18px16px14px12px

"AMEA-nın ekoloji təmiz kənd təsərrüfatı proqramı ərzaq məhsullarının keyfiyyətini və istehsal həcmini artıracaq"

Müsahibimiz torpaqşünaslıq və ekoloji kənd təsərrüfatı sahəsində tanınmış alim, AMEA-nın Botanika İnstitutunun Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Regional Təcrübə-Resurs Mərkəzinin direktoru, əməkdar müəllim, aqrar elmləri üzrə elmlər doktoru, professor Amin Babayevdir. Professor Azərbaycanda ekoloji kənd təsərrüfatı hərəkatının əsasını qoyanlardan biridir. O, 1996-cı ildən başlayaraq, elmi fəaliyyətini, bütövlükdə, ölkəmizdə bu sahənin inkişafına həsr edib.
- Amin müəllim, respublikamızda torpaq islahatları ərəfəsində bir qrup həmkarınızla birlikdə ekoloji kənd təsərrüfatı hərəkatının elmi əsaslarla ölkəmizdə praktiki tətbiqi istiqamətində fəaliyyətə başladınız. O zaman bu tələb hansı zərurətdən irəli gəldi?
- Yeni iqtisadi sistemə keçid və müxtəlif hüquqi əsasda torpaq istifadəçiliyinin formalaşması, xüsusilə də, xırda və pərakəndə torpaq istifadəçiliyi formalarının üstünlük təşkil etməsi bir çox çətinliklərlə müşayiət olunurdu. Belə ki, maliyyə mənbələrinin azlığı, maddi-texniki bazanın aşağı səviyyəsi, perspektiv sortların olmaması, köhnə suvarma sistemlərinin sıradan çıxması və suvarma suyunun çatışmaması kimi problemlər var idi. Belə şəraitdə fermerlərə böhran vəziyyətindən çıxmaq üçün yeganə yol əsrlərin sınağından keçmiş torpaq istifadəçiliyində dədə-baba üsul və ənənələrinə qayıdış idi. Bu qayıdışın əsasını, yəni Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı ideyasının ilk daşıyıcısı və hərəkatın banisi bir qrup həmfikirlərimlə birgə yaratdığımız və 1996-2007-ci illər ərzində rəhbəri olduğum Gəncə Aqrobiznes Assosiasiyası oldu. Beləliklə, 1998-ci ildə ölkəmizdə Ekoloji Kənd Təsərrüfatı hərəkatının əsası qoyuldu.
- Azərbaycanda "Ekoloji Təmiz Kənd Təsərrüfatı haqqında" Qanun qəbul edildikdən sonra bu istiqamətdə hansı işlər görülüb?
- Bu məsələ ilə əlaqədar olaraq konkret addımların atılması AMEA rəhbərliyinin, xüsusilə, akademiyanın prezidenti, akademik Akif Əlizadənin prinsipial mövqeyi ilə mümkün olub. Son dörd il ərzində AMEA-da aparılan geniş islahatlar şəraitində ölkə elmi üçün daha aktual məsələlərin ön plana çəkilməsi, maddi-texniki və maliyyə resurslarının optimal planlaşdırılması üçün həyata keçirilən tədbirlər 2015-ci ildə ekoloji təmiz kənd təsərrüfatının elmi-praktiki inkişafı problemlərinə yeni yanaşma imkanı yaratdı. Akademiyanın rəhbərliyi ilə bu məsələ ətrafında baş tutan görüşlərdə onlar yekdilliklə bu problemin həlli ilə bağlı irəli sürdüyüm təklifləri qəbul etdilər. Nəhayət, AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 16 iyun 2015-ci il tarixli sərəncamı ilə Şəki Regional Elmi Mərkəzi nəzdində Ekoloji Təmiz Kənd Təsərrüfatı üzrə Qax Təcrübə Stansiyası yaradıldı. Bu stansiyanın qarşısına qoyulan məqsəd regionda ekoloji təmiz məhsul istehsalının perspektivliyini müəyyən etmək üçün araşdırmaların aparılmasına və ETKT üzrə elmi təcrübələrin sınaqdan keçirilməsinə yönəlmişdi. Sonrakı dövrdə rayon və kəndlərdə aqrar istehsal ilə məşğul olanların texnoloji prosesləri çox primitiv formada yerinə yetirməsi tendensiyası, ixtisaslı kadrların çatışmazlığı, elm və praktika arasında olan qeyri-tarazlıq şəraiti ilə əlaqədar həyata keçirilməli olan maarifləndirmə tədbirləri həmin stansiyanın statusuna sığmırdı. Bunu nəzərə alaraq AMEA-nın Rəyasət Heyətinin 25 may 2016-cı il tarixli qərarı ilə ETKT üzrə Şəki Regional Elmi Mərkəzinin Qax Təcrübə Stansiyası Botanika İnstitutu Zaqatala Təcrübə-Dayaq Məntəqəsi ilə birləşdirilərək, bu iki təşkilatın bazasında AMEA-nın Botanika İnstitutunun ETKT üzrə Regional Təcrübə-Resurs Mərkəzi yaradıldı.
- Yeni yaradılmış mərkəzin bu gün qarşısında duran başlıca məqsəd və vəzifələr nədən ibarətdir?
- Qeyd edim ki, mərkəzin Elmi Şurasının qərarı ilə 2016-2026-cı illəri əhatə edən fəaliyyət proqramı təsdiq edilib. Proqrama ekoloji təmiz kənd təsərrüfatının əsaslarının yaradılmasına və inkişafına dəstək vermək, əhalinin sağlam və keyfiyyətli ərzaq məhsulları ilə təminatını həyata keçirmək üçün, bütövlükdə, aqrar sektorun ekoloji əsaslarla inkişafına və güclənməsinə səy göstərmək, kənd təsərrüfatı istehsalatının ətraf mühitə olan neqativ təsirini minimuma endirməyə çalışmaqla ərzaq məhsullarının keyfiyyətini və istehsal həcmini artırmaq daxildir. Həmçinin, bazar iqtisadiyyatı şəraitində tərkibi, dadı, tamı, qoxusu və digər keyfiyyət göstəricilərinə görə, rəqabətə davamlı məhsulların istehsalı ilə kənd əhalisinin gəlirlərinin artmasına şərait yaratmaq, region əhalisinin bütün təbəqələrinin sağlam həyat tərzinin inkişaf etdirilməsi üçün əlverişli sosial şəraitin möhkəmləndirilməsinə yardım etmək nəzərdə tutulub. Təşkilatın yaxın məqsədləri isə Şəki-Zaqatala regionunda ekoloji təmiz kənd təsərrüfatı sahəsində əhalinin ekoloji təhsilini, maarifləndirilməsini və informasiya yayımını təşkil etməklə yanaşı, ətraf mühit və torpaq tədqiqatlarının aparılması yolu ilə bu ərazidə ekoloji təmiz istehsal sahələrinin yaradılmasının prinsiplərini işləyib- hazırlayaraq, elmi tutumlu ekoloji təsərrüfatların yaradılması haqda müvafiq icra orqanları qarşısında vəsatət qaldırmaqdır. Qarşıya qoyulan məqsədə nail olmaq üçün regionda elmi təminatlı innovasiyaların tətbiqi, ixtisaslı kadrların hazırlanması, fermerlərə və yerli istehsalçılara elmi-praktiki köməkliyin göstərilməsi, istehsal texnologiyalarının elmi əsaslarla öyrənilməsi və digər vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur. İlkin mərhələdə Qəbələ, Oğuz, Şəki, Qax, Zaqatala və Balakən rayonlarında ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsal imkanlarını və pespektivliyini müəyyən etmək məqsədi ilə iqtisadi və ekoloji araşdırmaların aparılması, region ərazisində geni dəyişdirilmiş orqanizmlərin (məhsulların) yayılma hallarını müəyyənləşdirmək üçün tədqiqatların aparılması və qeydə alınmış halların nəzarətə götürülməsi planlaşdırılıb. Bundan başqa, ekoloji taxılçılıqla məşğul olan fermerlər üçün zolaqlı səpin texnologiyasını, o cümlədən, zərərvericilərə qarşı mübarizədə tətbiq olunan bioloji preparatların rolunu nümayiş etdirmək məqsədilə tarla təcrübələrinin təşkili görüləcək işlər sırasındadır.
- Ötən altı aya yaxın müddətdə mərkəzdə hansı işlər həyata keçirilib?
 - Fəaliyyət proqramımıza uyğun olaraq, aprel-may aylarında Qax rayon icra hakimiyyəti ilə birgə rayonun kəndlərində fəaliyyət göstərən bələdiyyə rəhbərləri və icra nümayəndələri üçün bir günlük seminarlar təşkil olunub. Bu tədbirlərdən sonra yerlərdə olan vəziyyəti araşdırmaq üçün rayonun kəndlərində ekoloji və iqtisadi araşdırmalar aparmaqla yanaşı, sosioloji sorğuların da keçirilməsinə başlanılıb. Bu işdə əsas məqsəd potensial təsərrüfatların və ekofermer olmaq istəyən fiziki və hüquqi şəxslərin müəyyənləşdirilməsi idi. Hər bir seçilmiş fermer təlimləri və ekotəsərrüfatçı olmaq üçün keçid dövrünü başa vurduqdan sonra, bizim tərəfimizdən ona ekofermer statusu haqda sertifikat verilməsi üçün müvafiq icra orqanları qarşısında vəsatət qaldırılacaq. Həmçinin, AMEA rəhbərliyinin göstərişinə əsasən, Qax rayonu ərazisində təcrübə məqsədilə torpaq sahələrinin əldə olunması üçün Qax rayon icra hakimiyyətinin başçısı və bələdiyyə rəhbərliyi ilə razılaşmalardan sonra Uzuntala kəndinin ərazisində su təminatı olan torpaq konturunda 5 ha torpaq sahəsinin ayrılması haqda qərar qəbul edilib. Hazırda bu məsələ üzrə müvafiq sənədləşdirmə işləri aparılır. Eyni zamanda, qısa vaxt ərzində müasir dünya təcrübəsinin məlumatlarını özündə əks etdirən və ekoloji təmiz məhsul istehsalının qabaqcıl texnologiyalarını əhatə edən Vahid İnformasiya Bankının yaradılmasına nail olmuşuq. Bundan başqa, Zaqatala Qazangül Dayaq Məntəqəsindəki mövcud vəziyyət təhlil edilib, məntəqəyə məxsus olan torpaq sahəsinə baxış keçirilib, torpağın ekoloji durumu qiymətləndirilib, gələcəkdə görüləcək işlərin planlaşdırılması aparılıb. "Azərbaycanda Ekoloji Kənd Təsərrüfatı üzrə hüquqi bazanın inkişaf etdirilməsi" layihəsi çərçivəsində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) işçi heyəti mərkəzin qonağı olub. Onlar da ekoloji kənd təsərrüfatı sahəsində dünyada gedən proseslər, yeniliklər, ekoloji təmiz məhsul istehsalı ilə məşğul olan dövlət və təşkilatların artması və digər məlumatları bizimlə paylaşıblar. Həmçinin, son iki ayda bəzi rayonlarda kənd təsərrüfatı məhsullarının analizi aparılıb, nəticələr təhlil olunub, kimyəvi maddələrlə çirklənmə halları qeydə alınıb. Radiasiyanın və nitratların miqdarı üzrə aparılan analizlərin nəticəsində, radiaktiv maddələrlə çirklənmiş məhsullara rast gəlinməsə də, bəzi kənd təsərrüfatı məhsullarında nitratların miqdarı normadan xeyli yuxarı olub. Meyvələrdən ərik, qarpız, yemiş, şaftalı, gavalı, tərəvəzlərdən isə pomidor, xiyar, bibər, kələm, badımcan və kartof məhsullarında nitratların miqdarı təhlükəli həddə çatıb. Bu hallara əsasən, Şəmkir, Kürdəmir, Ağdaş və Balakən rayonlarından gələn məhsullarda rastlanılıb. Bunlardan başqa, Qax rayonunda inzibati ərazi dairələri üzrə potensial fermerlərin seçilməsi üçün ərazi icra nümayəndələri və bələdiyyə rəhbərləri, fermerlər və torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilib, ərazilərin ekoloji kənd təsərrüfatına keçidi üçün potensial imkanlar araşdırılıb, məqsəd qrupları formalaşdırılıb. Bu prosesin regionun digər rayonlarında aparılması üçün müvafiq işlər görülməkdədir. ETKT üzrə Regional Təcrübə və Resurs Mərkəzinin fəaliyyət proqramına daxil olan vacib məsələlərdən biri də regionda bu sahə üzrə gənc kadrların hazırlığına nail olmaqdır. Bu məqsədlə Qax rayonunun müxtəlif yaşayış məntəqələrində sorğular aparılaraq kənd təsərrüfatı və biologiya istiqamətləri üzrə universitet təhsili olan gənclərdən ibarət 20 nəfərlik məqsəd qrupu yaradılıb. Bu qrupa "Ekoloji kənd təsərrüfatının əsasları" üzrə təlimlər keçirilir. Artıq Qax rayonu üzrə inzibati idarə dairələrinin ekoloji və iqtisadi qiymətləndirilməsi üzrə araşdırmalar başa çatdırılır və yaxın bir neçə ay ərzində AMEA-nın rəhbərliyinə bu rayonda həm konvensional, həm də ekoloji kənd təsərrüfatı sektorlarının 2025-ci ilə qədər planlaşdırılan iqtisadi hədəf modellərini və inkişaf konsepsiyasını təqdim edəcəyik.
- Siz Azərbaycanda Ekoloji Təmiz Kənd Təsərrüfatı sektorunun dövlətimizin aqrar siyasətinin ayrılmaz bir hissəsi kimi qiymətləndirilməsinə necə baxırsınız?
 - Çox aktual sualdır. Bu məsələ ilə əlaqədar AMEA-nın Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən İnnovasiya şöbəsi "Azərbaycanda ETKT-nin inkişafı üzrə Milli Fəaliyyət Proqramının konsepsual əsasları" sənədini hazırlayaraq AMEA-nın Rəyasət Heyətinə təqdim edib. Bu sənəd AMEA-nın müvafiq bölməsində müzakirə edildikdən, daxili və xarici ekspertlərin rəyləri nəzərə alındıqdan sonra "Azərbaycanda ETKT-nin inkişafı üzrə Dövlət Proqramı" işlənib hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub. Həm Milli Konsepsiyanın, həm də "ETKT üzrə Dövlət Proqramı"nın işlənib-hazırlanmasında mərkəz yaxından iştirak edib.
-  Amin müəllim, görülən işlər və əldə olunan nəticələr sizi qane edirmi?
- Əsla, yox. Qarşıda hələ böyük və çox məsuliyyətli vəzifələr durur. Belə ki, regionda ekoloji əkinçiliyin nəzəri mümkünlüyünü təsdiq edən elmi-tədqiqatlar aparılmalı, onun nəticələrinə əsasən, hazırlanan konkret tövsiyələrə görə, ilk pilot ekoloji təmiz təsərrüfatlar yaradılmalıdır ki, bunların təcrübəsi regionda ekoloji kənd təsərrüfatı sektorunun inkişafına yetərli dəstək olacaq. Dövlət başçısı İlham Əliyev bu sahəni aqrar sektorun gələcək prioritet istiqaməti kimi dəyərləndirərək, onun inkişaf etdirilməsinə böyük dəstək verir. Bu dəstəkdən irəli gələrək, AMEA ekoloji kənd təsərrüfatında geniş tədqiqatların aparılmasına start verərək, ölkəmizdə ilk Regional Tədqiqat-Resurs Mərkəzini yaradıb. Ümid edirik ki, AMEA-nın hərtərəfli dəstəyinə arxalanan mərkəz yaxın gələcəkdə ekoloji kənd təsərrüfatının ölkəmizin aqrar sektorunda özünəməxsus yer tutması işində öz töhfəsini verəcək.
   
İlham Alıyev,
AMEA-nın ictimaiyyətlə 
əlaqələr şöbəsinin əməkdaşı 
 



Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər