18px16px14px12px

İctimai müdafiə və insan hüquqları

Azərbaycan Respublikası müstəqillik əldə etdikdən və beynəlxalq hüququn subyektinə çevrildikdən sonra insan və vətəndaş azadlıqlarını və hüquqlarını təşkil edən əsas beynəlxalq normaların əksəriyyətinə qoşulmuşdur. 1995-ci ildə referendum yolu ilə qəbul olunmuş konstitusiya isə bu hüquq və azadlıqları özündə əks etdirmişdir. Eyni zamanda mülki, siyasi, iqtisadi, sosial və mədəni hüquqları təmin edən bir sıra qanunlar və normativ sənədlər qəbul edilmişdir. 
"İnsan və vətəndaş hüquq və azadlıqları sahəsində beynəlxalq normalara tərəfdar çıxmaqla və həmçinin, konstitusiyanı və müvafiq milli qanunvericiliyi beynəlxalq standartlara uyğunlaşdırmaqla Azərbaycan Respublikası müasir və sivil ölkələr səviyyəsinə yaxınlaşmışdır. Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının üzvü olmaqla yanaşı, həm də BMT-nin insan hüquqlarının müdafiəsi ilə məşğul olan ixtisaslaşdırılmış idarələrinin, o cümlədən, YUNESKO-nun, Beynəlxalq Əmək Təşkilatının, Ümumdünya Səhiyyə Təşkilatının, Kənd Təsərrüfatı və Ərzaq Təşkilatının, habelə, nüfuzlu regional beynəlxalq təşkilat olan ATƏT-in əsas missiyası insan hüquqlarının və əsas azadlıqlarının qorunması olan Avropa Şurasının üzvüdür və onlar qarşısında insan hüquq və azadlıqlarının təmin olunması sahəsində müəyyən öhdəliklər götürmüşdür.
İnsan hüquqları içərisində mühüm hesab olunan hüquqlardan birı də hər kəsin öz hüquqlarını müdafiə etmək üçün mümkün olan və qanunla qadağalar olunmayan bütün vasitələrdən istifadə etmək hüququdur. İstər cinayət etmiş, yaxud cinayət etməkdə şubhəli hesab olunan şəxs və ya mülki cavabdehlik daşıyan hər bir kəs üçün, ilk növbədə, etibarlı və səriştəli müdafiənin və bu müdafiəni təşkil etmək üçün konstitusion və qanunvericilik əsaslarının olması olduqca vacibdir.
Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsi bu hüququ təmin edir:
MADDƏ 26. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının müdafiəsi.
1. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını, azadlıqlarını müdafiə etmək hüququ var.
  2. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir.
  Azərbaycan Respublikası 13 avqust 1992-ci il tarixdən BMT-nin "Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt"ına qoşulmuşdur. Paktın 14-cü maddəsinin 3-cü hissəsinin "c" bəndi ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, hər kəsə "Özünü müdafiəyə hazırlamaq üçüm kifayət qədər vaxta və özünün seçdiyi müdafiəçisi ilə əlaqə saxlamaq imkanına malik olmaq" hüququnu verir.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər sənədlərdə də bu hüquq təsbit olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual və Mülki-Prosessual məcəllələrində bütün növ müdafiələr, onların kompetensiyaları haqqında müfəssəl müddəalar da əks olunub.
Müəllifin fikrincə, dünyanın ən demokratik dövlətlərində belə insan hüquqlarının pozulması halları baş verir. Bununla belə, demokratik dövlətlərin avtoritar rejimlərin mövcud olduğu dövlətlərdən fərqi ondadır ki, bu dövlətlərin hakimiyyət orqanları insan hüquqlarının təmin olunması naminə əlavə tədbirlər görür və mexanizmlər yaradırlar. Demokratik dövlətlərdə hakimiyyət orqanları ilə yanaşı, qeyri-hökumət təşkilatları da insan hüquqlarının müdafiəsində mühüm rol oynayırlar. Hakimiyyət isə, öz növbəsində, qeyri-hökumət təşkilatlarının inkişafına və fəaliyyətinə hərtərəfli yardım edir və beləliklə, həmin ölkələrdə insan hüquqlarının pozulması epizodik xarakter daşıyır. Hüquqları pozulmuş şəxs isə öz huquqlarını bərpa edə bilər. Avtoritar və tolalitar rejimlərin hakim olduğu ölkələrdə isə vəziyyət bir qədər başqa cür olur. Bu ölkələrdə insan hüquqlarının pozulması total xarakter daşıyır və bunun başında elə hakimiyyətin özü durur. Odur ki, belə rejimlər insanların nəinki hüquqlarını müdafiə edir, əksinə, bu hüquqların müdafiəsini üzərinə götürmüş və hüququ pozulmuş şəxsin ictimai müdafiasini təşkil edən qeyri-hökumət taşkilatlarını hərtərəfli təzyiqlərə məruz qoyurlar. Bu təşkilatlar qeydə alınmır, hakimiyyət onlarla əməkdaşlıq etmir və onların fəalları hər cür böhtan və təhqirlərə məruz qalırlar. Beləliklə, əslində, hüququ pozulmuş fərdin hüquqlarının bərpası uğrunda mübarizə aparan qeyri-hökumət təşkilatı və onun fəallarının sonda bir çox hallarda özlərinin müdafiəyə ehtiyacı olur.
"Hazırda dünyada insan hüquqlarının müdafiəsi ilə məşğul olan çoxsaylı beynəlxalq qeyri-hökumət təşkilatları mövcuddur. Bu təşkilatlar fəaliyyət dairələrinə görə ümumdünya və regional beynəlxalq qeyri-hökumət təşkilatlarına bölünürlər. Belə təşkilatlardan bir çoxu BMT, Avropa Şurası kimi təşkilatlarda konsultativ üzvdürlər və uluslararası beynəlxalq qurumlarla əməkdaşlıq edirlər. Bu cür əməkdaşlıq bu təşkilatın işinin səmərəli təşkilinə imkan yaradır.
Belə təşkilatlar içərisində iqamətgahı Londonda yerləşən Beynəlxalq Amnistiya (Amncsty International) və Nyu-Yorkda yerləşən Hyuman Rayts Votç (Human Rights Watch), Vaşinqtonda yerləşən "İşgəncələrə qarşı Beynəlxalq Komitə" kimi nüfuzlu beynəlxalq hüquq-müdafiə təşkilatlarını buna misal göstərmək olar. Beynəlxalq Amnistiya dünyanın əksər ölkələrində bölmələri olan nəhəng qurumdur. O, əsasən, aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
-  siyasi məhbus hesab olunan şəxslər üçün obyektiv və vaxtında keçirilən məhkəmənin təmin olunması;
-  ölüm cəzasının, hər cür işgəncələrin, məhbuslara amansız və ləyaqəti alçaldan rəftarın dayandırılması;
- insanların məhkəmədən kənar cazalandırılması və "müəmmalı itmələrin" dayandırılması.
  Beynəlxalq Amnistiya Təşkilatı öz fəaliyyəti ilə elə bir təsir dairəsi qazana bilmişdir ki, ölkələr bu təşkilatın tələbləri ilə bir çox hallarda razılaşmağa məcbur olublar.
  Təkcə Beynəlxalq Amnistiya Təşkilatının praktikasına nəzər saldıqda, qlobal səviyyədə ictimai müdafiənin nəyə qadir olduğunun şahidi olmaq mümkündür.
  İnsan hüquqlarının dövlət orqanları tərəfindan müdafiəsi məqsədilə hər bir dövlətin müvafiq qurumları mövcuddur. Eyni zamanda, bilavasitə, insan hüquqlarının müdafiəsi ilə məşğul olan dövlətlərarası beynəlxalq təşkilatlar da var. Belə təşkilatlar arasında BMT-nin ixtisaslaşmış idarələri - BƏT, YUNESKO və  BMT İqtisadi və Sosial Şurasının İnsan Hüquqları Komissiyası, Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın müddəalarına uyğun olaraq yaradılmış İnsan Hüquqları Komitəsi, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Konvensiyalara əsasən yaradılmış komitələr və digər qurumlar mövcuddur". 
Müəllifin fikrincə, insan hüquqlarının müdafiəsini dövlət və dövlətlərarası qurumlardan kənarda təşkil etmək xeyli mürəkkəb məsələ olsa da, beynəlxalq qeyri- hökumət təşkilatlarının bu sahədəki uğurları olduqca böyükdür. Yuxarıda qeyd olunduğu kimi, bu qurumlar, eyni zamanda, dövlət və dövlətlərarası qurumlarla əməkdaşlıq edırlər. BMT-nin İqtisadi və Sosial Şurasının müxtəlif strukturlarında 1600-ə qədər beynəlxalq qeyri-hökumət təşkilatı konsultativ üzvdür. Bu təşkilatların beynəlxalq arenada və ayrı-ayrı ölkələrdəki fəaliyyət istiqamətləri, əsasən, aşağıdakılardır:
 Adi informasiya. Beynəlxalq qeyri-hökumət təşkilatları topladıqları ümumi və fərdi məlumatları dövlətlərə və dövlətlərarası qurumlara göndərirlər. Onlar, eyni zamanda, dövlətlərdən və dövlətlərarası beynəlxalq təşkilatlardan əldə etdikləri məlumatları yayırlar. Beynəlxalq qeyri-hökumət taşkilatlarının fəaliyyətindəki mühüm istiqamətlərdən biri də insan hüquqlarına dair biliklərin yayılması işidir.
 KONSULTATİV. Beynəlxalq qeyri-hökumət təşkilatları ayrı-ayrı təşkilatlara, insanlara, insan qruplarına onların xahişinə əsasən məsləhətlər verirlər. 
NORMA YARADICILIĞI. Beynəlxalq qeyri-hökumət taşkilatlarının fəaliyyətində əhəmiyyətli məsələlərdən biri də onların hüquq normalarının yaradılmasında iştirakıdır. Onlar dövlətin norma yaradıcılığı fəaliyyətlərinə təsir edir, razılaşma sənədlərinin layihələrini hazırlayırlar. Bu tipli layihələr bir çox hallarda dövlətlərin və dövlətlərarası beynəlxalq təşkilatların müzakirəsinə taqdim edilir. Bir çox hallarda beynəlxalq qeyri-hökumət təşkilatları qeyri-rəsmi olaraq beynəlxalq normaların və ənənələrin kodifikasiyası ilə məşğul olurlar.
NƏZARƏT. Beynalxalq qeyri-hökumət təşkilatlarının beynəlxalq normalara əməl olunmasına nəzarət güclənməkdədir. Məsələn, Beynəlxalq Qırmızı Xaç Komitəsi dövlətlərin beynəlxalq humanitar hüquq normalarına əməl etməsi işinə nəzarət edir. Beynəlxalq Amnistiya, İnsan Hüquqları Üzrə Beynəlxalq Federasiya, Hüquqşünasların Beynəlxalq Komissiyası və s. təşkilatlar insan hüquqları üzrə beynəlxalq standartlara əməl olunmasına nəzarət edirlər.
TƏHQİQAT. Beynəlxalq qeyri-hökumət təşkilatları bir çox hallarda onların ünvanına daxil olan şikayət, yaxud məlumatlar əsasında təhqiqatlar aparır, bu məqsədlə komissiyalar yaradırlar. Bu təşkilatlar dövlətlərin öz ərazilərində və işğal etdikləri ərazilərdə həyata keçirdikləri cinayətlərin miqyaslarını və istiqamətlərini müəyyənləşdirmək məqsədilə xüsusi təhqiqat aparırlar. Məsələn, Beynəlxalq Amnistiya Çində, Ruandada və Haitidə insan hüquqlarının vəziyyətini öyrənmək məqsədilə təhqiq edən xüsusi komissiyalar yaratmışdır.
S.Məmmədov yazır: "Beynəlxalq qeyri-hökumət təşkilatları beynəlxalq hüququn subyektləri hesab olunmurlar. Bu orqanlar dövlətlərarası təşkilatlar deyillər. Buna görə də belə təşkilatların fəaliyyəti, əsasən, insanların könüllü fəaliyyəti əsasında qurulur və ictimai xarakter daşıyır.
Bir qədər də müasir dünyada insan hüquqlarının və əsas azadlıqlarının bərqərar olunmasında qeyri-hökumət təşkilatlarının rolu haqqında  insan hüquq və azadlıqları uğrunda mübarizənin çoxəsrlik tarixi olmasına baxmayaraq, bu istiqamətdə aparılan mübarizədə ən çox uğur iyirminci yüzilliyin ikinci yarısına düşür. İkinci Dünya müharibəsinin dağıdıcı nəticələri bütün bəşəriyyəti lərzəyə gətirmişdir. Əlli milyondan artıq insanın həyatına son qoyulmuş, yüz milyonlarla insan evsiz-eşiksiz qalmış və alçaldılmışdır. Müharibə bəşəriyyətə misli görünməmiş məşəqqətlər gətirmişdir. Belə olan şəraitdə, bütün tərəqqipərvər dünya bundan sonra bəşəriyyəti labüd məhvdən xilas etmək, dağıdıcı müharibələrə son qoymaq üçün yollar arayırdı. Belə yollardan biri Birləşmiş Millətlər Təşkilatının yaranması idi. BMT-nin nizamnaməsi hazırlanarkən, o zamanlar bütün dünyada məşhur olan qeyri-hökumət təşkilatları BMT nizamnaməsinə insan hüquq və azadlıqlarına təminat verən müddəaların daxil edilməsi uğrunda mübarizəyə başladılar. Başlanmış mübarizə uğurla nəticələndi. BMT nizamnaməsinin yeddi bəndi birbaşa insan hüquqlarının təmin olunmasına yönəlmiş müddəalar idi ki, bunlardan da biri BMT İnsan Hüquqları Komissiyasının yaradılmasına dair idi. Məhz bu komissiya 1948-ci ildə qəbul olunmuş Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin hazırlanmasında və qəbul olunmasında əsas rol oynadı. Komissiyanın effektiv fəaliyyətində beynəlxalq qeyri-hökumət təşkilatlarının rolu olduqca böyük idi. Beynəlxalq QHT-lər tərəfindən həyata keçirilən çoxsaylı kampaniyalar, ayrı-ayrı ölkələrdə insan hüquqlarının ictimai müdafiəsinin təşkili İnsan Hüquqları Komissiyasını müəyyən addımlar atmağa sövq edirdi, baxmayaraq ki, komissiyanın bütün cəhdləri Sovet İttifaqı və digər totalitar rejimlər tərəfindən ciddi müqavimətə rast gəlirdi. Məhz bu rejimlər qeyri-hökumət təşkilatlarının ümumdünya üzrə keçirdiyi kampaniyaların və təşkil etdikləri ictımai müdafiə tədbirlərinin əleyhinə çıxır, BMT qarşısında belə təşkilatların BMT strukturlarındakı konsultativ üzvlük statusundan məhrum edilməsi tələblərini qoyurdular. 
 
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

23.02.2017

22.02.2017

21.02.2017

20.02.2017

17.02.2017

16.02.2017

Çox oxunan xəbərlər