18px16px14px12px

ABŞ-da qadınların və uşaqların hüquq bərabərsizliyinə imkan verən məhkəmələr

Cinayətə qarşı olan şey  cinayət deyil. Cəmiyyətin qorunmasında hüququn tətbiqinin təsirli olması üçün onu özəl firmaların cinayətkarlarından, qatillərdən, qrup şəklində təşkil olunmuş cinayətkar dəstələrin üzvlərindən, zorakılardan, küçə qarətçilarindən, uşaqlara hücüm edənlərdən, arvadlarını döyənlərdən, irqi-milli dözümsüzlük göstərənlərdən və digər qanun pozanlardan qorumaq lazımdır. P.Parensi yazır: "Qanun çox zaman hüquqlarının qorunmasına ehtiyacı olanı qorumur. Məsələn, hər il iki milyondan dörd milyona qədər qadın öz ərləri tərəfindən fiziki zorakılığa məruz qalır. ABŞ-da  qadınların bədən xəsarəti almalarının ən başlıca səbəbi ailədaxili zorakılıqdır. Qətl hadisəsinin qurbanı olmuş qadınlar, məhz indiki və ya əvvəlki ərləri, ya da sevgililəri tərəfindən öldürülüblər. ABŞ-da hər 12 saniyədə bir qadın döyülür. Amma əmin olun ki, belə hərəkət etdiyi üçün hər 12 saniyədə bir kişi həbs edilmir. Kişilərin çox az faizi arvadlarına zorakılıq etdiyinə görə dəmir barmaqlıqlar arxasına düşür.
Bir çox aztəminatlı qadınlar sosial təminat sistemi vasitasilə belə vəziyyətdən çıxmağa imkan tapırlar. Bu kömək onları döyən ərlərini tərk etməyə imkan yaradır. Sosial təminat xətti ilə maddi yardımların ixtisar olunması belə alçaldıcı münasibətlərə son qoyanların sayının azalmasına səbəb olmuşdur.
Məhkəmə sistemi çox zaman qadınlara qarşı münasibətdə hüquq bərabarsizliyinə yol verir. Amma onun əsas vəzifəsi hüquqların qorunmasını təmin etməkdir. Çox zaman uşağa görə təyin olunan aliment və müavinətlərin dəyəri xeyli aşağı olur. Ailə zorakılığına məruz qalmış qurbanın, yəni qadının taleyinə məhkəmə etinasız yanaşır. Çox az sayda zorakılıq edən şəxs rəsmi şəkildə günahkar elan olunmuş va qısa müddətdə həbsdə yatmışdır. Zorlama qurbanları ilə elə davranırlar ki, guya onlar özləri günahkardırlar. Bir çox hüquq dairələrində zorlamaya zərərçəkənin deyil, ittiham olunanın mövqeyindən yanaşırlar".
Əvvəllər qadın peşəsi hesab olunmayan sahələrdə işləyən qadınların uzun illər apardıqları mübarizə nəticə vermişdir. Feminist təşkilatlar da bir çox nailiyyətlər qazanmışdır. Onlar qanunverici orqanlarda yüksək vəzifələr tutmaqla zorakılıq edənlərə, yəni arvadlarını döyənlərə, azyaşlıları pis yola çəkənlərə qarşı daha fəal mübarizə aparırlar. Amma hələ də qadınlar daha aşağı səviyyəli yerlərdə iş tapır və maaşı az olan, perspektivsiz işlərə cəlb edilirlər. 
Müəllif göstərir ki, son 25 ildə məcburi hamiləliyin müdafiəçiləri mayalanmış yumurtalığın insani varlıq olduğunu iddia etməyə başladılar. Yumurtalıqdan olan varlığın hüququ onu daşıyan qadının hüququna bərabər hesab edildi. Bu da qadın hüquqlarının pozulması demək idi. Məcburi hamiləliyin müdafıəçiləri ailə planlaşdırma müəssisələrində, abort etmə xəstəxanalarında 1700-dən çox partlayış və yanğın törətdilər. Onlar zorla evlərə soxulur, öldürməklə, partlayışla, hücum etməklə, izləməklə hər kəsi hədələyirdilər. Bundan başqa, iki nəfəri oğurlamış, beş nəfəri snayper tüfəngindən güllələmiş, leqal abort edən həkimlərə və xəstəxananın digər işçilərinə atəş açmışdılar. Bütün bu hadisələr üç nəfərin ölümü ilə nəticələnmişdi. Ölkənin 85 faizi hazırda mamaçaların xidmətinə ehtiyac duyur. Hər il 1,5 milyon qadın leqal abort sahəsində təcrübə toplayır və bu xidmətə görə öz minnətdarlıqlarını bildirirlər. Abortun qanunsuz elan olunduğu ölkələrdə qadınların əksəriyyəti qeyri-peşəkar və təhlükəli cəhdlərə uyğun olmayan şəraitdə abort etdirdikləri üçün ölürlər.
Hüquq-mühafizə orqanlarının əməkdaşları açıq şəkildə məcburi hamiləliyin tərəfdarları olan terrorçuları nə izləyir, nə də həbs edirdi. FTB-nin keçmiş direktoru Uilyam Uebester abort əleyhinə olan və özlərini "Allahın döyüşçüləri" adlandıran, ailə planlaşdırma mərkəzinin iyirmi klinikasını dağıdıb yandıranlara qarşı heç bir tədbir görmədi. Uebester onların "təşkil olunmuş qrup" olduqlarını elan etdi. FTB hələ də aborta qarşı olanların zorakılıqlarına münasibət bildirmir. Təsəvvür etmək çətindir ki, əgər tanınmış radikal bir qrup bankı yandırsaydı və partlatsaydı, onlara da eyni cür yanaşardılar.
P.Parensi daha sonra yazır: "1990-cı ildən bəri həbsxanadakı qadınların sayı iki dəfə artıb. Məhbus qadınlar pis tibbi xidmətə, seksual cəhətdən izlənməyə, zorakılığa, kişi mühafizəçilər tərəfindən həyata keçirilən məcburi yoxlamadan (bu zaman onlar tamamilə soyundurulurlar) keçməyə dözməli olurlar. Bu qadınların çoxu gənc, dilənçi halına düşmüş tənha analar, peşəkar hazırlığı olmayan, seksual və fiziki zorakılığa görə evlərini tərk etməyə məcbur qalmış, alkoqol və narkotik asılılığı olan qadınlardır. Çoxu fahişəlikdə, mağazadan oğurluq etməkdə, soyğunçuluqda və xırda narkotik alverində günahkar bilinir. Onların arasında narkotiklərin böyük dövriyyəsi ilə, qanqsterliklə və talançılıqla məşğul olanı yoxdur. Çox az qismi ciddi zorakılıq aksiyalarında iştirak edib. Əksəriyyəti zorakılığın qurbanlarıdır. Çoxu isə kişilərlə birlikdə törətdikləri cinayətlərə görə ittiham olunublar.
Öz məsuliyyətlərini azaltmaq üçün deyirlər ki, sevgililəri onları cinayətə təşviq edib. Sevgililərinin şahidliyi nəticəsində bəzi qadınlar ömürlük həbs cəzasına məhkum olunublar. Onlar narkotik maddələrin yayılmasında ittiham olunaraq, həbs müddətinin azaldılması və əfv olunmaq hüququndan məhrum ediliblər. Baxmayaraq ki, dövlət ittiham tərəfi onların bu cinayətdə köməkçi rol oynadığını, özlərinin heç vaxt narkotik satmadığını və ondan istifadə etmədiyini etiraf ediblər".
Uşaqlar-federal və ştat hakimiyyət orqanları tərəfındən hüquqları qorunmayan və sıxışdırılan daha bir sosial qrupdur. Ailədaxili zorakılıq, nəzarətsizlik və aclıq hər il 2000 uşağın dünyasını dəyişməsinə səbəb olur. 140000-dən çox uşaq ciddi zədə alır və minlərlə uşaq ömürlük şikəst olur. Uşaqların ölümünə səbəb (4 yaşına kimi) onlarla pis rəftardır. 1999-cu ildə ABŞ-da uşaqlarla 1054 000 pis rəftar qeydə alınmışdı. Bu göstərici 1985-ci illə müqayisədə 34% çoxdur. Bəlkə də həqiqətdə bu rəqəm daha artıqdır. Çünki çox zaman uşaqların ölümünə təsadüfi hadisə kimi baxırlar. Məlumat verildiyi kimi, hər il 150000 uşaq yoxa çıxır və onların 50 000-i hec vaxt tapılmır. Təqribən 45000-50000-ə kimi qadın və uşaq aldadılaraq ABŞ-a gətirilir, burada fahişəliyə, fəhlə və qulluqçu kimi işləməyə məcbur edilirlər. 2000-ci ildə Konqres ailədaxili zorakılığa qarşı mübarizədə ştat hakimiyyətinə bələdiyyələrə kömək və uşaq, qadın ticarəti haqqında qanunları sərtləşdirmək məqsədilə qanun qəbul etdi.
KİV-in orta məktəblərdəki atışmalar barədə həyəcanla yaydığı xəbərlər sayəsində çoxları unudurlar ki, çox vaxt belə hadisələrdə həbs olunan yeniyetmələr günahkar deyil, məhz zərərçəkənlərdir. Statistik məlumatlara görə, uşaqlar məktəbdə daha çox təhlükəsizdirlər, nəinki evdə. 1997-ci ildə gənclər arasındakı cinayətlərin sayı 1980-ci illə müqayisədə azalmışdı. Bu azalma 1998-99-cu illərə qədər davam etmişdi. Amma federal və ştat qanunvericiləri yeniyetmə cinayətkarlara qarşı sərt cəzalandırıcı tədbirlər görməkdə davam edirlər. Onlarla böyüklər kimi davranırlar, o cümlədən, 12 yaşı olanlarla da. Ən qəribə hadisə 1998-ci ildə Florida ştatının Tallahasi şəhərində baş vermişdi. Şakita Doman məktəbin uşaq meydançasında mübahisə etdiyinə görə, həbs olunmuşdu. Onun cəmi 5 yaşı var idi.
Həbs olunanlara reabilitasiya imkanı verilmədən ömürlük həbs cəzası oxunurdu. Cinayətkarlara qarşı sərt münasibət göstərən qanunvericilər yeni qanun layihəsi hazırladılar. 13 yaşlı yeniyetmələr ittiham olunana kimi, böyüklərlə eyni kameralarda qalırlar. Milyondan çox uşaq yetimxanada, uşaq islah müəssisələrində, böyüklər üçün olan həbsxanalardadır. Tutulanların çoxu ya yüngül qanun pozuntusuna yol verənlər, ya da qanunu, ümumiyyətlə, pozmayanlardır. Onlar həbsxanada məhkəmə araşdırması aparılmadan saxlanılırlar. Əksəriyyəti yoxsulluq içində böyümüş, bu və ya digər etnik azlığa mənsub yeniyetmələrdir. Uşaq islah müəssisələrində onlar, mütəmadi olaraq, döyülməyə, seksual zorakılığa, təhqirə, bütün ətraf aləmdən təcridə, sinirə güclü təsir göstərən dərman preparatlarını zorla qəbul etməyə, psixocərrahi əməliyyatlara məruz qalırlar.
1990-1995-ci illər ərzində "Ritalin" dərmanının uşaqlar arasına qəbulu 250% artmışdı. Bu narkotik maddənin təhlükəsizliyi və təsiri barədə məlumat azdır. Həmin dərman həkimin təyinatı olmadan da almaq mümkündür. Məsələn, əgər uşaq bir yerdə qərar tuta bilmirsə və diqqətsizdirsə, onda bu dərmanı qəbul etməlidir. Həmin dərmandan təcrübə kimi islahedici müəssisələrdə, həbsxana və psixo-müalicə müəssisələrində uşaqlar daha çox istifadə edirlər.
Uşaqlarının davranışları xoşlarına gəlməyən valideynlər onları qeyri-məhdud müddətə psixiatriya müalicəxanasına yerləşdirə bilərlər. ABŞ-ın milyonlarla yetkinlik yaşını keçmiş vətəndaşları ömürlərinin bir hissəsini ruhi xəstəxanalarda keçiriblər. Ora düşmək çoxlarının düşündüyündən daha asandır, nəinki ordan çıxmaq. Bəzi insanlar bıı müəssisələrdə illərlə dəhşətli şəraitdə çürüməli olurlar. Onların hüquqi dəstək almaq imkanları olmur. Belə müəssisələrdə yüksək ölüm halları müşahidə olunur. Dövlət tərəfindən müalicə dəstəyi, tibbi sığortası olmayan xəstələri xəstəxanalardan çıxarırlar. Baxmayaraq ki, onların, həqiqətən də, tibbi yardıma ehtiyacları var.
Belə təcrübə "atılma"" adlanır.
Aparılan tədqiqatlar göstərir ki, hər dörd qadından və hər altı kişidən biri uşaq yaşlarında yaşlılar və qohumları tərəfindən seksual zorakılığa və digər qəsdə məruz qalıblar. Belə cinayət hadisəsi onlarda bütün ömürləri boyu dərin emosional iz buraxır. Azyaşlıları zorlamaqda ittiham olunanların çox az hissəsi məhkəmə tərəfindən günahkar bilinir. Məhkəmə belələrini daha çox şərti cəza ilə azad edir və ya yüngül cəza verir.
 
Vahid Ömərov,
fəlsəfə üzrə fəlsəfə doktoru
 



Xəbər lenti

29.03.2017

28.03.2017

27.03.2017

17.03.2017

16.03.2017

Çox oxunan xəbərlər