18px16px14px12px

IV Bakı Beynəlxalq Teatr Konfransının plenar iclasları keçirilib

Mədəniyyət və Turizm Nazirliyi, Teatr Xadimləri İttifaqı və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin dəstəyi ilə paytaxtımızda "Multikulturalizm və teatr" mövzusunda keçirilən IV Bakı Beynəlxalq Teatr Konfransı noyabrın 8-də növbəti plenar iclaslarla davam edib.
IV Bakı Beynəlxalq Teatr Konfransının birinci iş günündə üçüncü plenar iclasa da Yunanıstandan tanınmış teatrşünas Savas Patsadilis və Azərbaycan təmsilçisi Məryəm Əlizadə moderatorluq ediblər.
İlk çıxış edən ispaniyalı Boris Daussa-Pastor "Ümumi əlaqənin tapılması (teatr sənətçilərinin məşqləri üçün yeni paradiqma)" adlı məruzəsində aktyor hazırlığında çox vacib hesab etdiyi Karri Marqolis metodu barədə, bu metodun aktyor plastikası üçün əhəmiyyətindən danışıb. Xatırladaq ki, ispaniyalı mütəxəssis bir gün öncə yunan əsilli Amerika aktrisası Karri Marqolisin təməlini qoyduğu bu metod barədə Rus Dram Teatrında gənc azərbaycanlı aktyorlara treninq keçmişdi.
 "Multikulturalizm və müasir Marathi Teatrı" mövzusunda çıxış edən Arun Naik (Hindistan) ölkəsinin teatr tarixinin multikultural ənənələr üzərində formalaşdığını bildirib. Çünki Hindistan əhalisi istər dini, istərsə də milli mənsubiyyətinə görə çox rəngarəngdir. Marathi Teatrı, əslində, qədim eposların müasir təfsiri kimi yaradılsa da, ingilislərin formalaşdırdığı yerli Qərb yönlü teatrların təsiri altında təşəkkül tapıb. 
Yaponiyalı nümayəndə Yuko Nobenin araşdırma mövzusu "Müasir Vyetnam Teatrının təyinatı - Şimali Vyetnam nümunəsi" olub. Fransız müstəmləkəçiliyinin gətirdiyi teatr, eləcə də yaxın qonşuların - Kamboca və Laos milli teatrlarının ənənələri əsasında formalaşan Vyetnam Teatrı, əslində, milli simasını itirmişdi. 1975-ci ildə şimal və cənubu birləşən sosialist Vyetnamının teatr sənətinə keçmiş SSRİ-dən Stanislavski sistemi gətirildi. Bu gün isə Qərb Teatrı əsasında formalaşmış müasir teatr böhran yaşayır. 
Növbəti çıxışçı milli teatrının formalaşmasında  fərqli teatr ənənələrinin təsiri olmuş Qazaxıstanın təmsilçisi idi. Professor Saniya Kabdiyeva "Qazaxıstan Teatrı milli səhnə mədəniyyətlərinin qarşılıqlı əlaqə məkanı kimi" adlı məruzəsində ölkəsindəki bir çox milli teatrların çağdaş durumunu, rejissura meyillərini yerli alman teatrının təcrübəsindən çıxış edərək açıqlayıb.
Varuna Alahakun "Şri-Lankanın Müasir Teatrı çoxmədəniyyətlilik konsepsiyası fonunda" adlı məruzəsində yerli müasir teatrın ənənəvi hind teatrı və Pekin operası (Çin milli teatrı) ənənələrindən qidalandığını, həmçinin, son illər ölkədə gedən vətəndaş müharibəsinin mədəni inkişafı geri saldığını dilə gətirib.
Sonda çıxış edən Samia Habib "Misir Teatrı inqilabdakı dövrdən sonra" məruzəsində son illər ölkədəki toqquşma və inqilabların milli teatrın inkişafına vurduğu zərərdən söz açıb. Artıq bu dövrün arxada qaldığını, beş il aradan sonra Misir Teatr Festivalının bərpa edildiyini deyərək, konfrans iştirakçılarını ölkəsinə dəvət edib.
Qeyd edək ki, Bakı Beynəlxalq Teatr Konfransı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il 18 may tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"na uyğun olaraq keçirilir. Konfransda 38 ölkədən 150-yə yaxın teatr xadimi, dramaturq, teatr və teatrla bağlı beynəlxalq institutların rəhbərləri iştirak edirlər. 
ZÜMRÜD 
 



Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər