18px16px14px12px

Ölkəmizdə həyata keçirilən hüquqi və siyasi islahatlar davamlı bir prosesdir

 
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev
- Rövşən müəllim, məlum olduğu kimi, yerləşdiyimiz regionda olduqca mürəkkəb proseslər baş verir. Belə bir şəraitdə Azərbaycan regionda sabitləşdirici dövlət kimi əməkdaşlıq məkanı olaraq çıxış edir. Bölgədə təhlükəsizlik və əməkdaşlıq kontekstində Azərbaycanın rolunu necə dəyərləndirirsiniz?
- Bu il Azərbaycan Respublikası dövlət müstəqilliyinin bərpasının 25 illiyini qeyd etdi. Ötən illər ərzində Azərbaycanın keçdiyi inkişaf yolu, regionun lider dövlətinə, beynəlxalq birliyin sayılan, hörmət bəslənilən subyektinə çevrilməsi hamımız üçün qururvericidir. Amma bu yol heç də asan qət edilməyib, müstəqilliyimiz çətin sınaqlardan keçib. Dövlət olaraq əldə etdiyimiz nailiyyətlər bu günlər xatirəsini dərin ehtiramla yad etdiyimiz Ulu öndər Heydər Əliyevin tarixi xidmətlərinin nəticəsidir. Heydər Əliyev siyasəti hər zaman realist, milli maraqları təmin edən, eyni zamanda regional və beynəlxalq münasibətlərdə tarazlığı qoruyan siyasət olub. Bu gün Prezident İlham Əliyev tərəfindən bu siyasət uğurla davam etdirilir. Azərbaycan yerləşdiyi coğrafiyada, kifayət qədər mürəkkəb geosiyasi şəraitdə öz gücünə, potensialına arxalanaraq müstəqil siyasət yeridir. Eyni zamanda dünyada tərəfdaşlarımızın, bizə etimad bəsləyən ölkələrin sayı artır. Azərbaycanın 2012-2013-cü illərdə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasında yer alması da bunun göstəricisi idi. Sözsüz ki, bu uğurları gözü götürməyən qüvvələr də var.
 Müstəqilliyimizin ilk illərindən dünyadakı erməni lobbisi və Ermənistana havadarlıq edən qüvvələrin səyi ilə Azərbaycan əleyhinə kampaniya aparılır. Həmin kampaniya müxtəlif formalarda ayrı-ayrı beynəlxalq təşkilatlarda da özünü göstərir. Amma bu cəhdlər əbəsdir. Azərbaycan Prezidenti heç vaxt ölkənin gələcəyini, taleyini kənarda, xarici güclərdə, beynəlxalq dairələrin himayəsində axtarmır. Cənab Prezidentin qeyd etdiyi kimi, biz heç kimlə qarşıdurma siyasəti aparmaq niyyətində deyilik, amma lazım gəldikdə sözümüzü deyirik, maraqlarımızı müdafiə edirik.
Ölkəmizin beynəlxalq miqyasda mövqeyinin möhkəmlənməsində mühüm faktorlardan biri də dünyaya nümayiş etdirdiyi sülh siyasəti, sivilizasiyalararası dialoqa töhfəsidir. Azərbaycan əsrlər boyu fərqli mədəniyyətə, dini dünyagörüşünə malik insanların anlaşma içində yaşadığı ölkə olub və bu gün də bu dəyərlərə sadiqdir. Tolerantlıq və multikulturalizm Prezident İlham Əliyev tərəfindən həyata keçirilən dövlət siyasətinin mühüm istiqamətidir. 2016-cı ilin Azərbaycanda “Multikulturalim ili” elan olunması da bunun göstəricisidir.
Bu gün dünya qarşısında duran ən mühüm problemlərdən biri sivilizasiyalararası münasibətlərlə bağlıdır. Son illər Yaxın Şərqdə cərəyan edən qanlı toqquşmalar, bu regiondan on minlərlə insanın Avropaya köç etməsi bu münasibətləri də kəskinləşdirib. Belə bir şəraitdə Azərbaycanın tarixi təcrübəsindən qaynaqlanan sülhpərvərlik missiyası beynəlxalq miqyasda təqdirlə qarşılanır. Prezident İlham Əliyev tərəfindən irəli sürülən mədəniyyətlərarası dialoqla bağlı “Bakı Prosesi” təşəbbüsü artıq qlobal platformaya çevrilib. Bakıda ənənəvi olaraq dövlət başçısının himayəsi ilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu və Beynəlxalq Humanitar Forum keçirilir. Bu il aprelində Bakıda BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu təşkil olundu. Bütün bu tədbirlərə ev sahibliyi etməklə ölkəmiz dünyaya sülh, dialoq mesajı verir.
Azərbaycan Prezidentinin də vurğuladığı kimi, multikulturalizmin alternativi ayrı-seçkilikdir, irqçilik, davakar millətçilikdir. Biz tarixdə bu meyillərin hansı fəlakətlərə yol açdığını görmüşük. Bu gün də qonşuluqdakı monoetnik dövlətin timsalında bunu görürük. Ermənistan təcavüz siyasəti ilə özünü təcrid etmiş bir ölkə, gələcəyi üçün kənarda himayə axtaran vassal-dövlət kimi ad çıxarıb. Bu gün Ermənistan faktiki olaraq kriminal rejim, hərbi səhra komandanlığı səviyyəsində idarə olunur. Əhali ölkədən baş götürüb gedir. Ölkənin heç bir regional əməkdaşlıq müstəvisində yeri yoxdur. 2015-ci ildə formal olaraq qoşulduğu Avrasiya İqtisadi İttifaqında da yerini tapa bilmədi. Bunların müqabilində Azərbaycanın dünyaya açıq dövlət, regional əməkdaşlıq, qlobal dialoq məkanı olması bütün dünyaya nümunədir. Ölkəmizin təhlükəsizlik və əməkdaşlıq kontekstində rolu yüksək qiymətləndirilir.
- Son illər milli dövlətlərə qarşı çoxsaylı təhdidlər ortaya çıxıb. Azərbaycan müstəqil və uğurlu siyasəti ilə özünü bu cür təhdidlərdən qoruyur. Dövlətimizin öz təhlükəsizliyinin gücləndirilməsi çərçivəsində qanunvericilik bazasının gücləndirilməsi nə dərəcədə aktualdır?
- Azərbaycan istər beynəlxalq, istərsə də regional miqyasda bütün müstəvilərdə öz  mövqeyini, maraqlarını ardıcıl şəkildə müdafiə edir. Bu prinsipial siyasət sayəsində bizimlə hesablaşırlar, mövqe və maraqlarımıza hörmətlə yanaşırlar. Eyni zamanda, Azərbaycanın həyata keçirdiyi enerji layihələri regionda sabitliyə töhfədir. Ölkəmiz bu layihələrə dünyanın böyük güclərini, regionun əsas söz sahiblərini cəlb etməklə həm də uğurlu enerji diplomatiyası həyata keçirir, özünü mümkün təhdidlərdən qoruyur. Sözsüz ki, təhlükəsizlik geniş bir anlayışdır və onun qanunvericilik müstəvisində də təmin olunması böyük əhəmiyyət kəsb edir. Azərbaycanda qanunvericiliyinin bütün sahələrdə möhkəm bazası yaradılıb və ölkəmizin inkişafı, müxtəlif beynəlxalq konvensiyalara qoşulması, eləcə də dövrün, zamanın tələbi qanunvericiliyin daha da təkmilləşdirilməsini zəruri edir. O cümlədən son dövrlər dünyada, eləcə yerləşdiyimiz coğrafiyanın yaxınlığında beynəlxalq terrorçuluq, din pərdəsi altında ekstremizm cərəyanlarının genişlənməsi bu təhdidlərə qarşı qanuni tədbirlərin görülməsini aktuallaşdırır.
Cari ildə Milli Məclisdə dövlət sirrinin və hərbi sirlərin qorunması, təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, dini ekstremist fəaliyyətə, terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi və digər məsələlərlə bağlı qanunvericilik təşəbbüsləri gündəmə gəlib. Həmçinin  “Hərbi vəziyyət haqqında” 1994-cü ildə qəbul olunmuş qanunun yenilənməsi də bu kontekstdə dəyərləndirilməlidir. Azərbaycanın inkişaf etməsi, güclənməsi dostlarımızı sevindirdiyi kimi, bədxahlarımız üçün də göz dağıdır və dövlətin təhlükəsizliyi, təhdidlərin önlənməsi qanunvericilik müstəvisində də hər zaman diqqət mərkəzində olacaq.
- Bu il ölkəmizdə müxtəlif sahələr üzrə islahatların yeni mərhələsi başladı. Bu mənada həyata keçirilən hüquqi və siyasi islahatların əhəmiyyəti nədən ibarətdir?
- Hüquqi və siyasi islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinin, ölkənin ümumi inkişafının tərkib hissəsi kimi davamlı bir prosesdir. Bu baxımdan ötən illərdə ölkəmizin inkişaf mərhələləri bu sahədə də islahatlarla müşayiət olunub. Eləcə də son illər qlobal maliyyə-iqtisadi böhranı kimi xarakterizə olunan proseslər, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ölkəmizə də təsirsiz ötüşməyib. Ölkə başçısının rəhbərliyi altında iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun daha sürətli inkişafı və milli iqtisadiyyatın uzunmüddətli hədəfləri ilə bağlı yol xəritəsinin işlənib həyata keçirilməsi istiqamətində həm institusional, həm də praktik tədbirlər görülür. Həmçinin idarəçilik sisteminin, ayrı-ayrı sahələr üzrə dövlət və icra orqanlarının fəaliyyətinin optimallaşdırılması gündəmə gəlib. Bununla bağlı Prezident tərəfindən müvafiq fərman və sərəncamlar imzalanıb və bu proses qanunvericilik müstəvisində əksini tapacaq.
Eyni zamanda, bu il Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirildi. 2016-cı il 26 sentyabr referendum aktında Əsas Qanuna edilən dəyişikliklərin böyük qismi bilavasitə insan hüquq və azadlıqlarının qorunması ilə bağlıdır. Bu xüsusda Konstitusiyanın 24-cü maddəsinə insan ləyaqətinin qorunması və ona hörmət edilməsi, hüquqlardan sui-istifadəyə yol verilməməsi prinsiplərinin əlavə edilməsi; 25-ci maddəyə sağlamlıq imkanları məhdud olan şəxslərin hüquqlarının qorunması ilə bağlı müddəanın əlavə edilməsi; 32-ci maddədə şəxsi toxunulmazlıq hüququ, yəni fərdi məlumatların qorunmasına etibarlı təminat yaradılması; 36-cı maddıdə əmək müqaviləsi əsasında işləyən şəxslərin hüquqlarının müdafiəsi məqsədilə lokautun (müəssisənin bağlanması və kütləvi işdən çıxarma) qadağan edilməsi və digər dəyişiklikləri qeyd edə bilərik.
Konstitusiyaya dəyişikliklərin bir qismi də iqtisadi hüquqlarla bağlıdır. Mülkiyyət hüququ ilə bağlı sosial məsuliyyət ideyasının Konstitusiyaya daxil edilməsi, sahibkarlıq hüququ ilə bağlı təminatlar ölkəmizdə torpaqlardan səmərəli istifadə edilməsinə, azad sahibkarlığın inkişafının daha güclü təmin olunmasına xidmət edəcək.
Əsas Qanuna edilən dəyişikliklər həm də dövlət idarəçiliyi sistemini inkişaf etdirmək məqsədi daşıyır. O cümlədən vitse-prezidentlik institutunun yaradılması Azərbaycanda dövlət idarəetməsi sahəsində yeni və olduqca vacib hadisədir. Bu institut ölkəmizin yeni inkişaf mərhələsinə qədəm qoyduğu və əsaslı iqtisadi islahatların aparıldığı müasir dövrdə idarəetmə sistemində səmərəliliyin artırılması baxımından əhəmiyyətli olacaq.
- Rövşən müəllim, siz həmçinin «Azərbaycan Respublikası Dağlıq Qarabağın Azərbaycanlı İcması» İctimai Birliyinin İdarə Heyətinin üzvüsünüz. Regionumuz üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu münaqişənin həlli ilə əlaqədar beynəlxalq təşkilatların tutduğu mövqe ilə bağlı fikirlərinizi bilmək istərdik...
- Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının, Baş Assambleyasının, ATƏT-in, AŞPA-nın, İslam Əməkdaşlıq Təşkilatının, digər qurumların qəbul etdikləri qətnamələr, müxtəlif sənədlər var. Amma beynəlxalq təsisatların qəbul etdikləri qərarların icrasına nail olmaması, bu sahədə fəaliyyətsizliyi də bir gerçəkdir. Nəticədə  beynəlxalq hüququn təməl prinsiplərini manipulyasiya etmək tendensiyası artır, aqressiv separatizm, müstəqil ölkələrin suverenliyinə qəsd və digər meyillər güclənir. Ermənistan xalqların öz müqəddəratını təyinetmə hüququnu bəhanə edərək Azərbaycana qarşı müharibəyə başlayıb, ərazimizin 20 faizini işğal edib, 1 milyon insan yurd-yuvasından didərgin düşüb. Beynəlxalq birlik 20 ildən çoxdur ki, bunu sadəcə seyr edir. Ərazi bütövlüyü prinsipi beynəlxalq hüququn təməli, dünyada sülhün və sabitliyin təmin edilməsində başlıca prioritetdir. Təəssüf ki, müasir dünyada ikili standartlar bu prinsipin aşınmasına gətirir. Beynəlxalq təşkilatların seyrçi mövqeyi isə Ermənistanın bu cəzasızlıq mühitində aqressiv davranmasını təşviq edir.
Digər yandan, sülh prosesinə vasitəçilik edən ATƏT Minsk qrupunun həmsədri olan ölkələrdə erməni lobbisinin güclü olması bu dövlətlərin Dağlıq Qarabağ münaqişəsinə münasibətinə də təsirini göstərir. Münaqişədə təcavüzkarla təcavüzə məruz qalanın bərabər tutulması, işğal faktına adekvat qiymət verilməməsi, hər iki tərəfdən eyni dərəcədə kompromis gözlənilməsi beynəlxalq vasitəçilərin məsələyə qeyri-obyektiv baxışının göstəricisidir. Bu, Minsk qrupunun ədalətli vasitəçiliyinə olan inamı heçə endirir.  Bu yaxınlarda Prezident ABŞ dövlət katibinin Qarabağ münaqişəsində hər iki tərəfin kompromisə hazır olmaması barədə sözlərinə çox tutarlı cavab verdi. Prezident bildirdi ki, bu cür danışmaq ən azı insafsızlıqdır. Belə bəyanatların əsl mahiyyəti ondan ibarətdir ki, vasitəçilik missiyasını öz üzərinə götürmüş dövlətlər Ermənistana təzyiq etmək, işğal faktını aradan qaldırmaq istəmirlər.
Azərbaycan rəhbərliyi münaqişənin danışıqlar yolu ilə həllinə tərəfdar olduğunu dəfələrlə bəyan edib və bu istiqamətdə siyasi iradə və ardıcıl mövqe nümayiş etdirir. Amma Ermənistanın qeyri-konstruktivliyi və vasitəçilərin buna göz yumması bizi vadar edir ki, torpaqlarımızı işğaldan azad etmək üçün haqqımız olan başqa vasitələrə əl ataq. Bu ilin aprelində işğalçı tərəfin cəbhə törətdiyi təxribata cavab olaraq hərbi qüvvələrimizin bir neçə istiqamətdə irəliləyərək düşmənə sarsıdıcı zərbə endirməsi və strateji yüksəkləri ələ keçirməsi hər kəsə göstərdi ki, bu vasitə nə dərəcədə təsirli ola bilər. Bir vaxtlar Ermənistan kənardan aldığı dəstək sayəsində özünü Azərbaycandan üstün hiss edə bilərdi, amma bu, artıq keçmişdə qalıb. Azərbaycanın ordu hissələrinin qısamüddətli əks-hücumu Ermənistan ordusu və onların yaratdığı istehkamların keçilməz olduğu barədə mifləri dağıtdı.
Bu həmçinin Azərbaycanda ordu quruculuğu və hərbi-sənaye kompleksinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nə qədər düzgün olduğunu göstərdi. Prezidentin qeyd etdiyi kimi, biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Bunu hər kəs bilməlidir.
Bu, dövlətin imkanlarına, ordusunun qüdrətinə və xalqının dəstəyinə arxalanan güclü liderin mövqeyidir. Ermənistan da, onun havadarları da bu reallıqla bir gün hesablaşmalı olacaqlar.
Biz Dağlıq Qarabağa müstəqillik verilməsinə heç vaxt razı olmayacağıq və erməni tərəfi bunu çox gözəl bilir. Bununla belə, münaqişənin kompromis həll yolu var və erməni tərəf bu barədə düşünməlidir. Ermənistan 20 ildən çoxdur Azərbaycan ərazilərini işğal altında saxlayır, bu torpaqlarda hər şeyi talan edib. Bəs Ermənistan dövlət olaraq bu münaqişədən nə qazanıb? Firavanlığa qovuşubmu? Erməni cəmiyyəti rahat yaşaya bilirmi? Əlbəttə, yox. Azərbaycanla münasibətlər normallaşdırılmadan bu regionda inkişaf ola bilməz, onlar daim müəyyən təzyiq altında yaşayacaqlar, Çünki başqasının torpağını işğal edib və bu işğalçılığın cavabını bir gün alacaqlarını bilirlər.
- Ermənistan hakimiyyətinin bəyanatları münaqişənin sülh yolu ilə həllinə xidmət etmir. Erməni tərəfi Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında görüşlərin keçirilməsinə də mane olur. Bu barədə nə deyə bilərsiniz?   
- Bununla bağlı bir vacib məqamı əvvəllər də bildirmişəm, yenə qeyd etmək istəyirəm. Dağlıq Qarabağın azərbaycanlı icmasının erməni icması ilə dialoq qurmaq təşəbbüsləri sülh danışıqlarında iştirak etmək, bu prosesə hansısa şəkildə qoşulmaq demək deyil. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı sülh danışıqlarını ölkənin rəhbərliyi aparır. Bu münaqişənin tərəfləri Ermənistan və Azərbaycandır və ATƏT-in Minsk qrupunun mandatında da bu birmənalı şəkildə yazılıb.
Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması olaraq bizim dialoq təşəbbüslərimiz ərazilər işğaldan azad ediləndən sonra orada icmalararası münasibətlərin, vaxtilə mövcud olmuş dinc yanaşı yaşayışın bərpa edilməsi məqsədi daşıyır. Onu da deyim ki, Dağlıq Qarabağın erməni icması, əslində, görüşlərdən çəkinmir. Bu formatda görüşün qarşısını alan Ermənistanın rəsmiləridir. Ermənistan rəhbərliyi indiyədək daima kompromis addımlardan, konstruktiv danışıqlardan yayınmaq, prosesi müxtəlif bəhanələrlə dalana salmaq yolunu tutub.
Bundan fərqli olaraq, Azərbaycan rəhbərliyi, sülh prosesinə töhfə olacaq addımları dəstəkləyir. Bildiyiniz kimi, Dağlıq Qarabağın azərbaycanlı icmasının nümayəndə heyəti 2007 və 2009-cu illərdə ölkə rəhbərliyinin razılığı ilə Dağlıq Qarabağa və Ermənistana səfər etdi və Dağlıq Qarabağın erməni icması ilə görüşdü. Sonra Ermənistanın nümayəndə heyəti Bakıya səfər etdi. Əmin idik ki, Dağlıq Qarabağın erməni icması ilə görüşlərimiz daha geniş tərkibdə təşkil olunacaq. Lakin rəsmi Yerevan bu yöndə təşəbbüslərə qarşı çıxdı. Ermənistan rəhbərliyi bununla bir daha göstərir ki, erməni icmasının, öz əhalisinin və bütövlükdə Qafqazın təhlükəsizliyi haqqında düşünmək istəmir.
Bununla belə, Ermənistanda bu problemin ağırlığını da, onun regionda sülh və sabitliyə, xalqlararası münasibətlərə təsirini sağlam düşüncə ilə qiymətləndirən qüvvələr var. Bu il noyabrın 8-də Bakıda Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə təşkil edilmiş “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlanma perspektivləri. Ermənistan və Azərbaycandan baxış” adlı konfrans iki xalq arasında əlaqə yaradılmasında bir addım idi. Həmin konfransa Ermənistandan da tanınmış QHT təmsilçiləri qatılmışdı. “Dağlıq Qarabağın Azərbaycanlı İcması» İctimai Birliyinin İdarə Heyətinin üzvü kimi həmin tədbirdə mən də çıxış etdim. Konfransda hər iki tərəfdən çıxışlarda belə bir ümumi fikir ifadə olundu ki, öz xalqlarının taleyinə biganə olmayan, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin reallıqlarını anlayan və deməli, qarşı tərəfi də dinləməyə, onu başa düşməyə, onunla ünsiyyət saxlamağa hazır olan hər kəs bu prosesə öz töhfəsini verməlidir. Erməni nümayəndələrinin çıxışlarında Ermənistandakı mövcud hakimiyyətin, Sarkisyan rejiminin münaqişənin sülh yolu ilə nizamlanmasında maraqlı olmadığı da qeyd olundu ki, bu da mühüm məqamdır. Çünki Sarkisyan qruplaşması təkcə Azərbaycanın ərazilərini deyil, Ermənistanın siyasi arenasını da uzun illərdir işğal edib və Ermənistan əhalisi bunun ağır nəticələrini hiss etməkdədir.
Görüşün leytmotivi belə bir tezis idi ki, iki qonşu dövlətin əsas probleminin həlli ilə təkcə hökumətlər deyil, xalqlar da məşğul olmalıdır. Konfransın nəticəsi olaraq yaradılan “Sülh üçün platforma” da buna xidmət edir və gələcək dialoq addımları üçün zəmin ola bilər. Onu da deyim ki, Bakıda keçirilən bu konfrans beynəlxalq kütləvi informasiya vasitələrində də rezonans doğurub. Bolqarıstan, Yunanıstan, eləcə də Rusiya mediası bu barədə informasiya və təhlili yazılar dərc edib. Həmin yazılarda belə bir fikir də vurğulanır ki, Ermənistan və Azərbaycan ictimai xadimlərinin iştirakı ilə yaradılan platforma iki xalq arasında sülhün əldə olunmasının, dinc yanaşı yaşamağın mümkünlüyünü göstərir. Ümid edək ki, erməni cəmiyyətində sağlam düşüncə, nəhayət, davakar millətçilik xəttinə üstün gələcək və bu təşəbbüslər yaşadığımız regionda uzunmüddətli sülhün bərqərar olmasına real zəmin yaradacaq.
 
yap.org.az
 
SES QEZETI


Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər