18px16px14px12px

2017-ci il Azərbaycanda "İslam Həmrəyliyi İli"dir

Prezident İlham Əliyev: "İslam Həmrəyliyi Oyunları bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq"
 
Ulu Öndər Heydər Əliyev dindarlarla, din xadimləri ilə görüşlərində, bu sahə ilə bağlı tədbir və beynəlxalq konfranslarda həmişə diqqəti dinlərin, xüsusilə, islamın dözümlülük xüsusiyyətinə, insanların vəhdətinə və birgəyaşayışın mükəmməl harmoniyasına yönəldərdi. O deyirdi ki, "islam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik". Bu gün də Ulu Öndərin ideyaları əsasında inkişaf edən Azərbaycanda tolerant və multikultural mühit daha da möhkəmlənib, hətta Prezident İlham Əliyevin uğurlu daxili siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib.
Bu mənada, Azərbaycan uzun əsrlərdən bəri islam sivilizasiyasının əsas mərkəzlərindən biri olub. O, islam dininin yayılmasında və eyni zamanda, Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan islam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. 743-cü ildə tikilən Şamaxı Cümə məscidi və ölkəmizin muzeylərində saxlanılan qədim əlyazmalar bunun bariz nümunəsidir. 
Dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. Həmin məscidlərin 300-dən çoxu tarixi-mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin islam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində islam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə" kompleksi əsaslı şəkildə yenidən qurularaq təmir olunub, ölkəmizin paytaxtında Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi inşa edilib.
Azərbaycan Respublikası İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvü seçilərək islam aləmi ilə qarşılıqlı faydalı münasibətlər qurub, qlobal əhəmiyyətli bir sıra mühüm mədəni forumların təşkilatçısı kimi çıxış edib.
Azərbaycan tolerantlıq mühitinin təşəkkül tapmasına, multikulturalizmin, mədəniyyətlərarası və sivilizasiyalararası dialoqun qurulmasına, islam dəyərlərinin dünyada təbliğinə böyük töhfələr verib. Azərbaycanın islam aləmində qazandığı nüfuz 2009-cu ildə Bakı və 2018-ci ildə Naxçıvan şəhərlərinin islam mədəniyyətinin paytaxtı elan olunmasında öz ifadəsini tapıb. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi ilə bağlı qərar isə ölkəmizin islam həmrəylinin möhkəmləndirilməsi sahəsində növbəti əməli addımlar atması üçün əlverişli şərait yaradır. Məhz bütün bunları nəzərə alaraq Prezident İlham Əliyev 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, Nazirlər Kabineti 2017-ci ilin Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsinə dair tədbirlər planını bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.
2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı toxunan Prezident İlham Əliyev deyib ki, bu il Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları keçiriləcək: "Bu da çox önəmli beynəlxalq tədbirdir, bütün müsəlman aləminin həmrəylik oyunlarına biz ev sahibliyi edəcəyik. Azərbaycan 2015-ci ildə ilk Avropa Oyunlarını keçirmişdir. Yəni bir ölkədə, bir şəhərdə iki il ərzində həm Avropa Oyunları keçirilib, həm də İslam Həmrəyliyi Oyunları keçiriləcək. Bu, təkcə idman tədbiri deyil. Əgər kimsə hesab edir ki, İslam Həmrəyliyi Oyunları idman tədbiridir, səhv edir. Bu, böyük siyasi tədbirdir, bu, böyük mədəni tədbirdir, bu, böyük ictimai hadisədir. Bu, bir daha Azərbaycanı müstəqil, öz dəyərlərinə, islam dəyərlərinə sadiq ölkə kimi, eyni zamanda, müasir ölkə kimi göstərir və bu gün islama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq. Çünki onlar islam haqqında rəy formalaşdırırlar ki, islam geridə qalmış sivilizasiyadır. Onlar öz imkanları hesabına həm mediada, həm ictimai fikirdə, həm müxtəlif qeyri-hökumət təşkilatları çərçivəsində rəy formalaşdırırlar ki, islam dünya üçün təhlükədir, islamı terrorizmlə eyniləşdirirlər, islamofobiyaya rəvac verirlər, xalqları dinə görə bölürlər, müsəlman qaçqınlarına qarşı hörmətsizlik edirlər. Avropa İttifaqına üzv olan bəzi ölkələrin rəhbərləri "Stop islam" deyirlər. Bəziləri deyirlər ki, biz miqrantları qəbul etməyə hazırıq, ancaq müsəlmanları yox. Bu, faşizmdir və faşizm harada yaranıb biz yaxşı bilirik və unutmamışıq. Faşizm islam aləmində yaranmayıb. Ona görə, İslam Həmrəyliyi Oyunlarının çox böyük mənası var. Biz bu oyunları keçirməklə bir daha gücümüzü, imkanlarımızı göstərəcəyik, dini dəyərlərimizə sadiqliyimizi nümayiş etdirəcəyik, çalışacağıq ki, islam aləmini birləşdirək. Bizi bölmək, aramıza nifaq salmaq, bir-birimizə qarşı qoymaq istəyənlər öz hədəflərinə çatmamalıdırlar. Azərbaycan islam aləmində çox böyük hörmətə malik bir ölkədir. Baxın, İslam Əməkdaşlıq Təşkilatının rəhbərləri bizim ölkəmizə necə yüksək qiymət verirlər. Bəzən bir-biri ilə yola getməyən müsəlman ölkələri də bizə böyük hörmətlə yanaşırlar. Nəyə görə? Çünki bizim siyasətimiz səmimidir, düzgündür, ədalətlidir, prinsipialdır və cəsarətlidir. Bax, budur bizim siyasətimiz. Bütün bunları nəzərə alaraq, mən 2017-ci ili Azərbaycanda "İslam Həmrəyliyi İli" elan edirəm".
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər