layihəsinin ikinci mərhələsi üzrə yekun investisiya sazişi də imzalandı. Bu saziş isə dünyanın siyasi-iqtisadi tablosunda özünün strateji rolu və yerinə görə, xüsusi seçilməklə bərabər, digər mühüm transenerji şəbəkələrinin gerçəkləşməsi üçün əsaslı zəmin yaratdı.
Bu sazişi imzalamaqla Azərbaycan regionda əməkdaşlıq və təhlükəsizlik dəhlizinin möhkəmlənməsi üçün yeni təməllər yaradıb. Saziş Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqlini nəzərdə tutur. Yəni TANAP "Şahdəniz", "Ümid", "Abşeron", "Alov", "İnam" və digər zəngin qaz yataqlarının uzunmüddətli, bir neçə onilliklər Avropaya nəqlinə imkan verən ən strateji nəhəng kommunikasiya infrastrukturu deməkdir. Layihə Xəzər regionu ölkələrinin hər birinin əməkdaşlığı üçün əla bir fürsət deməkdir. Ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz həcmində proqnozlaşdırılan ən güclü qaz yatağının yanacaq resurslarının Qərbə axını üçün açıq qapı açıldı. Azərbaycan qazının Qərbə nəqli üçün ən rentabelli, təhlükəsizlik, səmərəlilik və kommersiyaya baxımından Trans-Adriatik boru kəməri (TAP) layihəsinin reallaşması da bu sazişlə öz hüquqi-siyasi təminatını möhkəmləndirdi. Strateji baxımdan dünya üçün böyük əhəmiyyət kəsb edən TAP təbii qaz boru kəməri layihəsi Azərbaycanın yeni qaz resurslarının dünya bazarlarına genişhəcmli nəqli üçün geniş enerji sistemi deməkdir.
"Şahdəniz" yatağının işlənməsinin ikinci mərhələsi çərçivəsində 16 milyard kubmetr qaz hasil etmək planlaşdırılır ki, bunun da 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Avropaya tədarük ediləcək. TAP boru kəmərinin ilkin gücü ildə 20 milyard kubmetrədək artırmaq imkanı ilə ildə 10 milyard kubmetr təşkil edəcək. Qazın Türkiyə ərazisi ilə nəqli üçün Trans-Anadolu qaz kəməri (TANAP) tikiləcək ki, bu da tədarükü Avropa sərhədlərinədək təmin etməyə imkan verəcək. "Şahdəniz-2" layihəsinin yekun qərarın qəbul olunmasında, TAP-ın həyata vəsiqə almasında siyasi qətiyyət və prinsipial qərar, məhz Azərbaycanın dövlət başçısı İlham Əliyevə məxsusdur. Azərbaycan Prezidentinin bəyan etdiyi kimi, ölkəmiz bölgədə ən mühüm transenerji sistemlərinin yaradılmasında qətiyyət nümayiş etdirir. "Şahdəniz-2", TAP və TANAP-ın dünyanın ən iri enerji layihələrindən olduğunu vurğulayan dövlət başçısı bu layihələrin reallaşması ilə respublikamızın dünyada güclü təchizatçı olduğunu bildirir.
Bu gün enerji təhlükəsizliyi, əslində, hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir. Bu gün enerjini siyasətdən, iqtisadiyyatdan ayırmaq qətiyyən mümkün deyil. Prezident İlham Əliyevin sözlərilə desək, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz hamımız tərəfdaşlarımızla iştirak edəcəyik: "Şahdəniz" qaz yatağı əsas resurs mənbəyidir. Ancaq Azərbaycanın qaz ehtiyatları daha da böyükdür. Təsdiq edilmiş qaz ehtiyatlarımız 2,5 trilyon kubmetrə bərabərdir. Ehtimal olunan, proqnozlaşdırılan ehtiyatlarımız 4-5 trilyon kubmetr səviyyəsindədir. Xəzər qazı Avropa üçün yeganə yeni mənbədir. Digər mənbələr var. Avropa o mənbələrdən qidalanır. O mənbələrin həcmi arta bilər, ancaq yeni mənbə hazırda Azərbaycandır. Enerji təhlükəsizliyi marşrutlarının şaxələndirilməsi, hasilatçı, tranzit və istehlakçı ölkələrin birgə fəaliyyəti, əminəm ki, uğur gətirəcək. Çünki bu işlərdə çox ciddi əlaqələndirmə aparılmalıdır. Bu günə qədər bizim qaz və neft layihələrimizdə ancaq 3 ölkə iştirak edirdi - Azərbaycan, Gürcüstan və Türkiyə. Bu gündən sonra biz geniş beynəlxalq əməkdaşlıq prosesinə qədəm qoyuruq. Azərbaycan qaz istehsalçısı kimi öz resurslarını dünya bazarına çıxaracaq. Ondan sonra Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya, İtaliya, gələcək mərhələdə Monteneqro, Xorvatiya və digər ölkələr bu layihəyə qoşula bilərlər. Ona görə, burada əlaqələndirmə işləri çox yüksək səviyyədə aparılmalıdır".
Bir sözlə, "Cənub Qaz Dəhlizi" bir daha Azərbaycanın bölgədə ən qətiyyətli bir aktor kimi yeni transkommunikasiya dəhlizlərinin yaradılmasında vacib ölkəyə çevrilməsini isbatlayır. Bu baxımdan, Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, bu ilin əvvəlində ölkəmizin təşəbbüsü ilə artıq ikinci dəfə idi ki, "Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurası Bakıda keçirilmişdir və iştirak edən bütün ölkələr və beynəlxalq təşkilatlar qəbul edilmiş yekun qətnamədə Azərbaycanın liderlik rolunu bir daha vurğulamışlar. "Cənub Qaz Dəhlizi" Azərbaycanın təşəbbüsü və böyük maliyyə dəstəyi ilə icra edilən qlobal, beynəlxalq enerji layihəsidir.
Prezident İlham Əliyev vurğulayıb ki, "Cənub Qaz Dəhlizi" tarixi layihədir. Layihə icra olunandan, bütün işlər başa çatandan sonra Azərbaycan çox böyük mənfəət görəcəkdir. "Beləliklə, bu il proqram üzrə bütün işlər yüksək səviyyədə aparılmışdır və əminəm ki, bu nəhəng transmilli layihə vaxtında istifadəyə veriləcəkdir. Eyni zamanda, bu il bizim yeni qaz yataqlarımızdan çıxarılacaq qazın həcmi də müəyyən edilmişdir və beləliklə, "Cənub" Qaz Dəhlizi"ni qidalandıracaq layihələr arasında təkcə "Şahdəniz" layihəsi deyil, eyni zamanda, "Abşeron" qaz yatağı da olacaqdır", - deyə dövlətimizin başçısı bildirib.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər