18px16px14px12px

Hikmət Babaoğlu: “İndidən nəyisə dəqiq proqnozlaşdırmaq çətindir”

“Donald Trampın prezident seçilməsi 2016-cı ilin ən yadda qalan və ən qalmaqallı hadisələrindən biri oldu”. Bunu SİA-ya açıqlamasında “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, inaqurasiya mərasiminə sayılı günlər qalmasına baxmayaraq hələ də rəsmi qurumlar, o cümlədən Mərkəzi Kəşfiyyat İdarəsi Rusiya kəşfiyyat orqanlarının kiber vasitələrlə seçkiyə müdaxiləsindən  rəsmən bəhs edir: “Bu uzunmüddətli ABŞ seçki tarixində və Rusiya-ABŞ  münasibətlərində ilk belə hadisədir. Məsələ ondadır ki, Rusiya bu iddianı qəbul etməsə də Tramp özü və partiyası bu barədə susur, heç bir rəsmi açıqlama vermir. Rusiya-ABŞ münasibətləri də yeni dönəmə bu hadisələrin kölgəsində qədəm qoyur. Ona görə də bu münasibətlərin necə olacağı ilə bağlı ən müxtəlif ssenarilər irəli sürülür, müxtəlif proqnozlar verilir”.
H.Babaoğlu düşünür ki, bu münasibətlərdə kordinal dəyişikliklər baş verməyəcək: “Çünki bunu zəruri edən beynəlxalq geostrateji şərtlər hələ tam formalaşmayıb. Yaxın Şərqdə, Şərqi Avropada və  Baltikyanı Respublikalarda vəziyyətin konkretləşməsi və mənzərənin aydınlaşması eyni zamanda bu vəziyyətin strateji baxımdan kimin lehinə formalaşmış olması yeni kordinal dəyişikliklər yarada bilər. Lakin hər üç istiqamətdə hələ də qeyri-müəyyənlik davam etdiyi üçün indidən nəyisə dəqiq proqnozlaşdırmaq çətindir”.
Dağlıq Qarabağ münaqişəsinin həllinə gəldikdə isə millət vəkili bildirib ki, uzunmüddətli perspektivdə əslində bu iki güc mərkəzinin heç biri bu problemi həll etmək istəmir: “Bunun bir sıra etnomədəni, dini və siyasi səbəbləri var. Ona görə də bu problemi Azərbaycan yalnız öz gücünə həll etməlidir ki, bu istiqamətdə də çox ardıcıl və strateji səylər göstərilir. Aprel döyüşləri də bu səylərin güc müstəvisində davamı idi. Amma əlbəttə ABŞ və Rusiyanın dünya siyasətini müəyyənləşdirən ölkələr kimi, eyni zamanda həmsədr dövlətlər kimi bu məsələdə mövqeləri həlledici amillərdən biri olacaq”.
SES QEZETI


Xəbər lenti

24.01.2017

23.01.2017

19.01.2017

18.01.2017

Çox oxunan xəbərlər