18px16px14px12px

Mübariz Qurbanlı: “Dini radikal qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur”

Dekabrın 22-də Biləsuvarda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə müşavirə keçirilib. AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və rayon icra hakimiyyətinin rəhbərləri, dini işlər üzrə komissiyanın üzvləri, dini icma sədrləri, din xadimləri, habelə ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər. Müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mahir Quliyev Azərbaycanda multikulturalizm siyasətinin daha da möhkəmləndirilməsi, xalqımızın milli-mənəvi dəyərlərinin qorunub saxlanılması və daha da inkişaf etdirilməsi və təşviqi sahəsində məqsədyönlü işlər aparıldığını vurğulayıb. Bildirilib ki, respublikamızda, həmişə olduğu kimi, bu gün də müxtəlif millətlərin nümayəndələri birgə yaşayır və bir-birinin dilinə, dininə, adət-ənənələrinə hörmətlə yanaşırlar.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı çıxışında ölkəmizdə yaşayan müxtəlif din mənsublarına dövlətin göstərdiyi qayğıdan bəhs edib. Eyni zamanda bildirib ki, dini radikal qrupların Azərbaycanda kök atması üçün heç bir mühit yoxdur. Bizim əxlaqi dəyərlərimiz, mədəniyyətimiz, tariximiz buna imkan vermir. Amma təəssüflər olsun ki, bunu ölkəmizə süni şəkildə gətirirlər. Buna görə də belə hallara qarşı ideoloji baxımdan ciddi mübarizə aparılmalı, dini bilgini rəsmi din xadimlərindən öyrənməliyik. Bu zaman xurafatdan uzaq olarıq. Komitə sədri qeyd edib ki, bu gün dünyada aparıcı güclər din amilindən geosiyasi maraqları üçün istifadə edir, İslamı siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla onu gözdən salmağa yönələn siyasət həyata keçirirlər. Belə bir şəraitdə dünyada sülhün təminatında dini təhlükəsizlik problemi vacib amilə çevrilir.  Müşavirədə qeyd olunub ki, ölkəmizdə əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət-din münasibətləri müvafiq qanunlarla tənzimlənir. Konstitusiyamızda beynəlxalq hüququn norma və prinsipləri öz əksini tapmaqla yanaşı, hüquq və azadlıqlar təsbit edilib.
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər