18px16px14px12px

İSTEHLAKÇI HÜQUQLARINA DAİR BMT-nin SƏNƏDİ

İstehlakçıların hüquqlarına dair BMT-nın sənədi "İstehlakçıların hüquqlarının qorunmasına dair rəhbər prinsiplər" adlanır. Sənəd 6 fasildən ibarətdir və bu sənədi qəbul etmiş dövlətlərin istehlakçı hüquqlarının qorunması üçün öhdəliklərini əks etdirir.
Əyyub Hüseynov yazır: "Məqsəd" adlandırılan 1-ci fəsildə ölkələrdə istehlakçı hərəkatının və hərəkat iştirakçılarının beynəlxalq əlaqələrinin dəstəklənməsi, ümumiyyətlə, əhalinin bir istehlakçı kimi qorunması tövsiyə olunur.
"Ümumi prinsiplər" adlanan 2-ci fəsildə dövlət hakimiyyət orqanları üzərinə aşağıdakı vəzifələr qoyulur.
- istehlakçının sağlamlığının və təhlükəsizliyinin qorunması,
- istehlakçının iqtisadi maraqlarının qorunması;
- istehlakçının tələbatını tam təmin edən informasiya əldə edə bilməsinə imkanların yaradılması;
- istehlakçıların şikayət və təkliflərinə baxılmasının effektli metodlarının yaradılması;
- istehlakçı hüquqlarını qoruyan şəxs və qrupların istehlakçıların maraqlarını qoruyan qərarlar qəbul etməsinə köməklik göstərilməsi;
- istehlakçıların maraqlarının qorunmasını təmin edən infrastrukturun yaradılması;
- hər bir ölkənin ərazisində yerləşən müəssisələr, digər ölkələrin istehlakçılarının hüquqlarına hörmət etməlidir;
- istehlakçı hüquqlarına dair siyasətin həyata keçirilməsində dövlət və qeyri-dövlət institutlarının pozitiv təklifləri nəzərə alınmalıdır.
"Rəhbər prinsiplər" adlandırılan 3-cü fəsildə, dövlətlər yerli istehlak malları və ixrac mal və xidmətləri üçün aşağıdakı prinsiplərə əməl etmələrini öz üzərinə götürürlər. Əlavə olaraq qeyd olunan prinsiplərə əməl edilməklə qəbul olunan normativ sənədlər beynəlxalq ticarət qaydalarına zidd olmamalıdır və istehlakçıların maraqlarının gözlənilməsi ön plana çəkilməlidir.
- Dövlətin siyasəti istehlakçıların iqtisadi maraqlarının maksimal effektliliklə gözlənilməsinə yönəlməlidir. Eləcə də istehlakçının seçim hüququ təmin olunmaqla onun tələbatını ən effektli ödəyən çeşidlərin inkişafına  köməklik göstərilməlidir.
- Dövlətlər istehlakçılara bilərəkdən iqtisadi zərər verən istehsalçılarla mübarizə aparmalı, istehsal etdiyi malı aldadıcı mal nişanı, səhv məlumatlarla markalayan istehsalçıların nöqsanlarını aşkara çıxaran istehlakçıların birliklərini dəstəkləməli və mükafatlandırmalıdırlar.
- BMT-nin Baş Assambleyasının 5.12.1980-ci il tarixli 35/63 saylı yekun sənədinə uyğun olaraq, dövlətlər istehlakçıların mənafeyinə zərər vuran bütün halların qarşısını almalıdırlar.
- Dövlətlər istehsalçıların təhlükəsiz istehlakçıların tələbinə uyğun olaraq, keyfiyyətli mal istehsal etməsini dəstəkləyən siyasət yeritməlidirlər.
- Dövlətlər haqsız rəqabətin qarşısını almalı, istehlakçıların maksimal tələbatını ödəyən minimal qiymətə şərait yaradan istehsal sahələrini dəstəkləməli və mükafatlandırmalıdırlar.
- Dövlətlər istehlak mallarının satışından sonra istehlakçıların ehtiyat hissələrlə maksimal təmin olunmasına şərait yaratmalıdırlar.
- İstehlakçılar birtərəfli, istehlakçı huququnu pozan müqavilələrdən qorunmalıdır.
- Reklam istehlakçıya doğru informasiya verməli və hüquqi sənədlərlə ziddiyyət təşkil etməməlidir, reklam istehlakçının müstəqil seçim hüququna kömək etməlidir.
- Dövlətlər istehlak mallarına dair düzgün informasiyanın yayılmasını dəstəkləməlidirlər.
- Dövlətlər milli xüsusiyyətlərinə uyğun olaraq, istehsalçı və işgüzar iş adamlarının istehlakçı hüquqlarını qoruyan təşkilatlarla informasiya mübadiləsinə və ya yaxınlaşmasına şərait yaratmalıdırlar.
- Dövlətlər, müntəzəm olaraq, ölçü vahidləri və ölçü cihazlarına nəzarəti təşkil etməlidir".
- Dövlətlər konkret şəraitdən asılı olaraq, malların, xidmətlərin təhlükəsizliyini təmin edən milli və beynəlxalq normativ sənədlər işləyib hazırlamalı, onu təbliğ etməli, vaxtaşırı vəziyyəti təhlil edib düzəlişlər etməlidirlər.
- Yerli iqtisadi duruma uyğun olaraq, malların və xidmətlərin təhlükəsizliyinə dair normativ sənədlər dəyişdirilməli və təkmilləşdirilməlidir.
- Dövlətlər mal və xidmətin təhlükəsizlik parametrlərinin yoxlanılmasını, təhlükəsizlik şəhadətnaməsinin verilməsi işini təşkil etməli və mükafatlandırmalıdırlar.
Müəllifin fikrincə, dövlətlər məqsədəuyğun hallarda aşağıdakı vəzifələri həyata keçirməlidirlər:
- Mal və xidmətlərin zəruri olduğu regionlarda onların düzgün və effektli bölüşdürülməsi, yayılması siyasətini həyata keçirməli, kənd rayonları xüsusi diqqətdə saxlanmalıdır. Kənd rayonlarında bu kömək anbar və satış şəbəkələrinin genişləndirilməsi, əsas tələbat mallarının səmərəli bölünməsi şəklində də ola bilər.
- Kənd rayonlarında istehlak kooperativlərinin inkişafı, bununla bağlı ticarət müəssisələrinin yaradılması və bu işlərin genişləndirilməsi.
- Dövlətlər istehlakçıların kompensasiya almaları üçün normativ hüquqi-inzibati sənədlər hazırlamalı və bu sənədlər kompensasiyaların operativ, haqlı və ucuz ödənilməsinə təminat verməlidirlər. Kompensasiyaların ödənilməsi proseduraları əhalinin aztəminatlı təbəqəsinin maraqlarına, xüsusi olaraq, cavab verməlidir.
- İstehlakçılar onlara dəyən zərərin kompensasiyasının ödənilməsi haqqında və digər konflikt situasiyaların həlli yolları haqqında məlumatlandırılmalıdırlar.
Ə.Hüseynov yazır: "Əhalinin yerli ənənələri nəzərə alınmaqla hökumətlər əhalinin istehlakçı bilikləri ilə məlumatlandırmalıdırlar. Məlumatlandırma proqramlarının məqsədi, öz istehlakçı hüquqlarını dərindən bilən, təhlükəsiz mal və xidməti seçə bilən istehlakçı təbəqəsi yetişdirməkdən ibarət olmalıdır. Bu cür öyrədici proqramların işlənib hazırlanmasında kənd yerləri və şəhərlərdə yaşayan əhalinin spesifikası nəzərə alınmaqla əhalinin azgəlirli, azsavadlı və savadsız kateqoriyaları nəzərə alınmalıdır.
- İstehlakçı maarifçiliyi mümkün olan hallarda tədris sisteminin ayrılmaz hissəsi olmaqla, yaxşı olar ki, hər hansı tədris fənni kimi təlim olunsun.
- İstehlakçıların maarifləndirilməsi və məlumatlandırılması proqramları aşağıdakı vacib aspektləri özündə cəmləşdirməlidir:
a) sağlamlıq, qidalanma, qida məhsullarından törəyən xəstəliklərin qarşısının alınması, qida mallarının saxtalaşdırılması;
b) mal ilə bağlı təhlükələr;
c) malların nişanlanması (markirovka);
d) istehlakçıların maraqlarının müdafiəsinə və kompensasiyaların ödənilməsinə dair qanunvericilik mexanizminin yaradılması.
c) ölçü vahidləri və ölçü cihazları, qiymətlər, keyfiyyət, kredit şərtləri və zəruri tələbat malları;
f) ətraf mühit və ətraf mühitin çirkləndirilməsi;
g) dövlət istehlakçı təşkilatları, istehlakçı maraqlarından çıxış edən kütləvi informasiya vasitələrini, əhalinin aztəminatlı qrupunun istehlakçı hüquqlarını müdafiə edən qurumları dəstəkləməli və onlara köməklik göstərməlidir.
- İşgüzar dairələr istehlakçıların maarifləndirilməsi proqramlarını hazırlayıb həyata keçirməlidirlər.
- Dövlətlər kənd əhalisi və azsavadlı əhalinin konkret şəraitinə uyğun tələblərini nəzərə alaraq, proqramlar işləyib hazırlamalı, KİV vasitəsilə əhaliyə çatdırmalıdırlar.
- Dövlətlər istehlakçı hüquqlarına dair kütləvi informasiya vasitələrinin mütəxəssislərini və istehsalçıların maarifləndirilməsini həyata keçirən pedaqoq kadrların hazırlanmasını təşkil etməlidir.
- Yeni inkişaf edən ölkələr, xüsusilə nəzərə alınmaqla dövlətlər, istehlakçıların maraqlarına uyğun olaraq istehlakçıların sağlamlığının ərzaq malları, su təchizatı və dərman preparatları sahəsində qorunmasını diqqətdə saxlamalıdırlar. Malların standartlara uyğun istehsalı, markalanması, onların keyfiyyətinə nəzarət olunması siyasəti müntəzəm davam etməlidir. Bu sahədə maarifçilik və tədqiqatçılıq proqramları həyata keçirilməlidir.
- Ərzaq. Ərzaq təchizatı sahəsində milli siyasəti müəyyən edərkən, istehlakçıların ərzaq təhlükəsizliyi nəzərə alınmalı, mümkün olan hallarda ərzaq kodeksi qəbul edilməlidir. Kodeks özündə Ümumdünya Səhiyyə Təşkilatının, BMT-nın Ərzaq və Kənd təsərrüfatı Təşkilatının normativ sənədlərini əks etdirməlidir. Dövlətlər, müntəzəm olaraq, əhatinin ərzaq təhlükəsizliyini, ərzağın təhlükəsizliyini, onun istehsalının, yararlılığının, qidalılığının normativ sənədlərə uyğunluğunu təmin etməlidirlər. Ərzaqlar, müntəzəm olaraq, yoxlanılmalı və qidalılığı nəzarət altında saxlanmalıdır.
- Su təchizatı. Dövlətlər məqsədləri və vəzifələri çərçivəsində su təchizatını, suyun sanitar normalara cavab verməsini, suyun düzgün bölüşdürülməsi və keyfiyyətinin yüksəldilməsinin milli siyasətini hazırlayıb həyata keçirməlidirlər.
- Dərman preparatları. Dövlətlər dərman preparatlarının mövcud normalara uyğun istehsalına, satışına, istifadəsi və keyfiyyətinin yüksəldilməsinə dair milli siyasət işləyib-hazırlamalı və ya mövcud beynəlxalq normaları rəsmiləşdirməlidirlər. Bu zaman dərman preparatlarının lisenziyalaşdırılması, qeydiyyatı və lazımi informasiya bazası ilə təchiz olunması diqqətdə saxlanmalıdır. Ümumdünya Səhiyyə Təşkilatının dərman preparatlarına dair tövsiyələri hökumətlər tərəfindən nəzərə alınmalıdır. Eləcə də, Ümumdünya Səhiyyə Təşkilatının beynəlxalq əczaçılıq nişanları ilə qeydə alınmış dərman preparatlarının istifadə olunmasına köməklik göstərilməlidir.
- Yuxarıda qeyd olunmuş amillər nəzərə alınmaqla, hökumətlər pestisidlər və digər insan həyatı və ətraf mühit üçün zərərli maddələrin istifadəsinin qarşısını almaq üçün zəruri tədbirlər görməlidirlər, malların markalanmasında zərərli komponentlərin göstərilməsi üçün istehsalçılarla iş aparmalıdırlar". 
Müəllifin fikrincə, dövlətlər regional və subregional sahələrdə aşağıdakıları həyata keçirməlidirlər:
a) İstehlakçıların maraqlarının qorunmasına dair milli siyasəti inkişaf etdirməli, möhkəmləndirməli və informasiya təminatına nail olmalı.
b) İstehlakçıların maraqlarını müdafiə etmək üçün mümkün olan qarşılıqlı əlaqələri yaratmalı və dəstəkləməlidir. Bu cür əlaqələr keyfiyyətə nəzarət, maarifçilik və məlumat proqramlarının, birgə yeni texnologiyaların işlənib hazırlanması şəklində ola bilər.
c) İstehlakçıların əsas tələbat mallarının əldə edilməsi, qiymətinin formalaşdırılması və keyfiyyətinin yüksəldilməsi sahəsindəki əməkdaşlığının yaradılmasını təşkil etmək, informasiya mübadiləsi sahəsində işi dəstəkləmək.
- Dövlətlər insan həyatı üçün təhlükəli mal və xidmətə dair informasiya mübadiləsini inkişaf etdirməli, təhlükəli mal və xidmətin qarşısının alınması sahəsində əməkdaşlıq etməlidirlər.
- Dövlətlər, mal və xidmətin satıldığı regiondan asılı olmayaraq, onlar haqqında informasiyanın dəyişməsinin qarşısını almaq üçün əməkdaşlıq etməlidirlər.
- Hökumətlərarası əlaqələr elə qurulmalıdır ki, bu siyasət ümumdünya ticarət təşkilatının qaydaları və beynəlxalq normativ sənədlərlə ziddiyyət təşkil etməsin.
 
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər