18px16px14px12px

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və onun investorlarından biridir

Prezident İlham Əliyev: "Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii qazımızı da çatdıracağıq"
 
Azərbaycanın xarici siyasətində Avropa istiqamətinin xüsusi yeri vardır. Avropa İttifaqına üzv olan böyük və nüfuzlu dövlətlərlə qarşılıqlı əməkdaşlıq daim inkişaf etdirilir. Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Belçika, Yunanıstan, Polşa, Rumıniya və digər Avropa ölkələri ilə əlaqələrimiz müxtəlif sahələrdə uğurla inkşaf edir. Qarşılıqlı səfərlər bu münasibətlərin daha da möhkəmlənməsinə öz töhfəsini verir. Avropa İttifaqı ilə münasibətlərin sağlam təməl əsasında qurulmasının nəticəsidir ki, ölkəmiz hazırda bu təşkilatın bir çox proqramlarında fəal iştirak edir. Azərbaycan Avropa İttifaqının mühüm tərəfdaşı kimi qəbul olunur. Dövlət başçısının səfəri çərçivəsində keçirilən görüşlərdə də bu fikir xüsusi qeyd olunmuşdur ki, Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşı və investorlarından biridir.
Ölkəmizin bu uğurlarında, təbii ki, siyasi islahatların rolu xüsusi qeyd edilməlidir. Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskun bəyanatında da bu məsələ xüsusi qeyd olunub: "Müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyimiz Azərbaycan Avropa İttifaqı üçün mühüm tərəfdaşdır. Biz enerji sahəsində etibarlı və strateji tərəfdaşlığımıza əsaslanaraq, işbirliyimizi daha da artırmaq istəyirik. Azərbaycan Avropanın enerji təhlükəsizliyi və təchizatının şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bizim Cənub Qaz Dəhlizini tamamlamaq üçün ortaq öhdəliyimiz var. Bu, faktiki olaraq, hər iki tərəf üçün əsas prioritetdir. Avropa İttifaqı artıq Azərbaycanın əsas ticarət tərəfdaşı və onun ən əsas investorlarından biridir. Qarşıdakı illərdə biz ticarət əlaqələrimizi daha da genişləndirmək niyyətindəyik".
Əlbəttə ki, Azərbaycanın da hər sahədə, o cümlədən, demokratik islahatlar sahəsində Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. Dövlətimizin başçısı İlham Əliyev bunu belə ifadə edib: "Biz ölkəmizin bütün vətəndaşlarına hər hansı imkanı təmin etmək üçün Azərbaycanda demokratik islahatların davam etdirilməsinə sadiqik. Əlbəttə, enerji sahəsindəki əməkdaşlıq əlaqələrimizin vacib sahəsidir. Biz "Cənub Qaz Dəhlizi" layihəsinin inkişaf etdirilməsi üçün uğurla əməkdaşlıq edirik. Bu, hazırda Avropada həyata keçirilən ən böyük infrastruktur layihələrindən biridir. Həmin layihə 40 milyard dollardan artıq vəsaitin sərmayə kimi qoyulmasını tələb edir. Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və şaxələndirilməsi layihəsidir. Şaxələndirilmə dedikdə, mən yalnız marşrutları deyil, o cümlədən, mənbələri də nəzərdə tuturam. Azərbaycanın nəhəng qaz ehtiyatları var və ölkəmiz Avropa bazarı üçün yeni alternativ təbii qaz mənbəyidir. Mən Cənab Prezidentə məlumat verdim ki, Cənub Qaz Dəhlizinin həyata keçirilməsi, layihənin bütün dörd seqmenti uğurla irəliyə doğru gedir və ümidvarıq ki, əlavə səylərlə biz bu layihənin icrasını sürətləndirəcəyik. Cənab Prezidentin qeyd etdiyi kimi, Avropa bizim əsas investorumuzdur. Azərbaycan olduqca münbit sərmayə mühitini yaradıb. İyirmi beş il əvvəl müstəqilliyimizi bərpa etdikdən sonra iqtisadiyyatımıza 200 milyard dollardan artıq vəsait qoyulub. Eyni zamanda, Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz bir çox Avropa ölkələrini neftlə təchiz edirik və ümidvarıq ki, yaxın zamanlarda təbii qazımızı da çatdıracağıq".
Qeyd edək ki, bu gün Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərlə də əməkdaşlıq sahəsində yaxşı təcrübəsi var. Onların 9-u, yəni üçdə bir hissəsi ilə ölkəmizin strateji tərəfdaşlığa dair imzalanmış sazişləri var. Bu, Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək razılaşmalar üçün yaxşı əsasdır. Yaxın vaxtlarda isə bir çox gələcək illər üçün Azərbaycanla Avropa İttifaqının strateji əməkdaşlığını müəyyən edəcək sənəd hazırlayıb təqdim ediləcək.
"Səs" Analitik Qrupu
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər