18px16px14px12px

Cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsi başlanır

Prezident İlham Əliyevin 2017-ci il 10 fevral tarixli Sərəncamı ölkə başçısının humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir

 
Bu gün Azərbaycanda dövlət idarəçilik sisteminin müasirləşdirilməsi sahəsində ciddi tədbirlər həyata keçirilir, bu istiqamətdə reallaşdırılan dövlət siyasəti həm də məhkəmə-hüquq sahəsində əsaslı pozitiv dəyişikliklərin baş verməsi ilə müşahidə olunur. Ona görə də, hazırkı dövrdə penitensiar xidmətin, cəzaların icrası ilə bağlı fəaliyyətin müasir dövrün tələblərinə uyğun qurulmasını və səmərəli idarəetmənin təşkilini zərurətə çevrilib. Çünki hazırda məntəqə tipli cəzaçəkmə müəssisələrinin normal fəaliyyəti təmin olunmur, ictimai işlər cəzasının tətbiqi daha çox formal xarakter daşıyır, cəzanı icra edən orqan və müəssisələrdə müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından kifayət qədər istifadə edilmir. Eyni zamanda, ibtidai istintaq və məhkəmə orqanları zərurət olmadan şəxslərin həbs edilməsinə yol verir, azadlıqdan məhrumetmə cəzasının təyin edilməsinə üstünlük verilir, cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların, xüsusilə, ictimai işlərin icrasına formal yanaşılır. Hətta böyük ictimai təhlükə törətməyən, az ağır, o cümlədən, iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbiri geniş tətbiq olunur, həmin cinayətlərə görə həbslərin dinamikası artır, məhkumların sayı çoxalır, penitensiar müəssisələr yüklənir.Göründüyü kimi, zaman keçdikcə, dövrün tələb və çağırışları dəyişdikcə bütün sahələrdə olduğu kimi, penitensiar xidmətdə də müəyyən təkmilləşdirilmələrə ehtiyac yaranır. Elə bu səbəbdən də, Prezident İlham Əliyev 10 fevral 2017-ci il tarixində imzaladığı "Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə" Sərəncam xüsusi qeyd edilməlidir. Çünki bu Sərəncam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin humanist siyasətinin növbəti təzahürü, həyata keçirilən sistemli və genişmiqyaslı hüquqi islahatların tərkib hissəsidir. Eyni zamanda, Sərəncam cinayət təqibi və cəzaların icrası sahələrində hüquqi islahatların yeni mərhələsini təşkil edəcək.
Qeyd edək ki, Prezident İlham Əliyevin imzaladığı Sərəncamın məqsədi cəza siyasətinin humanistləşdirilməsi, cinayət-hüquq siyasətinin liberallaşdırılması və cinayətlərin dekriminallaşdırılmasıdır. Cəza siyasətinin humanistləşdirilməsi məqsədilə isə iki istiqamət müəyyən olunub. Birincisi, məhkəmələrə cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi məqsədlərini rəhbər tutmaları, cəza təyin etmənin ümumi əsaslarına ciddi riayət etmələri, ikincisi, qanunvericiliyin təkmilləşdirilməsi yolu ilə cinayət-hüquq siyasətinin liberallaşdırılmasına nail olunması. Bu istiqamətdə qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün isə cinayətlərin dekriminallaşdırılması, alternativ cəzaların alternativ cəzaların tətbiqi, ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsaslarının daha da məhdudlaşdırılması ilə bağlı qanun layihələrinin hazırlanması nəzərdə tutulub.
Eyni zamanda, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs və azadlıqdan məhrumetmə tədbirlərinin tətbiqinin məhdudlaşdırılması da nəzərdə tutulur. Çünki bir sıra hallarda böyük ictimai təhlükə törətməyən cinayətlərə görə şəxslərin həbs edilməsinə rast gəlinir. İstintaq və məhkəmə orqanlarına tövsiyə edilib ki, qətimkan tədbirlərinin seçilməsi məsələsinə baxılarkən, hər bir şəxs barəsində, ilk növbədə, həbslə bağlı olmayan qətimkan tədbirlərinin tətbiqi mümkünlüyünü araşdırsınlar. Məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı olan Azərbaycan Respublikasının Prezidenti kənar təsir hallarının tam istisna olunması üçün yalnız qanunun tələblərinin rəhbər tutulmalı olduğunu məhkəmələrin diqqətinə çatdırıb.
Sərəncamdan irəli gələn məsələlərdən biri də penitensiar müəssisələrin fəaliyyətinin təkmilləşdirilməsi, onların maddi-texniki bazasının gücləndirilməsi, cəzanı icra edən orqan və müəssisələrdə mövcud olan nöqsanların aradan qaldırılması, cinayət təqibi və cəzaların icrası sahəsində korrupsiyanı istisna edən şəraitin təmin olunması, həmçinin, cinayət təqibi və cəzaların icrası sahəsində müasir texnoloji vasitələrin tətbiq edilməsidir.
Sadalanan məsələləri nəzərə alaraq imzalanmış Sərəncama əsasən, penitensiar müəssisələrin fəaliyyətinin müasirləşdirilməsi, infrastrukturun yenilənməsi və idarəçilik mexanizminin təkmilləşdirilməsi tədbirləri davam etdiriləcək. Bununla belə, Ədliyyə Nazirliyinin Probasiya Xidməti yaradılacaq.
Bu xidmətin başlıca vəzifəsi cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan cəzaların icrasına effektiv nəzarətin təşkili və bu sahədə idarəetmənin səmərəliliyinin artırılmasıdır. "Probasiya" termininin latıncadan tərcüməsi sınaq deməkdir və hüquq nəzəriyyəsində bu anlayış şəxsin müəyyən şərtlərə riayət etməsi müqabilində cəzadan azad olunması mənasında istifadə edilir. Probasiya İnstitutu əksər Qərb ölkələrinin, İsveç, ABŞ, Finlandiya, Latviya, Böyük Britaniya, Danimarka, Estoniya və digər ölkələrin cinayət-mühakimə sistemlərinin mühüm tərkib hissəsidir.
Eyni zamanda, cəzaların icrası və qətimkan tədbirlərinin tətbiqi zamanı elektron nəzarət vasitələri tətbiq olunacaq. Sirr deyil ki, müasir dövrdə texnoloji nailiyyətlər insanı həbs etmədən onun davranışına tam nəzarəti həyata keçirməyə imkan verir və dünyanın bir sıra ölkələrində penitensiar sahədə elektron nəzarət sistemləri geniş tətbiq edilir. Elektron nəzarət vasitələrinin tətbiqi - məhkumun və ya təqsirləndirilən şəxsin yerləşdiyi yeri müəyyən etməyə və onun yerdəyişmələrini qeydə almağa imkan verən texniki vasitənin həmin şəxsin üzərində yerləşdirilməsindən ibarətdir.
Bununla belə, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın qanunauyğun şəkildə çəkilməsi, məhkumlar tərəfindən rejim qaydalarına ciddi riayət olunması təmin ediləcək, məntəqə tipli cəzaçəkmə müəssisələrində cəzanın icrasında korrupsiyaya şərait yaradan və digər neqativ halların qarşısının alınması üçün ciddi tədbirlər görüləcək, ictimai işlər cəzasının icrasında formalizm tendensiyası aradan qaldırılacaq, ictimai işlər və azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan digər cəzaların icrasına effektiv nəzarət təmin ediləcək, azadlıqdan məhrum edilmiş şəxslərin ictimai faydalı əməyə cəlb olunması üçün cəzaçəkmə müəssisələrində istehsal sahələri bərpa ediləcək, həmçinin, yeni sahələr yaradılacaq.
Əlbəttə ki, başlanacaq keyfiyyətcə yeni proses daxilində penitensiar xidmətin kadr korpusu təkmilləşdiriləcək, bu sahəyə peşəkar kadrların cəlb olunması, penitensiar müəssisələrin etibarlı mühafizəsi təşkil ediləcək, ibtidai istintaq orqanları və məhkəmələr tərəfindən həbs qərarının verilməsində qanunvericiliyin tələblərinə ciddi əməl olunması təmin ediləcək, şəxsi cəmiyyətdən təcrid etmədən alternativ cəza tədbirlərinin tətbiqi genişləndiriləcək, cinayət təqibi və cəzaların icrası zamanı qanuna zidd əməllərə yol verilməməsi, korrupsiya və vəzifədən sui-istifadə hallarına qarşı mübarizənin gücləndirilməsi üçün müvafiq tədbirlər görüləcək.
Bütün görülən işlərin nəticəsi olaraq, cəza siyasətinin humanistləşdirilməsi həyata keçiriləcək. Bunun üçün isə cinayətlər, xüsusilə, iqtisadi fəaliyyət sahəsində cinayətlər dekriminallaşdırılacaq, azadlıqdan məhrumetmə ilə yanaşı, alternativ cəzaların tətbiqi genişləndiriləcək, mövcud alternativ cəzaların tətbiqinin əsasları təkmilləşdiriləcək, cinayətin  ictimai təhlükəliliyi amilinə diqqət artırılacaq, maddi ziyanla bağlı olan hallarda vurulmuş ziyan tamamilə ödənildikdə, həbslə əlaqədar olmayan cəza tədbirinin tətbiq edilməsi, azadlıqdan məhrumetməyə alternativ cəzaların təyin edilməsi əsasları müəyyən olunacaq, azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza ilə əvəz edilməsi, şərti olaraq vaxtından əvvəl azad etmə və şərti məhkum etmə institutlarının daha geniş tətbiq edilməsi baş tutacaq, həmçinin, həbsin alternativ qətimkan tədbirləri ilə əvəz edilməsi qaydasının sadələşdirilməsi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbirinin seçilməsi əsasları daha da məhdudlaşdırılacaq.
Sərəncama əsasən, Ədliyyə Nazirliyi qarşısında müvafiq vəzifələr müəyyən edilib, habelə, Baş Prokurorluğa və məhkəmələrə tövsiyələr verilib. Belə ki, Ədliyyə Nazirliyi Probasiya Xidmətinin təşkili, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı təkliflər hazırlayacaq, həmçinin, "Cəza çəkən məhkumlar və həbs edilmiş şəxslər" informasiya sistemini yaradacaq, cəzanın ictimai işlər növünü daha da təkmilləşdirəcək, məhkum olunmuş və həbs edilmiş şəxslərin saxlanma şəraitinə, yemək, tibbi-sanitariya, maddi-məişət təminatına nəzarəti gücləndirəcək.
Baş Prokurorluq həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətlərə baxılarkən, ilk növbədə, digər qətimkan tədbirlərinin seçilməsinin mümkünlüyünü araşdıracaq, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə həbs qətimkan tədbiri müstəsna hallarda, qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda veriləcək.
Məhkəmələr isə şəxsin ittiham olunduğu cinayəti törətməsinə əsaslı şübhələr və buna qanuni əsaslar olduqda həbs qərarı çıxaracaq, digər qətimkan tədbirlərinin seçilməsi ilə bağlı dəlilləri yoxlayacaq, cəza barədə qərar çıxararkən, cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi prinsipini rəhbər tutacaq.
Göründüyü kimi, bütün bu istiqamətlər üzrə kompleks institusional, qanunverici və praktiki tədbirlər görüləcək. Sərəncam penitensiar sahənin inkişaf etdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi üçün proqram xarakteri daşımaqla bu sahədə fəaliyyət göstərən dövlət orqanları üçün "yol xəritəsi" olacaq.
 
"SƏS" Analitik Qrupu
 



Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər