18px16px14px12px

ABŞ-da Seçicilər Kollegiyası və prezident seçkiləri: tarix və müasirlik

ABŞ-da demokratik təsisatlardan biri də Seçicilər Kollegiyasıdır. Lakin bu təsisata müxtəlif yanaşmalar mövcuddur.
Maykl Parenti yazır: "Seçicilər Kollegiyası indiki dövrdə də fəaliyyət göstərir. Onun əsas vəzifəsi nisbətən kiçik çoxluqla həyata keçirilən seçkinin nəticələrinə əsasən, suni şəkildə güclü çoxluğun yaradılmasıdır. 1838-ci ildən indiyə qədər düz 13 dəfə səslərin böyük faizini qazanmış (lakin səs çoxluğu səviyyəsinə çatmamış) namizəd Seçicilər Kollegiyasının səs çoxluğu ilə ölkə prezidenti seçilib. Bu, ona görə baş verir ki, namizəd bir ştatdan 47% səs toplaya bilir (qalan 53% digər namizədlər arasında bölüşdürülür), lakin Seçicilər Kollegiyasında topladığı 100% səs sonda onun qələbə reytinqini kəskin şəkildə artırır.
Hətta Konstitusiya Konventindən 200 il sonra belə, 2000-ci ilin prezident seçkilərində Seçicilər Kollegiyasının qeyri-demokratik xarakteri hiss olunmuşdu. Vitse-prezident El Qor seçkilərdə seçicilərin 540.000 səs üstünlüyünü qazansa da, Texas ştatının qubernatoru Corc Buş kiçik ştatların çoxunda qalib gələrək, bu yolla Seçicilər Kollegiyasının səs çoxluğunu toplamışdı. Florida ştatında səslərin şübhəli sayılması Seçicilər Kollegiyasını Corc Buşun tərəfinə yönəltdi. Səslərin hesabatı məhkəmədə araşdırılarkən, Florida ştatının respublikaçılar tərəfindən nəzarət olunan qanunverici orqanı (Aşağı Palata) bütün şübhələri rədd edərək, Buşa səs verən seçicilərin siyahısını tam şəkildə qəbul etdi. Corc Buşun seçki kampaniyasının aktiv üzvü olan Florida ştatının katibi artıq bu ana qədər seçici siyahısını qələbə siyahısı kimi rəsmən təsdiqləmişdi. Florida ştatının qanunvericiləri öz hüquqi (həmçinin, mənəvi-əxlaqi) səlahiyyətlərindən kənara çıxmadılar, çünki konstitusiyanın 1-ci bölməsinin 2-ci maddəsində deyilir ki, hər bir ştatda Seçicilər Kollegiyasının üzvləri "qanunverici orqanın müəyyənləşdirdiyi kimi" təyin olunurlar. Bu isə, Amerika seçki sisteminin daha bir qeyri- demokratik mahiyyətini nümayiş etdirir.
  ABŞ-ın Ali Məhkəməsinin üzvlərini seçmirlər. Hakimləri prezident təyin edir, Senat isə onların bu vəzifədə ömürlük qalmasını təsdiq edirdi."
Müəllif qeyd edir ki, senatorları ştatların qanunverici məclisləri seçirdi. Senat üzvlərinin birbaşa seçkisi yalnız 1913-cü ildə, yəni Filadelfiyadakı Konventdən 126 il sonra, konstitusiyaya 17-ci düzəlişin qəbulu ilə tətbiq edilmişdi. Bu, konstitusiyanın demokratik istiqamətdə dəyişməsini göstərir, lakin buna çox vaxt lazımdır.
Lap əvvəlcədən dövlət-idarəetmə sisteminin xalq tərəfindən birbaşa seçilən yeganə hissəsi Nümayəndələr Palatası idi. Nümayəndələrin çoxu ölkə ictimaiyyətini birbaşa təmsilçilikdən tamamilə təcrid etməyə üstünlük verirdi. Onları narahat edən məsələ o idi ki, populizm axınında seçkili vəzifələrə demaqoqlar düşə bilər, bu isə, dövlət xəzinəsinin talanmasına və iflasına gətirib çıxarar və varlılar sinfinə zərbə dəyər. Con Merser bir dəfə qeyd etmişdi ki, təklif olunan konstitusiyada "xalq seçkilərindən" daha ziyanlı və arzuolunmaz bir şey yoxdur. Qubernator Morris isə xəbərdarlıq edirdi: "Öz işəgötürənlərindən çörək alan fabrik fəhlələrinin və sənətkarların ölkədə çoxalacağı vaxt uzaqda deyil. Bu insanlar azadlığın etibarlı və sədaqətli qoruyucuları olacaqmı? Avam və asılı adamlara (oxu: kasıb və yoxsul) ictimai maraqları etibar etmək çətin ki, mümkün olsun".
Nümayəndələr, nəhayət ki, "xalq Aşağı Palatanı seçir" ifadəsini qəbul etməyə razılaşarkən, əhalinin yalnız müəyyən hissəsini nəzərdə tuturdular. Bu hissəyə mülkiyyəti olmayan şəxslər - qadınlar, Amerika aborigenləri və müqaviləli işçilər aid deyildi. Əhalinin dörddə bir hissəsini təşkil edən qullar da bu siyahıya daxil edilmirdi. Ölkənin şimalında və cənubunda azadlıq almış afroamerikalıların çox az hissəsi səs hüququna malik idi.
1913-cü ildə nəşr olunan, qanunları sarsıdan kitabda Çarlz Bird iddia edirdi ki, konstitusiya müəllifləri özlərinin sinfi maraqlarını rəhbər tutmuşlar. Birdin opponentləri isə, sübut edirdilər ki, müəlliflər öz pul kisələri barədə adi qayğıdan daha çox, vergi motivlərin qayğısına qalmışlar. Ədalət naminə, qeyd etmək lazımdır ki, günahsız həbs olunanların üzərindən ittihamların götürülməsi üçün apellyasiyaya müraciət etmək hüquqları radikal şəkildə məhdudlaşdırıldı. 1996-cı ildə Konqres terrorizmlə mübarizə və ölüm hökmünün işləməsi haqqında qanun qəbul etdi və prezident bu qanunu imzaladı. Qanun ölüm hökmünə məhkum olunanların apellyasiyaya və federal məhkəmələrə müraciət hüquqlarını məhdudlaşdırdı.
M.Parenti daha sonra yazır: "Bir çoxları bu qanunun ölümlə cəzalanacaq cinayətkarlığın qarşısını alacağını düşünür. Amma təcrübə bu fikri təsdiqləmir. Ölüm hökmü olmayan ştatlarda ağır cinayətlər az baş verir. Son zamanlar ölüm hökmünü qəbul etmiş ştatlarda ağır cinayətlərin qarşısının alınması müşahidə olunmur. Baxmayaraq ki, bəzi ştatlar ölüm hökmünü ən yüksək cəza növü kimi qəbul ediblər, orada qətllə bağlı cinayətlər eyni dərəcədə artır və azalır. Bəziləri isə bu qanunun cinayətkarların qətl hadisəsi törətməsinin qarşısını almayacağını bildirərək, qəbul etməyiblər.
Ən yüksək cəza növünü elan etmək üçün mütləq obyektivlik tələb olunur. Amma məcburetmə və yalançı şahidlik yolu ilə, polisin ciddi səyi ilə gizlədilən dəlillər, vəkillərin təcrübəsizliyi, o cümlədən, hakimlər, müttəhimlər və digər məhkəmə üzvləri arasında irqi və sinfi ayrı-seçkilik güclüdür.
Ölüm kamerasında edamını gözləyən insanlar, bir qayda olaraq, çox aşağı təbəqədəndir. Bəziləri ruhi xəstədir, ya da əqli inkişafı zəifdir. Onların 10%-nin şəxsi vəkili yoxdur və demək olar ki, hamısı üçün vəkili məhkəmə təyin edir. Əgər öldürülən ağdərilidirsə, onda ittihamçılar qatilə ölüm hökmünün oxunmasını əvvəlcədən müəyyənləşdirmiş olurlar. Ölüm kamerasında yatanların hamısı (ağdərili, qaradərili) ağdərililəri öldürdüklərinə görə yatırlar. Afroameriklıların ölüm hökmü almaq şansı 4 dəfə çoxdur və bu hökmün yumşaldılması, yəni ömürlük həbs cəzası ilə əvəz olunma ehtimalı yoxdur. Bəzi ştatlarda irqi bərabərsizlik kəskin şəkildə müşahidə olunur."
Son yüzillikdə yüzlərlə günahsız insan ABŞ-da adi səhv nəticəsində, ən yüksək cəzaya məhkum ediliblər. Bəzən, hətta təkzib olunmayan dəlillər də məhkumun həyatını xilas etməyə yetərli olmur. Məsələn, 1992-ci ildə Texasda Leonel Torres Herrera edam olundu. Baxmayaraq ki, onun günahsızlığı barədə gətirilən dəlillər var idi, məhkəmə hökmün icrasını təxirə salmaqdan imtina etdi. Buna səbəb kimi dəlillərin apellyasiyaya gec təqdim olunmasını göstərirdi.
2000-ci ildə İllinoys ştatının qubernatoru, Respublikaçılar Partiyasının üzvü, ölüm hökmünün fəal tərəfdarlarından olan Corc Brayan belə bir təklif irəli sürdü ki, ölüm hökmünün oxunmasi ilə onun icra edilməsi arasındakı müddət uzadılsın. Bu hadisə onun ştatında ölümə məhkum olunmuş 27 məhbusun 13-nün yeni dəlillərə əsasən, (DNK testi) günahsızlığı sübut olunandan sonra baş vermişdi. Bir il əvvəl Nebraska ştatında da belə bir moratorium (müddətin uzadılması) qəbul edilmişdir. 2000-ci ilin birinci yarısına olan məlumatlara görə, bütün ölkədə səhvən məhkum olunmuş 87 məhbus ölüm kamerasından azad edilmişdi. Bu da yeddi hökmdən biri deməkdir.
  ABŞ 18 yaşına çatmayanların edam olunduğu ölkələrdəndir. Belə təcrübə Səudiyyə Ərəbistanında, Yəməndə, Nigeriyada qorunub saxlanılır. 90-cı illərdə ABŞ-da 8 nəfər yetkinlik yaşına çatmamış məhbus edam olunmuşdu ki, bu da digər ölkələrlə müqayisədə xeyli çoxdur.
 
VAHİD ÖMƏROV, 
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər