18px16px14px12px

Xəzər neftçini yenə uddu- 10:00


Samir FEYRUZOV

 
Ötən ilin dekabr ayında Xəzər dənizinin "Günəşli" yatağında baş verən faciə hər birimizi sarsıtmışdı. Həmin ərəfədə şəxsən mənim üçün qarşıdan gələn yeni ili sevinclə qarşılamaq kimi bir niyyətim olmadı: bu, halal pulla açdığım yeni il süfrəsində də, insanlarla münasibətimdə də özünü göstərdi. Tarix təkrarlandı, bu dəfə də dekbarın 15-də Xəzərə uduzduq, Xəzər yenə də 10 neftçimizi udub apardı. Necə deyərlər, 10:00... Millətimizin başı sağ olsun, bu insanların əlləri kimi taleləri də qara imiş. Hər bir azərbaycanlını sarsıtmalı idi bu hadisə, ən azından dövlətimizin bu hadisə ilə bağlı ortaya qoyduğu operativ və həssas mövqeyi kiçiyimizdən tutmuş böyüyümüzə qədər hər birimiz paylaşmalı idik. İndi nə edək ki, xilasedicilərimiz, müvafiq qurumların əməkdaşları Xəzərdə itkin düşənlərin cəsədlərini axtaran zaman, ölənlərin ailələri saçlarını yolan bir vaxtda, atasının sağ tapılacağına ümid edən 12 yaşlı qız uşağının gözlərini televizora zilləyib baxdığı bir anda çox təəssüf ki, bəzi telekanallarımız şadyanalıq edirdilər!? Hadisə baş verəndən bir neçə saat sonra "Bakı, sabahın xeyir!" deyib Elza Seyidcahanı, Elariz Məmmədoğlunu, Nadir Qafarzadəni, Faiq Ağayevi, Aygün Kazımovanı efirlərə çıxarıb şıllaq atmağın, özlərini öyməyinin, dombalaq aşmaqlarının mənası nədir axı!? Mahnı oxuyub şadlanıb, axırda da "yeri gəlmişkən, itkin düşən neftçilərimizin ailələlərinə səbr arzu edirik" demək həyasızlığın, arsızlığın ən böyük anatomiyasıdır. Sizin "arzu-dilək"ləriniz də, "yeri gəlmişkən"ləriniz də təpənizə dəysin ki, neftçilərin qara, qabarlı əlləri hesabına özünüzə ağ libas biçdirdiyinizin fərqində olasınız. Bəzi televiziyalarımız nə üçün şadyanalıq edirdilər, niyə şou verilişlərini bu dəfə daha təmtəraqlı şəkildə təqdim etdilər və ya qızı boşanmış 70 yaşlı bir kəndçi qadını efirə çıxardıb canlı efirdə söyüş söydürmək bu günəmi qalmışdı? 30 yaşlı bir "kişi"nin efirdən, televiziyaya şikayət edən arvadına-uşağına yağdırdığı şər-böhtanları ekranlaşdırmaq bu günəmi qalmışdı? 
Biz cəbhədə şəhid veririk, siz dərhal konsert verirsiniz. Biz Xəzərdə 10 neftçini birdən itiririk, bununla da, ən azı qohum-əqrəbası ilə birlikdə 2 min nəfər yasa batır, siz isə başında 2 qram ağlı olmayanları efirə çıxarıb, dobmalaq aşıb şadlanırsız. Biz millətimizin əxlaqını qorumaq üçün gecə-gündüz çalışırıq, siz 10 milyonun üzünə hər gün, hər saat söyürsünüz. Biz abırlı-başlı sənət adamlarımızın tanınmasına çalışırıq, siz Kim Kardaşyanın fotolarında slayd-şou hazırlayırsınız. Biz kökəlmək, cana gəlmək istəyirik, siz çəkdiyiniz düşük seriallarla olan-qalan ətimizi tökürsünüz. Ciddi xəbər saytlarımız itkin düşən neftçilərlə bağlı ofislərində bir dəqiqəlik sükut elan edib, hər kəsi baş vermiş hadisə ilə bağlı işləməyə, diqqətli olmağa səfərbər edəndə, sizin kişiləriniz də qadınlarınız kimi qrim otağında qrimlənir, öz səviyyənizə uyğun şoular hazırlayırsınız. Sizin xəbərləriniz də... Tədbirlərdən gələn kimi dərhal SİA-nın, APA-nın, "Trend"in həmin tədbirlə bağlı dərc etdiyi materialı götürüb özünüzə sujet hazırlayırsınız. Siz jurnalistsiniz, şoumen, oğru-bandit, yoxsa nə? Heç olmasa, içinizdə olan həqiqi jurnalistlərin, yaxşıların adına ləkə gətirməyin. Nə isə... Düzdür, bu son dərəcə çətindir, amma çalışın özünüzə az da olsa hörmət edin. Axı biz bu millətin vətənpərvər övladıyıq... Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Amin.
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər