18px16px14px12px

Azərbaycan möhkəm təməl üzərində zirvələri fəth edir

 
YAP İdarə Heyətinin üzvü,YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva
- Nurlana xanım, hər bir ölkənin inkişafında elmin, təhsilin rolu inkaredilməzdir. Təsadüfi deyil ki, təhsil millətin gələcəyi kimi dəyərləndirilir. Bu mənada, rəhbərlik etdiyiniz Bakı SlavyanUniversitetinin 70 illik fəaliyyətinə nəzər saldıqda onun dünəni, bu günü və gələcəyi barədə, həmçinin Azərbaycan təhsilinin inkişafında rolu haqqında nə deyə bilərsiniz?
- Hər bir ali təhsil müəssisəsinin fəaliyyətinin əhəmiyyəti, səmərəliliyi onun xalqın xidmətində nə dərəcədə dayanması – elmin, təhsilin inkişafına hansı səviyyədə töhfə verməsi ilə ölçülür. Əlbəttə, rəhbərlik etdiyim Bakı Slavyan Universitetinin timsalında deyə bilərəm ki, 70 illik yol bir ali təhsil ocağının səmərəli fəaliyyəti, milli inkişafa xidmət etməsi baxımından heç də az müddəti əhatə etmir. Məlumdur ki, Bakı Slavyan Universiteti bu ölkənin, millətin, xalqın ağır dövründə  yaranıb.  Böyük Vətən müharibəsindən sonrakı dövrü bir anlıq gözümüz önünə gətirsək, ölkənin nə dərəcədə ağır durumda olduğunu xatırlamış olarıq. Böyük Vətən müharibəsindən sonra  Azəərbaycanın yaşadığı digər problemlərlə barabər, maarifləndirmə işinə böyük ehtiyac yaranmışdı. Bu ehtiyacı ödəmək üçün ölkədə rus dilinin  tədrisi məsələsi gündəmə gətirilmişdi.  Orta ümumtəhsil məktəblərini rus dili müəllimləri ilə təmin etmək üçün bugünkü  Bakı Slavyan Universiteti o zaman  iki illik M.F.Axundov  adına Rus Dili və Ədəbiyyatı  İnstitutu kimi  yaradıldı.  Sonralar  4, daha sonra 5 illik  universitiet kimi fəaliyyət göstərdi.
1991-ci ildə SSRİ-nin süqutundan sonra yeni situasiya ortaya çıxdı. Onu da deyim ki, 1990-cı ilin 20 Yanvar hadisələrində  ittifaqın əsl siması göründü, işğalçı mövqeyi bəlli oldu. Həmin illərdə indiki Slavyan Universiteti ( o vaxtkı Rus dili və Ədəbiyyatı İnstitutu) bir təhsil müəssisəsi kimi öz əhəmiyyətini itirməyə başladı. 1993-cü ildən sonra universitetin bir müəllimi Ulu öndər Heydər Əliyevə məktub  ünvanlamışdı ki, Çexiyadan, Slovakiyadan, Polşadan  tələbələr rus dilini öyrənmək üçün bizə  müraciət edirlər. Ulu öndər  Heydər Əliyev M.F.Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında Bakı Slavyan Universitetinin yaradılması ilə bağlı Sərəncam imzaladı. Bu Sərəncam  İnstitutu tamamilə kökündən dəyişdi, ona yeni bir ruh, istiqamət, stimul  verdi. Həmin illərdən bəri Bakı Slavyan Universitetinin nəzdində müxtəlif mərkəzlər yaradıldı. Hazırda 11 Tədris Mərkəzi fəaliyyət göstərir ki,  bu mərkəzlərin ətrafında  300-ə yaxın  əcnəbi tələbə toplanıb. Artıq  həmin ölkələrin universitetləri ilə universitetimiz arasında çox sıx əlaqələr mövcuddur. Universitetdə 6 əcnəbi müəllim fənn tədris edir.  Bizim də əməkdaşlarımız  xarici ölkələrin universitetlərində fəaliyyət göstərirlər. Bu əlaqələrin yüksək səviyyədə qurulması tələbələrin biliklərə dərindən yiyələnmələrinə də öz müsbət təsirini göstərir. Həmin ölkələrin tələbələri, müəllimləri ilə birgə müştərək jurnallar, kitablar nəşr olunur, konfranslar təşkil edilir.   Universitetimizin əməkdaşları bir neçə qrant layihəsinin qalibləri olublar. Hazırda bu ali təhsil ocağına  maraq daha da artıb. Bu yaxınlarda  universitetimizdə olan Polşanın, Rusiyanın,  Çexiyanın, Slovakiyanın, Belarusun, Ukraynanın səfirləri tələbə-müəllim mübadiləsinin genişləndirilməsi ilə bağlı fikirlərini açıqladılar. Biz də əməkdaşlığın tərəfdarı olduğumuzu bildirdik.  
Beləliklə, 70 illik fəaliyyəti Bakı Slavyan Universitetini bugünkü uğurlara gətirib çıxardı. Universitetə təyinatımdan artıq  5 ay keçib. Bu dövr ərzində ən önəmli  hadisə o olub ki, V Beynəlxalq Humanitar Foruma qatılan   müxtəlif ölkələrdən nümayəndə heyətləri arasında Bakı Slavyan Universitetinə maraq göstərənlər də çox oldu. ABŞ, Almaniya, Polşa, Paraqvay və digər ölkələrin nümayəndələri bizimlə əməkdaşlıqda maraqlı olduqların bildirdilər.  Bu ölkələrin nüfuzlu mətbu orqanlarında  Bakı Slavyan Universtieti ilə  bağlı məqalələr dərc olundu. Təbii ki, bu, universtitetimizin bugünkü nüfuzuna, əlaqələrimizin inkişaf səviyyəsinə işıq saldı.  
Bakı Slavyan Universitetinin  70 illik yubileyinə müxtəlif ölkələrin, xüsusilə bizdə mədəniyyət mərkəzləri fəaliyyət göstərən  ölkələrin nümayəndələrini dəvət etmişdik. Bu yubileyi böyük ruh yüksəkliyi, məsuliyyətlə  keçirməyi qarşımıza məqsəd qoymuşduq. Çünki bu tədbir Bakı Slavyan Universitetinin dünəninə bir baxış,  gələcək planlarının müəyyənləşdirilməsi üçün bir mənbə olmalıydı.
Təbii ki, məhdud  çərçivədə keçilən 70 illik  yolun geniş təhlilini vermək qeyri-mümkündür. 70 il dünənimiz, bu günümüz və gələcəyimizin əsasıdır. Bu reallığı unutmayaq ki, inkişaf üçün məqsəd, yeni-yeni hədəflər önəmlidir. Bakı Slavyan Universiteti bugünkü uğurlara doğru  addım-addım irəliləyib.  Məqsəd ölkəmizin bugünkü çoxsaylı ali təhsil ocaqları arasında  özəlliyi qorumaq, yüksək ixtisaslı tələbələr yetişdirməklə inkişaf etmiş ölkələr sırasında addımlamaq hədəfini qarşıya qoyan Azərbaycanın davamlı uğurlarına töhfə verməkdir. Təbii ki, bu istəyimizə necə nail olmuşuq və olacağıq, bunu universitetin məzunları, bu gün müxtəlif sahələrdə çalışan mütəxəssislərimiz söyləyə bilərlər.
- Bakı Slavyan Universitetinə daxil olarkən foyedə diqqət çəkən çağırışlar, düşünürük ki, həm müəllim,  həm də tələbə heyətinin qarşısında böyük məsuliyyət  qoyur. Necə deyərlər, uğurlu başlanğıc davamlı uğurlar üçün stimuldur…
- Universitetin foyesində Ulu öndər Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin elm, təhsil və biliklə bağlı fikirləri öz əksini tapıb. Qeyd olunduğu kimi, dünyada bütün qlobal  məsələlərin həllində təhsilin, biliyin rolu inkaredilməzdir. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2011-ci ildə Gənclərin VI Forumunun iştirakçılarına təbrik  məktubunda söylədiyi bu fikirləri xatırlatmaq istərdim: «Gənclərimizin əksəriyyəti böyük qürur hissi ilə deyə bilərlər ki, onlar artıq müstəqillik illərində formalaşmış nəslə mənsubdurlar. Azərbaycançılıq məfkurəsi ruhunda tərbiyə almış bu nəsil dövlətimizin iqtisadi və mədəni inkişafında mühüm rol oynayaraq ildən-ilə potensialının gerçəkləşdirilməsi üçün daha geniş imkanlar əldə edir.» Bəli, informasiya cəmiyyətinin bərqərar olması ilə əlaqəli proseslər sübut edir ki, müasirlik, yüksək keyfiyyətli təhsil və işgüzarlıq olan yerdə gəncliyə xas yenilikçi düşüncə sivilizasiyanın bütövlükdə simasını dəyişdirə bilər. Məhz bu keyfiyyətlərə söykənərək belə bir inam ifadə olunur ki,  hazırda müasir dünyada qarşılaşdığımız bir çox problemlərin həlli məhz gəncliyin tükənməz enerjisi və qətiyyəti sayəsində həllini tapacaq.
Ümumiyyətlə,  ölkəmizdə təhsilin səviyyəsi gündən-günə yüksəlir. Təhsilin səviyyəsinin  zirvəsi yoxdur. Çünki o elə bir prosesdir ki, yeniləşdikcə yeni məsələlər, metodlar, formalar, qanunlar meydana çıxır. Ona görə də deyə bilmərik ki, təhsil özünün ən yüksək zirvəsini fəth edib. Dünya təhsil sisteminin ən gözəl ənənələri Azərbaycanda tətbiq olunur. Bu gün bütün dünyanı  bir-birinə yaxınlaşdıran, okeanın o tayında baş verən  hadisələri bir anın içində  Azərbaycana «gətirən» virtual aləm, sosial şəbəkələr bu gün təhsildə öz  mövqeyini tutub. Yeni texnologiyalardan,  kompyuterlərdən, linqafon sistemindən yüksək səviyyədə istifadə olunur. Azərbaycanda  elə universitetlər var ki, elektron sistemə   keçib. Bu, o deməkdir ki, hər bir addım texniki təchizat vasitələri ilə həyata keçirilir. Bu gün Bakı Slavyan Universitetində gedən proses ölkədəki  təhsil prosesinin yeniliklərindən təcrid olunmayıb. Həmin  yeniliklərdən də istifadə edərək fəaliyyət göstəririk. Bu gün  universitetin tədris auditoriyaları texniki  vasitələrlə  təchiz edilib. Müəllimlərimiz yeni texnologiyalardan istifadə etmək üçün  kurslar keçib, sertifikatlar alıblar.  Bu gün Baloniya prosesinin kredit sistemi universitietdə uğurla tətbiq olunur.  Bir sözlə, tələbələrin təhsillərini lazımi səviyyədə davam etdirmələri  üçün hər cür şərait mövcuddur.  Hazırda bizim bir çox ali təhsil ocaqlarımızın adı   dünyanın nüfuzlu  universitetlərinin sırasında   çəkilir. Çalışırıq ki,  Bakı Slavyan Universiteti də  həmin reytinqə daxil olsun. Universitetdə yüksək  səviyyədə tədris prosesi həyata keçirilir. Ənənəvi dərslərdən uzaqlaşmaq, qeyri-ənənəvi dərsləri tətbiq etmək istiqamətində addımlar atılır.  Tələbələrimizin təhsili ilə bağlı qeydiyyatımız vardır. Təbii ki, bu qeydlərimiz onlara yüksək təhsil vermək istəyimizdən irəli gəlir. İslahatlar aparılır.  Bu yaxınlarda dekanlıqlar dəyişdirildi. Yaxın zamanlarda bu islahatlar  kafedralarda aparılacaq.  
Bütün bunlar  ondan xəbər verir ki,  təhsil dövlətin siyasətində prioritetdlir. O ölkələrin ki, təhsili inkişaf edir, orada  cəmiyyətin özü də  inkişaf edir. Təhsil inkişaf etməsə, dövlətin inkişafından danışmaq qeyri-mümkündür.  Çünki bütün inkişafı labüd edən  yüksək  səviyyəyə sahib, kamil insandır. O insan Azərbaycan təhsilində, universtitlərimizdə  yetişir. Dövlət də hər bir gəncin inkişafının qayğısına qalır. Bu istiqamətdə nə qədər fərman və sərəncamlar imzalanıb, Dövlət Proqamları təsdiqlənib. Gənclərimiz xarici ölkələrdə təhsil alırlar. O da məlumdur ki, universitetlərdə  gənclərə stimul olaraq   müxtəlif səviyyəli tədbirlər gerçəkləşdirilir.  Ən yaxşı göstəricilər əldə edən tələbələr seçilir. Onların böyük auditoriya qarşısına çıxarılması və təqdimatının keçirilməsi  təbii ki, böyük stimuldur. Azərbaycan universitetlərinin  maddi-texniki bazasının modernləşdirilməsi prosesi aparılır.  Bizim universitetimizdə də  həmin proseslər həyata keçirilir.  Çalışırıq ki, müasir təchizatdan geri qalmayaq. Elmi-tədqiqat işlərində  geniş modernləşdirmə siyasəti aparılır.
Bakı Slavyan Universitetinin  həm saytı yenilənib, həm də inkişaf konsepsiyası hazırlanıb. Bu konsepsiyaya uyğun olaraq həyata keçirilən və keçiriləcək tədbirlər universitetimizin ən yaxşı ali təhsil ocaqları sırasına daxil olmasına, yüksək səviyyəli  tədris və elm mərkəzinə çevrilməsinə  yol açacaq.
- Nurlana xanım, 25 illik müstəqillik tarixinə malik olan Azərbaycanın bu gününü müstəqilliyimizin ilk illəri ilə müqayisə etdikdə sizdə  hansı qənaət formalaşır?
- Müstəqilliyimizin ilk illərində yaşananlar tariximizin bir səhifəsidir. Təbii ki, 25 ilə nəzər salanda, bu səhifəni oxumamaq, onu vərəqləməmək mümkün deyil.   1993-cü ildə Ulu öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdanda Azərbaycan uçurum qarşısında idi. Müstəqilliyini itirmək, bir dövlət olaraq dünyanın siyasi xəritəsindən silinmək təhlükəsini yaşayırdı. Tarixi paralellər aparsaq, bu faktı da qeyd etməliyik ki, Ümummilli lider  Heydər Əliyev hakimiyyətinin birinci dövründə də Azərbaycan üçün çox böyük işlər görmüşdür. Azərbaycanın strateji əhəmiyyət kəsb edən obyektlərini yaratmışdır. Ölkə ziyalılarına böyük qiymət vermişdir.  Azərbaycanın dünya iqtisadiyyatında yerini müəyyənləşdirməkdən ötrü  yeni metod və üsullar  axtarmışdır. Ulu öndər  Heydər  Əliyev dünya siyasətində Öz yeri və rolu olan bir şəxsiyyət idi. İkinci dəfə hakimiyyətə qayıdanda Azərbaycan  çox çətin durumda idi. Ölkəmizi o dövrün çətinliklərindən   xilas edə biləcək şəxs yalnız Heydər Əliyev idi.  Olkədə separatizm baş qaldırmışdır. Vətəndaş müharibəsi yaşanırdı.  Ayrı-ayrı qruplar formalaşmışdı.  Həmin qruplar öz  maraqlarına uyğun olaraq  silahlanmışdı.  Ordumuz yox vəziyyətində idi. Bir tərəfdən   Ermənistanın işağlçılıq siyasəti, digər bir  tərəfdən də ölkədaxili vəziyyət xalqın sabaha ümidini itirmişdi. Belə çətin məqamda xalq üzünü öz xilaskarına- ulu öndər Heydər Əliyevə tutdu.  Bax, belə bir ağır  zamanda dahi şəxsiyyət Heydər Əliyev hakimiyyətə qayıtdı. Bu qayıdış Azərbaycana bugünkü uğurları qazandırdı.  Azərbaycan bütün istiqamətlər üzrə inkişaf, tərəqqi yoluna çıxdı. Daxili sabitlik ölkəmizlə iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin tərəddüdlərini aradan qaldırdı. 1994-cü ildə «Əsrin müqaviləsi» imzalandı.  Ölkənin  gələcəyi üçün mühüm strateji addımlar atıldı. Bütün bunlarla bərabər, ölkəmizin Milli Ordusu formalaşdırıldı. Azərbaycanın beynəlxalq aləmdə yeri və rolu artdı. Beynəlxalq təşkilatlara üzv qəbul olunmaqla həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq imkanı əldə etdi.
Son 13 ildə Ulu öndər Heydər Əliyevin siyasi kursunun möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi  nəticəsində Azərbaycan ən yüksək zirvələri fəth edir.  Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu layihələr dövlətlər, xalqlar arasında dostluq, əməkdaşlıq körpüsü rolunu oynayır.   İqtisadi tərəqqi ölkəmizin beynəlxalq münasibətlər sistemində yeri və rolunu da möhkəmləndirir. Bu gün yeganə problemimiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir.  İşğal altında olan torpaqalrımızın sülh yolu ilə  azad edilməsinə göstərilən səylər  Azərbaycan dövlətinin sülhsevər siyasətinin təsdiqidir.  Dövlətimizn başçısı cənab İlham Əliyev dünyanın ən nüfuzlu təşkilatlarının tribunasından bu bəyanatı səsləndirir ki,  bir qarış torpağımız belə düşmənə verilməyəcək. Sülh danışıqları səmərə verməzsə, torpaqalrımızı digər yolla azad edəcəyik. Bu inama əsas yaradan təbii ki, Azərbaycanın güclü və qüdrətli ordusudur. Bu il aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yaşananlar Azərbaycan Ordusunun gücünü bir daha dünyaya nümayiş etdirdi.
Azərbaycanın 25 illik müstəqillik tarixində keçdiyi inkişaf yolunun əsas bələdçilərindən biri də  bu gün ev sahibliyi etdiyi müxtəlif sahələr üzrə beynəlxalq səviyyəli tədbirlərdir. Ev sahibliyi fikri bütün yazıların, məqalələrin ana xəttini təşkil edir.  Bu, reallıqdır. Xatırlasaq,  Azərbaycan ötən il   ilk Avropa Oyunlarına ev sahibliyi etdi. Bütün dünyanın diqqətini ölkəmizə yönəltdi.  Azərbaycanın yüksək səviyyədə təşkil etdiyi həmin tədbir dünyaya səs saldı. Bu möhtəşəmlik  üçün  təbii ki, böyük dəstək, birlik, həmrəylik gərək idi. Bu da Azərbaycan xalqının birliyi, həmrəyliyi idi. Çünki dünyanın hansı nöqtəsindən ölkəmizə baxsaq,  bu fikir böyük inamla qeyd olunur ki, Azərbaycanda  xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır. Təbii ki, bu sarsılmazlığı  dövlətimizin uğurlu siyasəti təmin edir. Azərbaycanın bu uğurlarına həsəd aparanlar oldu və bu həsəddən  qısqanclıq hissləri də yarandı. Lakin bu baxışlara, yanaşmalara baxmayaraq, Azərbaycan tutduğu yolla inamla irəliləyir,  multikutural dəyərlərin, tolerantlığın inkişafına öz davamlı töhfələrini verir. Dünyanın ən iri dövlətləri,  təşkilatları Azərbaycanı dəstəkləyir. Bu gün ölkəmizdə keçirilən tədbirlər dövlətimizin siyasətini  nümayiş etdirən amillərdəndir.
Ölkəmizdə tolerantlıqdan bəhs edərkən dərhal Azərbaycanın yerləşdiyi cografi məkan, ölkəmizdə  bəşəri dəyərlərə verilən dəyər göz önünə gəlir.  Bu günlərdə Bakı Slavyan Universitetində «Tolerantlıq günü»nə həsr olunmuş iki böyük tədbir keçirildi. Həmin tədbirlərdən birində  universitetin müəllim- professor-tələbə  heyəti iştirak etdi. Cəmiyyətin nüfuzlu ziyalıları həmin tədbirin iştirakçısı oldular. İkinci tədbir ümumrespublika tədbiri-tələbələrin  elmi-praktik konfransı idi. Həmin tədbirdə tələbələr çox mühüm məsələləri gündəmə gətirmişdilər. Təhsil müəssisəsində, ailədə, cəmiyyətdə tolerantlıq nədir kimi suallara cavab axtarıldı. Bu sualların cavabları sözsüz ki, dolğunluğu ilə diqqət çəkdi. Onlar üçün tolerantlıq ilk növbədə cəmiyyətimizdə insanların bir-birinə verdiyi dəyərdir, qiymətdir. Hisslərinə,  dünyagörüşlərinə, dilinə, dininə hörmətlə yanaşmaqdır. Bu  tolerantlığın kökləri ailələrdən gəlir.  Ailədə də tolerantlığı qoruyub saxlamaq lazımdır.  Əbəs yerə ailə kiçik dövlət kimi dəyərləndirilmir.
Təbii ki, bu tədbirləri xatırlatmağım səbəbsiz deyil. Bu, onu göstərir ki, ildən-ilə təkmilləşmə, yeniləşmə, modernləşmə gənclərimizin fəaliyyətində, həyatında da öz əksini tapır. Onlar günümüzün aktual məsələlərinə biganə yanaşmır, öz vətəndaşlıq mövqelərini ortaya qoyurlar. Digər tərəfdən, bu gün Azərbaycan inkişafın elə bir mərhələsindədir ki,  harada yaşamasından, eyni zamanda hansı kateqoriyaya aid olmasından asılı olmayaraq bütün azərbaycanlılar bundan qürur hissi keçirir.
25 illik  müstəqillik tarixinə malik olan Azərbaycanın bugünkü uğurlarının fonunda «Azərbaycan 2020: Gələcəyə baxış» İnkişaf Konsepsiyası həyata keçirilir. Qarşıdakı illərdə ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görmək istəyindəyik. Ulu öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanı daha möhtəşəm uğurlar gözləyir. Möhtərəm Prezidentimiz İlham Əliyevin Yeni Azərbaycan Partiyasının V qurultayında qeyd etdiyi kimi, bugünkü Azərbaycan ulu öndər Heydər Əliyevin görmək istədiyi Azərbaycandır. O Azərbaycan ki, davamlı inkişaf yolunda addımlayır, islahatçı, xoşbəxt ölkə kimi nüfuz qazanıb, demokratiya təcrübəsi nümunə göstərilir, ən əsası inkişafın Azərbaycan modelinin mövcudluğu beynəlxalq səviyyədə də təsdiq edilir.
-  Siz, eyni zamanda Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının sədrisiniz.  Bu gün ölkəmizdə həyata keçirilən dövlət qadın siyasətini necə dəyərləndirirsiniz?
- Azərbaycanda qadınların ictimai-siyasi fəallığının artırılmasına, onların cəmiyyətin bütün sahələrində uğurla təmsil olunmalarına və digər məqsədlərə yönəlmiş qadınlar siyasətinin əsası xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Hələ sovet Azərbaycanına rəhbərliyi dövründə qadınların ictimai fəallığının artırılması, onların təhsili, məşğulluğu, vəzifə pillələrində irəliləyişi üçün mühüm addımlar atan Ulu öndər Heydər Əliyev 1993-cü ildə dövlət rəhbərliyinə qayıdışından sonra bu xətti yeni məzmunda, müstəqillik dövrünün mahiyyətinə uyğun bir tərzdə davam etdirdi. Ulu öndərin ideyaları əsasında 1992-ci ilin noyabrında Azərbaycanın siyasi həyatında tarixi zərurət kimi meydana çıxan Yeni Azərbaycan Partiyası milli vəhdətə və bu prosesə öz töhfəsini vermək istəyən Azərbaycan qadınlarının birlik, bərabərlik ünvanı oldu.
Ulu öndərin 1993-cü ildə siyasi hakimiyyətə qayıdışından sonra qadınlarımız Onun milli inkişaf strategiyasının fəal dəstəkçiləri oldular. 1995-ci ildə Ulu öndərin tövsiyəsi ilə Yeni Azərbaycan Partiyasının mərkəzi və yerli təşkilatlarının tərkibində qadınlar şuralarının yaradılması böyük ictimai dəstəklə müşayiət olunurdu. Heydər Əliyevin siyasi ideyalarının arxasınca gedən Azərbaycan qadınlarının qabaqcıl üzvləri belə bir təşəbbüsü yaxından dəstəkləyir, bu şuranın işində fəal iştirak etmək üçün dəstə-dəstə Yeni Azərbaycan Partiyasının sıralarına gəlirdilər. Azərbaycan qadınının tarixdə ilk dəfə bu qədər böyük mütəşəkkilliklə bu prosesə qoşulmaları onların Ümummilli liderin həyata keçirdiyi müdrik siyasətə sonsuz inamının ifadəsi idi.
Ümummilli lider Heydər Əliyevin Azərbaycan qadınının cəmiyyətdəki roluna verdiyi dəyər və  Azərbaycan qadınının Heydər Əliyev siyasətinə verdiyi yüksək dəstək ölkədə qadın fəallığı ənənələri tarixinə yeni salnamələr yazdı. Cəmiyyətdə qadınların mövqeyini möhkəmləndirmək üçün Heydər Əliyevin 1998-ci ildə ilk dəfə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Sərəncamı bu istiqamətdə atılan tarixi addımlardan biri  oldu. Bir məqamı xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan qadını bu qiymətin və mənəvi məsuliyyətin işığında yeni əsrdə üzərinə düşən vəzifələri düzgün dəyərləndirərək Prezident  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin sayəsində əldə edilən çoxşaxəli inkişaf proseslərinə öz töhfələrini verməyə çalışır. Bu gün Azərbaycan qadını Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətdə övladlarının  parlaq gələcəyini, özünün, doğmalarının stabil bir cəmiyyətdə güvənli, təhlükəsiz həyatını, həmçinin sosial rifah halının davamlı surətdə yaxşılaşmasını görür. Cənab İlham Əliyevin Prezidentliyi dövründə Azərbaycan qadını ilə bağlı olan problemlər dövlətin prioritet məsələlərindən ən ümdəsinə çevrildi, qadınların problemləri dövlət rəhbərliyinin ən yüksək diqqət və qayğısı ilə əhatə olundu.
Azərbaycan qadınının Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə rəğbətini şərtləndirən ən əsas amillərdən biri də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınının layiq olduğu ən yüksək ictimai məqama, mənəvi zirvəyə yüksəlməsidir. Ümumiyyətlə, dünyada ən böyük məktəb hansısa dəyərli keyfiyyəti əxz etmək üçün bir insanın öz həyat və fəaliyyəti ilə yaratdığı şəxsi nümunədir.  Mehriban xanım Əliyeva bu mənada Azərbaycan qadınları üçün müasir dünyamızda bəşəriyyətə faydalı olmağın yeni meyarlarını müəyyən edən parlaq örnəkdir.
Bir məqamı xüsusi olaraq diqqətinizə çatdırmaq istəyirəm: 2013-cü ilin 7 iyun tarixində Yeni Azərbaycan Partiyasının V qurultayında Mehriban xanım Əliyevanın şəxsində Azərbaycan qadınına böyük etimad göstərildi. Mehriban xanım Əliyevanın Yeni Azərbaycan Partiyası Sədrinin müavini seçilməsi ilə Azərbaycan qadınının siyasətdə  təmsilçiliyinə böyük dəyər verildi və bu fakt qadınlarımızın Yeni Azərbaycan Partiyasına axınını daha da stimullaşdırdı. Çünki qadınlarımız bir daha dərk etdilər ki, YAP-ın üzvü olmaq şərəfdir, YAP-ı təmsil etmək böyük qürurdur.
- Nurlana xanım, yeni hədəflərdən bəhs etdik.  Bu hədəflərin gerçəkləşməsində təhsilimizin, eyni zamanda bir qadın siyasətçi olaraq  Azərbaycan qadınının töhfələrini necə  görürsünüz?
-  Ölkə Prezidenti cənab İlham Əliyevin uğurlu siyasəti Azərbaycanın qarşısında yeni-yeni imkanlar açır. Bu baxımdan böyük inam və fəxrlə deyə bilərik ki, gələcəyimiz bundan da uğurlu  olmalıdır. Çünki gələcəyimizin düzgün təməli qoyulub. Ölkəmizdə azərbaycançılıq ideologiyası hökm sürür.  Bu gün gənclərimizin düzgün formalaşması istiqamətində ciddi addımlar atılır.  Gənclərimizin daha geniş arenalara çıxması üçün  böyük  səylər göstərilir. Bugünkü inkişafı  20 il bundan öncə arzu edirdik. Artıq arzularımız gersəkləşdikcə yeni-yeni hədəflər gündəmə gətirilir. Bu hədəflər Azərbaycanın uğurlu gələcəyi üçündür. Gələcəyimiz üçün isə gənclərimiz daha da inkişaf etməli, təhsilini yüksək səviyyədə qurmalıdır. Dahi şəxsiyyət Heydər Əliyev bildirirdi ki, təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun. Belə bir vətəndaşın yetişməsində Azərbaycan qadınının, anasının məsuliyyəti böyükdür.  Bu birliyin yeni hədəflərin gerçəkləşməsində öz payı var. Çalışırıq ki, bu pay daha da artsın.
 
yap.org.az
 
 
 
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər