18px16px14px12px

Bunun üçün kişilik lazımdır...


Rövşən Nurəddinoğlu

 
20 ildən çoxdur ki, bir-biri ilə ziddiyyətdə olan AXCP ilə Müsavat arasında mitinq keçirmək və s. bənzər iddialarının ardınca  dava-dalaş meydana çıxmaqdadır. Əslində, bu cür savaşların əsas kökündə dayanan amillərdən biri aksiyalarda, toplantı və s. kütləvi tədbirlərdə hansı partiyanın daha çox adam cəlb etməsi olsa da, məsələnin əsas kökü "ana müxalifət" adı uğrunda davam edən qarşıdurmalar dayanır. Yəni bu, sirr deyil. Ancaq sirr olmamasına baxmayaraq, hər dəfə ortaya daha bir ifşa nüansları çıxır ki, bunu da ictimaiyyətə qarşı tərəflər bəyan edir.  
Məsələn, xatırlatmaq olardı ki, hələ sentyabr ayında keçirilən və demək olar ki, heç bir uğurlu nəticə əldə edilməyən mini-aksiyalar  zamanı həm AXCP, həm də Müsavat sosial şəbəkə və mətbuatda ən sərt suçlamalara getdilər. Hələ o vaxt Müsavat AXCP- "Milli Şura" dueti ilə birgə mitinq keçirmək təklifi vermişdi. Ancaq Müsavat başqanı A.Hacılının və partiyadaxili klanının bu çıxışdan sonra cəbhəçilər daş atıb, başlarını tutublar ki, onların növbəti mitinq keçirmək planları yoxdur, ona görə də müsavatçıların təklifi heç bir rol oynamır. 
Hətta AXCP sədri Ə.Kərimli "Milli Şura"nın üzvləri ilə birgə mitinq keçirmək qərarı vermədiklərini iddia ediblər. Halbuki onlar "növbəti mitinq" vaxtını da təyin etmişdilər. Ona görə də, kərimovçuların bu cür davranışları Müsavat cameəsində susqunluqla qarşılanmadı və onlar da, əlbəttə ki, ittihamlarını irəli sürdülər. Yəni qərara gəldilər ki, "Milli Şura" Müsavata görə mitinq qərarını dəyişib. Beləliklə, fakt budur ki, bu cür bənzər ittihamlar 20 ildən artıqdır ki, bir-birinə calanır və əsası, hətta AXC-Müsavat iqtidarına söykənir.  
Bu arada Avropada yaşayan müsavatçı Elbəyi Həsənli sosial şəbəkədə Müsavatın hazırkı başqanı A.Hacılını və hələ də, "Milli Şura"nın üzvü kimi qalmaqla yanaşı, həm də qurumun koordinasiya şurasının təmsilçisi olan Müsavat başqanının müavini Tofiq Yaqublunu kəskin ittiham edib. Yeri gəlmişkən, T.Yaqublu dövlətin onu əvf etməsindən sonra guya siyasi fəallıq göstərərək, AXCP ilə Müsavat arasında yanan körpüləri bərpa edəcəyini iddia etdi. Hətta bu istiqamətdə sona qədər gedəcəyini yekə-yekə bəyanatları ilə səsləndirdi. Amma bu baş vermədi.
İndi, E.Həsənli Müsavat rəhbərliyinə od püskürüb. SİTAT: "Bir daha əmin oldum ki, məhz Ə.Kərimli başda olmaqla, "Milli Şura" və AXCP müxalifətin bir araya gəlməsinə imkan vermədi. Bu arada isə T.Yaqublu hələ də inadla susur. Soruşmaq ayıb olmasın, sən nə vaxt danışacaqsan? Nə vaxtdır ki, tərəflər arasında danışıqlar aparırdın. İş o yerə çatmışdı ki, Müsavat partiyası başqanının müavini olsan da, o biriləri səni AXCP sədrinin müavini zənn edirdi. Bu gün baş verənlər sənin missiyanın tam iflası deməkdir. Niyə sən xalqa üz tutub, demirsən ki, bu insanlar müxalifətin bir araya gəlməsinə imkan vermədilər. Bəy, cəsarətli ol! Sən Qarabağda oddan-alovdan keçmisən. İndi gədə-güdənin qabağından qaçacaqsan? Xalq həqiqəti bilməlidir. Bu, onun haqqıdır".
Bəli, xalq həqiqəti bilməlidir və bilir də. Sadəcə, kimlərinsə bunu etiraf etməsi, yəni bu etirafı cürət edib dilə gətirməsi daha yaxşı olardı. Ən azından, xalq bir daha anlayardı ki, bu cür, E.Həsənli demişkən, "gədə-güdələrdən" bir şey çıxmayacaq. Necə ki, hakimiyyətdə olduqları vaxtlarda da çıxmamışdı. Bu baxımdan, AXCP və Müsavat partiyalarının tam istəklə, qətiyyətlə xalqın maraqlarına işləmələri barədə deyilən pafoslu sözlər artıq məzarlığa gömülmüş və çürümüş ifadələrdir. İntriqantçılıq və qarşıdurmalar hər iki təşkilatın real olaraq axırına çıxıb. Sadəcə, qalır həmin etirafı kişi kimi ictimailəşdirməyə ki, bunu da gözləməyə dəyməz...
SES QEZETI


Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər