18px16px14px12px

Regional proqramlar iqtisadi inkişafın dövlət tənzimlənməsinin və idarəetmənin tarixi nümunəsinə çevrilib

Prezident İlham Əliyev: "150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu doldura bilərik, eyni zamanda, çox böyük ixrac imkanımız da yaranacaq"
 
Bu gün, təkzibedilməz reallıqdır ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı iqtisadi inkişafın dövlət tənzimlənməsinin və idarəetmənin tarixi nümunəsinə çevrilib. Təsadüfi deyildir ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı üzv ölkələrdə tətbiq edilən təcrübələrin təhlili nəticəsində, iqtisadi inkişafın yeni paradiqması olaraq,  sektorlar əvəzinə, daha çox məkanlara - ərazilərə, yəni regional inkişafa önəm vermək, sosial xarakterli yardımları inkişaf məqsədli investisiyaya yönəltmək kimi yeni konseptual yanaşma müəyyən edib. Bu isə, Prezident İlham Əliyevin hələ 13 il öncə müəyyən etdiyi regional inkişaf xəttinin nə qədər elmi və konseptual yanaşma olduğunu bir daha sübut edir.
2016-cı ildə kənd təsərrüfatı məhsullarının faktiki qiymətlərlə dəyəri 5,6 milyard manat təşkil etməklə, əvvəlki illə müqayisədə 2,6 faiz artıma nail olunub. Qeyd olunmalıdır ki, bu artım, yalnız ümumilikdə deyil, demək olar ki, əksər məhsullar üzrə müşahidə edilib. Belə ki, artım barama üzrə 300 dəfə, soya üzrə 2,8 dəfə, pambıq üzrə 2,5 dəfə, yaşıl çay yarpağı üzrə 75 faiz, şəkər çuğunduru üzrə 73 faiz, düyü üzrə 72 faiz, buğda üzrə 9,8 faiz, kartof üzrə 7,5 faiz və s. təşkil edib. Məhz bunun nəticəsində, kənd təsərrüfatı məhsullarının artım tempi ölkə əhalisinin artım tempini xeyli üstələyib ki, bu da ayrı-ayrı məhsullar üzrə özünütəminetmə səviyyəsinin yüksəlməsinə səbəb olub.
İxracın həcmi də əvvəlki illə müqayisədə 73 milyon və ya 20,7 faiz artaraq, 426 milyon ABŞ dolları təşkil edib, kartof və soğan istisna olmaqla, bütün məhsulların ixracı üzrə artım baş verib. İxracdan əldə edilən 426 milyon ABŞ dolları vəsaitdən 108 milyonu pomidor və xiyarın, 105 milyonu qoz-fındığın, 24 milyonu  pambığın, 15 milyonu gön-dəri xammalının, 8 milyonu tütünün ixrac payına düşüb. Keçən il, ilk dəfə olaraq, 2,6 milyon ABŞ dolları dəyərində arpa ixrac edilib.
İl ərzində idxalın həcmi iribuynuzlu heyvanlar üzrə 46 faiz, diri ev quşları üzrə 55 faiz, quş yumurtası üzrə 27 faiz, arpa üzrə 95 faiz, qarğıdalı üzrə 45 faiz, xırdabuynuzlu heyvanlar üzrə 5 faiz azalıb. Bununla belə, idxalın həcminin azaldılması üçün böyük imkanlar mövcuddur və 2016-cı ildə 682 milyon ABŞ dolları təşkil edən bu göstəricinin azaldılması on milyonlarla valyuta vəsaitinin ölkədə qalmasına səbəb ola bilər ki, bu da fikrimizcə, ixracın artırılmasından da böyük əhəmiyyət kəsb edir. Bu vəsaitdən 295 milyonu buğda, 48 milyonu kərə yağı, 45 milyonu çay, 41 milyonu diri heyvan və heyvan ətləri, 34 milyonu kartof, 32 milyonu düyü, 18 milyonu banan, 17 milyonu sitrus meyvələri, 17 milyon ABŞ dolları isə qarğıdalı idxalına və s. sərf edilib.
İsrail mütəxəssisləri ilə yerli şirkətlər tərəfindən ölkəmizdə aparılmış tədqiqatlar əsasında həmin məhsulların bir çoxunun mənfəətlilik dərəcəsinin yüksək olduğu qənaətinə gəlinib. Belə ki, tədqiqata görə çəltik üzrə gəlirlilik dərəcəsi 400 faizdən, soya üzrə 250 faizdən, qarğıdalı və günəbaxan üzrə 200 faizdən yuxarı olub, sonrakı yerləri isə müvafiq olaraq tütün, kartof, taxıl və pambıq tutub. Bütün bunlar isə kənd təsərrüfatının şaxələndirilmiş inkişafı və eləcə də, ölkədə istehsal edilən məhsullar üzrə daxili bazarı qorumaq istiqamətində Prezident İlham Əliyevin verdiyi qərar və tapşırıqların nə dərəcədə düzgün olduğunu bir daha təsdiqləyir.
Keçən il təxminən 90 min ton pambıq istehsal edilərək 24 pambıqçılıq rayonunun 457 kənd ərazi nümayəndəliyi üzrə təqribən 4300 pambıq istehsalçısı təhvil verdikləri məhsula görə 40 milyon manatdan çox vəsait əldə edib və əlavə olaraq yaxın günlərdə 9 milyon manat həcmində subsidiya alacaq. 
Hesabat ilində 70 ton yaş barama istehsal edilib, onun yem bazasının bərpası məqsədilə bölgələrdə yeni çəkil bağlarının salınması üçün 1,5 milyon ədəd çəkil tingləri alınaraq, 37 rayona əvəzsiz paylanılıb və tinglərin əkini həyata keçirilib. Barama istehsalı məqsədi ilə 5000 qutu ipəkqurdu toxumunun gətirilərək əvəzsiz paylanılması üçün zəruri tədbirlər görülüb.  
Ölkədə çayçılığın inkişafına dövlət dəstəyi tədbirlərinin müsbət nəticəsi kimi yaşıl çay yarpağının istehsalı əvvəlki illə müqayisədə 75 faiz artaraq, 1020 ton təşkil edib. Sahibkarlar tərəfindən yeni çay plantasiyalarının salınması işi davam etdirilir.
Əsas ixracyönümlü sahələrdən biri kimi, fındıqçılığın inkişafına ciddi dövlət dəstəyi göstərilməklə, zəruri miqdarda fındıq pöhrələri tədarük edilib, əlverişli torpaq-iqlim şəraitinə malik 13 min hektara yaxın sahədə yeni fındıq bağları salınıb ki, bu da mövcud bağların bir il ərzində 37 faizdən çox genişləndirilməsi deməkdir.
Buğda və çəltik istehsalına görə, ümumilikdə, 80 milyon manat, ilk dəfə olaraq, süni mayalanma yolu ilə alınmış buzovlara görə 500 min manat, texnikaların dəyərinin 40 faizinin ödənilməsi üçün 28 milyon manat, damazlıq heyvanların dəyərinin 50 faizinin ödənilməsi üçün isə 8 milyon manat subsidiya verilib, məhsul istehsalçılarının istifadə etdikləri mineral gübrənin dəyərinin 70 faizi və ya 62 milyon manatı tam şəffaflıqla dövlət büdcəsinin vəsaiti hesabına ödənilib.
Son illər fermerlərin kənd təsərrüfatı texnikaları, gübrə, pestisid və s. ilə təminatında yaddaqalan və hətta bu problemlərə son qoyan illər olub. Belə ki, son üç ildə 11 min, keçən il isə 4,4 min müxtəlif kənd təsərrüfatı texnikaları, 240 min ton mineral gübrə və pestisid gətirilərək, 40 faiz güzəştlə lizinqə və 70 faiz güzəştlə satışa verilib.
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxış edən Prezident İlham Əliyev deyib ki, ərzaq təhlükəsizliyi ilə bağlı məsələlər daim diqqət mərkəzindədir: "Mən bəzi rəqəmləri səsləndirmək istəyirəm. Bu rəqəmlər həm görülən işləri əks etdirir, həm də onların görüləcək işlərlə bağlı əhəmiyyəti var. Beləliklə, bizim əsas ərzaq məhsulları ilə özümüzü təminetmə səviyyəsini göstərən bəzi rəqəmlər aşağıdakı kimidir: mal əti - özümüzü 94 faiz təmin edirik, 5 faiz xarici komponent mövcuddur. Qoyun əti - 99 faiz və cəmi 2 faiz xarici komponent. Süd və süd məhsulları - özümüzü 88 faiz təmin edirik, bunun tərkibində 10 faiz idxal xammal vardır. Əmtəəlik yumurta - 99 faiz. Burada isə xarici komponent 65 faizdir, bunlar dənlik qarğıdalı, soya, günəbaxan və dərmandır. Bax, bu sahəyə həm dövlət qurumları, həm özəl sektor fikir verməlidir ki, burada xarici komponenti azaltmaq üçün hansı işlər görülməlidir.
Bitki yağları - özümüzü 48 faiz təmin edirik. Ancaq bu 48 faizin 80 faizi xaricdən gələn xammaldır. Yəni əslində, bitki yağları və marqarinin istehsalı, sadəcə olaraq, iş yerlərinin yaradılmasına xidmət edir. Bunun faydası bundadır. Əgər bunun tərkibində 80 faiz xarici komponent varsa, bunu yerli məhsul adlandırmaq mümkün deyil. Ona görə çalışmalıyıq və o cümlədən, biznes qurumları çalışmalıdırlar ki, həm bitki yağlarının istehsalının həcmi artsın, eyni zamanda, bu, daxili xammal əsasında istehsal edilsin.
Kərə yağı - 76 faiz özümüzü təminetmə əmsalıdır. Bunun içində 10 faiz xarici komponent var, bu da qablaşdırma ilə bağlıdır. Əfsuslar olsun ki, biz bu sahədə də hələ idxaldan asılıyıq. Qablaşdırma o qədər də böyük məsələ deyil ki, biz bunu həll edə bilməyək. Xüsusilə, nəzərə alsaq ki, bizdə bazarın həcmi və əhali artır indi istənilən tara və qablaşdırma Azərbaycanda təşkil edilməlidir. Bunu həm Sahibkarlığa Kömək Milli Fondu, eyni zamanda, sahibkarlar özləri də nəzərə alsınlar.
Buğda - özümüzü 53 faiz təmin edirik, 20 faiz xarici komponentdir. Bu, azdır. Əminəm ki, yeni iri fermer təsərrüfatlarının fəaliyyəti nəticəsində, biz özümüzü buğda ilə daha da böyük səviyyədə təmin edə bilərik. Arpa - 102 faiz, qarğıdalı - 71 faiz, soya - cəmi 4 faiz. Özümüzü meyvə və giləmeyvə ilə 122 faiz təmin edirik. Ancaq burada siyahı var, yəqin ki, konfransın ikinci hissəsində bu məsələ daha da detallı müzakirə ediləcək. Mən bütün bu meyvə növlərini sadalamaq istəmirəm. Lakin elə növlər var ki, biz özümüzü təmin edə bilmirik. Bu da, təəssüf doğurur. Ancaq bütövlükdə meyvə, giləmeyvə bizim vacib ixrac məhsulumuzdur.
Bütün növ tərəvəz - burada da ümumi rəqəm 96 faizdir. Hesab edirəm ki, bu, azdır. Ancaq, misal üçün, kartof 86 faiz, bir qədər aşağı düşüb, pomidor 120 faiz, xiyar 105 faiz. Çay - özümüzü 45 faiz təmin edirik, onun içində də 50 faiz xarici komponent var. Duz ilə isə özümüzü 100 faiz təmin edirik və xarici komponent ancaq 5 faizdir. Bu, çox yaxşı göstəricidir. Bir neçə il bundan əvvəl biz, demək olar ki, duzun hamısını idxal edirdik.
Şəkər və şəkərdən hazırlanan məhsullar - özümüzü təminetmə əmsalı 115 faizdir. Ancaq bunun tərkibində 73 faiz xarici xammal var. Artıq göstəriş verilib, xarici xammalın həcminin aşağı salınması üçün yeni proqram hazırlanıbdır. Mən bu barədə deyəcəyəm. Şəkər çuğundurunun əkilməsi, becərilməsi və şəkərin şəkər çuğundurundan istehsalı proqramı hazırdır.
Makaron məmulatları - özümüzü cəmi 38 faiz təmin edirik, bunun içində də 95 faiz xarici xammal var. Bal - 97 faiz. Bir tərəfdən, əlbəttə, bu rəqəmlər onu göstərir ki, son illər ərzində biz öz ərzaq təhlükəsizliyimizi böyük dərəcədə təmin edə bilmişik. Əgər biz sovet vaxtına nəzər salsaq görərik ki, - təbii, o vaxt bölgü aparılırdı, - Azərbaycanda üzüm, pambıq, gül, meyvə, tərəvəz istehsal edilirdi, ancaq yağ, ət, un başqa respublikalardan gətirilirdi. Bu da vahid ölkə üçün məqbul variant idi. Ancaq biz indi müstəqillik dövründə yaşayırıq və əlbəttə ki, çalışmalıyıq öz ərzaq təhlükəsizliyimizi tam şəkildə təmin edək. Buna nail oluruq. Əlavə tədbirlər nəticəsində və bayaq qeyd etdiyim, bu 150-160 min hektar yeni suvarılacaq əkin sahələrinin hesabına biz nəinki bu boşluğu doldura bilərik, eyni zamanda, çox böyük ixrac imkanımız da yaranacaq".
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

26.05.2017

25.05.2017

24.05.2017

23.05.2017

Çox oxunan xəbərlər