18px16px14px12px

Siyasi hüquqlarla bağlı yaranan bəzi problemlər və onların həlli yolları

     
     Bununla belə, "siyasi qəyyumluq" sistemi tərəfdarlarının dəlillərini birdəfəlik rədd etmək və siyasi bərabərliyi ideal qismində qəbul etmək üçün daha bir neçə çətin problemin həlli yollarını tapmaq məcburiyyətindəyik.
     Robert Dahl yazır: "Vətəndaşların və hökumət məmurlarının mütəxəssis köməyinə ehtiyacları varmı? Əlbəttə, var! Demokratik dövlətin normal fəaliyyət göstərə bilməsi üçün xüsusi biliyi olan ekspertlərin fəaliyyəti nəinki vacibdir, həm də hava kimi, su kimi zəruridir.
     Cəmiyyətin siyasi həyatı hərdən çox mürəkkəb olduğundan (yəqin, vaxt ötdükcə o, daha da mürəkkəbləşəcəkdir), heç bir hökumət yüksək ixtisaslı mütəxəssislərin köməyi olmadan münasib qərar qəbul etmək gücündə deyildir. Adi həyatda biz, ekspertlərin rəyinə əsaslanmağa məcbur olduğumuz kimi, hökumətlər, xüsusilə, demokratik hökumətlər də məsləhətsiz ötüşə bilməzlər. Siyasi qərar qəbul edərək, həm demokratik meyarlara sadiq qalmaq, siyasi bərabərliyi dəstəkləmək, həm də, eyni zamanda, ekspertlərin fikir və biliyinə arxalanmaq - bu, demokratların daim həll etməli olduqları çox ciddi məsələdir. Lakin bura onu araşdırmaq yeri deyil.
     Vətəndaşlar bu işdə səriştəli olmaq istəyirlərsə, onda onların səriştə qazanmalarına yardımçı ola biləcək siyasi və ictimai institutlara ehtiyac varmı? Əlbəttə, var! İctimai problemlərin mahiyyətini dərindən dərk etmək imkanı - bu yalnız demokratiyanın təriflərindən biri deyil, həm də onun irəli sürdüyü tələbdir.
     Mən demirəm ki, vətəndaşların əksəriyyəti səhv addım atmaqdan sığortalanıb. Onlar səhv edə bilərlər və edəcəklər. Məhz buna görə, demokratiyanın tərəfdarları həmişə təhsilə böyük əhəmiyyət verirlər. Vətəndaşlıq maarifi isə yalnız formal təhsil deyil, həm də ümumi diskussiyaları, müzakirələri, bir-birinə zidd rəylərin toqquşmasını, etibarlı informasiyadan sərbəst istifadə etmək imkanlarını və açıq cəmiyyətin digər atributlarını tələb edir".
     Müəllifin fikrincə, lakin fərz edək ki, vətəndaşlıq səriştəsinin inkişafına köməkdən institutlar kifayət qədər inkişaf etməyib və vətəndaşlar bilmirlər ki, öz hüquq və maraqlarını necə qorusunlar. Bu halda, necə hərəkət etməli, hansı yolu tutmalı? Bu suala cavab almaq üçün əvvəlki səhifələrdə gəldiyimiz nəticələri xatırlamaq faydalı olardı.
     * Biz anadangəlmə bərabərlik prinsipinə etiqad edirik, yəni belə hesab edirik ki, bir insanın xeyri başqa bir insanın xeyrinə əzəldən bərabərdir.
     * Dövlət idarəetməsində tətbiq etdiyimiz prinsipə əsasən, hökumət bu və ya digər qərarları qəbul edərkən, bu qərarın aid olduğu bütün insanların xeyir və maraqlarını eyni dərəcədə nəzərə almalıdır.
     * Biz "siyasi qəyyumluq" sistemini başqa bir prinsipi həyata keçirmək naminə rədd edirik: yetkinlik yaşına çatmış vətəndaşların heç biri dövlət idarəetməsi məsələlərində öz səriştəliliyi ilə digərlərini o dərəcədə üstələmir ki, ölkə üzərində tam və qəti hakimiyyəti ona etibar etmək mümkün olsun.
     * "Siyasi qəyyumluq" prinsipi əvəzinə, biz hamılıqla iştiraketmə prinsipinə razı olduq, yəni demokratik ölkənin vətəndaşlar korpusuna bu ölkənin yurisdiksiyasında olan, orada müvəqqəti yaşayanlar və fəaliyyət qabiliyyəti olmayanlar istisna edilməklə - bütün şəxslər daxil edilməlidir.
     R.Dahl yazır: "Bütün bunlardan aşağıdakı nəticəyə gəlmək olar: vətəndaşlıq maarifi institutları yetərincə inkişaf etməmişsə, onda bizi yalnız bir qərar qane edə bilər - onları möhkəmlətmək. Biz, yəni demokratik ideyalara inananlar cəmi insanlara zəruri bilikləri vermək üsullarını axtarıb tapmağa borcluyuq.
     Demokratik ölkələrdə XIX-XX əsrlərdə meydana gəlmiş vətəndaşlıq maarifi institutları, güman ki, sonralar müvafiq tələblərə cavab vermək zorunda deyildi. Buna görə, demokratik ölkələr əvvəlki institutlara əlavə olaraq yenilərini yaratmalıdır.
     İndi biz demokratiyanın bərqərar olması üçün vacib olan təməl institutları, habelə, bu demokratik siyasi institutların inkişafı üçün şərait yaradan sosial, iqtisadi və sair şərtləri nəzərdən keçirəcəyik. Sonrakı fəsillərdə elə bu barədə söhbət gedəcək".
     Biz ali məqsədlərdən gerçəkliyə qədəm qoyuruq.
     Maykl Parenis yazır: "Ölkəmizdə çoxlu sayda müxtəlif maraq qrupları mövcuddur. Əgər bu "plüralizm" adlandırılırsa, onda Birləşmiş Ştatlar, belə ölçüyə və belə mürəkkəb struktura malik olan bütün digər cəmiyyətlər kimi, plüralist cəmiyyətdir. Lakin Birləşmiş Ştatları plüralist cəmiyyət hesab edənlər, görünür, bu cəmiyyətdə hakimiyyətin bölüşdürülməsi və demokratiyanın xarakteri haqqında nəsə demək istəmişlər. Hesab olunur ki, plüralist cəmiyyətdə hökumət, praktiki olaraq, bütün sahələrdə istədiklərini əldə edən korporativ elitaların nəzarəti altında deyil. Cəmiyyətimizdə elitalar mövcud olsa da, onlar müəyyən fəaliyyət sahələri üzrə ixtisaslaşırlar və onların tələbləri rəqib elitaların tələbləri ilə tarazlanır. Maraq qruplarından heç biri öz üstünlüklərindən daim istifadə edə bilməz və kifayət qədər böyük olan istənilən qrup siyasi sistemdə özü üçün sərfəli olan təsiri göstərmək imkanı tapa bilər. Hökumət istənilən təsir mənbəyindən yüksəkdə durmaqla, onların bir çoxunun tələblərinə cavab verir. Plüralizmin tərəfdarları belə deyirlər.
     Əvvəlki fəsillərdə göstərilən dəlillər Birləşmiş Ştatlarda, yuxarıda deyilən mənada, plüralist demokratiya olmasına şübhə etmək üçün bizə əsas verir. Aşağıdakı mülahizələri bu fikrə qüvvət olaraq göstərmək olar.
     Hökumət tərəfindən görülən tədbirlərin çoxu böyük sərmayəçilərin maraqlarına uyğun olur ki, bu da ölkənin qalan əhalisi üçün baha başa gəlir. Demokratik ictimaiyyətin uzun sürən və gərgin mübarizəsi müsbət nəticələr versə də, aşkar hüquq bərabərsizliyi və sosial ədalətsizlik qalmaqda davam edir və dərinləşməyə doğru getməkdədir. Özəl bazarda, çox işlənən malların bolluğu müşahidə olunduğu bir vaxtda, cəmiyyət ümumi istifadə xidmətlərinin xroniki çatışmazlığından əziyyət çəkir. Varlıların xərcləyə biləcəkləri böyük məbləğdə pul vəsaitlərinə sahib olmaqla, daha da zənginləşdiyi bir vaxtda, xeyli sayda əhali etibarsız iqtisadi vəziyyətdə yaşayır. Ölkə daxilindəki müdafiə podratçıları və xaricdəki hərbi diktaturalar ölkəmizdəki sosial təminat sistemi yoxsullaşır.
     Hökumətin (cəmiyyətdəki bütün əsas maraqları təmsil edən) "bir-biri ilə rəqabət aparan və qarşılıqlı şəkildə tarazlanan" çoxsaylı qruplar arasında, sadəcə, arbitr olduğunu hesab etsək, hökumətin özünü razı salmağı bacaranları hər şeydən yaxşı razı saldığını unutmuş olarıq. Plüralistlərdən birinin dediyi kimi, Amerikada hakimiyyət "dəyişkəndir və bir çox mərkəzlər üzrə bölünmüşdür". Əslində, hakimiyyət nüfuzlu, yaxşı təşkil edilmiş və yaxşı maliyyələşdirilən çoxprofilli siyasi-iqtisadi birliklər arasında bölüşdürülmüşdür. Var-dövlət hakimiyyətin ən həlledici resursunu təşkil edir. O, hər yerdə üstünlük yaradır və digər resurslardan istifadə imkanı verir. Var-dövlətin cəmiyyətdə bölüşdürülməsi nə geniş, nə də dəyişkəndir.
     Plüralistlər Amerika cəmiyyətində geniş yayılmış siyasi repressiyalar - siyasi təmizləmələr və kapitalizmə qarşı olan başqa cür düşünən insanların hökumətdən, fəhlə hərəkatından, kütləvi informasiya vasitələrindən, təhsil müəssisələrindən və əyləncə sahəsindən qovulması, həmçinin, etiraz edən təşkilatların və ictimai maraqları təmsil edən qrupların izlənilməsi və təqib edilməsi haqqında az şey deyə bilərlər. Plüralistlər kütləvi informasiya vasitələrinin xəbər və əyləncə bölmələrinin hər gün üzləşdiyi fikir və informasiyalar üzərindəki, demək olar ki, total nəzarəti heç vaxt xatırlatmırlar. Bu nəzarət sahibkarlar sinfinin ideologiyasına həm ölkə daxilində, həm də xaricdə əlverişli ictimai rəy yaradılması üçün nəzərdə tutulmuşdur. Ölkəmizin iki əsas partiyasının və ya böyük pul vəsaitlərini öz fəaliyyətinin zəruri şərti hesab edən seçki sistemimizin fəaliyyətinin əsaslandığı saxtalaşdırılmış qaydalar da plüralistləri qətiyyən narahat etmir.
     Plüralistlər varlıların maraqlarının heç də həmişə dəqiq və əvvəlcədən hazırlanmış fəaliyyətdə əks olunmaması faktına olduqca çox diqqət yetirirlər. Əlbəttə, bütün insanlar kimi, elitanın nümayəndələri də taktikada səhvlərə və dolaşıqlığa yol verirlər. Hər şeydən xəbərdar və günahsız olmasalar da, onların ləng düşünən səfehlər olmadığı dəqiqdir. Öz sinfi maraqları daxilində məqsədlərinə nail olmaq yollarını heç də həmişə dəqiq hesablamasalar da, hər halda, onlar bunu kifayət qədər tez-tez və uğurla edirlər.
     
     Vahid ÖMƏROV,
     fəlsəfə üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər