18px16px14px12px

"Nifrətin 25 illik tarixi var"

Niyaməddin Orduxanlı: "Cəmil Həsənli artıq Əli Kərimlinin bir şöbə müdiri vəzifəsində çalışdığını təsdiq edib"
 
Müsahibimiz BAXCP sədrinin müavini Niyaməddin Orduxanlıdır
 
- Niyaməddin bəy, AXCP ilə Müsavat arasında düşmənçilik münasibətləri həm də Arif Hacılı, İsa Qəmbər, Əli Kərimli və Cəmil Həsənli qarşıdurması kimi qiymətləndirmək olarmı?
 
- Bu məsələdə ayrı-seçkilik qoyulmur. Çünki C. Həsənli artıq Ə.Kərimlinin bir şöbə müdiri vəzifəsində çalışdığını təsdiq edib. Yəni sanki C.Həsənli bütün açıqlamalarını və mesajlarını Ə.Kərimlidən alır və Ə.Kərimlinin tapşırıqlarını icra edir. C.Həsənli Milli Məclisə deputat seçilməyəndən sonra bu şəxs sanki hakimiyyətə acıq vermək üçün bir zamanlar onu partiyadan qovan, aşağılayan Ə.Kərimlinin yanında yer aldı. Ə.Kərimli də bilərəkdən onu özünün işçisi kimi təqdim edir və C.Həsənli də Ə.Kərimlinin bütün tapşırıqlarını icra edir.
 
- Eyni məsələni İ.Qəmbərlə A.Hacılıya da şamil etmək olarmı?
 
- Əlbəttə, Müsavat partiyasına A.Hacılının başqan seçilməsində İ. Qəmbərin mənəvi dəstəyi və onun razılığı olub. Yəni İ. Qəmbər heç başqan otağını belə tərk etməyib. Bir sözlə, bir formal olaraq, yəni "demokratik" don geyindirmək üçün "Müsavat partiyasında demokratiya hökm sürür" görüntüsünü yaratmaq üçün A.Hacılı İ.Qəmbərin dəstəyi ilə başqan seçilib. Bu baxımdan da, Ə.Kərimliyə yaxın C. Həsənlidir, İ.Qəmbərə də yaxın A.Hacılıdır. Ona görə də, bunlar arasında olan intriqa münasibətləri nifrət səviyyəsindədir. Uzun müddətdir Müsavat partiyası ilə Ə.Kərimli arasında, İ.Qəmbərlə Ə.Kərimli arasında münasibətlər patoloji nifrət səviyyəsindədir. Yəni bu iki şəxs arasında olan nifrətin 25 illik tarixi var. İnandırıcı deyil ki, bu dünyada onlar arasında hər hansı bir münasibət yaransın, dostluq olsun və intriqa bitsin. Bir sözlə, qiyamətə qədər AXCP və Müsavat arasında olan düşmənçilik davam edəcək.
 
- Aksiyalar keçirmək iddiası ilə çıxış edilməsinə baxmayaraq, AXCP və Müsavat yenə də ortaq məxrəcə gələ bilmirlər. Bu baxımdan, demək olarmı aksiyalar müxalifətin birliyinə deyil, parçalanmasına gətirib çıxaracaq?
 
- Uzun müddətdir ki, bunlar bir-birinə nifrət edirlər. Yəni Ə.Kərimli heç bir halda istəmir ki, müxalifətin radikal qanadının ikinci bir güclü görünüşü olan bir partiya mövcud olsun. Demək olar ki, Ə.Kərimli uzun müddətdir ki, özünü radikal müxalifətin vahid lideri kimi təqdim edir. Axı İ.Qəmbər buna maneçilik törədir. Yəni bu birgəlik olsa, o deməkdir ki, beynəlxalq təşkilatlar qəbul edəcək ki, sanki Ə.Kərimli tək deyil, İ.Qəmbər və yaxud da İ.Qəmbər tək deyil, Ə.Kərimli də var.
 
- Bu baxımdan, demək olarmı ki, rəqabətə görə, bu şəxslər bir araya gələ bilmirlər?
 
- Yalnız radikal müxalifət o halda bir araya gələ bilir ki, ölkədə seçki keçirilən zaman həmin ərəfədə beynəlxalq təşkilatların tapşırığı və onların göstərişi əsasında seçki müddətində bunlar birgə fəaliyyət göstərə bilirlər. Seçki bitəndən dərhal sonra hər iki tərəf bir-birini qarşı yenə ittihamlar, təhqirlər və satqınlıqda ittihamlar irəli sürərək, nifrət püskürürlər. Yəni seçkilərə, hələ ki, iki il var. Bu iki il ərzində AXCP ilə Müsavatın birgə fəaliyyət göstərməsi qeyri-mümkündür. Çünki AXCP ilə Müsavatın birgə fəaliyyət göstərməsi o halda mümkün ola bilir ki, 2018-ci ildə seçki yenə də beynəlxalq təşkilatların təsiri ilə bir arada fəaliyyət göstərə bilərlər.
GÜLYANƏ
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər