18px16px14px12px

Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda konfrans keçirilir

 
Formula-1 yarışının promouteri - “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin təşkilatçılığı ilə fevralın 15-də Bakıda “İrimiqyaslı idman yarışlarının keçirilməsinin ev sahibi ölkəyə faydaları” mövzusunda beynəlxalq konfrans işə başlayıb.
Konfransda çıxış edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ölkəmizdə idmanın inkişafı haqqında məlumat verib. O, mötəbər beynəlxalq idman yarışlarının ölkəmiz üçün əhəmiyyətindən danışıb. Nazir Azərbaycanda mötəbər idman yarışlarının uğurla təşkil edildiyini, ölkəmizin dünyanın idman mərkəzlərindən birinə çevrildiyini vurğulayaraq deyib: “Azərbaycanda idman sahəsində dünya standartlarına cavab verən maddi-texniki baza yaradılıb. Bu idman qurğularının yarışlardan sonra da qorunub saxlanılması və insanların buraya cəlb edilməsi çox önəmlidir. Bəzi ölkələrdə olimpiadalardan sonra idman qurğularının istifadə edilmədiyi və yararsız vəziyyətə düşdüyü görünür. Ancaq Azərbaycanda idman kompleksləri yüksək səviyyədə saxlanılır və insanlar bu qurğulardan istifadə edirlər. Ölkəmizdə güclü könüllülük hərəkatı var. On yeddi mindən çox gənc beynəlxalq tədbirlərin təşkilində könüllü kimi fəaliyyət göstərir. Biz yerli insanların və şirkətlərin də beynəlxalq idman yarışları zamanı müxtəlif layihələrə qoşulmasını təmin edirik”.
Mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov Azərbaycanın turizm potensialından, beynəlxalq yarışların turizm imkanlarının təbliğinə və bu sahənin inkişafına töhfəsindən danışıb.
Digər çıxış edənlər də beynəlxalq idman yarışlarının ev sahibi ölkəyə faydaları, irimiqyaslı yarışların müsbət nəticələri, ortaya çıxan problemlərin həlli və biznesin buna hazırlıq vəziyyətindən söz açıblar.
MDB məkanında və regionda bu mövzuda ilk dəfə olaraq Azərbaycanda keçirilən konfransda dövlət qurumlarının, biznes və xidmət sahələri ilə məşğul olan şirkətlərin təmsilçiləri, Abu-Dabi, Soçi, Bəhreyn Qran-prilərinin yüksək vəzifəli nümayəndələri və jurnalistlər iştirak edirlər.
 
yap.org.az
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər