18px16px14px12px

Beynəlxalq Qırmızı Xaç Komitəsi Azərbaycan əsgərinin nəşinin qaytarılması məsələsini diqqətdə saxlayır

Yanvarın 26-da Milli Məclis sədrinin müavini, insan hüquqları komitəsinin sədri Bahar Muradova Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı (BQXK) ofisinin rəhbəri Elena Aymone Sessera ilə görüşüb. 
Milli Məclisin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Azərbaycan ilə Beynəlxalq Qırmızı Xaç Komitəsinin əlaqələrindən söz açan vitse-spiker qurumun münaqişə bölgələrindəki fəaliyyətinə toxunub, Beynəlxalq Qırmızı Xaç Komitəsi işçilərinin dünyanın hər yerində qaçqın və məcburi köçkünlərə, əsir və itkin düşənlərə göstərdikləri qayğıdan danışıb. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsi nəticəsində əsir və itkin düşmüş soydaşlarımızın aqibətini önə çəkib. 
2014-cü ildə Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyindən narahatlığımız xanım E.A.Sesseranın diqqətinə çatdırılıb. Ermənistan silahlı qüvvələri tərəfindən atəşkəsin müntəzəm pozulduğu, sərhədyanı bölgələrdə yaşayan dinc əhalimizin fiziki-mənəvi təcavüzə uğradığı bildirilib. Ötən ilin sonunda sərhəddə baş verən təxribat zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun nəşinin Ermənistan tərəfdə saxlanılaraq qeyri-insani rəftara məruz qaldığı qeyd olunub. Bildirilib ki, yerli və beynəlxalq qurumların çoxsaylı müraciətlərinə, çağırışlarına məhəl qoymayan işğalçı Ermənistan beynəlxalq hüquq normaları, o cümlədən Cenevrə Konvensiyası ilə daban-dabana zidd olan mövqeyini davam etdirərək hələ də Çingiz Qurbanovun nəşini qaytarmayıb. 
Milli Məclis sədrinin müavini rəhbərlik etdiyi insan hüquqları komitəsinin bu məsələ ilə bağlı yanvarın 23-də bəyanat yaydığını, beynəlxalq təşkilatları bu istiqamətdə zəruri və təxirəsalınmaz tədbirlər görməyə çağırdığını bildirib. Kəlbəcərli girovların, şəhid əsgərimizin nəşinin qaytarılması üçün Beynəlxalq Qırmızı Xaç Komitəsini bütün imkanlarından istifadə etməyə çağırıb. 
BQXK Bakı ofisinin rəhbəri Elena Aymone Sessera Çingiz Qurbanovun nəşinin qaytarılması məsələsini diqqətdə saxladıqlarını vurğulayıb. O, qurumun mandatı çərçivəsində yalnız humanitar fəaliyyət göstərdiklərini, siyasi məsələlərə qarışmaq səlahiyyətlərinin olmadığını bildirib. BQXK nümayəndələrinin kəlbəcərli girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyevə vaxtaşırı baş çəkdiklərini, həmin prosesdə həkimin də iştirak etdiyini söyləyib. 
Söhbət zamanı əsir və girovların saxlanılması, döyüş zamanı həlak olanların nəşinin qarşı tərəfə qaytarılması kimi məsələlərin beynəlxalq təcrübədə necə tənzimləndiyi müzakirə olunub. Xanım E.A.Sessera bununla bağlı beynəlxalq hüquqdakı müddəalardan söhbət açıb. Görüşdə BQXK ilə Azərbaycan arasındakı əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
SES QEZETI


Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər