18px16px14px12px

2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq

Prezident İlham Əliyev: "Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib"
 
Müstəqil Azərbaycanda nizami ordu quruculuğu istiqamətində ardıcıl və sistemli addımların atılması, məhz Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışından sonra mümkün olub. Ümummilli Liderimizin həyata keçirdiyi islahatlar nəticəsində, qısa müddət ərzində, ordumuz cəbhədə də uğurlara imza atıb. Atəskəsin təmin edilməsindən sonra isə ordu quruculuğu Azərbaycan dövlətinin prioritet məsələsinə çevrilib.
Ulu Öndərin ordu quruculuğu siyasətini yeni dövrün tələbləri səviyyəsində inamla davam etdirən Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son illərdə bu sahədə bütün zəruri tədbirlərin həyata keçirilməsini təmin edib. Nizami ordu Azərbaycan dövlətinin mövcudluğunun əsas təminatlarından birinə çevrilməklə, ona dünya miqyasında maraq və mənafeyini, milli təhlükəsizliyini lazımi səviyyədə qorumaq, müstəqil siyasət yeritmək imkanı yaradıb. Təsadüfi də deyildir ki, Azərbaycan Ordusunun qüdrətini ötən il aprelin əvvəllərində işğalçı Ermənistan, eləcə də, dünya ictimaiyyəti bir daha görüb.
Sirr deyil ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb. Bu gün Azərbaycanın bölgədə ən yüksək mövqelərə malik ölkə olmasını şərtləndirən əsas amillər sabitlik, dinamik iqtisadi inkişaf və güclü ordudur. Azərbaycan Ordusu həm peşəkarlıq, həm də maddi-texniki bazasının üstünlüyü baxımından bölgədə ən güclüdür. Azərbaycanda gedən ordu quruculuğu tədbirləri, bir daha təsdiqləyir ki, Ermənistanla müharibənin başlayacağı təqdirdə, ölkəmizin qələbəsini şərtləndirən kifayət qədər mühüm amillər var.
Azərbaycan Ordusunun qüdrətini ölkəmizlə yanaşı, dünyanın bir çox nüfuzlu təşkilatları da etiraf etməkdədir. Məsələn, ABŞ-ın "U.S. News and World Report" nəşri Azərbaycan Ordusunu dünyanın ən güclü orduları sırasına aid edib. 60 ölkəni əhatə edən və ABŞ, Rusiya, Çin silahlı qüvvələrinin başçılıq etdiyi siyahıda Azərbaycan ordusu 38-ci yerdə qərarlaşıb. Qeyd olunur ki, ABŞ-ın hərbi xərcləri ümumi daxili məhsulun 3,5 faizini təşkil edir. Rusiyanın xərcləri 4,5 faiz, Çininki isə 2,1 faizdir. Nəşrin sorğusuna əsasən, Azərbaycan dünyanın ən yaxşı ölkələri arasında 53-cü yerdə qərarlaşıb.
Eyni zamanda, Azərbaycan Silahlı Qüvvələri nüfuzlu Global Firepower portalının  reytinqinə əsasən, Cənubi Qafqazın ən güclü ordusu olub. Hərbi büdcəsi 3 milyardı aşan Azərbaycan Ordusu müasir maddi-texniki təchizatla təmin olunub, NATO standartlarına uyğun təlimlər keçirilir və hərbi gücə görə regionun lideridir. 
Azərbaycanın gəlirlərinin artması ilə paralel silahlı qüvvələrin modernləşdirilməsi, ordunun müasir texnika və silahlara təchizi işi aparılır. Bu fakt hərbiləşmə siyasəti ilə əlaqəli deyil, Azərbaycanın milli təhlükəsizliyi, regional riskləri, və ilk növbədə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməməsi ilə əlaqədar olaraq atılan məcburi addımdır.
Bu mənada, Prezident İlham Əliyevin sözlərilə desək, Azərbaycanda ordu quruculuğu prosesi planlı şəkildə aparılır: "Əlbəttə ki, bu prosesdə maddi-texniki təchizat mühüm yer tutur. Çünki bu gün dünyada inkişaf edən texnologiyalar nəinki elmdə, sənayedə, iqtisadiyyatda, eyni zamanda, hərbi sahədə də özünü göstərir və növbəti onilliklərin müharibələri texnologiyalar müharibələri olacaq. Əlbəttə, adi silahlar da, həmişə olduğu kimi, öz rolunu oynayacaq. Ancaq bu gün müxtəlif yerlərdə, müharibələrdə, toqquşmalarda gördüyümüz mənzərə bundan ibarətdir ki, hərbi üstünlüyü bütün digər amillərlə yanaşı, texnoloji tərəqqi də böyük dərəcədə müəyyən edir. Ona görə, Azərbaycana gətirilən ən müasir silah-sursat, texnika yüksək texnoloji səviyyəyə cavab verir".
Ordu quruculuğu prosesi, təbii ki, təkcə maddi-texniki təminatla məhdudlaşmır. Döyüş qabiliyyəti, əsgər-zabit heyətinin mənəvi-psixoloji durumu mühüm yer tutur. Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində deyib ki, 2016-cı il bizim şanlı hərbi qələbə ili kimi tarixdə qalacaq: "1994-cü ildən bu günə qədər ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad edib. Aprel ayında ordumuz erməni silahlı təxribatının qarşısını alaraq, düşmənə sarsıdıcı zərbələr vurub və işğal edilmiş torpaqların bir hissəsini azad edib. Dövlətimizin başçısı Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağının işğalçılardan azad olunduğunu, on minlərlə hektar torpağa indi ordumuzun tam nəzarət etdiyini bildirib: "Biz şəhidlər də vermişik. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan xalqı, Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq göstərmişdir. Bizim bayrağımız bu gün Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının işğaldan azad edilmiş torpaqlarında dalğalanır. Azad edilmiş torpaqlarda olarkən, Azərbaycan bayrağı altında mən bir daha demişdim ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcəkdir. Aprel döyüşləri bizim şanlı tariximizdir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir. Bu qələbə münaqişənin həllini yaxınlaşdırır".
Prezident İlham Əliyev deyib ki, bizim dostlarımızın sayı artıb, bizi istəməyən qüvvələr, bizə qarşı vaxtaşırı kampaniyalar aparan qüvvələr isə siyasi səhnədən gedirlər. Azərbaycan beynəlxalq təşkilatlarda böyük uğurlar qazana bilib. Dövlətimizin başçısı İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çox vacib sənədlərin qəbul edildiyini bildirib. Vurğulayıb ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli xarici siyasətimizin əsas prioritetidir: "Deyə bilərəm ki, bizim siyasi və diplomatik mövqelərimiz il ərzində daha da möhkəmlənmişdir. Qondarma "Dağlıq Qarabağ" qurumunu heç bir ölkə tanımır və tanımayacaq. Münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməlidir. Status-kvonun qəbuledilməzliyi haqqında artıq həm bu məsələ ilə bağlı fəaliyyət göstərən həmsədr ölkələrin prezidentləri, eyni zamanda, ATƏT və digər qurumların rəhbərləri dəfələrlə bəyanatlar vermişdir".
Bir sözlə, Azərbaycan dövləti ordu quruculuğuna bundan sonra da ciddi diqqət yetirəcək, ordu quruculuğu prosesi həmişə prioritet olaraq qalacaq. Azərbaycan Ordusu bu gün istənilən vəzifəni icra etməyə hazırdır, buna qadirdir.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər