18px16px14px12px

Zərif teatr missiyası - 10 yaşlı "Üns"

Üns-dostlaşma, mehribanlıq deməkdir. 2006-cı ildə Bakıda Azərbaycan tamaşaçısının dostuna çevrilən, ona bəşəri, insani hisslər aşılayan bir teatr fəaliyyətə başladı: "Üns" Yaradıcılıq Səhnəsi. Bu il 143 yaşı tamam olan Azərbaycan peşəkar teatrının tarixində indi 10 yaşlı "Üns" də var...
Layihə görkəmli şərqşünas-alim, tərcüməçi, filologiya elmləri doktoru Aida İmanquliyevanın xatirəsinə ithaf olunub. "Üns" Yaradıcılıq Səhnəsinin yaradıcısı və bədii rəhbəri "Azərbaycan Mədəniyyətinin Dostları" Xeyriyyə Fondunun İdarə Heyətinin üzvü, M.V.Lomonosov adına Moskva Dövlət Universiteti Bakı Filialının rektoru, İngiltərə-Azərbaycan Cəmiyyətinin həmsədri, professor Nərgiz Paşayevadır. Layihənin əsas məqsədlərdən biri Azərbaycanın zəngin teatr sənətinə daha bir yenilik gətirmək, incəsənət və mədəniyyətdə Şərq və Qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərməkdir.
Zəngin ənənələri olan Azərbaycan teatrı bu gün özünün yeni inkişaf dövrünü yaşayır. Ölkəmiz müstəqillik qazandıqdan sonra bu istiqamətdə fundamental dövlət sənədləri qəbul edilib. 2006-cı ildə qəbul olunan "Teatr və teatr fəaliyyəti haqqında" Qanun, 2007-ci ildə imzalanan "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" Prezident Sərəncamı, "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı, teatrlarımızın maddi-texniki bazasının yaxşılaşdırılması ilə bağlı sərəncam və qərarlar dövlətimizin bu sahəyə diqqət və qayğısının göstəricisidir. 
"ÜNS"LƏ TANIŞLIQ...
"Üns"ü digər teatrlardan fərqləndirən cəhətlərdən biri də onun dizaynında, binasının ümumi görünüşü və interyerində özünü göstərir. Kiçik həyətlə foye həmahənglik təşkil edir. Tamaşaçı teatra daxil olan kimi milli və eyni zamanda, ümumbəşəri ideyalarla, mədəniyyət və incəsənətlə ünsiyyətə girir. Qeyd edək ki, ötən əsrin əvvəllərinə aid binanın yeni tikilmiş hissəsinin memarı Oqtay Səttarovdur. Rəssam Altay Sadıqzadənin dizaynı əsasında qurulmuş metal konstruksiyalar teatrın əsas giriş hissəsinə xüsusi yaraşıq verir. 
10 il əvvəl açılış mərasimində "Üns Yaradıcılıq Səhnəsi" layihəsinin müəllifi və rəhbəri, professor Nərgiz Paşayeva teatrın yaranma səbəblərini belə açıqlamışdı: "Azərbaycanda 150 illik bir dövrdə milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırmış və ənənələr yaratmışdır. Böyük aktyorlar Şərq mədəniyyəti üçün ənənəvi olmayan sahədə böyük uğurlar qazanmış, özlərindən sonra məktəb və ənənə qoymuşlar. "Üns Yaradıcılıq Səhnəsi"nin əsas məqsədlərindən biri Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir səviyyəyə qaldırmaq, bir növ ənənəni və yeniliyi birləşdirməkdir".
Azərbaycan mədəniyyəti aləmində forma və məzmunca yeni model olan "Üns" Yaradıcılıq Səhnəsi Azərbaycanın mədəniyyət salnaməsində yeni səhifə açdı. Ötən müddətdə tamaşaçılara bir-birindən fərqli tamaşalar, rəngarəng kompozisiyalar təqdim etdi. "Üns"ün səhnəsində dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayevin xatirəsinə həsr edilmiş "Beşikdən əbədiyyətə qədər" filminin premyerası, xalq yazıçısı Elçinin ssenarisi əsasında çəkilən "Məryəm" bədii-sənədli filminin təqdimat mərasimi keçirilib, Rusiyanın və Ukraynanın xalq artisti Roman Viktyukun rejissoru olduğu "Fedra" mistik dramı oynanılıb, görkəmli sənət adamları ilə görüşlər, ustad dərsləri təşkil edilib. Beş il öncə teatrın ilk yubileyi münasibətilə keçirilən konsertdə əfsanəvi Oleq Lundstrem adına Rusiya Dövlət Caz Musiqisi Kamera Orkestri çıxış etmişdi.
Səhnənin tamaşaçılarla ilk görüşü isə "Bakı" musiqili tamaşası olub. Tamaşa yüksək peşəkarların rəhbərliyi altında Bakı Musiqi Akademiyasının, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin tələbələrindən ibarət gənclərin birgə əməyi ilə hazırlanmışdı. İlk tamaşada unudulmaz bəstəkar Tofiq Quliyevin mahnılarından istifadə olunmuşdu. Bu mahnıların əksəriyyəti Moskva arxivlərində uzun axtarışlardan sonra tapılmış və musiqisevərlərə yenidən təqdim edilmişdi. Fəaliyyəti dövründə "Üns" ziyalıların, sənətsevərlərin sevimli məkanına çevrildi. Burada keçirilən hər bir uğurlu tədbir, bilavasitə Nərgiz Paşayevanın yaradıcılıq istedadı və intellekti ilə bağlıdır. "Üns" öz gəlişi ilə sənət aləminə yeni ab-hava, yeni ovqat gətirdi, az vaxtda geniş tamaşaçı rəğbəti qazandı.
Uzun illər boyu milli səhnəmiz zəngin teatr məktəbini formalaşdırıb və ənənələr yaradıb. "Üns" Yaradıcılıq Səhnəsinin məramlarından biri də Azərbaycanda teatr sənətinin zəngin ənənələrinə əsaslanaraq onu indiki, müasir məcrada inkişafını təmin etmək, bir növ klassika ilə modernliyin harmoniyasını yaratmaqdır. Bu, sadəcə, teatr deyil, ziyalıların ünsiyyət ocağıdır. Qısa zaman kəsiyində öz repertuarı ilə Azərbaycan mədəni həyatında özünəməxsus yer tutan "Üns" sənətdə, səhnədə Şərq və Qərbin sintezini nümayiş etdirə bilib. Teatrın repertuarının hər bir təqdimatı teatrsevərlər üçün sənət bayramına çevrilib. Elçinin əsərlərinin antrepriz tamaşaları, Edvard Radzinski, Sergey Yurski ilə görüşlər, "Gelikon-opera"nın quruluşları, Robert Sturuanın, Roman Viktyukun səhnə əsərləri və neçə-neçə digər yaradıcılıq axtarışlarının maraqlı tapıntıları.
    BELƏ MƏKANDA İFAÇILARDAN KLASSİKA TƏLƏB OLUNUR
    Bu günə kimi "Üns"ün səhnəsindən tamaşaçılara səslənən tanınmış sənət adamlarının teatr haqqında fikirləri də maraqlıdır. Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, tanınmış simalar teatrla bağlı fikirlərini belə bölüşüblər.
Rusiyanın xalq artisti, "Mono-Due-Trio" Teatrının rəhbəri Aleksandr Filippenko: "Məncə, rəssamlar, şairlər, aktyorlar, yazıçılar, rejissorlar Xarici İşlər Nazirliyinin ən sadiq və səmimi əməkdaşlarıdır. Təəccüblənməyin, onlar əsl diplomat kimi insan münasibətlərinin mürəkkəb, çoxmillətli binasını yaradırlar. "Üns" Teatrı bu diplomatiyanın ən parlaq nümayəndəsidir".
Rusiyanın xalq artisti, aktyor, rejissor, ssenari müəllifi Sergey Yurski: "Üns" gözəl kamera teatrıdır. Tamaşaçı ilə aktyorun yaxın məsafədən ünsiyyət saxlamasına imkan yaradan, yüksək səviyyəli solistlərin, kollektivlərin çıxışına yer verən teatr. Məhz belə kamera məkanında ifaçılardan müxtəlif növ klassika tələb olunur: Avropa, rus, Azərbaycan klassikası..."
Qazaxıstanın xalq şairi, ədəbiyyatşünas, ictimai-siyasi xadim Oljas Süleymenov: "Mədəniyyət dostluğun, əməkdaşlığın inkişafına və möhkəmlənməsinə xidmət edir. "Üns" teatrı məhz bu işlə məşğuldur; onun səhnəsində görkəmli sənətkarların çıxışı izlənib..."
Rusiyanın xalq artisti, "Satira" Teatrının rəhbəri və baş rejissoru Aleksandr Şirvindt: "Belə teatrda olmaq hər bir aktyor və rejissorun arzusudur. Əgər belə demək mümkündürsə, teatrın atmosferində nadir rast gəlinən bir mükəmməllik kompleksi mövcuddur. Bu zərif teatrın missiyası bizim qarşılıqlı əlaqələrimizi yoluna qoymaqdan ibarətdir, çünki həm mədəniyyət, həm dünyaya münasibət, həm də ənənələrimizdə çox bağlılıq var. Bunu dağıtmaq olmaz və teatr bu məsələdə böyük və başlıca rol oynayır..."
Biz də bu xoş sözlərə qoşularaq zərif teatr missiyasını ötən 10 ildə layiqincə həyata keçirən "Üns"ə yeni-yeni uğurlar diləyir və səhnəsindən hər zaman dostluq, insansevərlik mesajlarının səslənməsini arzulayırıq!
   
Zümrüd BAYRAMOVA 
 



Xəbər lenti

20.02.2017

17.02.2017

16.02.2017

15.02.2017

Çox oxunan xəbərlər