18px16px14px12px

2016-cı il müxalifət üçün uğursuz oldu

Əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də dağıdıcı müxalifət üçün uğursuz il olduğunu desək, səhv etmərik. Çünki 2016-cı ildə də dağıdıcı müxalifət ümumi birlik modeli ortaya qoya bilmədi. Əksinə, müxalifət partiyalarından qopmalar, kütləvi istefalar baş verib. Məhz bu amilə görə, bəzi partiyalar fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalıblar. Bu isə, onu deməyə əsas verir ki, dağıdıcı müxalifətin üzləşdiyi uğursuzluq 2017-ci ildə də onları müşayiət edəcək. Söhbət etdiyimiz partiya sədrləri də 2017-ci ildə də onların fəaliyyətlərində ciddi dəyişikliyin olmayacağını qeyd etdilər.
 
Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli:
 
- Faktlara və baş verən ictimai-siyasi hadisələrə əsaslanaraq, demək olar ki, 2016-cı il müxalifət üçün uğursuz illərdən oldu. Çünki müxalifət təmsilçiləri cəmiyyətdən dəstək ala bilmədi. Bunun da səbəbi, məhz müxalifət düşərgəsində olan partiya sədrlərinin xalqa və dövlətə zidd siyasət aparmalarıdır. İddialar və birinci olmaq hikkəsi onları bir-birinə düşmən edib. Bu baxımda da, müxalifət düşərgəsini təmsil edən şəxslər irəliyə doğru heç bir addım ata bilməyiblər. Müxalifət daxilində birlik və bərabərlik yoxdur ki, onlar bir araya gələrək, nə isə bir iş görsünlər. Belə olan halda da, müxalifətin hansı uğurundan söhbət gedə bilər? Əlbəttə, heç bir uğurundan. Bu baxımdan, birmənalı şəkildə qeyd etmək olar ki, 2017-ci ildə də müxalifət bədbəxtçilik sindiromundan qurtula bilməyəcək. Əksər partiyaların sıradan çıxacağı və liderciklərin siyasi fəaliyyətlərini dayandıracaqlarını proqnozlaşdırmaq olar.
 
"Yurddaş" partiyasının sədri Mais Səfərli:
 
- Hər il olduğu kimi, 2016-cı il də müxalifət üçün uğursuz illərdən oldu. Bu uğursuzluğu da müxalifət özü-özü üçün yaradıb. Yəni müxalifət qüvvələrinin heç bir siyasi gücü olmadığı halda, bir çox utopik xəyallar quraraq, həmin xəyalları reallaşdırmaq istəyirlər. Demək olar ki, müxalifətçilərin qurduğu xəyallar heç vaxt reallığa çevrilə bilməz. Bu illər ərzində müxalifət düşərgəsini təmsil edən qüvvələr normal fəaliyyət sərgiləyə bilməyiblər. Bütün bu uğursuzluqların səbəbini müxalifət partiyalarının özlərində və onları yönəldən, istiqamətləndirən, rəhbərlik edən şəxslərin fəaliyyətində axtarmaq lazımdır. Demək olar ki, digər illərdə olduğu kimi, başa çatmaqda olan 2016-cı ildə də müxalifət irəliyə doğru heç bir addım ata bilmədi və bundan sonra da ata bilməyəcək. Çünki müxalifətin xalq tərəfindən heç bir dəstəyi yoxdur. Belə olan halda da müxalifətin heç bir uğurundan və irəliləyişindən söhbət gedə bilməz. Bu günə qədər müxalifət düşərgəsini təmsil edən qüvvələrin qeyri-səmimi birləşdikləri qurum öz içlərindən dağılıb. Çünki sözügedən qüvvələr biri-birinə qarşı mehriban düşməndilər. Yəni bu qüvvələr özləri mahiyyətcə düşmən olduqları halda, onlar tərəfindən yaradılan və ömrü qısa olan qurumlar daxilində birləşmək görüntüsü yaratsalar belə, bu, çox çəkmədən dağılmağa məhkum olur. Bu da, bir daha təsdiq edir ki, müxalifətin bir araya gələrək nə isə iş görməsi və bilik yaratmaq istəkləri mümkün olmayıb və olmayacaq. Müxalif liderlərin birincilik uğurunda apardıqları rəqabət partiyaların formalaşmasına imkan vermir. Adıçəkilən qüvvələr bir-birlərini sosial şəbəkədə təhqir edir və bir-birlərini gözdən salan çıxışlar edirlər. Bunun nəticəsi olaraq, 2016-cı ildə müxalifət qüvvələri bu kimi bir sıra uğursuzluqlara düçar oldular. Ümumiyyətlə, müxalifət düşərgəsini təmsil edən qüvvələr öz uğursuzluğlarını çox gözəl başa düşürlər. Amma sözügedən qüvvələr bu reallığı dərk etmək və vəziyyətdən çıxmaq istəmirlər.
 
GÜLYANƏ
 



Xəbər lenti

24.05.2017

23.05.2017

22.05.2017

19.05.2017

18.05.2017

Çox oxunan xəbərlər