18px16px14px12px

Qərbdə işçi qüvvəsinin hüquqları və biznes dünyası

Bəzi politologiya dərsliklərində "böyük həmkarlar təşkilatları" və "böyük biznes" sözləri yanaşı yazılır. Bununla da, belə təsəvvür yaratmağa çalışırlar ki, siyasi hakimiyyət plüralistdir və bir-birini nizamlayan mərkəzçi qüvvələr arasında bölünüb. Maykl Parenti yazır: "Əslində, dövlət biznesə dostcasına, zəhmətkeşlərə isə düşmən kimi yanaşır. Kapitalist dövlətinin mövcudluğunun səbəbi tarix boyu mülkiyyətçi sinfin maraqlarına xidmət etməsindədir. Dövlət təhlükəsizlik xidmətləri, Federal Təhqiqatlar Bürosu çox vaxt yarandığı gündən müəssisələrin menecerləri ilə sıx əlaqələr qurur və işçiləri izləməklə məşğul olur. Bəzən fəhlələr təsirli gücə malik sosial qanunların qəbuluna nail ola bilirlər. Onları maddi resurs və siyasi təsir baxımından, bizneslə müqayisə etmək olmaz. Korporasiyaların ümumi qazancı həmkarlar təşkilatının gəlirlərindən yüz dəfə çoxdur. Çox nadir hallarda həmkarlar təşkilatının lideri hökumətdə yüksək vəzifə tutur.
Korporasiyaların KİV-lərlə əlaqədar olan nümayəndələri bildirirlər ki, həmkarlar təşkilatları rüşvətlə ələ alınan, korrupsiyalaşmış, tanınmayan, zərərli, lakin çox güclü təşkilatdır. Amma əslində, həqiqət tam başqa cürdür. 1935-ci ildə əməkçi insanlar əhəmiyyətli nailiyyət qazanmışdılar. Bu, əmək münasibətləri üzrə Milli İdarənin yaranması haqqında federal qanunun qəbulu idi. Milli İdarə müstəqil federal agentlik hesab olunur, mülkiyyətçilərlə danışıq zamanı və kollektiv müqavilə bağlanarkən, işçilərin haqlarını qorumağa çalışırdı. Son illər həmkarlar təşkilatlarının üzvlərinin sayı artmışdı. Zəhmətkeşlər bütün ölkədə əmək haqlarının ümumi həcminin milyard dollara kimi qalxmasına nail olmuşdular. 1947-ci ildə respublikaçıların nəzarətində olan Konqres Taft-Hartli Qanununu qəbul etdi. Qanun tətil, boykot və zəhmətkeşlərin təşkilatlanma səviyyəsini məhdudlaşdırdı. Qanunun qəbulu nəticəsində, 2000-ci ilə qədər həmkarlar təşkilatlarının sayı 34%-dən 14%-ə düşdü. Dövlət müəssisələrində işləyənləri deyil, özəl sektorda çalışan işçiləri nəzərə alsaq, onlar həmkarlar təşkilatı üzvlərinin 10,2%-ni təşkil edir. Bu da, 1932-ci ildə "Yeni kurs"un tətbiqinə qədərki dövrlə müqayisədə xeyli azdır".
Mindən çox məsləhətçi firma kompaniyalara hər il 500 milyon dollar dəyərində xidmət göstərir, onlara fəaliyyətdə olan əməkçi təşkilatları zəiflətmək, işçilərin həmkarlar təşkilatlarında birləşməsinin qarşısını almaq yollarını öyrədir. Həmkarlar təşkilatlarına seçki zamanı müəssisə rəhbərlikləri seçki prosesinə müdaxilə edir, öz işçiləri arasında təbliğat aparır, hədiyyələr və vədlər verərək, onları həmkarlar təşkilatlarına qarşı qaldırmağa çalışırlar. Bunun əksinə olaraq, həmkarlar təşkilatlarına işçilərə hədiyyə paylamaq, vədlər vermək qadağan edilir. Menecerlər işçiləri həmkarların yaranmasına səs verəcəkləri təqdirdə, müəssisəni digər yaşayış məntəqələrinə köçürəcəkləri və işsizliklə hədələyirlər. Çox zaman özəl şirkətlərin zəhmətkeşləri həmkarlar təşkilatının yaranmasına çalışdıqlarına görə, işdən qanunsuz olaraq qovulurlar. Rəhbərlər səbəb kimi onların işlərinin qaneedici olmadığını göstərirlər. Əmək münasibətləri üzrə Milli İdarənin yerli şöbələri hər zaman belə bir qaydaya riayət edir: müəssisə rəhbərliyi, fəhlənin işdən qovulmasının səbəbi kimi, onun həmkarlar təşkilatındakı fəaliyyətilə deyil, digər məsələlərlə bağlı dəlil göstərirsə, əmək müqaviləsinin pozulması hüquqi cəhətdən düzgün hesab edilir.
Müəllifin fikrincə, müəssisə rəhbərləri Əmək Münasibətləri üzrə Milli İdarənin qəbul etdiyi prosedurlardan bəhrələnməklə, həmkarlar təşkilatına seçkiləri bir ay, hətta bir il müddətinə təxirə sala bilirlər. Əgər həmkarlar təşkilatı seçkinin nəticələrini qəbul edərsə, onda müəssisənin meneceri kollektiv əmək müqaviləsilə bağlı danışıqların aparılmasından imtina edə bilər. Bundan başqa, ona seçkilərin nəticələrinin tanınmaması iddiası ilə məhkəməyə müraciət etmək hüququ da verilir. Bu halda, Milli İdarə illərlə müəssisə rəhbərləri tərəfindən irad tutulan xırda məsələləri və iddiaları araşdırmaqla məşğul olmaq zorunda qalır. Müəssisə rəhbərliyi, kollektiv əmək müqaviləsi ilə bağlı danışıqlara başlayanda, həmkarlar təşkilatının bir çox fəal üzvü artıq işdən çıxarılmış olur. Yeni namizədlər isə həmkarlar təşkilatına dəstək verməkdən çəkinirlər və nəhayət, danışıqlar başlayan zaman şirkət müqavilə bağlamaqdan imtina edə bilir.
Bəzən mövcud müqavilənin vaxtının bitməsi bəhanəsilə müəssisənin meneceri müqavilənin yenilənməsindən imtina edir. Müəssisə rəhbərləri və sahibkarlar müəssisəni qəsdən bağlayıb, işçiləri küçəyə ata bilərlər. Bu, "lokaut" adlanır. Sonra müəssisə həmkarlar təşkilatının dağılması üçün başqa daimi işçiləri - "ştreykbrexerlər"i (tətil edən fəhlələrin yerinə işləyərək tətili pozan, fəhlə sinfinin mənafeyinə xain çıxan adam) işə götürə bilər. "Ştreykbrexer"lərin işə götürülməsi təhlükəsi tətil aksiyalarının sayını azaldır və həmkarlar təşkilatının yaranmasını çətinləşdirir.
Bəzən sahibkarlar müəssisələrdə zorakılıq və qorxu hissi yaradırlar. Bunun üçün pulla muzdlu quldurları və hüquq-mühafizə orqanlarının əməkdaşlarını cəlb edirlər. Belə bir hadisə 1998-ci ildə Kənd Təsərrüfatı İşçilərinin Birləşmiş Həmkarlar İttifaqı çiyələk yığan işçilər arasında təşkilatlanma işi apararkən baş vermişdi. Təşkilatın tədbirini pozmaq üçün onun seçki kampaniyasını boykot etmək yetərli idi. Bunun nəticəsində, işçilərin təmsilçilik hüququ müstəqil təşkilatdan şirkətin həmkarlar təşkilatına keçirdi. Halbuki bu təşkilat bir-neçə həftə bundan əvvəl fəaliyyət göstərmirdi. Belə olan halda, UFW-in fəhlələr adından çıxış etmək və təşkilatlanmış strategiya tələb etmək hüququ yoxdur.
M.Parenti daha sonra yazır: "ABŞ əhalisi hesab edir ki, həmkarlar təşkilatları zəhmətkeşlər üçün müsbət işlər görür. Bu cür düşünən əhalinin faizi bir sıra səbəblər üzündən 60-23 arasında dəyişir. Hər beş nəfərdən dördü əməkçilərin işdən qovulma təhdidi olmadan həmkarlar təşkilatında birləşmək hüququnun olmasını dəstəkləyir. Əgər həmkarlar təşkilatlarının sayı azalırsa, bu, onların nüfuzunun azalması ilə əlaqədar deyil, həmkarlar təşkilatının zorən fəaliyyət göstərdiyi repressiv şəraitlə bağlıdır. Bu kimi repressiv tədbirlər nəticəsində, Əmək Münasibətləri üzrə Milli İdarənin iştirakı ilə keçirilən seçkilərin yarısında həmkarlar təşkilatları məğlub oldular. Onlar yalnız təşkilatın yaranması ilə bağlı qərar qəbul edən işçilərin çalışdıqları şirkətlərin yarısı ilə müqavilə bağlaya bildilər. Təşkilatın fəalları tətilçiləri dəstəkləyir, boykotlar təşkil edir, məhkəmə iddiası qaldırır, nümayişlər, oturaq tətillər və mitinqlər keçirir.
Prezident və Konqresə son seçki kampaniyalarında biznesmenlər həmkarlar təşkilatları ilə müqayisədə 11:1 nisbətində daha çox maliyyə vəsaiti xərcləyib. Buraya kampaniyalararası dövrdə təbliğatçılara və hüquqşünaslara ayrılmış pulları, ayrı-ayrı şəxslərin siyasi məqsədlərlə verdikləri ianələri, varlı namizədlərin seçkilərdə xərclədiklərini də əlavə etsək, bu göstərici daha da artar. Hakimiyyətə təsir gücünə malik olmayan həmkarlar təşkilatları qanunvericilərin ədavətli münasibəti, ədalətsiz məhkəmə hökmləri, Əmək Münasibətləri üzrə Milli İdarənin təşkilatlarını kommunistlərdən təmizləmək məqsədi güdən dövlət qərarlarının müşayiəti ilə mübarizəsini davam etdirir. Bacarıqlı və fədakar təşkilatçılar arasında kommunistlərə hər zaman rast gəlinir. Onlar sahibkarlar tərəfindən tutulmuş muzdlu quldurlara müqavimət göstərməkdə əzmkarlıq nümayiş etdirirlər. Buna baxmayaraq, federal hakimiyyət həmkarlar təşkilatlarını qanqsterlərin hücumundan qorumaq üçün çox az iş görür". 
Müəllif qeyd edir ki, əhalinin rifahı barədə bütün deyilənlərə baxmayaraq, afroamerikalılar və digər etnik qrupların nümayəndələri hələ də iş tapmaqda, ev kirayələməkdə, tibbi xidmətdə, təhsil almaqda çətinlik çəkir, hətta qanun keşikçilərinin qeyri-bərabər münasibətinə məruz qalırlar. Cinayətin ağır formaları ən çox yoxsullar yaşayan rayonlarda baş verir. Buna görə də, cinayətkarların əksəriyyəti afroamerikalılar, latın amerikalılar və yoxsul insanlardır. Qanunvericiliyin sinfi və irqi xarakteri hüquq-mühafizə orqanlarının kimi həbsə göndərmək məsələsində ortaya çıxır. Yeniyetmələrin işləri ilə məşğul olan ədliyyə orqanlarının məmurları bildirirlər ki, əgər təminatlı ailənin yeniyetmə uşağı kiçik qanun pozuntusuna yol veribsə, onu valideynlərinə təhvil verir və bir də belə halın təkrarlanmaması barədə xəbərdarlıq edirlər. "Lakin belə hal daha aztəminatlı ailənin uşağı ilə baş verərsə, uşağı həbs edib məhkəməyə göndərirlər". Afroamerikalı yeniyetmələr öz ağdərili həmyaşıdlarından fərqli olaraq, daha çox təcrid olunmuş həbsxanalarda saxlanılır və məhkəməyə verilir, kiçik bir səhvə görə cəza alırlar. Onlar eyni qanun pozuntusuna yol vermiş ağdərililərdən daha çox həbs cəzası alırlar.
Narkotik vasitələrə gəlincə, ağdərililər afroamerikalılara nisbətən ondan 5 dəfə çox istifadə edirlər. Amma ölkədə narkotiklərə görə həbs olunanların 62%-ini afroamerikalılar təşkil edir. Bəzi ştatlarda bu göstərici 90%-ə çatır. Qaradərili məhbusların 60%-i zorakılıqla müşayiət olunmayan cinayətlərə görə, daha çox cəza alırlar. Bir neçə dairə məhkəməsi narkotika ilə bağlı işə baxmaqdan imtina etdi. Çünki ittihamçılar istintaq materiallarını verməkdən boyun qaçırdılar. Həmin materiallar sübut edirdi ki, onlara irqi münasibət bəsləyiblər.
 
Vahid ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru 
 



Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər