18px16px14px12px

Sənədləşmə və müraciət qaydalarına dair məhkəmə qətnamələri

     
     Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir.
     Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ-hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə vəkil edilmiş nümayəndələri vasitəsilə təmsil olunurlar.
     Ç.Qənizadə yazır: "Təşkilat rəhbərlərinin səlahiyyəti onun tərəfindən məhkəməyə təqdim edilmiş xidməti vəzifəsini bildirən sənədi, zəruri olduqda isə təsis sənədlərı ilə (nizamnamə, müqavilə ilə) təsdiq olunur.
     Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə Ləğvetmə Komissiyasının səlahiyyətli nümayəndəsi çıxış edir.
     Fəaliyyət qabiliyyəti olmayan, tam fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxsiərin hüquqlarını və qanunla qorunan mənafelərini məhkəmədə onların valideynləri, övladlığa götürənlər, qəyyumları, himayəçiləri və başqa şəxslər müdafiə edirlər.
     Qanuni nümayəndələr, qanunla nəzərdə tutulan məhdudiyyətlərlə yerinə yetirilmə hüququ təmsil edənə aid olan bütün prosessual hərəkətləri təmsil edilən şəxsin adından yerinə yetirirlər. Qanuni nümayəndələr məhkəmədə işin aparılmasını nümayəndə sifətində seçdikləri başqa şəxsə tapşıra bilərlər. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin uğurlu həlli üçün zəruri olan bütün prossesual hərəkətlərin edilməsini özündə birləşdirir.
     Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən, qanunla müəyyən edilmiş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
     Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur".
     Müəllifin fikrincə, Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq olaraq işdə iştirak edən şəxslər işin icraatı barədə məlumat aldıqdan sonra məhkəməyə hazırlıq prosesində iştirak etmək, sübutlar təqdim etmək, izahat vermək, vəsatətlər vermək və s. hüquqlara malikdirlər.
     İşə, işdə iştirak edən şəxslər mütləq xəbərdar edilməklə, məhkəmə iclasında baxılır. İddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır.
     İş mahiyyəti üzrə baxılıb qurtardıqdan sonra məhkəmə çıxışları başlayır. Məhkəmə çıxışları işdə iştirak edən şəxslərin, onların nümayəndələrinin və vəkillərinin nitqlərindən ibarətdir.
     Çıxışların bütün iştirakçılarının nitqlərindən sonra onlar nitqlərdə deyilənlərlə əlaqədar olaraq çıxış edirlər. Son replika hüququ cavabdehə və onun nümayəndəsinə məxsusdur.
     İclas zalında iştirak edənlərə elan etməklə hakim, məhkəmə çıxışlarından sonra qətnamə çıxarmaq üçün müşavirə otağına gedir və məhkəmə iclas zalına qaytdaraq qətnaməni elan edir, qətnamənin məzmununu, ondan şikayətetmə qaydası və müddətini izah edir. İşi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır. Məhkəmə qətnaməsi Azərbaycan Respublikası adından çıxarılır. Qətnamə məhkəmə iclasında işə baxıldıqdan sonra hakimlərin ayrıca müşavirə otağında çıxarılır. İşə kollektiv formada baxıldıqda, qətnamə səs çoxluğu ilə qəbul olunur. Qətnamə çıxarıldığı zaman müşavirə otağında başqa şəxslərin olmasına yol verilmir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
     Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qətnamələr aşağıda göstərilən formada çıxarılır:
     - dövlət, yerli özünüidarə, sair orqan və təşkilatların, vəzifəli şəxslərin qərarlarının və hərəkətlərinin (hərəkətsizliyinin) qanunsuz hesab edilməsinə dair məhkəmə qətnaməsi;
     - əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə;
     - cavabdehi müəyyən hərəkətləri etməyə məcbur edən qətnamə;
     - icra və ya digər sənədlərin icra edilməməsi hesab olunmasına dair qətnamə;
     - müqavilənin bağlanması və dəyişdirilməsi haqqında qətnamə;
     - bir neçə iddiaçının xeyrinə və ya bir neçə cavabdehə qarşı çıxarılan qətnamə.
     Məhkəmə qətnaməsindən şikayət verilməyibsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə malikdir. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə, onların hüquqi varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə, məhkəmə tərəfindən müəyyən edilən faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.
     Ç.Qənizadə yazır: "Məhkəmə iclasında, habelə, məhkəmə iclasından kənar hər bir ayrıca prosessual hərəkət barədə protokol tərtib edilir. Protokolda işə baxmanın və ya ayrıca prosessual hərəkətin bütün mühüm anları əks etdirilməlidir. Protokol məhkəmə iclası qurtardıqdan sonra 10 gündən gec olmayaraq, ayrıca prosessual hərəkətlər barədə protokol isə onun edildiyindən sonrakı gündən gec olmayaraq tərtib edilməli və imzalanmalıdır. Protokol hakim tərəfindən tərtib edildiyi halda onun tərəfindən, katib tərəfindən tərtib edildikdə isə, hakim və ya işə kollegial baxıldığı halda, sədrlik edən və katib tərəfindən imzalanmalıdır. Protokolda dəyişikliklər, əlavələr və düzəlişlər əvvəlcədən razılaşdırılmalı və onların imzaları ilə təsdiq edilməlidir. İşdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdır və onun imzalandığı andan 3 gün ərzində ona yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə qeydlər təqdim edə bilərlər. Protokola dair qeydlərə onu imzalamış hakim və ya iş üzrə sədrlik edən baxır, qeydlərlə razılaşırsa, onların düzgünlüyünü təsdiq edir, razılaşmadıqda isə onların tamamilə və ya qismən rədd edilməsinə dair əsaslı qərarlar çıxarır. Hər bir halda qeydlər işə əlavə edilir. Protokola dair qeydlərə onların verilməsindən 3 gündən gec olmayaraq baxılmalıdır.
     Seçmək və seçilmək, seçkilərdə, referendumlarda iştirak etmək hüququnun dövlət hakimiyyəti orqanı, seçki komissiyası və vəzifəli şəxslər tərəfindən pozulduğunu hesab edən şəxsin, ictimai birliyin qanunla müəyyən edilmiş qaydada aidiyyət üzrə məhkəməyə ərizə ilə müraciət etmək hüququ var.
     Seçkilər gedişi ərəfəsində daxil olan ərizəyə, onun verildiyi gündən 3 gün ərzində, lakin seçkilərin vaxtından gec olmayaraq, seçkilər günü daxil olmuş ərizəyə isə dərhal baxılmalıdır. Məhkəmə tərəfindən ərizəyə ərizəçinin, müvafiq seçki komissiyasının və ya dövlət hakimiyyəti orqanı nümayəndəsinin iştirakı ilə baxılır".
     Müəllif qeyd edir ki, inzibati məsuliyyətə cəlb edilmiş hər hansı şəxs inzibati hüquqpozmalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanın (inzibati orqanın) və ya vəzifəli şəxsin tənbeh edilməsi barədə qərarı ilə əlaqədar məhkəmədə mübahisə qaldıra bilər. İnzibati hüquqpozmadan zərər çəkmiş şəxsin də inzibati tənbeh barədə qərardan məhkəmədə şikayət etmək hüququ var. Ərizə şəxsin yaşayış yeri üzrə məhkəməyə, inzibati tənbehin verilməsi barədə qərarın surətinin təqdim edildiyi və ya onun şəxsə elan edildiyi gündən 10 gün müddətində verilir. Ərizənin məhkəməyə verilməsi inzibati tənbeh haqqında qərarın icrasını dayandırır.
     Ərizənin məhkəməyə verilməsi, məhkəmə tərəfindən onun qəbul edilməsi və baxılması üçün maraqlı şəxsin tabelik qaydasında yuxarı orqanlara və ya yuxarı vəzifəli şəxsə ilkin müraciəti məcburi şərt deyil. Ərizəyə məhkəmə tərəfindən 10 gün müddətində baxılır. İşə baxarkən, məhkəmə inzibati tənbeh barədə qərarın qanuniliyini və əsaslandığını yoxlayır və müəyyən edir:
     - qərar qanun əsasında və səlahiyyətli orqan və ya vəzifəli şəxs tərəfindən qəbul edilmişdirmi?
     - şəxsin inzibati məsuliyyətə cəlb edilməsinin və ya onun üzərinə qoyulmuş vəzifələrin yerinə yetirilməsinin müəyyən edilmiş qaydalarına əməl edilmişdirmi?
     - şəxs qanunvericiliyə müvafiq olaraq məsuliyyətə səbəb olan inzibati hüquq pozuntusu törətmişdirmi və o, bu pozuntunun törədilməsində təqsirkardırmı?
     Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsində sadalanan inzibati hüquqpozma haqqında iş üzrə icraatı istisna edən digər hallara görə şəxsin əsassız inzibati məsuliyyətə cəlb edildiyi qənaətinə gələrsə, məhkəmə qərarın ləğv edilməsi və inzibati hüquqpozmalar haqqında işə xitam verilməsi barədə qətnamə çıxarır.
     Məhkəmə törədilmış inzibati hüquqpozmanın xarakterini, hüquqpozmanın şəxsiyyətini, onun təqsirlilik dərəcəsini, əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən digər halları nəzərə alaraq tənbeh tədbirini dəyişə bilər, lakin tənbehi gücləndirə bilməz.
     Ç.Qənizadə yazır: "Müvafiq icra hakimiyyəti, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin məhkəmədə mübahisə edilən qərarlarına, hərəkətlərinə (hərəkətsizliyinə) elə kollegial və təkbaşına qərarlar, hərəkətlər (hərəkətsizlik) aiddir ki, onların nəticəsində:
     - şəxsin hüquq və azadlıqları pozulmuş olsun;
     - şəxsin hüquq və azadlıqlarının həyata keçirilməsinə maneçilik yaransın;
     - şəxsin üzərinə qanunsuz olaraq hər hansı vəzifə qoyulmuş olsun və ya o, qanunsuz olaraq, məsuliyyətə cəlb edilsin.
     Azərbaycan Respublikası Konstitusiyasına uyğun olaraq yoxlanılması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin müstəsna səlahiyyətinə aid olan fərdi və normativ-hüquqi aktlardan və qanunla məhkəmə qaydasında onlardan şikayət etmənin başqa qaydası nəzərdə tutulan fərdi və normativ-hüquqi aktlardan məhkəməyə şikayət verilə bilməz.
     Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən bir ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Ərizəyə məhkəmə tərəfindən bir ay müddətində tərəflərin iştirakı ilə baxılır. Hakim ərizəni əsaslı hesab etdikdə, müvafiq icra hakimiyyəti və yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin yol verdikləri hüquq və azadlıqların pozulmasına və ya məhdudlaşdırılmasına dair halların onlar tərəfindən tamamilə aradan qaldırılması vəzifələri barədə qətnamə çıxarır".
     Hərbi vəzifəli şəxslərin və hərbi idarə orqanlarının qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrdən yaranan işlərə də yuxarıda göstərilmiş qaydada məhkəmədə baxılır.
     Maraqlı şəxs aparılan notariat hərəkətlərini aparmaqdan imtinanı düzgün hesab etmədikdə, notariusun və ya notariat əməliyyatını yerinə yetirən orqanın yerləşdiyi yerin məhkəməsinə bu barədə şikayət vermək hüququna malikdir.
     
     Vahid ÖMƏROV,
     fəlsəfə üzrə fəlsəfə doktoru 
 
 
 
 
 
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər