18px16px14px12px

Vətəndaşların ərizə vermək və şikayət etmək hüququ

Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər.
Psixi pozuntu ilə əlaqədar qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş şəxslərə, habelə, cinayət törətməyə görə 3 ildən artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum olunmuş şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə, nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər.
Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə, ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyanvurma yerinə görə verilə bilər.
Çingiz Qənizadə yazır: "Qanunsuz olaraq məhkum edilməklə cinayət məsuliyyətinə cəlb olunmaqla, qəti imkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsı ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar, həmçinin, iddiaçının yaşayış yerinə görə verilə bilər.
İnzibati orqanların inzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər.
İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə də verilə bilər. 
Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə, dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinın olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər.
İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə verilə bilər".
Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər.
Qanunda nəzərdə tutulmuş aidiyyat istisna olmaqla, göstərilənlərə görə işin aid olduğu məhkəmələrdən birini seçmək huququ iddiaçıya məxsusdur.
İddiaçı məhkəmə tərəfindan qətnamə qəbul edilənə kimi iddianın əsasını və predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır.
Müəllif göstərir ki, iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə, məhkəmə iddiaçının razılığı ilə işi xitam etmədən ilk iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər.
İddiaçı özünün başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, həmin şəxs mübahisə predmeti barədə müstəqil tələb irəli sürən üçüncü şəxs kimi işə daxil ola bilər.
İddiaçı cavabdehin başqa şəxslə əvəz edilməsinə razı olmadıqda, məhkəmə bu şəxsi ikinci cavabdeh kimi işə cəlb edə bilər.
Mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürən üçüncü şəxslər məhkəmə qətnamə çıxarılana qədər, qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər. Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
Müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iddianın əsasını və predmetini dəyişdirmək, iddia tələblərinin miqdarını artırmaq və ya azaltmaq, iddiadan imtina etmək, iddianı etiraf etmək və ya barışıq sazişi bağlamaq, qarşılıqlı iddia vermək, məhkəmə qətnaməsinin məcburi icrasını tələb etmək hüquqları istisna olunmaqla, tərəfin prosessual hüquqlarından istifadə edir və onun prosessual vəzifələrini daşıyırlar.
Mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən huquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında), məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz edir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür.
Hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir.
Qanunda nəzərdə tutulmuş hallarda dövlət orqanları, ayrı-ayrı fiziki və hüquqi şəxslər başqa şəxslərin hüquqlarının, azadlıqlarının və qanunla qorunan mənafelərinin müdafiəsi üçün onların xahişilə və yaxud digər şəxslərin mənafelərinin müdafiəsi üçün iddia ilə məhkəməyə müraciət edə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan və ya yetkinlik yaşına çatmayan şəxslərin mənafelərinin müdafiəsi üçün maraqlı şəxslərin xahişi olmadan iddia qaldırıla bilər. 
Yuxarıda göstərilən qanunlara uyğun olaraq, ərazi aidiyyatı qaydalarının pozulmasına yol verilmir. Lakin tərəflər öz aralarındakı saziş ilə mübahisəli işin ərazi aidiyyatını dəyişdirə bilərlər.
Ç.Qənizadə yazır: "Əgər müxtəlif məhkəmələrin icraatında olan işlər bir-biri ilə əlaqəlidirsə, ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır.
Birinci instansiya üzrə iki məhkəmənin icraatında eyni tərəflər arasında, eyni predmet və əsaslar üzrə eyni mübahisəyə dair işlər olduqda da, bu maddənin qaydaları tətbiq olunur.
Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim müvafiq qərarlar çıxarır. Həmin qərarlardan işdə iştirak edən şəxslər tərəfindən qərarın aldığı (verildiyi) andan 5 gün ərzində şikayət verilə bilər.
İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyatına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
Tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir.
İşdə iştirak edən şəxslər prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlarından istifadə etməyə borcludurlar.
İşdə iştirak edən şəxslər işin materialları ilə tanış olmaq, onlardan çıxarışlar etmək, surət çıxarmaq, etirazlar vermək, sübutlar təqdim etmək və onların tədqiqində iştirak etmək, işdə iştirak edən digər şəxslərə, şahidlərə, ekspertlərə evə mütəxəssislərə suallar vermək, vəsatətlər, o cümlədən də, əlavə sübutların tələb edilməsi barədə vəsatatlər vermək, məhkəməyə şifahi və yazılı izahatlar vermək, məhkəmə prosesinın gedişi vaxtı ortaya çıxan bütün məsələlər barədə dəlillər gətirmək, işdə iştirak edən digər şəxslərin vəsatət və dəlillərinə etiraz etmək, məhkəmə qərarlarından şikayət etmək, mülki, cinayət va digər məhkəmə icraatı barədə qanunvericilikdə verilən prossesual hüquqlardan istifadə etmək hüququna malikdirlər".
Məhkəmə prosesində tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, vəzifəli şəxslər, dövlət orqanları va başqa orqanlar da işdə iddiaçı və cavabdeh qismində çıxış edə bilərlər.
 
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

27.04.2017

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər