18px16px14px12px

Prezident Məhəmməd Əşrəf Qani: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə böyük uğurlara imza atıb

Azərbaycan Respublikasının Əfqanıstan İslam Respublikasındakı səfiri Həsən Zeynalov etimadnaməsini bu ölkənin Prezidenti Məhəmməd Əşrəf Qaniyə təqdim edib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, H.Zeynalov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını Əfqanıstan dövlətinin başçısına çatdırıb. Səfir Azərbaycanın Əfqanıstanla əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyini bildirərək, bu əlaqələrin daha da inkişafı üçün səylərini əsirgəməyəcəyini qeyd edib. İki ölkənin ortaq tarixi köklərə malik olmasının, oxşar mədəni və eyni mənəvi dəyərləri bölüşməsinin əlaqələrin genişlənməsinə əlverişli zəmin yaratdığı vurğulanıb.
Azərbaycan ilə Əfqanıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın qurulması üçün böyük potensialın mövcud olduğunu diqqətə çatdıran H.Zeynalov region ölkələrindən keçən “Lapis Lazuli” ticarət-nəqliyyat dəhlizinin tezliklə fəaliyyətə başlamasının əməkdaşlığın genişlənməsinə ciddi təkan verəcəyini bildirib. Bu dəhlizin mühüm tərkib hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolu xətti vasitəsilə Avropa və Asiyanın dəmir yollarının Azərbaycandan keçməklə birləşəcəyi qeyd olunub. Həmçinin Ələtdə Xəzər dənizi regionunda ən iri beynəlxalq dəniz ticarət limanının tikintisinin regional əməkdaşlığa əhəmiyyətli töhfə verəcəyi nəzərə çatdırılıb. Bütün bu layihələrdən Əfqanıstanın da yararlanacağı bildirilib. Azərbaycan diplomatı ölkələrimiz arasında Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində də uğurlu əməkdaşlıq edildiyini deyib. H.Zeynalov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq Əfqanıstanın bu münaqişənin həllində Azərbaycanın haqlı mövqeyini dəstəklədiyinə görə təşəkkürünü ifadə edib.
Görüşdə səfir nəzərə çatdırıb ki, Azərbaycan dünya ictimaiyyəti tərəfindən irəli sürülən, Əfqanıstanda sabitliyin və təhlükəsizliyin təmin olunmasına xidmət edən proqram və təşəbbüsləri dəstəkləyir. Bu xüsusda, Azərbaycanın 2017-ci ildə “Asiyanın ürəyi-İstanbul prosesi”ndə həmsədrlik edəcəyi və növbəti nazirlər toplantısının Azərbaycanda keçiriləcəyi vurğulanıb. Bildirilib ki, Azərbaycan “İstanbul prosesi”ndə sədrliyi dövründə qarşıya qoyulan məqsədlərə nail olmaq üçün səylə çalışacaq. Eyni zamanda, Azərbaycan NATO-nun Qətiyyətli Dəstək Missiyasında iştirak etməklə, Əfqanıstanda sabitliyin təmin olunmasına öz töhfəsini verməkdədir.
Əfqanıstan Prezidenti öz növbəsində səmimi salamlarının Azərbaycan Prezidenti, qardaşı İlham Əliyevə çatdırılmasını xahiş edib. O, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın böyük uğurlara imza atdığını söyləyib və Əfqanıstanın bir dost ölkə kimi Azərbaycanın uğurlarına sevindiyini vurğulayıb. Əfqanıstan Prezidenti ölkəsinin xarici siyasətində Azərbaycanın mühüm yer tutduğunu və Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi diqqət yetirdiyini bildirib. Dövlət başçısı Azərbaycanın həyata keçirdiyi regional nəqliyyat layihələrindən danışaraq, bu layihələrin Əfqanıstanın inkişafında vacib rol oynayacağını söyləyib. Yaxın gələcəkdə iki ölkə arasında iqtisadi-ticari sahədə əməkdaşlığın genişlənəcəyinə və birgə layihələrin icra olunacağına inandıqlarını qeyd edib.
Beynəlxalq ictimaiyyət tərəfindən Əfqanıstanda həyata keçirilən proqram və layihələrdə fəal iştiraka və göstərdiyi dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edən Prezident Azərbaycanın “Asiyanın ürəyi-İstanbul prosesi”ndə həmsədrliyi öz üzərinə götürməsini yüksək qiymətləndirdiklərini və ölkəmizin bu prosesə layiqli töhfə verəcəyinə əmin olduqlarını vurğulayıb.
Əfqanıstan dövlətinin başçısı, həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunaraq münaqişənin yarandığı ilk gündən Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini və bundan sonra da Azərbaycanın yanında olacaqlarını qeyd edib. O, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməli olduğunu vurğulayıb. Prezident Məhəmməd Əşrəf Qani peşəkar diplomat kimi H.Zeynalovun Azərbaycan-Əfqanıstan münasibətlərinin inkişafına töhfə verəcəyinə əmin olduğunu qeyd edib.
SES QEZETI


Xəbər lenti

01.03.2017

28.02.2017

27.02.2017

24.02.2017

Çox oxunan xəbərlər