18px16px14px12px

Ruhi xəstə, məhkəmə gözləyən, mülki işlər üzrə və hərbi cinayət törətmiş məhbusların hüquqları

Ruhi xəstə sayılmış şəxslər həbs cəzasına məruz qalmamalıdır. Ona görə də, onların təcili surəldə ruhi xəslələr üçün nəzərdə tutulan müəssisələrə keçirilməsi barədə tədbirlər görülməlidir. Digər psixi xəstəliklərə, yaxud qüsurlara mübtəla olan məhbuslar nəzarətə alınmalı və xüsusi müəssisələrdə həkimlərin rəhbərliyi ilə müalicə edilməlidir. Belə məhbuslar həbsxanada olduqları vaxt daim xususi həkim nəzarətində olmalıdır. Həbs cəzası müəssisələrində işləyən tibb, yaxud psixiatriya xidmətləri ehtiyacı olan bütün məhbusların psixiatrik müalicəsini təmin etməlidir. Lazım gəldikdə, səlahiyyətli idarələrlə əməkdaşlıqda buraxılmış məhbuslara psixiatrik qulluq, eləcə də, sosial-psixiatrik himayə göstərilməsinin təmin olunması arzu edilir.
Namiq Əliyev yazır: "Cinayət törətməkdə ittiham olunaraq tutulan, yaxud həbsdə olan və ya polis məntəqəsində, yaxud həbsxana müəssisələrində saxlanılan, lakin məhkəməyə çağırılmamış və məhkum edilməmiş şəxslər "istintaqda olan" məhbus adlandırılır. İstintaqda olan məhbuslar müqəssir sayılmır və onlarla buna müvafiq davranılmalıdır. Şəxsiyyət azadlığına, yaxud istintaqda olan məhbusların davranışına aid proseduraları müəyyən edən qanunlara riayət olunmaqla, bu qəbil məhbuslara əsas qaydaları aşağıdakı tərzdə şərh edilən xüsusi rejim tətbiq edilməlidir. İstintaqda olan məhbuslar məhkum olunmuşlardan ayrı saxlanılmalıdır. İstintaqda olan gənc məhbuslar yaşlılardan ayrı və prinsipcə ayrı müəssisələrdə saxlanılmalıdır. Gecə vaxtı istintaqda olanlar, iqlim şəraiti ilə izah olunan yerli xüsusiyyətlər nəzərə alınmaqla, ayrıca yerdə, təklikdə saxlanılmalıdırlar. Müəssisədə qəbul olunmuş qaydanı pozmadığı halda, istinlaqda olan məhbusların ya həbsxana müdiriyyəti orqanları, ya onların ailə üzvləri, ya da dostları vasitəsilə onların öz hesabına kənardan yemək atmasına - onlar bunu istəyirsə - icazə verilə bilər. Əks halda, məhbusun yeməyini müəssisənin müdiriyyəti təmin edir.
İstintaqda olan məhbusların təmiz saxlanmaq və ədəbli xarakterdə olmaq şərtilə, mülkü paltar geymək hüququ var. İstintaqda olan məhbus həbsxana paltarını geyərsə, o, məhkum edilmişlərin geyimindən fərqlənməlidir. İstintaqda olan bütün məhbuslara həmişə işləmək imkanı verilməlidir. Lakin əmək onlar üçün icbari sayılmır. Belə məhbus işləmək istədikdə, onun əməyi ödənilməlidir. İstintaqda olan məhbusların öz vəsaitlərinə, yaxud üçüncü şəxslərin hesabına kitab, qəzet, yazı ləvazimatı və onların vaxtlarını keçirməsinə imkan verən əşyalar almasına - ədalət mühakiməsinin icrasının mənafeyinə, təhlükəsizliyin tələblərinə və müəssisədə həyatın normal gedişinə uyğun olmaq şərtilə - imkanı olmalıdır.
İstintaqda olan məhbusların, onlar həbsxanada olduqları vaxt öz şəxsi həkimlərinin, yaxud diş həkiminin xidmətlərindən istifadə etmələrinə - onların bu barədə xahişləri əsaslıdırsa və onlar bununla əlaqədar xərcləri ödəmək iqtidarındadırlarsa - icazə verilməlidir".
İstitaqda olan məhbusların həbs edilmələri faktın dərhal ailəsinə bildirmək imkanı, qohumları, dostları ilə məqbul təmasda olmaq və onları həbsxanada qəbul etmək - bu vaxt yalnız ədalət mühakiməsinin lazımi qaydada icrası, təhlükəsizliyə riayət edilməsi və müəssisənin normal işinin təmin edilməsi üçün zəruri olan məhdudiyyətlərə və nəzarətə məruz qalmaqla - imkanından istifadə etmək imkanı olmalıdır. İstintaqda olan məhbuslar özlərini müdafiə məqsədilə, mümkün olan bütün yerlərdə pulsuz hüquq məsləhəti almağa müraciət etmək, onun müdafiəsini üzərinə götürmüş hüquq məsləhətçisini həbsxanada qəbul etmək, gizli təlimatlar hazırlamaq və ona vermək hüququna malik olmalıdır. Bu məqsədlə, onların tələbi ilə ixtiyarlarına yazı ləvazımatı verilməlidir. Məhbusun onun hüquq məsləhətçisi ilə görüşü göz qabağında, lakin polis, yaxud həbsxana əməkdaşlarının eşidə bilməsi xaricində olan məsafədə keçirilir.
Müəllifin fikrincə, borc öhdəliklərini yerinə yetirməməyə görə qanun əsasında, yaxud məhkəmənin sərəncamı ilə hər hansı mülki işə görə həbs etməyə icazə verilən ölkələrdə bu qaydada həbs edilmiş şəxslər etibarlı nəzarət və nizam-intizamın təmin olunması üçün zəruri olandan artıq sərt davranışa məruz qalmamalıdır. Belə şəxslərlə davranış istintaqda olan məbhuslardan yumşaq olmamalıdır, bir fərqlə ki, onların əməyi məcburi ola bilər.
Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 9-cu maddəsinin müddəalarına xələl gətirmədən, ittiham irəli sürülmədən tutulmuş, yaxud həbsxanaya salınmış şəxslər də yuxarıda göstərilən şəxslər üçün nəzərdə tutulan müdafiə ilə təmin edilirlər. Yuxarıdakı müddəalar da, onların tətbiqi həbs edilmiş bu qəbil xüsusi şəxslər qrupuna xeyir gətirə biləcək hallarda - islah, yaxud yenidən tərbiyə üsullarının hər hansı bir cinayətə görə məhkum olunmamış şəxslərə tətbiq edilməsini nəzərdə tutan tədbirlər görülməməsi şərtilə - tətbiq edilə bilər.
Hərbi cinayətlər törətməyə görə intizam batalyonuna göndərilməyə məhkum edilmiş şəxslərin cəzasını çəkmə qaydası və şərtləri Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Silahlı Qüvvələrində intizam batalyonu haqqında" Əsasnamə ilə tənzimlənir.
Yuxarıda göstərilən Əsasnaməyə görə intizam batalyonunda cəza çəkənlər:
- adi yaşayış binalarında saxlanılırlar;
- ay ərzində qısa iki görüş almaq hüququna malikdirlər;
- şəxsi hesablarında olan pulla ilkin tələbat və ən zəruri mallar almaq hüququna malikdirlər;
- məhdudiyyətsiz məktub, teleqram göndərmək və almaq hüququna malikdirlər.
N.Əliyev yazır: "İntizam batalyonu qarnizonun başqa hərbi hissələrindən ayrı yerləşdirilir. Məhkumların yerləşdirilməsi və onlara xidmət üçün nəzərdə tutulmuş yaşayış və qeyri-yaşayış binaları yerləşən ərazi möhkəm hasar və hündürlüyü ən azı 2,5 metrdən az olmayan iki sıra tikanlı məftillə əhatə olunmalı və texniki mühafizə avadanlıqları ilə təmin edilməlidir.
Məhkumlara qohumları ilə görüşmək üçün ayda iki dəfə, hərəsi dörd saatadək, görüş verilir. Bundan əlavə, intizam batalyonu komandirinin icazəsi ilə məhkumların məhkum olunmamışdan qulluq etdikləri hərbi hissələrin nümayəndələri və digər şəxslərlə görüşməsinə icazə verilə bilər. Qohumlarla və ya digər şəxslərlə görüş işdən və məşğələlərdən azad vaxtda, intizam batalyonu komandirinin təyin etdiyi günlərdə və saatlarda bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqda təqdim edilir. Görüşlər intizam batalyonunun növbətçisinin nəzarəti altında keçirilir. Görüşə gələn şəxslərin gətirdikləri ərzaq məhsulları məhkumun istifadə etməsinə icazə verilən əşyalar və predmetlər əsasnamədə müəyyən olunmuş qaydada məhkuma verilmək üçün intizam batalyonu komandirinin təyin etdiyi şəxsə təhvil verilir. Məhkumun adına gəlmiş bağlamalar (sovqat və banderol) yoxlanılmalıdır. Bunların yoxlanılması, məhkumlara verilməsi qaydasını intizam batalyonunun komandiri müəyyən edir. Cəza çəkənlərin adına daxil olmuş bağlamaları, intizam batalyonu üzrə növbətçinin və ya böyük zabitin iştirakı ilə məhkumların özləri açır və içərisindəki şeyləri götürürlər. Bağlamalarda, məktublarda aşkar olunan və məhkuma saxlanılması qadağan edilmiş predmetlər, əşyalar alınır, məhkumun şəxsi əşyalarının siyahısına daxil edilir və cəza müddəti çəkilib qurtaranadək onun digər şəxsi əşyaları ilə birlikdə saxlanılır. Gələn məktubları bölük giziri və ya tağım komandirinin müavini təqdim edir və məhkumlar zərfi bu şəxslərin yanında almalıdırlar. Məktubun məzmunu yoxlanılmır. Məhkumların məktubları təyinatı üzrə göndərilmək üçün bağlı halda bölüyün dəftərxanasına verilir. Belə məktubların açılması qadağandır. Məhkumların adına gələn pul onların şəxsi hesabına keçirilir və bu barədə onlara bildirilir. Həmin pullar məhkumlara intizam batalyonundan azad olunduqdan sonra verilir. Ayrı-ayrı hallarda məhkuma müstəsna şəxsi səbəblərlə, yəni yaxın qohumlarının (ata-ana, arvad, uşaqlar, qardaşlar, bacılar və onu tərbiyə edən şəxslər) ölümü və ya həyat üçün təhlükəli ağır xəstəliyi, ona və ya ailəsinə xeyli maddi zərər vuran təbii fəlakətlə əlaqədar olaraq intizam batalyonunun hüdudlarından kənara çıxmaqla, hər iki tərəfə gedib-gəlmək üçün lazım olan vaxt nəzərə alınmadan ən çoxu on günlük qısamüddətli məzuniyyət verilə bilər. Qısamüddətli məzuniyyətə icazəni məhkumun şəxsiyyəti və davranışı nəzərə alınaraq, prokurorla razılaşdırıldıqdan sonra intizam batalyonunun komandiri verir. Məhkumun məzuniyyətdə olduğu vaxt onun cəza çəkdiyi müddətə daxil edilir".
Müəllif göstərir ki, silahlı qüvvələrin daxili xidmət nizamnaməsinin tələblərinə uyğun olaraq məhkumlar üçün zəruri mənzil-məişət şəraiti yaradılır. Hər bir məhkuma fərdi yataq yeri və yataq ləvazimatları verilir. Məhkumlar ərzaqla əsgər payı üzrə, əşya əmlakı və hamam camaşirxana təminatı ilə isə müddətli hərbi qulluqçular üçün müəyyən edilmiş normalar üzrə təmin edilirlər. Bütün məhkumlara verilən pul təminatı müddətli xidmətin birinci ilində əsgər və matroslar üçün müəyyən edilmiş maaşın və tütün təminatının əvəzinə verilən pul kompensasiyasının miqdarında hər ay onların şəxsi hesabına köçürülür və intizam batalyonundan azad olunduqdan sonra onlara verilir. Məhkumlarda sabun, diş fırçası, diş tozu və ya pastası, daraq, cib dəsmalı, tütün məmulatı, kibrit, yazı kağızı, zərf, kitab, qələm və karandaş olmasına icazə verilir. Göstərilən predmetlərə təchizat normasından əlavə olduqda, bunlar məhkumların şəxsi hesabında olan vəsait hesabına nağdsız hesablaşma üzrə mütəşəkkil qaydada alınır.
Məhkumların tibb təminatı silahlı qüvvələrinin daxili nizamnaməsinin tələblərinə uyğun surətdə həyata keçirilir. Xəstə məhkumlar lazım gəldikdə, müalicə üçün qospitala göndərilir. Məhkumun qospitala göndərilməsi və oradan geri qaytarılması, mühafizəsiz hərəkət etmək hüququ olan məhkumlar istisna edilməklə, mühafizə altında yerinə yetirilir. Qospitalda müalicə müddəti cəza müddətinə daxil edilir.
Sosial adaptasiya cəza çəkməkdən azad edilmiş şəxslər üzərində müşahidə qoyulması yolu ilə həyata keçirilir. Həmin müşahidənin məqsədi məhkumların islah olunmasının nəticələrini möhkəmləndirmək, onları vicdanlı əməyə cəlb etməkdir. Azadlıqdan məhrumetmə yerlərindən azad edilən şəxslərə işə düzəlməkdə və məişət şəraitininin yaradılmasında yardım göstərilməsi əsas vəzifələrdən biri hesab olunur. Sosial adaptasiyanı tənzimləyən hüquqi normalar bu problemin hərtərəfli həllini əhatə etməlidir. Sosial adaptasiyanın istər cinayət-icra məcəlləsində, istər ayrıca qanunda həlli hal-hazırda qüvvədə olan müxtəlif qanunverici aktlarda mövcud olan azadlıqdan məhrum olunmuş şəxslər üçün müəyyən olunmuş məhdudiyyətlərin (mənzil hüququnun itirilməsi, qeydiyyatdan çıxarılma və qeydiyyata alınma, nikahın pozulması, müəyyən vəzifə tutma və s.) ləğv olunması ilə bir vaxtda həyata kiçirilməsi daima məqsədəuyğun olardı. Belə ki, qeyd olunan məhdudiyyətlərin qalması sosial adaptasiyanın arzu olunan formada həyata keçirilməsində ciddi maneələr yarada bilər.
 
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər