18px16px14px12px

Xarici bazarlara çıxmaq üçün dövlətlərarası səviyyədə işlər görülür

 
İxrac missiyaları və ticarət nümayəndələri Azərbaycan məhsullarının dünya bazarında layiqli yerini tutması üçün səmərəli fəaliyyət sərgiləyirlər
 
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindən biri qeyri-neft ixracının artırılması, yeni bazarlara çıxışın təmin olunmasıdır. Bununla bağlı dövlət başçısı bir sıra mühüm fərman və sərəncamlar imzalayıb. Dövlət başçısının 2016-cı il 5 oktyabr tarixli Fərmanına əsasən, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi, ixrac missiyalarının təşkili və digər tədbirlərin həyata keçirilməsi sahibkarların ixraca olan marağının və ixrac olunan qeyri-neft məhsulları çeşidlərinin artması, ixrac coğrafiyasının genişlənməsi, Azərbaycan mənşəli məhsulların xarici bazarlarda analoji məhsullarla rəqabətqabiliyyətinin yüksəldilməsi baxımından xüsusi rol oynayır. Belə ki, Fərmanın icrası ilə bağlı son 3 ayda artıq 4 ixrac missiyası təşkil olunub, sahibkarların missiyalarla bağlı bütün xərcləri dövlət büdcəsi hesabına ödənilib.
Bu məqamda qeyd edək ki, "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının üçüncü ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı Prezident İlham Əliyev bildirib ki, xarici bazarlara çıxmaq üçün indi dövlətlərarası səviyyədə işlər görülür: "Mən öz həmkarlarımla görüşlər əsnasında həmişə bu mövzunu ortaya qoyuram ki, Azərbaycan öz ixrac imkanlarını genişləndirsin. Biz qərara gəldik ki, bir neçə ölkədə Azərbaycan ticarət evləri yaradılsın. Bu istiqamətdə işlər gedir. Bu, həm təbliğat üçün önəmlidir, eyni zamanda, ixrac imkanlarımız da genişlənə bilər. Yaxın zamanlarda belə ticarət evlərinin açılması nəzərdə tutulur".
Prezident Fərmanı ilə ilk ixrac missiyası çərçivəsində 12 şərab istehsalçısı Honkonqda, 2-ci missiya çərçivəsində 9 şərab istehsalçısı Çinin Quancou şəhərində öz məhsullarını potensial alıcılara təqdim etmək imkanı əldə edib. İxrac missiyası zamanı Çinə şərab ixracı ilə bağlı müqavilə imzalanıb və bu müqaviləyə əsasən, artıq Çinə şərab ixracına başlanılıb. Həmçinin, Quancou şəhərinə təşkil edilən ixrac missiyasında Azərbaycan istehsalı olan "Savalan Syrah" markalı şərab qızıl medala layiq görülüb.
3-cü ixrac missiyası isə Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə təşkil edilib, meyvə şirələri, təbii mineral sular, meyvə-tərəvəz, ət və ət məhsulları, bal, süd və süd məhsulları istehsal edən 20 şirkət öz məhsullarını alıcılara təqdim edib. İxrac missiyasının nəticəsi olaraq, Dubaya nar şirəsi və alma ixrac olunur.
Azərbaycan mənşəli qeyri-neft məhsullarını ixrac edən sahibkarlara məhsulun növünə görə ixrac dəyərinin 3-6 faizi məbləğində ixrac təşviqinin ödənilməsinə başlanılıb. Bu çərçivədə 2016-cı ilin noyabr ayından etibarən şərab, pambıq ipliyindən məmulatlar, konservlər, su və şirələr, fındıq və digər məhsulların Rusiya, ABŞ, Çin, Almaniya, Türkiyə, Belarus və sair ölkələrə ixracı ilə əlaqədar sahibkarlara ixrac təşviqi ödənilir.
Görülən bu tədbirlərin səmərəliliyini artırmaq və ixracın təşviqi məqsədilə AZPROMO-nun nəzdində "İxracatçılar Klubu" yaradılıb, "Export.az" rəsmi ixrac portalı istifadəyə verilib, şərab, nar, fındıq, meyvə-tərəvəz, arıçılar ixracatçıları və istehsalçıları assosiasiyaları təsis olunub, sahibkarlara ixracla bağlı təlimlər keçirilib, malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsi sadələşdirilərək, müddəti 3 gündən 1 günə endirilib.
2017-ci ilin ilk ixrac missiyası Almaniyaya təşkil olunub, bu çərçivədə meyvə-tərəvəz, təbii mineral sular, meyvə şirələri, şərab, bal və çay istehsalı ilə məşğul olan Azərbaycan şirkətləri Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən və Azərbaycan pavilyonunun da yer aldığı "Beynəlxalq Yaşıl Həftə" sərgisini ziyarət edib. İxrac missiyası çərçivəsində Azərbaycanın ixracatçı şirkətləri ilə yerli alman şirkətləri, distribüterlər və potensial alıcılar arasında ikitərəfli işgüzar görüşlər təşkil olunub, Azərbaycan məhsullarının ixrac imkanları, bu sahədə əməkdaşlıq imkanları müzakirə edilib.
Növbəti ixrac missiyaları isə Əfqanıstan, Pakistan və Qətərə təşkil ediləcək. Həmçinin, bu mexanizm çərçivəsində dövlət dəstəyi ilə sahibkarlar 2017-ci ildə Gulfood (BƏƏ), Prowein (Almaniya), Worldfood (Rusiya), Anuga (Almaniya), Hong Kong International Wine & Spirits Fair (Çin) kimi ən nüfuzlu beynəlxalq sərgilərdə vahid ölkə stendi ilə iştirak edəcəklər.
Bununla yanaşı, xarici ölkələrdə ticarət evlərinin təşkilinə və "Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin təyin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 26 yanvar tarixli Fərmanının icrasına başlanılıb.
Bir məqamı da, xüsusi qeyd edək ki, Azərbaycan məhsullarının ixrac bazarlarında tanıdılması və satışının dəstəklənməsi məqsədilə müvafiq təhlillər əsasında Azərbaycanın müxtəlif ölkələrdə Ticarət Evlərinin yaradılması nəzərdə tutulur. Bu çərçivədə, ilk olaraq, Rusiya Federasiyasında və Belarusda Azərbaycan Ticarət Evi yaradılır. Daha sonra Ukraynada və digər ölkələrdə də Ticarət Evlərinin yaradılması planlaşdırılır.
Ticarət nümayəndələrinin təyinatı məsələsinə gəldikdə isə, Fərman xarici ölkələrdə ölkəmizin və yerli ixracatçıların iqtisadi-ticarət maraqlarının daha dolğun qorunması və təmsil edilməsi, yerli məhsulların xarici ölkələrin bazarlarına çıxışının genişləndirilməsi, ixracın stimullaşdırılması ilə bağlı tədbirlərin tətbiqində səmərəliliyin və təsərrüfat subyektləri arasında işgüzar əlaqələrin qurulmasında çevikliyin artırılması məqsədini daşıyır.
Fərmana əsasən, ticarət nümayəndəsi tərəfindən təyin olunduğu ölkə ilə Azərbaycan Respublikasının iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi maraqlarının qorunması, Azərbaycan mallarının və xidmətlərinin ixracının artırılması, ölkəmizin biznes mühitinin və investisiya imkanlarının təbliği istiqamətində tədbirlərin görülməsi nəzərdə tutulur. Dövlət başçısının bu Fərmanı qeyri-neft məhsulları istehsalının artırılması, həmin məhsulların ixrac həcminin və coğrafiyasının genişləndirilməsi ilə bağlı həyata keçirilən kompleks tədbirlərin tərkib hissəsidir.
Müvafiq təhlillər əsasında Azərbaycanın qeyri-neft məhsulları üzrə digər əsas ticarət tərəfdaşlarının ticarət və investisiya imkanları nəzərə alınmaqla, həmin ölkələrdə də ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur. Artıq Rusiya Federasiyasında ticarət nümayəndəsi təyin olunub. Təyinatın birinci olaraq Rusiya Federasiyasından başlanması bir neçə səbəblə bağlıdır. İlk növbədə, Rusiya Federasiyası Azərbaycanın qeyri-neft məhsulları üzrə əsas ticarət tərəfdaşıdır. 2016-cı ildə Azərbaycan Respublikasının Rusiya Federasiyasına ixracının həcmi 409 milyon ABŞ dolları təşkil edib. Ölkəmizin qeyri-neft məhsullarının 31 faizi Rusiya Federasiyasına ixrac olunur və bu göstərici üzrə Rusiya ticarət tərəfdaşlarımız arasında 1-ci yerdədir. Digər tərəfdən isə, Rusiya Federasiyası ilə ölkəmiz investisiya sahəsində geniş əməkdaşlıq edir. Rusiya Azərbaycan iqtisadiyyatına 3 milyard ABŞ dollarından çox investisiya yatırıb. Ölkəmizin Rusiya iqtisadiyyatına qoyduğu investisiyaların həcmi isə 1 milyard ABŞ dollarından çoxdur. Azərbaycan Rusiyanın 78 regionu ilə əməkdaşlıq edir və 17 federasiya subyekti ilə əməkdaşlıq haqqında sazişlər imzalayıb. Qeyd olunanları nəzərə alaraq, ölkəmizin qeyri-neft məhsullarının Rusiya bazarına ixracının artırılması və mövcud potensialdan maksimum istifadə olunması məqsədilə bir sıra işlər görülür, Moskva şəhərindəki Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun təmirinə və yenidən qurulmasına, həmçinin, "Azərbaycan Evi"nin yaradılmasına başlanılıb.
Rusiya Federasiyasında ticarət nümayəndəsinin təyin olunması bu ölkəyə qeyri-neft ixracımızın genişləndirilməsi, Azərbaycanın biznes mühitinin təşviqi və Rusiya şirkətlərinin investisiyalarının ölkəmizə cəlb olunması, habelə, iqtisadi maraqlarımızın qorunması üzrə görülən işlərin səmərəsinin artırılması baxımından əhəmiyyət daşıyır. Rusiya Federasiyasındakı səfirliyimizə təyin olunan ticarət nümayəndəsi Ruslan Əliyev Moskva Dövlət Beynəlxalq Əlaqələr Universitetini beynəlxalq hüquq sahəsində bakalavr və magistr üzrə bitirib, sonra təhsilini Londonda davam etdirib. Azərbaycanda və Rusiyada həm dövlət sektorunda, həm də özəl sektorda böyük təcrübəsi var, iqtisad elmləri namizədidir.
 
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər