18px16px14px12px

Ticarət hüququnun müdafiəsi insan hüquqlarının tərkib hissəsi kimi

     
     
     Bütün sahələrlə olduğu kimi, ticarət hüququnun qorunması da ümumbəşəri dəyərlərdən hesab olunur. ABŞ tədqiqatçısı Mayk Parenti belə qeyd edir ki, yeni idarəetmə sisteminin mülkiyyətçilərin maraqlarını müdafiə  etmək qabiliyyəti ilə bağlı əsas məsələləri tez razılaşdırıldı və böyük mübahisələr doğurmadı. Bu məsələlərlə bağlı müzakirələrdə əks-mövqeni bildirmək üçün Konventi gözləyən kiçik fermerlər, sənətkarlar, müqavilə ilə işləyənlər və qullar iştirak etmirdilər. Sadə zəhmətkeşlər dörd aylıq məzuniyyət götürərək, Filadelfiyaya gedib konstitusiya yazmaq iqtidarında deyildilər. Beləliklə, varlılarla kasıblar arasında diskussiya heç bir vaxt baş tutmamışdı.
     Təəccüblü deyil ki, konstitusiyanın mühüm hissəsi olan, ticarətin müdafiəsi və tənzimlənməsi, mülkiyyət maraqlarının müdafiəsi üçün federal hakimiyyətə səlahiyyətlər verən 8-ci fəslin 1-ci maddəsi bir neçə gün ərzində minimal mübahisələrlə qəbul olundu. Konqresə aşağıdakı səlahiyyətlər verildi: ştatlar arasında, o cümlədən, xarici dövlətlər və "hindu tayfaları" ilə ticarəti tənzimləmək, vergiqoyma və vergilərin, aksizlərin yığımı ilə məşğul olmaq (bu funksiya hakimiyyətin bütün qalan funksiyalarını həyata keçirməyə imkan verir), idxalın rüsum və tariflərini müəyyənləşdirmək (ixraca aid deyil), borcları ödəmək, ABŞ-ın ümumi rifahını və müdafiəsini təmin etmək, milli valyutanı tətbiq etmək və onun kursunu təmin etmək, pul vəsaitlərini borc götürmək, ticarət ehtiyacları üçün çəki və ölçülərin vahid standartlarını müəyyənləşdirmək, qiymətli kağızları və pulları saxtalaşdırılmadan müdafiə  etmək və müflisləşmə barədə bütün ölkə üçün vahid qanunlar qəbul etmək - bütün bunlar investorlar, tacirlər və kreditorlar üçün mühüm tədbirlərdir.
     Bəzi nümayəndələr torpaq möhtəkirliyi ilə məşğul olur, pulları ölkənin qərbindəki holdinq şirkətlərinə yatırırdılar. Ona görə də, Konqresə "ölkə ərazisinə və ABŞ-a məxsus digər mülkiyyətə münasibətdə zəruri norma və təlimatları müəyyənləşdirmək səlahiyyəti" verilmişdi. Nümayəndələrin əksəriyyəti Konfederasiyanın qiymətli kağızlarının möhtəkirliyi ilə məşğul olurdu. Bunlar əsgərlərə və xırda tədarükçülərə ödənilməsi üçün ilkin mərhələdə Konfederasiya tərəfindən buraxılmış və qiymətdən düşmüş kağız sertifikatlar idi. Varlı alverçilər bu sertifikatları onların müflisləşmiş sahiblərindən böyük miqdarda və ucuz qiymətə alırdılar. 6-cı maddəyə əsasən, Konfederasiyanın bütün borcları yeni hökumət tərəfindən tanınmışdı və dövlət bu qiymətli kağızları nominal dəyərlə qəbul etməyə başlayan zaman alverçilər böyük gəlir əldə etmək imkanı qazanmışdılar.
     Müəllif yazır: "Borcu tanıyan federal hökumət ilk maliyyə naziri Aleksandr Hamiltonun xəttinə uyğun olaraq, bütün əhalinin vergiyə cəlb olunması səlahiyyətləri əsasında investorlar üçün kreditlər və böyük xüsusi kapital kütləsi yaratdı. Vergilər bütün xalqın cibindən yığılır və birbaşa varlılar sinfinin cibinə axırdı. Hökumət tərəfindən tanınmış bu borcun maliyyələşdirilməsi 1790-cı illər ərzində dövlət büdcəsi gəlirlərinin təqribən 80 %-ni udurdu. Xüsusi investisiya kapitalı yaratmaq məqsədilə zəhmətkeş xalqın pulları üçün vergiqoymadan istifadə etmək prosesi bu günlərədək davam edir.
     Tacirlərin və kreditorların maraqları çərçivəsində ştatlara kağız pullar buraxmaq, idxal və ixrac rüsumlarını müəyyənləşdirmək, həmçinin, federal hökumətin öhdəliklərini aşağı salan istənilən normativ aktları qəbul etmək yolu ilə borcların ödənilməsi məsələsinə müdaxilə etmək qadağan olunurdu. Konstitusiya hər bir ştatda digər ştatın "normativ aktlarına, arxivlərinə və hüquqi prosedurlarına" tam etimad göstərilməsinə zəmanət verirdi. Bu isə, ştatlar arasındakı sərhədlərə baxmayaraq, kreditorlara öz borclularını məhkəmə qaydasında təqib etmək imkanı verirdi.
      Mulkiyyətin ən iri formalarından biri olan quldarlığa konstitusiyada xususi diqqət ayrılmışdı. Konqresin Aşağı Palatasında ştat nümayəndələrinin sayının hesablanması zamanı hər bir ştatda qulların beşdə üçü nəzərə alınmalı idi. Bu isə, səsvermə hüquqlu əhalinin sayına görə nəzərə alınan yerlərin miqdarı ilə müqayisədə quldarlıq ştatlarına palatada daha çox yer verirdi. Konstitusiya qul ticarətini heç vaxt ləğv etməmişdi. Qulların gətirilməsinə bütün təfərrüatı ilə növbəti 20 il üçün-1808-ci ilə qədər zəmanət verilmişdi. Bir çox quldarlar hesab edirdilər ki, həmin dövrdə onların kifayət qədər siyasi təsir gücü qalacaq ki, qul ticarətini bu dövrdən sonra da saxlasınlar. Bir ştatdan başqa ştata qaçan qul özünün birinci sahibinə onun tələbi ilə verilirdi. Konvent bu maddəyə yekdilliklə səs vermişdi".
     Konstitusiya müəllifləri hesab edirdilər ki, ştatlar xalq qiyamlarına və üsyanlara qarşı kifayət qədər qətiyyətlə hərəkət etmir, ona görə də, Konvent qarşısında hərbiləşdirilmiş qruplaşmalar (qeyri-nizami qoşun) yaratmaq, silahlandırmaq və hazırlamaq vəzifəsi qoyulmuşdu. Onların işi "qiyamçıların çıxışlarını yatırtmaq" idi. Federal hökumətə ştatları "daxili zorakılıqdan" müdafiə etmək səlahiyyətləri verilmişdi. Xüsusi maddə "fortların, hərbi anbarların, cəbbəxanaların, gəmiqayırma tərsanələrinin və digər zəruri obyektlərin" yaradılmasına, həmçinin, dövlətin müdafiəsi, bununla da, potensial qiyamçı ştatlarda federal hakimiyyətin silahlı iştirakının müdafiəsi üçün ordu və donanmanın saxlanmasına həsr olunmuşdu. Bu tədbir yüz ildən sonra sənaye baronlarının karına gəldi. Həmin dövrdə ABŞ-ın Silahlı Qüvvələri şaxtaçıların, dəmiryolçuların və fabrik fəhlələrinin tətillərinin yatırılması üçün istifadə olundu.
     Müəllif daha sonra qeyd edir ki, əvvələr olduğu kimi, yenə də çoxluğun mümkün təşəbbüslərini saxlamaq üçün konstitusiyanın tərtibatçıları ona Medisonun "əlavə ehtiyat tədbirləri" adlandırdığı maddəni daxil etdilər. Bu maddə demokralikləşdirilmə prosesində hakimiyyətin bölünməsi üçün nəzərdə tutulmuşdu. Konstitusiya yaradıcıları hakimiyyətin icraedici, qanunverici və məhkəmə funksiyalarını ayırıb, bu üç qolun hər birinə nəzərən qarşılıqlı məhdudiyyətlər və ziddiyyətlər sistemini nəzərdə tutmuşdular. Onlar qarşılıqlı şəkildə dəyişdirilmiş müddətlərdə seçkilərin keçirilməsini, icraedici hakimiyyətin vetosunu, vəzifə təyinatlarının Senat tərəfindən təsdiqini, müqavilələrin Senat tərəfindən ratifikasiyasını nəzərdə tutaraq və ikipalatalı qanunverici orqan yaradaraq, xalqın istəklərinin təsirini azaltmaq ümidində idilər. Konstitusiya yaradıcıları var qüvvə ilə çalışırdılar ki, konstitusiyaya düzəlişlərin daxil edilməsi kimi mükəmməl şəkildə hazırlanmış mürəkkəb bir proses düşünüb tapsınlar. Bu proses həmin düzəlişlərin həm Nümayəndələr Palatasında, həm də Senatda üçdə iki səs çoxluğu ilə qəbul edilməsini, həmçinin, ştatların Qanunverici Məclisində dörddə üç səs çoxluğu ilə ratifikasiyasını tələb edirdi. Çoxluq prinsipi azlığın vetosu ilə ayrılmaz şəkildə bağlı idi və bu, sürətli xalq aksiyasının başvermə ehtimalını azaldırdı.
     M.Parenti yazır: "Federalist" nəşrinin 10-cu sayında Medisonun göstərdiyi kimi, qüvvələrin varlılar sinfinə və onların müəyyənləşdirdiyi ictimai qaydaya qarşı yekdilliklə birləşməsinə yol vermək olmaz. Ölkə nə qədər böyükdürsə, "partiyalar və maraqlar daha müxtəlif olur" və kütlənin hərəkət koordinasiyası daha da çətinləşir. Medisonun dediyi kimi, "kağız pullarla bağlı qəzəb, borcların ləğvi, mülkiyyətin barəbər bölüşdürülməsi və ya digər təhlükəli ictimai təşəbbüslə bağlı hərəkatlar sürətlə yayılmaqda və bütün federasiyanı əhatə etməkdə daha zəifdirlər, nəinki bunların bir nəfər ətrafında baş verməsidir. Müflisləşmiş fermerlərin qiyamı bir vaxt Massaçusets ştatına, başqa bir vaxt isə Rod-Aylend ştatına təhlükə yarada bilər, lakin istənilən dövlət idarəetmə sistemi kifayət qədər geniş və şaxələnmiş olmalıdır ki, həm bu, həm də o biri qiyamı yatırda bilsin və eyni zamanda, ölkənin qalan hissəsini qiyam azarından qorusun".
     Əhali kütlələri arasında təkcə üfüqi əlaqələrin müəyyənləşdirilməsinin yox, həm də yuxarı istiqamətlənmiş istənilən gücün qarşısını almaq vacib idi. Hakimiyyətə olan təzyiqləri neytrallaşdırmaq üçün nümayəndəliyin birbaşa olmayan formalarını tətbiq etmək lazım idi. Məsələn, Senatın hər ştatdan olan üzvləri seçicilərin birbaşa səsverməsi ilə yox, ştatların Qanunverici Məclisinin sessiyalarında seçilməli idi. İcraedici hakimiyyətin başçısını xalq tərəfindən seçilmişlərin kollegiyası seçməlidir, lakin konstitusiya yazarları elə planlaşdırırdılar ki, siyasi liderlərdən və imkanlı şəxslərdən ibarət olan seçicilər bir neçə aydan sonra ayrı-ayrı ştatlarda toplaşaraq, başçıları öz qərarları ilə seçsinlər.
     
     Vahid ÖMƏROV,
     fəlsəfə üzrə fəlsəfə doktoru 
 



Xəbər lenti

27.02.2017

24.02.2017

23.02.2017

Çox oxunan xəbərlər