18px16px14px12px

KİV və məhkəmə prosesinin aşkarlığı: vətəndaşların məhkəmə hüququ

     
Məhkəmə proseslərində aşkarlığın iki cür anlamı mövcuddur. Avropa Komissiyasının bəyanatına görə, birinci halda proseslərin aşkarlığı tərəfləri hakimin qeyri-obyektivliyindən müdafiə edir; ikinci halda, cəzanın açıq şəkildə bəyan edilməsi ilə məhkəmə proseslərinin aşkarlığı ictimaiyyəti mətbuat vasitəsilə məlumatlandırmağa şərait yaradır.
Beləliklə, ictimaiyyətin məhkəmədə iştirak etmək hüququ var. Digər tərəfdən, Avropa Məhkəməsi bir neçə işin müzakirəsi zamanı tərəflərin qarşılıqlı razılığı ilə bağlı dinləmələr də keçirmişdi. Bu, onunla əsaslandırılmışdı ki, bu proseslər haqqında məlumatlar ictimaiyyət üçün o qədər də mühüm əhəmiyyət kəsb etmir.
Məhkəmə iclaslarının və ya məhkəmə baxışının predmeti ola biləcək hər hansı bir məsələni işıqlandıran zaman radio və telejurnalistlər vətəndaşların ədalətli və qərəzsiz məhkəmə hüququnun həyata keçirilməsinə mane olan bütün hərəkətlərdən çəkinməlidirlər. Dünyanın bir çox aparıcı KİV orqanlarında qeyd olunan bu tələb əldə bayraq tutulmaqdadır. Məsələn, məşhur Ey-Bi-Si-nin təlimatlarında göstərilir ki, "hökmlər yalnız məhkəmə iclaslarının gedişi zamanı təsdiq olunmuş faktlara əsaslanmalıdır. Buradan belə bir nəticə çıxır ki, əgər bilavasitə, məhkəmə prosesi zamanı araşdırılması müəyyən qanuni əsaslara görə mümkün olmayan informasiya efirə verilərsə, onda biz məhkəmənin gedişinə mənfi təsir göstərə bilərik". Belə hallara yol verməmək üçün mass-media öz qaydalarını müəyyənləşdirməlidir. Cinayət hadisələrini və cinayət işləri üzrə məhkəmə proseslərini işıqlandırarkən yadda saxlamaq lazımdır ki, mühakimə olunan şəxsin verdiyi ifadələrdə müəyyən etirafların olması, onun keçmişdəki cinayətkar fəaliyyəti, yaxud şahidlərin şəxsiyyəti və potensial ifadələri haqqında ətraflı məlumat hüquqi prosedurların nəticələrinə təsir göstərə bilər. Lakin bəzən bu qəbildən olan informasiyaları ictimaiyyətin diqqətinə çatdırmaq, nəinki mümkündür, hətta çox vacibdir. Məsələn, KİV dövlət məmurlarının cinayətkar fəaliyyəti, qanunsuz həbslər və digər qanun pozuntuları ilə bağlı halları araşdırmalıdır. KİV müstəqil müşahidəçi rolundan heç vaxt, xüsusilə də, ədalət məhkəməsi həyata keçirilən hallarda imtina etməməsidir. Deməli, əgər ictimai marağı təmin etmək baxımından buna ehtiyac duyulursa, KİV lazım olan məlumatların axtarışı üçün istənilən mənbədən istifadə və müvafiq faktlarla auditoriyanı tanış edə bilər. Bunu, ilk növbədə, məhkəmə işlərinə və rəsmi şəxslərin səhv hərəkətləri, o cümlədən, fəaliyyətsizliyi ilə əlaqədar hallara aid etmək olar.
İnkişaf etmiş demokratik cəmiyyətlərdə hakimiyyət və qeyri-hakimiyyət orqanları ilə yanaşı, KİV də insan hüquqlarının müdafiəsində müstəsna rol oynayır. Mövcud cəmiyyətlərdə insan hüquqlarının pozulması, demək olar ki, epizodik xarakter daşıyır və hüquqları pozulmuş vətəndaşlar çox asanlıqla, müvafiq qanunvericilik çərçivəsində öz hüquqlarını bərpa edə bilirlər. Yuxarıda qeyd olunanları avtoritar və totalitar sistemin buxovlarından xilas olmuş cəmiyyətlərə şamil etmək mümkün deyil. Bu ölkələrdə insan hüquqlarının pozulması mütəmadi xarakter daşıyır. Hüquqları pozulmuş vətəndaşların müdafiəçisi missiyasını üzərinə götürən KİV əksər hallarda özü də təzyiq və zorakılığa məruz qalır. Ermənistanda baş verən hadisələrin acınacaqlı siyasi praktikası bunu dəfələrlə sübut edib.
Hakimiyyət orqanlarının KİV-in insan hüquqlarının müdafiəsi ilə əlaqədar missiyasına müdaxilə etməsinin başlıca səbəbi ondan ibarətdir ki, ölkədə aparılan hüquqi islahatlar ləngidildiyindən, məhkəmə orqanları hələ də köhnə metodlarla işləyərək, cəza aparatı rolunu yerinə yetirirlər. Bütün bu çətinliklərə baxmayaraq, respublikamızda KİV tərəfindən insan hüquqlarının müdafiəsi getdikcə daha çox səmərə verməkdədir.
Hüququ pozulmuş şəxslərin hüquqlarını müdafiə edərkən KİV həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda ictimai rəyi formalaşdırmağa nail olur, müvafiq təhqiqatlar nəticəsində əldə edilmiş məlumat və hesabatları beynəlxalq təşkilatların və informasiya kanallarının nümayəndəliklərinə göndərməyə səylər göstərir. Nümunə olaraq, qeyri-hökumət təşkilatları ilə yanaşı, KİV-in də fəal iştirak etdiyi müdafiə proseslərini göstərmək olar.
Bu cür müdafiə komitələri mətbuatla, özəl telekanallarla sıx əlaqə qurur, hər bir faktla əlaqədar mətbuat konfransları keçirir, məqalələr çap etdirir, ictimaiyyətə dolğun məlumat çatdırmağa çalışırlar. Beləliklə, mətbuatın əlahiddə imkanlarından geniş istifadə etməklə, bir çox ictimai müdafiə proseslərini qazanmaq mümkün olmuşdur.
İnsan hüquqlarının müdafiəsində mübarizcəsinə iştirak edən KİV hüquqları pozulmuş şəxslər və qruplar haqqında geniş ictimaiyyətə dolğun məlumatlar verməklə məhdudlaşmayıb, onların məhkəmə proseslərini işıqlandırmağa cəhdlər göstərir, məhbusların cəzaçəkmə yerlərinə gedir, oradakı şəraiti obyektiv göstərməyə çalışırlar. Bütün hallarda həm vətəndaşın ictimai müdafiəsinin təşkilində, həm də ictimai rəyin formalaşdırılmasında KİV-in rolu əvəzsizdir. Bu gün respublikamızda insan hüquqlarını müdafiə edən təşkilat və qurumların ən "qüdrətli" silahı KİV-dir. Dövrü mətbuatda, özəl teleşirkətlərdə insan hüquqlarının pozulması ilə əlaqədar onlarca məqalə çap olunur, verilişlər verilir. Bu isə, öz növbəsində, ona dəlalət edir ki, Azərbaycanda insan hüquqlarının müdafiə olunmasında KİV hələ də yeganə işlək mexanizm olaraq qalmaqdadır. İctimai müdafiəçi rolunda çıxış edən KİV, vəzifəli şəxslərin baş vermiş hüquq pozuntularına münasibətlərini işıqlandırmaqla, hüququ pozulanlar üçün mətbuat konfransları keçirməklə təkcə ictimai rəyi formalaşdırmağa xidmət etməyib, həmçinin, dövlət orqanlarını qanunu qorumağa səsləyir. Onun aliliyi prinsipini uca tulmağı dövlətin vətəndaşlarına bir daha xatırladır və beləliklə də, demokratik, müstəqil və hüquqi dövlət qurmağa çağırır.
Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, bəzi MDB ölkələrində məhkəmələr müstəsna səlahiyyətlərindən istifadə etməklə açıq məhkəmə dinləmələrinin keçirilməsinə əngəllər törədir və KİV-in öz nəzarətçi funksiyasını yerinə yetirməsinə maneçilik göstərirlər. Bu halda, belə bir məntiqi sual ortaya çıxır: görəsən, həqiqətən də, konstitusiyada təsbit olunmuş fikrini ifadə etmək azadlığı ictimai maraqlara xidmət edir?
Beləliklə, demokratik cəmiyyətdə açıq informasiya siyasətini gerçəkləşdirən KİV-in əsas vəzifəsi ictimaiyyəti məlumatlandırmaq, ictimai maraqlara xidmət etmək və bütün hallarda insan hüquqlarını müdafiə etməkdən ibarətdir.
Bütün demokratik ölkələrdə KİV informasiya toplamaq və dərc etmək azadlığı prinsipinə sadiq qalaraq, konstitusiyalarda təsbit olunmuş hüquqlara uyğun olaraq, faktiki məlumatlar yayır və ictimai diskussiyaların əsas mərkəzinə çevrilir.
Cəmiyyətin maraqlarına toxunan hər şey haqqında ictimaiyyətin məlumat almaq hüququ var və bu hüququ reallaşdırmaq KİV-in başlıca missiyasıdır. KİV xəbərlər yayır, əhalinin maarifləndirilməsinə xidmət edir və cəmiyyətin rifahının yaxşılaşmasına öz töhfəsini verir.
Azad və açıq cəmiyyətdə vətəndaşların önəmli hüququ olan mətbuat azadlığını qorumaq lazımdır. Mətbuat azadlığı, dövlət orqanlarının, eləcə də ictimai və özəl institutların fəaliyyətini və bəyanatlarını müzakirə, təhlil, yaxud tənqid etməkdə, KİV-in azad olduğunu nəzərdə tutur və bunu bir vəzifə kimi onun boynuna qoyur. KİV ictimaiyyətin informasiya almaq hüququndan başqa hər hansı digər məqsədə xidmət etməməlidir.
KİV nümayəndələri informasiya toplayarkən və dərc edərkən ünsiyyətdə olduqları bütün adamların ləyaqətinə, hüquqlarına, rifahına və şəxsi həyatlarına hörmətlə yanaşmalıdırlar. KİV nümayəndələri heç bir zaman şəxsi həyatın toxunulmazlığı prinsipinə əsaslanan insan hüquqlarını pozmamalıdırlar. Avropa Parlament Assableyasının da bəyan etdiyi kimi hər bir demokratik cəmiyyət açıq informasiya siyasəti aparmaqla, mətbuatın plüralizmini təmin etməli və müstəqillik qazanmış KİV insan hüquqlarının qorunmasına xidmət etməlidir.
     
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru 

 




Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər