18px16px14px12px

Əməkçi miqrantların hüquqlarını müdafiə edən beynəlxalq konvensiyanın işlənib hazırlanması

         
     1985-cı ildə İqtisadi və Sosial Şura əməkçi miqrantların və onların ailələrinin sosial vəziyyətini yaxşılaşdırmaq sahəsində gələcəkdə milli, ikitərəfli, regional və beynəlxalq səviyyələrdə səy göstərilməsinin zaruriliyini qəbul etmişdir (1985-ci il 24 saylı qətnamə). Şura üzv dövlətlərə işçi qüvvələrinin beynəlxalq miqrasiya şərtlərinin dəyişməsi ilə əlaqədar meydana çıxan yeni tələbatların ödənilməsi və yeni problemlərin həll edilməsi məqsədilə onların rifahının yaxşılaşdırılması üzrə proqramlar yaratmağı və  onları genişləndirməyi təklif etmişdir. O, habelə, miqratların ailələrinin mühafizə edilməsinin mühüm əhəmiyyətini qeyd etmiş və ailə üzvlərinin, xüsusilə də, qadınların, uşaqların və gənclərin, onları qəbul edən ölkələrdəki həyat tərzinə inteqrasiyası şəraitini əhəmiyyətli dərəcədə yaxşılaşdırmağa çağırmışdır.
     Qətnamədə göstərilir ki, uşaqların öz dilləri və öz mədəniyyətləri ilə bağlı biliklərini inkişaf etdirə bilmələri üçün onların təhsilinə xüsusi diqqət yetirilməlidir.
          BMT-nin Cenevrə şöbəsinin İnsan Hüquqları Mərkəzi göstərir: "1989-cu ilin sentyabrında Afinada Birləşmiş Millətlər Təşkilatının himayəsi altında əməkçi miqrantların mənsub olduqları dövlətlərlə onların işlədikləri dövlətlər arasında mədəni dialoq məsələləri üzrə beynəlxalq seminar keçirilmişdir. Bu seminar İqtisadi və Sosial Şuranın əməkçi miqrantların və onların ailələrinin vəziyyətinə xüsusi diqqət yetirməsi haqda Baş katibə ünvanlandırdığı xahişin (1986-cı il 6 saylı qətnamə, II və 12-ci bəndlər) yerinə yetirilməsi ilə əlaqədar keçirilmişdir».
     Əməkçi miqrantların və onların ailələrinin normal həyata inteqrasiyası məsələsini müzakirə edərkən, seminar iştirakçıları qeyd etdilər ki, bu zaman təhsil katalizator rolunu oynayır. Onlar belə bir fikirlə razılaşdılar ki, qəbul edən dövlətlərin dilinin öyrənilməsi uğurlu inteqrasiya üçün mühüm əhəmiyyət kəsb edir, Eyni zamanda, uşaqların öz mədəniyyətlərinin özəl xüsusiyyətlərini saxlamaları da vacibdir, buna görə də təhsil ikidilli olmalıdır.
     Seminarda, həmçinin, bu qənaətə gəlinmişdir ki, əməkçi miqrantlar öz cəmiyyətlərini yaratmaq və onlara qoşulmaq hüququna va imkanına malik olmalıdırlar. Həmkarlar ittifaqlarına üzvlük əməkçi miqrantlar üçün ictimai həyatda iştiraka yol açır. Qeyri-hökumət təşkilatları inteqrasiya prosesində mühüm rol oynaya bilərlər. Seminarda insan hüquqları ilə bağlı qəbul edilən tövsiyələr çərçivəsində, qəbul edən dövlətlərə təklif edilmişdir ki, mənsub olduqları dövlətlərdə keçirilən seçkilərdə iştirak hüququndan istifadə etməkdə əməkçi miqrantlara köməklik göstərsinlər və imkan daxilində onlara seçmək və seçilmək hüququ verilməsi məsələsini nəzərdən keçirsinlər. Həmçinin, ailələrin birləşməsi hüququnun gerçəkləşməsini təmin etsinlər.
     Əməkçi miqrantların hüquqlarının qorunması haqqında beynalxalq konvensiyanın işlənib-hazırlanması 1978-ci ildə Cenevrədə keçirilən irqçiliyə və irqi ayrı-seçkiliyə qarşı mübarizəyə dair Birinci Ümumdünya Konfransında tövsiyə edilmişdir. Baş Assambleya özünün 1978-ci ildə qəbul etdiyi əməkçi miqrantların insan hüquqlarının və insan ləyaqətlərinin vəziyyətinin yaxşılaşdırılması və onların tamin olunması tədbirləri haqqında qənaməsində (33/163) də analoji tövsiyə ilə çıxış etmişdir.
     Konvensiyanın işlənib-hazrlanması üçün 1980-cı ildə bütün üzv dövlətlər üçün açıq olan işçi qrupu yaradıldı və İnsan Hüquqları Komissiyası, Sosial-İnkişaf Komissiyası, Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Məsələləri üzrə Təşkilatı (YUNESKO) və Beynəlxalq Səhiyyə Təşkilatı kimi müvafiq beynəlxalq orqanlara bu məsələnin həllinə köməklik göstərmək təklif olundu."
     Mandatı Baş Assambleyanın illik sessiyalarında ardıcıl olaraq uzadılan işçi qrupu bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Kovensiyanı 1990-cı ildə işləyib-hazırladı.
     Konvensiya Baş Assambleya tərəfindən 1990-cı il dekabrın 18-də qəbul edildi. O, Birləşmiş Millətlər Təşkilatının üzvü olan bütün dövlətlər üçün imzalanmaya açıqdır. Konvensiyanın təsdiqi üçün onun səlahiyyətli milli hakimiyyət orqanları, bir qayda olaraq, milli parlamentlər tərəfindən bəyənilməsi tələb olunur. Dövlətlər, həmçinin, bu Konvensiyanın nizamlanması və təsdiq edilməsini bir aktda birləşdirmək yolu ilə ona qoşula bilərlər.
     Konvensiya, onu 20 dövlət təsdiq etdikdən və ya ona qoşulduqdan sonra qüvvəyə minir. Konvensiyanı təsdiq edən və ya ona qoşulan dövlətlər iştirakçı dövlətə çevrilir.
     Mərkəzin məlumatına görə, bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiyanın məğzi ondan ibarətdir ki, onun müddəalarına müvafiq olaraq, əməkçi miqrant kimi təsnif edilən şəxslər özlərinin hüquqi statuslarından asılı olmayaraq öz insan hüquqlarından istifadə imkanı alırlar.
     Konvensiyada əmək münasibətləri ilə bağlı mövcud beynəlxalq standartlar, habelə, Köləlik haqqında Konvensiyanın müddəları nəzərə alınmışdır. Onda, həmçinin, YUNESKO-nun Təhsil Sahəsində Ayrı-seçkiliyə Qarşı Mübarizə haqqında Konvensiyasına, Ayrı-seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Beynəlxalq Konvensiyaya, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakta, İqtisadi-Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakta, Huquq-Mühafizə Sistemi üzrə Vəzifəli Şəxslərin Davranış Kodeksinə, Qadınlara Qarşı Ayrı-Seçkiliyin Bütün Formalarının Ləğv Edilməsi haqqında Konvensiyaya, İşgəncələrə və Digər Ağır, Qeyri-insani və ya İnsan Ləyaqətini Alçaldan Rəftar və Cəza Növlərinə qarşı Konvensiyaya, Uşaq Hüquqları haqqında Konvensiyaya və Birləşmiş Millətlər Təşkilatının Dördüncü Konqresinin cinyətkarlığın qarşısının alınması və qanunu pozanlarla davranışa dair Bəyannaməsinə istinad edilir.
     Konvensiyada, bilavasitə, əməkçi miqrantların vəziyyəti ilə bağlı olan müvafiq hüquqlar ifadə olunmuşdur. Onda həm əməkçi miqrantların və onların ailələrinin mənsub olduqları dövlətlərin, həm də onları qəbul edən dövlətlərin baxışlarına görə miqrasiya meyillərinin müasir dərki öz əksini tapmışdır. Konvensiyada əməkçi miqrantların problemləri ilə bağlı yarım əsrdən çox onlar bir müddət ərzində ekspertlərin verdikləri rəylərin məğzi son dərəcə dürüst ifadə edilmiş, beynəlxalq və mili-hüquqi sənədlərin geniş dairəsinin tələbləri nəzərə alınmışdır.
     Konvensiyada, bu hüquqların şamil edildiyi əməkçi miqrantlar və onların ailə üzvlərinin, ilk dəfə olaraq, aşağıdakı kateqoriyaları müəyyən edilmişdir:
     -  qonşu dövlətdə yaşayan və oraya hər gün və ya ən azı həftədə bir dəfə geri qayıdan sərhədyanı əməkçilər;
         -  mövsümi əməkçilər;
         -  vətəndaşı olmadıqları dövlətlərdə qeydiyyata alınmış gəmilərdə muzdla işləyən dənizçilər;
         -  vətəndaşları olmadıqları dövlətlərin yuridiksiyasında olan sahilyanı qurğularda çalışan əməkçilər;
         -  işləri ölkədən-ölkəyə köçmələrlə bağlı olan əməkçilər;
         -  konkret layihə üzrə muzdla çalışan miqrantlar;
         -  muzd üzrə deyil, adi qaydada çalışan əməkçilər.
     Konvensiyanın 4-cü hissəsində iştirakçı dövlətlərin, əməkçilərin  və onların ailə üzvlərinin beynəlxalq miqrastyasına "normal, ədalətli, humanist və qanuni şərait"' yaratmaq məqsədilə bir sıra təəhhüdlər qəbul etmələri nəzərdə tutulur. Bu təəhhüdlər miqrasiya ilə bağlı siyasətin işləyib-hazırlanmasını və həyata keçirilməsini, digər iştırakçı dövlətlərlə informasiya mübadiləsini, icarədarlara, əməkçilərə və onların təşkilatlarına siyasət, qanunlar və inzibati qaydalar haqqında informasiya verməyi, əməkçi miqrantlara və onların ailələrinə köməklik göstərilməsini nəzərdə tutur.
     Konvensiya əməkçi miqrantların muzdla tutulması və onların mənsub olduqları dövlətlərə qayıtmaları ilə bağlı qaydaları müəyyən edir. Onda, həmiçinin, qeyri-qanuni və gizli miqrasiyaya yol verilməməsi ilə əlaqədar lazımi tədbirlər təsvir olunur.
     Konvensiyanın 72-ci maddəsində həmin konvensiyanın qüvvəyə mindiyi andan, yəni 20 dövlət tərəfindən təsdiq edilməsindən sonra onun tətbiqini müşahidə etmək məqsədilə bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması üzrə komitənin yaradılması nəzərdə tutulur. Bu komitənin tərkibi əvvəlcə 10 nəfər, 41 təsdiqedici fərman qeydə alındıqdan sonra isə 14 bitərəf ekspertdən ibarət olmalıdır.
     Komitənin üzvləri iştirakçı dövlətlərin gizli səsverməsi əsasında seçilirlər; bu zaman həm əməkçi miqrantların mənsub olduqlan dövlətlər, həm də muzdla işə götürən dövlətlər daxil olmaqla, ədalətli coğrafi bölgü və dünyada mövcud olan əsas hüquqi sistemlərin nümayəndəlikləri nəzərə alınır. Komitə üzvləri dörd il müddətinə seçilir və öz funksiyalarını şəxsi keyfiyyətdə yerinə yetirirlər.  
     Mərkəz göstərir: "İştirakçı dövlətlər Konvensiyanın müvafiq dövlət üçün qüvvəyə mindiyi gündən sonrakı bir il ərzində onun həyata keçirilməsi üçün gördükləri tədbirlər haqqında məruzə təqdim etmək və sonra hər beş ildən bir belə məruzə təqdim etmək öhdəliyi götürürlər. Həmin məruzələrdə Konvensiyanın həyata keçirilməsi ilə bağlı problemlərin göstərilməsi və miqrasiya axınları barədə informasiyaların verilməsi ehtimal olunur. Məruzələri nəzərdən keçirdikdən sonra komitə məqsədəuyğun hesab etdiyi qeydlərini marağı olan iştirakçı dövlətə göndərir.
     Konvensiyada komitə ilə beynəlxalq təsisatlar, xüsusilə də, Beynəlxalq Əmək Təşkilatı arasında sıx əməkdaşlığın həyata keçirilməsi nəzərdə tutulur.
     76-cı maddəyə görə iştirakçı dövlət, komitənin hər hansı bir iştirakçı dövlətdən digər iştirakçı dövlətin Konvensiya üzrə öz öhdəliklərini yerinə yetirmədiyi barədə məlumatlar almaq və onları müzakirə etmək səlahiyyətini qəbul etdiyini bəyan edə bilər. Belə məlumatlar yalnız komitənin bu səlahiyyətlərini qəbul etdiyini bəyan edən iştirakçı dövlətlərdən qəbul edilə bilər. Əgər komitə bu məsələnin digər beynəlxalq kontekstdə nə əvəllər və nə də indi nəzərdən keçirilmədiyinə və hüquqi müdafiənin bütün daxili vasitələrinin tükəndiyinə əmin olsa, izahat tələb edə və öz mülahizələrini bildirə bilər.
     1993-cü ilin iyun ayında Vyanada keçirilən insan hüquqlarına dair Ümumdünya Konfransı dövlətləri bütün əməkçi miqrantların və onların ailə üzvlərinin hüquqlarının qorunması haqqında Beynəlxalq Konvensiyanı mümkün qədər tez təsdiq etməyə çağırdı. Qəbul etdiyi Vyana Bəyannaməsi və Fəaliyyət Proqramında (II hissə, 33-35-ci bəndlər) konfrans bütün dövlətləri israrla bütün əməkçi miqrantların və onların ailələrinin hüquqlarının qorunmasına təminat verməyə çağırdı. Konfrans əməkçi miqrantlarla onları qəbul edən dövlətlərin ictimaiyyətinin qalan hissəsi arasında daha ahəngdar və dözümlü münasibətlərin yaranmasına kömək edən şəraitlərin yaradılmasının, xüsusilə, vacib olduğunu bəyan etdi."
     1994 - cü ilin sentyabrında Qahirədə keçirilən Əhali və İnkişafa dair Beynəlxalq Konfrans miqrasiya, xüsusilə də, qlobal miqrasiya məsələlərini nəzərdən keçirdi. Qəbul etdiyi fəaliyyət proqramının X fəslində konfrans, beynəlxalq miqrasiya probleminə hərtərəfli beynəlxalq yanaşma üsulunun tərəfdarı olduğunu bildirdi. Əsas fəaliyyət sahələri arasında konfrans, ilk növbədə, miqrasiyanın yerli səbəblərini qeyd etdi və həm qeydə alınmış, həm də qeydə alınmamış miqrantlarla bağlı tədbirlər görməyə çağırdı.
VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər