18px16px14px12px

İslahatların yeni mərhələsi ölkəmizin gələcək inkişafını təmin edən əsas faktorlardan biridir

 
Milli Məclisin deputatı Nəriman Əliyev
- Nəriman müəllim, bu gün Azərbaycan regionun lider dövləti, dünyada böyük nüfuza sahib olan ölkələrdən biridir. Qazanılan  bu uğurları hansı amillərlə izah edərdiniz?
- Bildiyiniz kimi, Azərbaycan son illər sürətlə inkişaf edib və bunun nəticəsində də həyatın bütün sahələrində ciddi dəyişikliklər müşahidə olunur. Təbii ki, qazanılan nailiyyətlərin əsasında ölkəmizdə həyata keçirilən uğurlu siyasət dayanır. Müstəqilliyini 25 il əvvəl bərpa etmiş Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bazar iqtisadiyyatı üçün səciyyəvi qanunvericilik bazası yaradılıb, iqtisadiyyatda mülkiyyətin çoxnövlülüyü təmin olunub, bazar institutları formalaşdırılıb. Yeni inkişaf mərhələsinin məqsədi, ilk növbədə, xarici və daxili sosial-iqtisadi çağırışları qarşılaya biləcək rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli, səmərəli, innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılmasıdır. Bu isə, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi kimi, iqtisadiyyatın modernləşdirilməsi siyasəti vasitəsilə mümkün olmuşdur.
Prezident İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiyadan qaynaqlanan, reallıqları nəzərə alan məqsədyönlü, çevik sosial-iqtisadi siyasəti nəticəsində iqtisadi çağırışlara dayanıqlılığı ilə seçilən və ölkəni regionun həm də iqtisadi liderinə çevirən milli iqtisadi inkişaf modeli formalaşıb. Bu modelin reallaşdırılmasının nəticəsidir ki, oturuşmuş iqtisadi sistem yaradılıb, makroiqtisadi sabitlik təmin edilib. Bu reallıq cəmiyyətimiz tərəfindən qəbul edilir. Ölkəmizdə aparılan siyasət, həyata keçirilən islahatlar, regionların sosial-iqtisadi inkişafı proqramı inkişaf dinamikasını daha da sürətləndirir. Ümumilikdə, aparılan düşünülmüş və çevik siyasət inkişaf proseslərinə yüksək dinamizm verib, Azərbaycan iqtisadiyyatının miqyası 2003-cü illə müqayisədə dəfələrlə böyüyüb, keyfiyyətcə yeni mərhələyə yüksəlib.
Əldə olunan uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə məntiqi ardıcıllıqla aparılan islahatlar əsasında iqtisadiyyatın qlobal çağırışlara yüksək dayanıqlılıq nümayiş etdirməsinin, əhalinin sosial rifahının yüksəlməsinin və milli təhlükəsizlik potensialının güclənməsinin əyani sübutudur.
Ulu öndər Heydər Əliyev tərəfindən uzaqgörənliklə müəyyən edilmiş neft strategiyasının icrası və Azərbaycanın enerji təhlükəsizliyinin təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb.
Bilirsiniz ki, hazırda dünyada mürəkkəb qlobal proseslər baş verir və dünyada iqtisadi-maliyyə böhranı hökm sürür. Təbii ki, Azərbaycan dünyanın bir parçası olduğu üçün bu proseslər ölkəmizdən də yan ötmür. Amma Prezident İlham Əliyevin düşünülmüş siyasəti nətiəsində böhran minimum səviyyədə iqtisadiyyatımıza təsir edib. Hazırda dövlət başçısının rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsi həyata keçirilir ki, bu da gələcək inkişafımızı təmin edən əsas faktorlardan biridir.
- İqtisadi inkişafın fonunda ölkəmizdə sahibkarlığın inkişafına və sahibkarlara dövlət qayğısını necə dəyərləndirirsiniz?
- Əlbəttə ki, ölkəmizdə sahibkarlığın, kiçik və orta biznesin inkişafına xüsusi önəm verilir. Azərbaycanda biznes mühitinin təkmilləşdirilməsi və sahibkarlığın inkişafına dövlət dəstəyinin artırılması ümumilikdə ölkəmizin tərəqqisində və sosial sahənin dirçəlişində mühüm rol oynayıb. Sahibkarlıq bölməsinin inkişafı Azərbaycanda liberal iqtisadiyyatın yaranmasına və orta təbəqənin formalaşmasına təkan verib. Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyən edilmiş və Onun rəhbərliyi ilə uğurla həyata keçirilmiş sahibkarlığın inkişafı strategiyası nəinki ölkəmizin dirçəlişində müstəsna rol oynayıb, hətta bir model kimi keçid iqtisadiyyatlı ölkələrin iqtisadi inkişafı üçün nümunə kimi qəbul edilib. Prezident İlham Əliyevin rəhbərliyi dövründə isə bu sahə keyfiyyət baxımından zənginləşib.
Orta təbəqənin formalaşması, ilk növbədə, kiçik və orta sahibkarlıq sektorunun inkişafı ilə bağlıdır. Son illər hökumətin ölkədə özəl bölmənin inkişafına diqqət və qayğısının gücləndirilməsi sahibkarlıq
sektorunda çalışanların həyatına ciddi təsir göstərib. Sahibkarlığa dövlətin maliyyə dəstəyinin gücləndirilməsi, onların təklif etdiyi investisiya layihələrinin güzəştli qaydada maliyyələşdirilməsi əvvəlki illərdə olduğu kimi, bu il də davam etdirilməkdədir. Onların kredit resursları ilə təmin edilməsində Sahibkarlığa Kömək Milli Fondu başlıca maliyyə mənbələrindən birinə çevrilib. İş ondadır ki, hökumət əsasən, bölgələrdə fəaliyyət göstərən sahibkarların təqdim etdiyi layihələri maliyyələşdirməyə üstünlük verir. Bunun nəticəsidir ki, indiyədək maliyyələşdirilən layihələrin 80 faizi məhz regionların payına düşür, əsasən kənd təsərrüfatına diqqət yönəlir. Bundan başqa, aparılan siyasətin başlıca hədəfi daha çox istehsal sahələrini nəzərdə tutan layihələri maliyyələşdirməkdən ibarətdir. Ötən dövr ərzində sahibkarlara verilən vəsaitin mütləq hissəsi istehsal və emalyönümlü olub. Bütün bunların nəticəsində də bölgələrdə xeyli sayda iş yerləri açılıb.
Azərbaycanda güclü sahibkarlar ordusunun yaranması dövlət başçısının həmişə diqqət mərkəzində olub və Prezident sahibkarlara öz siyasi dəstəyini bəyan edib. Yerli istehsalın inkişafı, ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə ölkə Prezidenti sahibkarlığa daha böyük diqqət ayrılmasını zəruri hesab edir. Bu məqsədlə son illər sahibkarlığın inkişafı məsqsədilə dövlət başçısı tərəfindən müvafiq qərarlar qəbul olunub, eləcə də qanunvericilik bazası təkmilləşdirilib. Lisenziyaların sadələşdirilməsi, əsassız yoxlamaların qarşısının alınması yönündə atılan addımlar da bunu sübut edir.
- Nəriman müəllim, Azərbaycanda sosialyönümlü inkişafa böyük üstünlük verilir. Yəni, atılan addımlar birbaşa vətəndaşların sosial rifahının yüksəlişinə xidmət göstərir. Bu, dövlətin siyasətinin mərkəzində insan, vətəndaş faktorunun dayanmasını deməyə əsas verirmi?
- Həqiqətən də, inkişafın Azərbaycan modelinin əsas xüsusiyyətlərindən biri də sosialyönümlülüyün üstünlük təşkil etməsidir. Ümumiyyətlə isə, müasir dövrdə sosial ədalət meyarını rəhbər tutan hər bir dövlətin qarşıya qoyduğu ən ali məqsəd vətəndaş amilinin tərəqqisi, insanlar üçün maksimum firavan yaşayış şəraitinin təmin edilməsidir. 2017-ci ilin dövlət büdcəsində sosialyönülmü vəsaitlərin 40 faizdən çox nəzərdə tutulması da bu faktı bir daha təsdiqləyir.
Ümumiyyətlə, inkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilib. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması, qeyri-neft sektorunun inkişaf etdirilməsi; hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması, çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi, sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması, yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar. Azərbaycan dövlətinin uğurları bir daha sübut edir ki, hər ölkə irəliyə getmək üçün öz yolunu seçməlidir. Bu seçim, ilk növbədə, elmi əsaslara söykənməlidir. Bu axtarış həyatın təbii hökmü ilə, elmi əsaslarla olmalıdır. İslahatdan sonra dövlətin iqtisadi qüdrəti artmalı, xalqın rifahı yaxşılaşmalıdır. İnkaredilməz həqiqət belədir ki, liberalizmi fetişləşdirməyərək, ona çox ustalıqla, təmkinlə yanaşan Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə etmiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilib.
- Nəriman müəllim, 2016-ci il dövlət başçısı tərəfindən «Multikulturalizm ili» elan olunub. «Multikulturalizm ili» çərçivəsində indiyə qədər çoxsaylı tədbirlər həyata keçirilib. Bütün bunların əhəmiyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan dünyada multikultural dəyərlərin qorunması, təbliği və inkişaf etdirilməsi nümunəsi ilə tanınır. Azərbaycan bu gün çoxmillətli, tolerant bir ölkədir. Çox sevindirici haldır ki, bu nümunəsi ilə ölkəmiz dünyaya sülhü təbliğ edir. Bu gün cəmiyyətimizdə bütün din mənsubları, müxtəlif mədəniyyətlərə sahib insanlar rahat şəkildə yaşayır və fəaliyyət göstərirlər.
Ölkəmizdə tarixi ənənəyə söykənən və uzun əsrlik tolerantlıq mühiti formalaşıb. Bunun nəticəsidir ki, Azərbaycanda yaşayan hər bir xalqın nümayəndəsi özünü azad və firavan hiss edir. Azərbaycanda azsaylı xalqların hüquqları hər zaman qorunub və onlara ana dilini, mədəniyyətini, dinini yaşatmaq üçün şərait yaradılıb. Ona görə də Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, ictimai fikrinin formalaşmasında, eləcə də ölkəmizin ərazi bütövlüyünün qorunmasında digər xalqların nümayəndələri də örnək ola biləcək vətənpərvərlik nümayiş etdirə biliblər. Başqa xalqların, dinlərin nümayəndələri Azərbaycanı öz vətəni hesab etməsəydi və burada özünü azad, sərbəst hiss etməsəydi, respublikamızın müdafiəsinə qalxmazdılar.
Multikulturalizm həm Azərbaycanda, həmçinin bütövlükdə dünyada müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların dövlətlərin milli mədəniyyətinə inteqrasiyasına yönəldilib. Multikulturalizm tolerantlığın təcəssümüdür ki, onsuz humanizm, yüksək fərdi və beynəlxalq münasibətlər mədəniyyəti, insanlar arasında qarşılıqlı anlaşma, qarşılıqlı zənginləşmə, dostluq və əməkdaşlıq mümkün deyil.
Hazırda Azərbaycanda mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi ölkəmizin xarici imicini formalaşdırır və eyni zamanda, bir vizit kartı rolunu oynayır. Prezident İlham Əliyevin bu sahədə apardığı uğurlu siyasət nəticəsində Azərbaycan yüksək mədəniyyətə malik olan və tolerant dövlət kimi dünyada tanınır. Hər il Azərbaycanın müxtəlif humanitar sahələrdə təşkil etdiyi beynəlxalq toplantılar, konfranslar, tədbirlər bunun daha bir sübutudur.
Azərbaycan multikulturalizmi yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə öz səmərəli nəticələri ilə insanlara sülh, əmin-amanlıq, qarşılıqlı hörmət bəxş etməyə yönəldilib. Bir sözlə, Azərbaycan bu sahədə dünyaya örnək bir dövlət kimi özünü təsdiqləyə bilib. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib.
 
yap.org.az
SES QEZETI


Xəbər lenti

17.03.2017

16.03.2017

15.03.2017

14.03.2017

Çox oxunan xəbərlər