18px16px14px12px

İnsan amili Azərbaycanda dövlət siyasətinin əsas prinsipidir

Prezident İlham Əliyev: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”
Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətində sosial cəhətdən həssas əhali kateqoriyalarına dövlət qayğısının artırılması xüsusi yer tutur. Yalnız son üç ildə dövlət başçısı tərəfindən əmək və sosial müdafiəsi sistemi ilə bağlı onlarla Fərman və Sərəncam imzalanması bu sahənin inkişafına yüksək diqqət və qayğının bariz nümunəsidir.
Bu sənədlər sosial cəhətdən həssas təbəqələrə dövlət qayğısının əhəmiyyətli şəkildə artırılmasına və yeni sosial təminat növlərinin formalaşmasına imkan yaratmaqla, milli əmək və sosial müdafiəsi sisteminin mütərəqqi islahatlar mərhələsinə daxil olmasına şərait yaradıb. “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun qayğıları, rifahı, sağlamlığı və təhlükəsizliyi dayanır”, - deyən Prezident İlham Əliyevin mükəmməl islahatlar kursu respublikanın iqtisadi potensialının gücləndirilməsində sürətli inkişaf mərhələsini şərtləndirməklə bərabər, yüksək sosial standartlara malik cəmiyyətin qurulmasına, sosial firavanlığın təminatına doğru mühüm addımların atılmasına zəmin yaradıb.
Bu gün dünyada kəskinləşən böhran əksər ölkələrdə bir sıra sosial proqramların təxirə salınması ilə müşahidə olunduğu halda, Azərbaycan Prezidenti ölkəmizdə bütün sosial proqramların uğurla davam etdirilməsini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub. Son on üç il ərzində Azərbaycanda sosial sahədə çoxsaylı qanunlar qəbul olunub, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilib. Bütün bunlar bir daha sübut edir ki, ölkəmizdə sosial siyasətin mərkəzində insan amili dayanır.
Əlbəttə ki, Prezident İlham Əliyev bütün məsələlərdə vətəndaşların sosial rifahını və yaşayış səviyyəsini nəzərə alır. Mütəmadi olaraq maaş və pensiyaların artırılması ilə bağlı qərarlar verən Prezident İlham Əliyev səlahiyyətlərindən istifadə edərək, bir sıra hallarda insanların maraqları naminə müxtəlif təşkilatların verdiyi qərarlara yenidən baxmaq tövsiyə də verir. Hələ ilin əvvəlində böhranın təsirlərindən bir sıra müəssisələrdə iş yerlərinin ixtisarı prosesi başlayarkən Prezident İlham Əliyevin məsələyə müdaxiləsindən sonra nəinki ixtisarlar dayandı, hətta, əlavə iş yerlərinin yaradılması da həyata keçirildi. Eyni zamanda, ötən müddət ərzində Azərbaycanda sosial xidmətlərə görə tariflərdə radikal artıma yol verilməyib, bu sahədə həyata keçirilən siyasət maksimal şəkildə vətəndaşların sosial durumu ilə uzlaşdırılıb. Doğrudur, bu gün dünyanın bir çox yerlərində nəinki vergilərin yüksəldilməsi prosesi gedir, hətta, kommunal xərclər belə ən yüksək həddə çatdırılır. Yəni Azərbaycan hökumətinin sosial xidmətlərə görə tarif siyasəti əhalinin potensial imkanlarını nəzərə alınmaqla, vətəndaşların və dövlətin maraqlarının müdafiəsi prinsipi üzərində qurulub. 
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının 2016-cı il                28 noyabr tarixində keçirilmiş iclasında təbii qaz və elektrik enerjisi tariflərinə baxılmış və ölkədə aparılan sosialyönümlü siyasət nəzərə alınmaqla və əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsi məqsədilə diferensial tariflərin tətbiqi barədə qərar verilmişdi. Şuranın qərarına əsasən, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün 10 qəpik, aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün elektrik enerjisinin qiyməti isə bir kilovat-saat üçün 7 qəpik səviyyəsində saxlanılmışdır.
Lakin Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi və güzəştin şamil edildiyi əhali istehlakçılarının əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə Şuranın iclasında əhali üzrə tarifi dəyişməyən təbii qaz üçün təsdiqlənmiş illik istehlak həcmi 1500 kubmetrdən 1700 kubmetrə, aylıq elektrik enerjisinin istehlakının həcmi isə 250 kilovat-saatdan 300 kilovat-saata qaldırılmışdır. Bununla da, son tarif tənzimlənməsindən sonra ödənişlərində artım olmayan əhali abonentlərinin sayı təbii qaz üzrə 62 faizdən 75 faizədək, elektrik enerjisi üzrə isə 72 faizdən 80 faizədək yüksəlmiş olur.
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyəri həm də çox yüksəkdir. Tarif Şurasının kommunal xidmətlərlə bağlı son qərarı bir daha Azərbaycan dövlətinin sosial siyasətinin üstünlüyünü nümayiş etdirdi və cəmiyyətdə sosial ədalətin bərqərar edilməsi prinsipi reallaşdırıldı.
 
R.HÜSEYNOVA
SES QEZETI


Xəbər lenti

26.04.2017

25.04.2017

24.04.2017

21.04.2017

20.04.2017

19.04.2017

18.04.2017

Çox oxunan xəbərlər