18px16px14px12px

Dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni səviyyəsi: "ASAN xidmət"

Prezident İlham Əliyevin müəllifi olduğu "ASAN xidmət"in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub
 
2016-cı ilin sonunadək "ASAN xidmət"ə edilən ümumu müraciətlərin sayı 13 milyonu keçib, 12 milyon 369 min xidmət göstərilib, 108 Çağrı Mərkəzi indiyədək 1 milyon 210 min zəngi qəbul edərək cavablandırıb
 
Son illər respublikamızda sosial-iqtisadi sahədə, o cümlədən, dövlət idarəetməsi sahəsində genişmiqyaslı islahatlar həyata keçirilməkdədir. Bu islahatların tərkib hissəsi olaraq Sizin təşəbbüsünüzlə dörd il öncə Azərbaycanda yeni qurum - "ASAN xidmət" təsis edilib.
Prezident İlham Əliyevin müəllifi olduğu "ASAN xidmət"in yaradılmasında məqsəd dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin yüksək keyfiyyətlə, rahat və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilməsi olub. Dövlət başçısının "ASAN xidmət"in kollektivinin qarşısında qoyduğu əsas vəzifə dövlət xidmətlərinin göstərilməsində yeni standartlara nail olunmasıdır. Bu standartlar, dövlət və özəl xidmətlərin, vahid məkanda operativlik, şəffaflıq, nəzakətlilik və məsuliyyət prinsiplərinə uyğun göstərilməsi əsasında formalaşdırılıb.
Hazırda respublikamızda 11 "ASAN xidmət" mərkəzi fəaliyyət göstərir. 2016-cı ildə Qəbələ "ASAN xidmət" Mərkəzi və Masallı "ASAN həyat" Kompleksi fəaliyyətə başlayıb. "ASAN xidmət" mərkəzlərində vətəndaşlarımıza 230-dan çox xidmət göstərilir. Bu xidmətlər 10 dövlət orqanı və özəl şirkətlər tərəfindən təqdim edilir. Bundan əlavə, 2016-cı ilin dekabrında fəaliyyətə başlayan "ASAN Kommunal" Mərkəzində "Azəriqaz", "Azərsu", "Azərişıq" şirkətlərinin 45 növ kommunal xidmətləri göstəriləcək.
Mərkəzlərin əhatə etmədiyi regionlarda 10 səyyar avtobus vasitəsilə xidmət göstərilir. Səyyar xidmətlərin təkmilləşdirilməsi məqsədilə "Azərbaycan Dəmir Yolları" Açıq Səhmdar Cəmiyyəti ilə birlikdə ilk "ASAN Qatar" təhvil verilib.
2016-cı ilin sonunadək "ASAN xidmət"ə edilən ümumu müraciət sayı 13 milyonu keçib, 12 milyon 369 min xidmət göstərilib. 108 Çağrı Mərkəzi indiyədək 1 milyon 210 min zəngi qəbul edərək cavablandırıb. "ASAN xidmət" mərkəzlərində 1 milyon 970 min şəxsiyyət vəsiqəsi, 715 min ümumvətəndaş pasportu verilib, 300 minə yaxın sürücülük vəsiqəsi dəyişdirilib. Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı üzrə 735 min, notariat sahəsində 1 milyon 865 min xidmət göstərilib. 82 minədək kommersiya hüquqi şəxsi qeydiyyata alınıb, əmlak məsələləri ilə bağlı 454 min xidmət göstərilib, 2016-cı ildə sahibkarlara 2605 lisenziya verilib. Toplanmış dövlət rüsumları hesabına büdcəyə, ümumilikdə, 69 milyon manat, 2016-cı ildə isə 20 milyon manat ödənilib. Ötən il mərkəzlərdə xidmətlərə görə vətəndaş məmnunluğu 100 faizə yaxın olub. Bu göstərici "ASAN xidmət" mərkəzlərində fəaliyyət göstərən bütün dövlət orqanlarının birgə əməyinin nəticəsidir.
"ASAN xidmət"in fəaliyyəti dövlət qulluqçusu-vətəndaş münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb. Bu məqsədlə Dövlət Agentliyi tərəfindən etik davranış, psixoloji və digər mövzular üzrə 1142 təlim keçirilib. Bu təlimlərdə 20 minədək şəxs iştirak edib.
Hazırda "ASAN xidmət"də 2300-dən çox gənc əməkdaş çalışır. Onların 51 faizini qadınlar təşkil edir. Prezident İlham Əliyevin tapşırığına əsasən, yeni nəsil dövlət qulluqçularının formalaşdırılması məqsədilə 10 mindən çox gənc fəaliyyətimizə könüllü qismində cəlb olunub. 700-dən çox könüllü "ASAN kadr" portalı vasitəsilə işlə təmin edilib. Könüllülər 200-dən çox yerli və beynəlxalq layihələr icra ediblər.
Eyni zamanda, hər il 34 dövlət orqanı üzrə 441 elektron xidmət qiymətləndirilib və onların təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib. 43 innovativ və startap layihəsi təqdim olunub, onlardan 22-si artıq tətbiq edilib. "ASAN ödəniş" sisteminə 97 dövlət orqanı inteqrasiya edilib. Dövlət qurumları tərəfindən göstərilən xidmətlərin vahid reyestri yaradılıb. Reyestrə 118 dövlət orqanının 756 xidməti daxil edilib. 
"ASAN xidmət" standartlarının bütün dövlət xidmətlərində tətbiqi məqsədi ilə "ASAN Index" yaradılıb. Bu ildən dövlət xidmətləri "ASAN Index" vasitəsilə qiymətləndiriləcək və onların reytinqi müəyyən ediləcək. 
Elektron xidmətlər sahəsində görülmüş tədbirlər nəticəsində Azərbaycan 2016-cı ildə BMT-nin "Elektron Hökumətin İnkişafı İndeksi" üzrə 193 ölkə arasında 12 pillə irəliləyərək 56-cı yerdə, "Elektron İştirak İndeksi" üzrə isə 30 pillə irəliləyərək 47-ci yerdə qərarlaşıb.
"ASAN xidmət" konsepsiyası dövlət xidmətlərinin səmərəliliyinin artırılması və dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə yanaşı, həmçinin, korrupsiya və rüşvətxorluğa qarşı effektiv institusional vasitə kimi çıxış edib. 2016-cı il "Qlobal Korrupsiya Barometri" ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində ciddi irəliləyişlərin olmasını göstərib. Ölkəmizin göstəriciləri bu sahədə Avropa İttifaqı və postsovet ölkələri ilə müqayisədə daha yüksək olub. Təsadüfi deyil ki, bu sahədə effektiv model axtarışında olan dünya birliyi Azərbaycan brendinin tətbiqi ilə yaxından maraqlanır və bu innovativ xidmət təcrübəsindən faydalanır.
"ASAN xidmət"in BMT, Dünya Bankı, Avropa Parlamenti və Afrika İttifaqında, 15-dən çox Avropa və digər dövlətlərdə, o cümlədən, beynəlxalq media vasitələrində təqdimatı olub. Bu, Azərbaycanın intellektual məhsul yaratmaq potensialının göstəricisidir. "ASAN xidmət" dövlət xidmətlərinin göstərilməsi üzrə beynəlxalq qurumlar tərəfindən yüksək qiymətlərə layiq görülüb, xüsusilə, BMT-nin bu sahədə ən ali mükafatı ilə təltif edilib.
Qeyd edək ki, bu il Mingəçevir və Qubada regional "ASAN Həyat" kompleksinin istifadəyə verilməsi, Şəki və İmişlidə isə iki kompleksin inşasına başlanılması nəzərdə tutulur. Bakı şəhərində daha iki "ASAN Kommunal" Mərkəz yaradılacaq.
Ölkəmizdə turizmin inkişafı ilə bağlı silsilə tədbirlər çərçivəsində "ASAN Viza" sistemi tətbiq edilib. Artıq "ASAN Viza" sistemi tam fəaliyyətə başlayıb. Bu sistem Xarici və Daxili İşlər nazirlikləri, Dövlət Təhlükəsizlik, Dövlət Sərhəd, Dövlət Miqrasiya xidmətləri ilə birlikdə yaradılıb və bütün informasiya bazaları ilə inteqrasiya olunub. 
Sosial xarakterli "Ailə Biznesinə ASAN Dəstək" - "ABAD" layihəsi üzrə Masallıda  pilot layihənin icrasına başlanılıb. Bu il ərzində Balakəndə Dövlət Neft Şirkəti ilə birlikdə "ABAD park" Kompleksinin və İsmayıllıda yerli icra hakimiyyəti ilə birlikdə "ABAD" Mərkəzin təşkili nəzərdə tutulur. Eləcə də, elektron lisenziya portalı bu il İqtisadiyyat Nazirliyi ilə birlikdə istifadəyə veriləcək və sahibkarlar lisenziya və icazələri dövlət orqanlarına getmədən, elektron qaydada əldə edə biləcəklər.
Bir sözlə, "ASAN xidmət" vətəndaşlara yüksək səviyyədə xidmət göstərmək sahəsində yeni ənənə, kredolar formalaşdırıb. Bu baxımdan, Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib ki, "ASAN xidmət"in funksiyalarını da genişləndirəcəyik: "Çünki o öz səmərəliliyini artıq göstərib. Vətəndaşlar tərəfindən də çox yüksək qiymətləndirilir. Ona görə hər bir dövlət qurumunda və ictimai sahədə şəffaflıq "ASAN xidmət"dəki kimi olmalıdır".
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər