18px16px14px12px

"İSTEHLAKÇILARIN HÜQUQLARININ MÜDAFİƏSİ HAQQINDA" AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

          
          "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu 19 sentyabr 1995-ci ildən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qabul olunmuşdur. Qanun 4 fəsildən ibarətdir. I-ci fəsil əsas anlayışlar və ümumi müddəalara həsr olunmuşdur ki, biz yuxarıda bu anlayışlar barədə məlumat vermişik.
            2-ci fəsil "İstehlakçıların hüquqları" adlanır. İstehlakçının aşağıdakı hüquqları bu fəsildə öz əksini tapmışdır. Azərbaycan Respublikasında istehlakçılar aşağıdakı hüquqa malikdirlər:
           - malların (işlərin, xidmətlərin) və onların istehsalçısının, icrasının sərbəst seçilməsinə:
          - istehlak etdikləri malların (işlərin, xidmətlərin) lazımi keyfiyyətdə olmasına;
           -  malların (işlərin, xidmətlərin) təhlükəsizliyinə;
          -  malların (işlərin, xidmətlərin) miqdarı, çeşidi və keyfiyyəti haqqında dolğun va düzgün məlumat əldə etməyə;
          -  qanunvericilikdə nəzərdə tutulan hallarda, lazımi keyfiyyəti olmayan, habelə, insanların sağlamlığına, həyatına təhlükəli olan malların (işlərin, xidmətlərin) vurduğu zərərin ödənilməsilə;
          -  öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəmələrə müraciət etməyə;
          - ictimai təşkilatlarda (istehlakçılar birliyində) birləşməyə;
          - istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir;
          -   satıcı, istehsalçı, icraçı istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin, mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir.
            Bu fəslin "zəmanət öhdəlikləri" bölməsi bu gün ən çox istehlakçı hüquqlarının pozulduğu sahədir. Bu bölmədə istehlakçının aşağıdakı hüquqları təsbit olunmuşdur:
          - istehsalçı (icraçı) malın (işin, xidmətin), həmçinin komplektləşdirici məmulatların qanunvericilikdə nəzərdə tutulan zəmanət müddəti ərzində bu müddətlərin olmadığı hallarda isə müqavilə ilə müəyyənləşdirilmiş qaydada normal işini (tətbiqini və istifadəsini) təmin edir;
          -  zəmanət müddəti malın (işin, xidmətin) pasportunda və ya nişanlanma kağızında (yarlıqda) və yaxud mala (iaşə, xidmətə) əlavə olunan digər sənəddə göstərilir;
          -  yararlılıq müddəti ötmüş malların satışı qadağan edilir;
          - zəmanət müddətləri malın satıldığı gündən, yararlılıq müddəti isə hazırlandığı gündən hesablanır;
            - istehlakçı satıcı (istehsalçı, icraçı) qarşısında zəmanət müddəti müəyyən edilməmiş mallarda aşkar olunmuş qüsurlar barədə 3 ildən gec olmamaq şərtilə öz tələblərini irəli sürmək hüququna malikdir;
          - zəmanətli təmir aparılarkən malın (işin, xidmətin) zəmanət müddəti onun təmirdə olduğu müddət qədər uzadılır. Göstərilən müddət istehlakçının qüsurları aradan qaldırmaq tələbini irəli sürdüyü gündən hesablanır. Mal dəyişdirildikdə, zəmanətin müddəti dəyişdirilmə günündən etibarən yenidən hesablanır.
            Qüsurlu olan mal satılarkən istehlakçının aşağıdakı hüquqları var:
          -  istehlakçı müqavilə və ya digər qaydalarla müəyyən olunmuş zəmanət müddəti ərzində aldığı malda qüsur və ya saxtalaşdırma aşkar edərsə, öz istəyinə görə, satıcıdan və ya istehsalçıdan aşağıdakıları tələb etmək hüququna malikdir:
            a)  lazımi keyfiyyətli mala dəyişdirilmək;
            b)  malın qüsurlarını icraçının (satıcının, istehsalçının) hesabına aradan qaldırmaq və ya qüsurların aradan qaldırılması üçün istehlakçının və ya üçüncü şəxsin çəkdiyi xərcin əvəzini ödəmək;
            v) malı, həmin mala uyğun digər modelli (markalı, tipli və i.a.) mal ilə dəyəri yenidən hesablanma şərtilə əvəz etmək;
           ~ satıcı (icraçı) istehlakçıdan lazımi keyfiyyəti olmayan malı geri götürməyə, yuxarıda qeyd olunan maddələrdən birini yerinə yetirməyə borcludur;
          -  istehlakçının mal dəyişdirmək tələbi, mal olmadıqda müvafiq ərizənin verildiyi andan iki ay müddətində ödənilməlidir;
          - istehlakçıya keyfiyyətsiz ərzaq malı satılan halda, keyfiyyətsizlik malın yararlılıq müddəti ərzində aşkar olunubsa, satıcı həmin malı keyfiyyətli mala dəyişdirməli və ya malın dəyərinin məbləğini qaytarmalıdır;
          - istehlakçı malın qüsurunun əvəzsiz olaraq aradan qaldırılmasını tələb edirsə, qüsur 14 gün ərzində və ya (tərəflərin razılığı ilə başqa müddətdə aradan qaldırılmalıdır,
          - istehlakçının tələbi ilə satıcı (icraçı) məişət texnikasının və nəqliyyat vasitələrinin təmir edildiyi və ya dəyişdirildiyi müddət üçün ona əvəzsiz olaraq (evinə çatdırmaqla) oxşar mal verilməlidir. Təmir (dəyişdirmə), habelə, malın qüsurlarının aradan qaldırıldığı və ya dəyişdirildiyi müddət üçün oxşar malı vermək məsələsinin yerinə yetirilməsi (14 gün) ləngidildikdə, satıcı (icraçı) istehlakçıya mal verməklə bir vaxtda müəyyən edilmiş müddətin ötürüldüyü hər gün üçün ona malın satış qiymətinin bir faizi məbləğində dəbbə pulu ödəyir;
          -  istehlakçının tələbinə qəbz, mal və ya kassa çeki, zəmanət müddəti olan mallar üzrə isə texniki pasport və ya onu əvəz edən digər sənədlər təqdim edildikdə baxılır;
          -  satıcı istehlakçıya mal satarkən ona qəbz, mal, kassa çeki və ya digər yazılı sənəd verməlidir;
          -  istehlakçı malın keyfiyyətinin yoxlanılmasında şəxsən, yaxud da nümayəndəsi vasitəsilə iştirak etmək hüququna malikdir.
            İş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən istehlakçılar aşağıdakı hüquqlara malikdir:
          -  icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ var;
             - işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda, istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var.
            Şərh. Misal üçün N adlı şəxs K adlı avtomobil tamiri müəssisəsində avtomobilini rənglətdirmək üçün müqavilə bağlayıb. Lakin N avtomobilinin rənglənməsindən narazı qalıb (müəyyən nöqsanlar olduğu üçün). N əlavə müddət verir, lakin K müəssisəsi qüsurları aradan qaldıra bilmir. Bu zaman N istənilən avtomobil təmiri müəssisəsində nöqsanı aradan qaldırmaq niyyətini bildirir və bu zaman K müəssisəsi bütün xərcləri öz üzərinə götürməklə üzləşir.
          - icraçı müqavilənin şərtlərindən kənara çıxaraq, işi (xidməti) pisləşdirmirsə, yaxud işdə (xidmətdə) başqa qüsurlara yol vermişdirsə, istehlakçının istəyinə uyğun olaraq, göstərilən qüsurların icraçının hesabına əvəzsiz olaraq müvafiq müddətdə aradan qaldırılmasını və ya işin (xidmətin) qüsurlarını öz vasitələri ilə aradan qaldırarkən, çəkdiyi zəruri xərclərin ödənilməsini, yaxud işin (xidmətin) haqqının müvafiq surətdə azaldılmasını tələb etmək hüququ var;
          - istehlakçının materiallarından görülmüş işlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli kənaraçıxma və ya digər mühüm qüsurlar aşkar edilərsə, istehlakçının istəyinə uyğun olaraq, bu işlərin icraçının eynicinsli və keyfiyyətli materialından hazırlanmasını, yaxud müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək hüququ var.
            Qanunun "İş görülməsinə və xidmət göstərilməsinə dair müqavilələrin şərtləri pozularkən, istehlakçıların hüquqları" bölməsində, eləcə də, dəbbə pulu adlanan anlayışdan istifadə edilmişdir. Belə ki, istehlakçı qüsurların aradan qaldırılması üçün istehsalçıya (icraçıya) vaxt verərsə və bu vaxt ərzində də qüsurlar istehlakçı (icraçı) tərəfindən aradan qaldırılmazsa, onda istehsalçı (icraçı hər gün üçün) iş görülməsi üçün razılaşdırılmış məbləğin 1%-i miqdarında dəbbə pulu ödəməlidir.
            Qanunda, həmçinin, istehlakçının qüsurları aşkar etməsi zamanı istehsalçıya (icraçıya) qarşı iddia qaldırması üçün vaxt intervalı da nəzərdə tutulub. Əgər zəmanət müddəti müəyyən olunmayıbsa, istehlakçı istehlakçı (icraçı) qarşısında 1 il müddətində iddia qaldıra bilər.
          İstehlakçıların malların (işlərin, xidmətlərin) təhlükəsiz olması hüquqların aşağıdakı kimi təsbit olunmasıdır;
          - istehlakçı malların (işlərin, xidmətlərin) adi şəraitdə istifadə olunmasının, saxlanılmasının və daşınmasının onun həyati sağlamlığı, eləcə də, ətraf mühit üçün təhlükəsiz olmasının, həmçinin, onun əmlakına ziyan vurulmasının təmin olunması hüququna malikdir;
          -  qanunvericilik aktları ilə və ya digər normativ sənədlərlə vətəndaşların həyatı, sağlamlığı va əmlakı, ətraf mühitin mühafizəsi üçün təhlükəsizlik tələblərinin müəyyən edildiyi mallar (işlər, xidmətlər) qüvvədə olan qanunvericiliyə əsasən, məcburi sertifikasiyadan keçirilməlidir.
          Göstərilən tələblərə uyğunluğunu təsdiq edən sertifikat olmadıqda, belə malları (o cümlədən, xarici malları) Azərbaycan Respublikasında satmaq və istifadə etmək qadağandır. Belə malların Azərbaycan Respublikasının ərazisinə idxal edilməsinə razılıq üçün gömrük orqanlarına təqdim edilən, müvafiq səlahiyyətli orqan tərəfindən verilmiş və ya da tapılmış uyğunluq sertifikatı əsas verir;
          - istehlakçı malın (işin, xidmətin nəticəlarinin) istifadəsi, daşınması və saxlanılması qaydalarına düzgün əməl etdikdə, lakin həmin mal (iş, xidmət) onun həyatına, sağlamlığına, əmlakına və ya ətraf mühitə zərər vurduqda və ya zərər vura bilərsə, istehsalçı (icraçı, satıcı) onun istehsalını (satışını) zərər vura bilən səbəblər aradan qaldırılanadək dayandırmalı, zəruri hallarda isə həmin dövriyyədən çıxarılması və istehlakçıdan geri qaytarılması üçün tədbirlər görməlidir;
          - istehsalçı (icraçı) malda (işdə, xidmətdə) ehtimal doğuracaq xətər (risk) və təhlükəsiz istifadəsi barədə beynəlxalq təcrübələrdə qəbul edilmiş işarələr vasitəsilə istehlakçıya məlumat verməyə borcludur;
            -  malın (işin, xidmətin) konstruksiya, istehsal, resept və başqa qüsurları nəticəsində istehlakçının həyatına, sağlamlığına və ya əmlakına dəymiş zərər, qanunvericilikdə daha yüksək məsuliyyət nəzərdə tutulmayıbsa, günahkar tərəfindən istehlakçıya tam ödənilməlidir.
            Şərh. Qanunda istehlakçının hüquqlarının pozulması zamanı mənəvi ziyanın ödənilməsi də nəzərdə tutulmuşdur və mənəvi ziyanın miqdarı məhkəmə tərəfindən müəyyən olunduğu nəzərə çatdırılır.
          - satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbləri ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın işlədilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir.
            Satıcı (icraçı) istehlakçıya müəssisənin satdığı malların ticarət qaydaları və xidmət növləri barəsində də dolğun və düzgün məlumat verməlidir.
          -  istehsal edilmiş malın üzərində istehsal və ya ticarət markası, mal nişanı və ya xidmət nişanı olmalıdır. İstehsal markasında istehlakçının (icraçının) adı, mənsubiyyəti, yeri və standartların (normativ sənədlərin) işarəsi göstərilir. Hazırlanmış mal istehsal markasına uyğun gəlməlidir.
          Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsin hazırladığı malın (işi, xidməti) etiketi (yarlığı) olmalıdır. Etiketdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ verən sənədin nömrəsı, onu təsdiq edən orqanın adı, zəruri hallarda onun sertifikatlaşdırılması, xüsusi tələblərə cavab verən mallar (işlər, xidmətlər) üçün isə dövlət standartlarının nömrəsi haqqında məlumat verilməlidir;
          - satılan mal barəsində yanlış məlumatın və ya kifayət qədər dolğun olmayan məlumatın verilməsi, istehlakçının lazımi xassələrə malik olmayan malı (işin, xidmətin) almasına səbəb olmuşdursa, onun müqaviləni ləğv etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır;
            - məcburi sertifikasiya edilməli olan, lakin uyğunluq sertifikatı olmayan məhsulun reklamı qadağandır.
          
          VAHİD ÖMƏROV, 
          fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər